Adsız adam açarsız qapıdır
Adı divarlara da yazmaq olar, tarixə də
Adı
adama bir dəfə verərlər. O da bəyəndi, ya bəyənmədi
onu götürər və ömrü boyu özüylə
daşıyar. Çünki adla birlikdə adama elə bil ki,
tale də verilir. Elm adın insan taleyinə təsiri barədə
susmağa üstünlük verir. Amma ən skeptik adam da
uşağına ad seçəndə həmişə min
ölçüb bir biçər və uşağına
layiq bildiyi ən yaxşı taleyi üstün qoyar. Əgər
ad sadəcə səs yığını olsaydı insan
özünü bu adla eyniləşdirməzdi. Ona görə
də kiminsə adını məsğərəyə
qoymazdan əvvəl düşünmək lazımdı ki, bu
adın seçilməsində onun rolu heç olmayıb. Kimsə
seçib, o isə daşımalıdır.
Ad
açardır. Uşağa ya doğulanda, ya da 7-ci
günündə ad qoyular. Hətta ölən uşağa da
ad qoyub sonra cənazə namazını qılarlar. Hətta Rəbbimizin
də 99 gözəl adı var. Bu adlar vasitəsilə
tövhid xəzinəsinin qapılarının aça bilərik.
«İnsanın şüurunda bütün Kainat əks olunub»
Tale
nədir və adın taleyə nə qədər dəxli
var? Tale insanın fərdi xüsusiyyətlərindən
asılı olmalı, yoxsa adından? Görəsən ola bilər
ki, yumşaq ad insanın sərt qismətini də yumşalda
bilsin? Bu kimi sualların cavabını bəziləri Karma
qanunlarında axtarır. Karma
qanunları şəxsiyyətin Kainatla münasibətini tənzimləyən
qanunlardı. Onsuz da hər insan Kainatın qanunlarına
uyğun yaşayır və hətta onlarla yola gedir də.
Nyutonun başına düşən
Adını mən qoydum, taleyini Allahdan istə
Qədimdə
insana ad verilməsi çox vacib mərasim
sayılırdı. Dədə Qorqud dastanından bilirik ki, əcdadlarımız
adı uşağa doğulanda deyil, həyatda yerini tutanda
verirdilər. İnsan bu adı hələ qazanmalı idi. Ad
adamın bir parçasıdır. Ola bilər yatmış
adamın «Ey, bura bax» xitabından tükü də tərpənməz,
amma adını eşitcək dik atlanıb cavab verər. Hər
kəs özünü adsız heç təsəvvür
etmir.
Öz
uşağına ad seçəndə hamı onun qeyri-adi
olmasını istəyir. Sanki uşağına qeyri-adi tale
arzulayır və onun fantastik keçəcəyini adıyla təsdiqləmək
arzusundadı. Bəzən bu qeyri-adilik axtarışında əcaib
adlar yaranır və sonra onlar təkrarlandıqca adiləşir.
Hər
millətin öz adı və öz qəhrəmanı var. Bəzən
ad insana yox, insanlar ada təsir edir. Məsələn, Adolf
adı Hitler dünyanı faşizm bəlasına
salmamışdan əvvəl tamamilə adi alman adı idi.
İnsanlar bədii ədəbiyyatda rast gəlinən
obrazların adlarına həyatda rast gələndə ədəbi
qəhrəmanın xasiyyətinin bir hissəsini avtomatik olaraq
ad sahibinə köçürürlər. Sanki onların hər
ikisinin xasiyyəti mütləq eyni olmalıymış kimi.
Bir sözlə adı almaq azdı, onu qazanıb bəzən
də bəraət qazandırmaq da lazım gəlir. Bunu bizdən
gözləyənlər var, həm insanlar, həm də
Kainat.
«R» hədələyir, «A»
çağırır, «J» qəddardı…
Ad
assosiasiya yaradıb sahibini yeni emosiyalarla təqdim edə bilər.
