Qarabağın açarı - Laçın

 

Bu gün Laçından yazırıq. İnzibati mərkəzi Laçın şəhəri olan, bu Azərbaycan rayonu 18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi) və 125 kənd olub.

Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə, şosse yolla məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə məsafəsi isə 60 km-dir.

Səthi dağlıqdır. Şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır. Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ-qara torpaqlara malikdir. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Heyvanat aləminə qayakeçisi, çölsiçanı, cüyür, çöldonuzu, sincab, süleysin və s. aiddir. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti və soyuq iqlim üstündür. Orta temp-r yanvarda -10°C-dən 0°C-yədək, iyulda 10-22°C-dir. İllik yağıntı 600-900 mm-dir. Rayonun cəmi torpaq sahəsi 166488 hektardır. Ondan da 75781 hektarı kənd təsərrüfatına yararlı, 12102 hektarı isə əkin yeridir.

 

Tarixi

 

Laçın tarixi zəngin olan bir ərazidir. Abidələri hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.

XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Bu knyazlığa indiki Laçın ərazisi də daxil idi. Ona görə də Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yeni adlar, toponimlər əmələ gəlməyə başladı. Buna misal olaraq indiki Laçın ərazisindəki Xaçınyalı kəndini, Bozlu kənd ərazisindəki Xaçın yalı, Xaçın daşı adları ilə tanınan yer adlarını göstərmək olar.

Sonralar Xaçın knyazlığının ərazisində, Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri - Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yarandı. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsində ermənilərin məskunlaşdırılması mümkün olmadı.

Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildə yeni yaradılan Qarabağ əyalətinə, 1861-ci ildə isə Zəngəzur qəzasına qatılıb. 1905-1907 və 1914-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində, təxminən yarım milyon müsəlman həlak olub.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində, kütləvi qırğınlar davam edib. Erməni komandanı Andronik nə yolla olursa-olsun, öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu qurub və Andronikin qoşununu mühasirəyə salıb. Burada təqribən bir gün ərzində çox qanlı döyüşlər getdi. Döyüş zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında \"Qanlı dərə\" adlandırıldı.

Bu məğlubiyyətdən sonra da erməni silahlıları tez-tez bölgədə qırğınlar törədirlər. Andranik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün Rusiyanın maliyyə dəstəyi ilə yeni-yeni silahlı qruplar yaradırdı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələri göndərir. Dığ istiqamətində aparılan döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlı dəstələri də iştirak edir. Döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, Dığı əldə saxlamaq mümkün olmur. Bölgə rus-ermeni silahlıları tərəfindən işğal olunur.

1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Zəngəzur bölgəsi 2 yerə bölündü. Nəticədə Zəngəzur qəzasının 3.637 kv. verstlik hissəsi Ermənistana verildi.

Bu dövrdə Zəngəzur vilayətinin Azərbaycanda qalan hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəldi. Və beləliklə, Laçın və Abdallar kəndləri arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alındı. Rayonun adını seçərkən yerli relyefi və əhalinin xarakterini nəzərə alan yazıçı Tağı Şahbazi Simurq təşəbbüs göstərərək, rayonun adını Laçın elan etdirib. 1930-cu ildə Laçına rayon statusu verilib.

Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər, artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağın Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970-1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.

 

İşğal

 

Laçın rayonunun işğalı nəticəsində 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayondakı, 1 yaşdan 16 yaşadək 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri yetim qalıb. İşğalla əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib. Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşüb.

 

Əhalisi

 

Laçın rayonunun əhalisi 27 yanvar - 4 fevral 1999-cu il siyahıyaalmasına əsasən, 63.162 nəfərdir. 1 yanvar 2007-ci il tarixində rayonun əhalisi artaraq 69.982 nəfərə, Laçın şəhərinin əhalisi isə 11519 nəfərə çatıb. Əhalinin sıxlığı 1 yanvar, 2008-ci ilin məlumatları əsasında, hər kvadrat km-ə 36 nəfər təşkil edir, hər sakinə isə 18 kvadrat km sahə düşürdü.

 

Kommunikasiya

 

Laçın rayonunda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, camaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaqdoldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası, ötürücülər və sair mövcud olub.

 

Mədəniyyə və incəsənət

 

Laçın ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyi ilə seçilib. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.

Qasımuşağı xalçası Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu xalçadır. Bu, indiki Laçın rayonunun mərkəzindən 50-60 km şimalda, Hacısamlı nahiyəsinin inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının, eləcə də ətraf kəndlərin adı ilə bağlıdır. Burada xalça, palaz, gəbə, kilim, xurcun, çuval, keçə, şəddə, yun corab və s. əşyalar evdə sadə əl alətləri ilə toxunurdu. Bu alətləri dəmir və taxta olmasından asılı olmayaraq, əhali özü hazırlayırdı.

Bu kəndlərdə qoyunçuluğun inkişafı ilə əlaqədar yun istehsalı da inkişaf etmişdi. Zərif yunlar, əsasən yun şal (parça) toxunurdu. Yun darağı ilə daranan yun iplik edildikdən sonra, istifadəsinə uyğun yerli bitki, yaxud da ağac qabıqları ilə, eləcə də digər (palçıq, böcək, bitki kökləri və s.) vasitələrlə rənglənər, hanada toxunar və hətta ondan kişilər üçün çöl və qış paltarları hazırlanardı. Yunun nisbətən qaba hissəsindən xalça, palaz, gəbə, kilim, cecim, qəlib, nəmənd, fərməş (farmaş və yaxud da məfrəş), xurcun, heybə, örkən, şötrük, sicim, çatı, gözək, əlcək, sapand toxumaq və tikmək üçün ayrılırdı.

Bu günə qədər qorunub saxlanan və XVII əsrin yadigarı olan "Qasımuşağı tikmələri" "Qasımuşağı xalçaları" burada toxuculuğun və xalçaçılığın yüksək inkişafına ən yaxşı nümunədir. "Qasımuşağı xalçası"nın orta sahəsinin kompozisiyası incəsənət nöqteyi-nəzərdən orijinal olub, müxtəlif detallardan və elementlərdən ibarətdir. Xalçanın mərkəzində haşiyələrlə əhatə olunmuş böyük göl (medalyon) yerləşir. Gölün (medalyonun) ortasında dördguşəli xonça (medalyon) yerləşir. Gölün yanlarından dörd bir tərəfə, burulmuş budaqlar ayrılır. Orta sahənin yuxarı və aşağı hissəsində mərkəzi medalyondan çıxan, forma etibarilə budağa oxşar bir neçə böyük "qol" yerləşir. Bu göllərin (böyük gölün yuxarı və aşağı hissəsində) arasında yalnız bu xalçalara xas olan və naxışın ümumi rəsmini harmoniyalaşdıran qubpa yerləşir.

 Ramid İBRAHİMOV

Bizim yol.- 2011.- 27 dekabr.- S. 11.