Ad tarixin uzaq məqamlarını yenidən həyata qaytara bilər.
Ad insana öz ritmini, plastikasını, musiqisini aşılaya
bilər. Yəqin müşahidə etmiş olarsız, səslər
müxtəlif cür səslənir və müxtəlif
cür qavranılır da. Onlar kədərli, yumşaq,
ağıllı, xeyirxah, nəzakətli, kobud, qəddar ola
bilir. Fransız şairi Artur Rembo deyirdi ki, səslərin rəngi
də müxtəlifdir. Çünki sözlər tək
informasiya kimi deyil, həm də melodiya kimi qavranılır.
Onun da öz plastikası, həcmi, ritmi var. Əgər
sözün major, ya da minor rəngi, yəni şən və
kədərli xasiyyəti varsa, o, optimistcəsinə, ya da
pissimistcəsinə səslənə bilirsə deməli
qulaqlarımız insan adının da xasiyyətini tuta bilir. İnsanın
adının melodiyası onun xasiyyətilə eyniləşməyə
başlayacaq. Axı musiqinin təsiri şüuraltı olur və
bunu kimsə dana bilməz. Bəlkə də ona görə
simpatiya, ya da antipatiyalarımızın səbəbini
anlamadan onu insanın özünə
köçürürük.
Səsin
rəngi olduğu kimi onun xarakteri də var. Məsələn,
«r» səsi hədələyir, «a»-da
çağırış var, «f» səsi qədim adlarda rast gəlinmir,
çox cavandı, «j» yaman qəddardı. Həmin səslər
şüuraltıya da bu cür təsir edir.
Ad, ləğəb,
ayama
Atalar,
daha doğrusu qədim astroloqlar
deyib ki, adın enerjisi təmbəlləri və
axmaqları idarə edir, müdrik adam isə özü öz
adının sahibidir. Adını bəyənmirsənsə ləğəb
seçə bilərsən. Hollivud ulduzları,
idmançılar, müğənnilər üçün bu
adi haldı. Onlar hamı kimi olmaq istəmir və kütlədən
seçildiyini vurğulamaq üçün sənətini, görkəmini daha
çox əks edən adlar seçirlər.
Ləqəb
seçərkən onun məntiqi müqayisəsindənsə
(hər hansı əşya, ya da heyvanla) sözün
şüuraltında oyatdığı məna daha vacib
sayılır. Ləğəb qazanma prosesini izlədikcə
biz əsrlərdən bəri adların yaranma prosesini görə
bilrik. Türmələrdə ləğəb qazanma prosesi
vaxtilə adqoyma mərasiminin kiçik modelini təkrarlayır.
Bəzən
uşaqlarımızın adını əzizləmə mənasında
kiçildirik. Heç düşünmürük ki, belə
ad uşaqdansa pişiyə, siçana daha çox yaraşar.
Uşağın özündən heç soruşan olmur ki,
sənin belə dəyişmələrdən xoşun gəlir,
ya yox.
«Ot kökü üstə bitər»
Bəzən
məşhur soyadın yetirməsinə həyatda yerini tutmaq
çətin olur. Çünki onun ad çıxarmış
ata və babalarının açdığı
cığırlar onun həmin imici saxlamasını tələb
edir. Amma o, babaları kimi istedadlı olmaya da bilər. Onda «Eh,
sənin baban belə deyildi, sənsə…» kimi müraciətləri
tez-tez eşidəcək. Mədəniyyət tariximizə diqqətlə
baxsaq atadan oğullara keçmiş soyadlarla bərabər
insanilik, alicənablıq, kubarlıq və millət dərdi
çəkmək əzmi də ötürülüb.
«Oğul ataya cavabdeh deyil» deyib repressiya dövrünü bir
daha yada salmaq olar. Amma oğul atadan adını və
soyadını miras alırsa bu əlaqəni danmaq olmaz.
Çünki bu ad nəinki bir ailəni, bütövlükdə
ölkəni də təmsil edir. Bir neçə kilometr
aralıqda həmin adla tanınan başqa millətin nümayəndəsini
tapmazsan, onların da öz adları var. Biz rusların
medvedyevlərini, zaytsevlərini, kotovlarını anlamarıq
və qəbul edə bilmərik. Çünki biz
soyadlarımızda heyvan adlarını gəzdirmirik. Rus
üçünsə bu adi haldı.
Əgər
ad və soyadınıız hələ ki, yaddaqalan adlar
sırasında deyilsə sizin onu məşhurlaşdırmaq
şansınız var.
Adına qayıt
Son
illər türk mənşəli adlara maraq artıb. Bu da yəqin
ki, qan yaddaşındakı oyanmaların nəticəsidir ki,
qulağımıza daha mərhəm gələn fars, ərəb
mənşəli adlardansa qısa, güclü enerjisi olan turk
adlarını seçirik. Türkün adına və
enerjisinə ehtiyacımız var.
Uşağına
İbrahim adı verən adam Abram adının və bu
adın tarixcəsinin çox böyük həyat enerjisindən
yararlanar. Amma deyirlər ki, bu
adla birgə onun sahibi əbədi sərgərdan yəhudi
xalqının qismətini və çətin taleyini də
bölüşməli olur. Adəm adının
daşıyıcıları mənası «gil»,
«qırmızı adam» kimi tərcümə edilən
sözün enerjisinə də sahib
çıxır və cənnətdən qovulmuş Adəmin
qismətindən onun adını daşıyanlara da pay
düşür. Hətta deyirlər ki, bu adın
daşıyıcıları ömrü boyu qadınlara
görünməz qüvvəylə dartınır, cənnətdən
qovulma onlardan heç birinin qarşısına ala bilmir. Artur
adı isə kelt tayfalarının dilində «ayı» mənasın
verir. Bu heyvan druid –kahinlərin totemi sayılırdı. Artur
adı fantaziya və xəyallar aləminin enerjisini də gəzdirir.
Təsadüfi deyil ki, Dəyirmi Masa cəngavərlərinin
kralı Artur guya ki, hələ də öz saatını
gözləyir ki, qayıtsın.
Vilen
adı V.İ. Leninin qısaldılmış adından
yaranıb və yəqin, onun sahibi ictimai fəaliyyti
sevən, ünsiyyətcil adam olmalıdı ki, adının
enrjisini doğrultsun. Deyirlər ki, vilenlər öz dəyərini
bilir və maraqlarını yaxşıca güdən olurlar.
Karyeraya maraq elə bil ki, adın üstündə gəlir.
Peyğəmbərlərin adı - Musa, İsa, İlyas,
Yaqub, Yusif, Məhəmməd adlarını uşağına
qoyanlar yəqin ki, övladını Tanrıya yaxın
görmək istəyir. Nuh peyğəmbərin adını bəlkə
ona görə qoymurlar ki, yenidən daşqın gələcəyindən
eştiyatlanırlar?
Firdovsinin
«Şahnamə»sindəki Rütəm Zalazar yavaş-yavaş
Aslan zala, sonra 17 əsrdə rus nağıllarında Eruslan
Zalazaroviçə (bəzən Ruslan Lazoreviçə)
çevrilsə də mahiyyətini, yəni,
döyüşçü xarakterini hələ də itirməyib.
Teymur (mənası dəmir deməkdir) hələ də hərbi
qüvvə, cəsarət və bir az da qəddarlıq rəmzi
kimi səslənir. Əmir Teymurun həyat tərzi olan
müharibələr bu adın da enerjisində silinməz izlərini
buraxıb. Yunan adı İliodor Eldara çevrilsə də hələ
də «günəşin sovqatı» mənasını bildirir.
Aleksandrlar İskəndər olduqca mahiyyətini dəyişmir.
Mənası
enlikürək, güclü olan əflatunlara (yəni Platon)
ehtiyac azaldıqca bu adı da az-az verirlər. Alla qədim ərəb
yağış ilahəsi Allatdan yaranıb, amma bizə o,
Qafqazda Alla və Bella adıyla tanınan 2 tale ilahəsindən
gəlibmiş. Azərbaycanlı svetlanalar azalır,
çünki Stalinin zamanı keçdi. İndi heç kim
dahi rəhbərin qızının şərəfinə
öz qızına Sveta adı verməz. Anjela xəbərçi
mənasına verir deyən yəqin ermənilər bu adı
qızlarına layiq bilir. Türkiyədə elə indinin
özündə də evdən qaçaq
düşmüş bütün rus qızlarına
«Nataşa» deyirlər. Ona görə də hələ ki,
bütün həvvalar bir almanın badına getmiş cənnəti
əldən buraxmağın cavabını verəcək. Maya
deyəndə isə sözün kökündə duran
«magiya» mənasını deyil «Böyük dayaq» filmindəki
«Maya bacı, Maya bacı» replikası xatırlanır. Əcdadlarımız
şumerlərin xanım, çariça mənasını
verən Nina adı da indi bizə yad səslənir. Ermənilər
«Sarı gəlin»i oxuduqca sellər Saranı bizdən lap
uzaqlara aparır. Palma mənasını verən adıyla
bütün tamaralar elə bil ki, gürcüləşir və
kişiləri çayda boğmaqdan ləzzət alır. Bəlkə
də bütün tamillalar ərəb müəllifinin qəhrəmanı
kimi acı taleyindən şikayətlidir. Axı onsuz da
adın tərcüməsi «ehtiraslı əzabkeş» deməkdir.
Bütün floralar gül-çiçək içində
batıb qalıb. Avropalı «Allahı sevən» bildirən
yelizavetalar Elzalaşdıqca duyğusal və kövrək
olurlar.
Adımıza layiq olaq
Dünyada
ən qədim, ən
işıqlı, ən xeyirxah dinin yaradıcısı Zərdüşt
peyğəmbər (Onu bözən ilk maq da
adlandırırlar) Yaradana sual edir ki, Yer üzündə
şərin kökünü necə kəsmək olar? Ali
Müdriklik belə cavad verir: - De görüm, Zərdüşt,
ömrü boyu maneələrə rast gəldikcə kiminsə
köməyini axtarıb yalvarmaq yaxşıdı, yoxsa qəlbindəki
daxili qüvvələri axtarıb tapmaq ki, şər sənə
xələl yetirə bilməsin? Ona görə də
adıyla və taleyilə çarpışan insanların
sakitlik tapması lazımdı. Şər o vaxt əmələ
gəlir ki, insann inkişafı lazım olur. Həyat
insanı o vaxtacan çapır ki, adam olub bunları
özü edə bilsin. Zərdüşt peyğəmbərin
dediyinə görə məhz o vaxt şər
öz-özünə yoxa çıxacaq. Ona görə də
adından inciyən adam xeyir tapmır. Ad insanın
götürdüyü tale kursudur. Onu keçmək
lazımdı, ağlaya-ağlaya, ya da gülə-gülə.
Yaşamağa güc tapmayanda insan adının qüvvəsinə
güvənsə yaxşıdı. Qəlbində sevgi tapa
bilməyəndə isə adının məhəbbət
qüvvəsi kara gələ bilər. Adının mənasını
bilməyənlər olur, amma onun hansı keyfiyyətdə
enerji daşıyıcısı olmasını bilmək
mütləq lazımdı. Qiyamət günü
adlarımızla çağrılacağıq axı…
Gülnarə Rəfiq
Bizim yol.- 2011.- 5 fevral.- S. 13.