«Ermənistanda
istənilən hədəfi vurmağa imkanımız var»
Eldar Sabiroğlu: «Bu dəfəki müharibə daha faciəvi və
dağıdıcı olacaq»
Beynəlxalq
Böhran Qrupu fevralın 8-də “Ermənistan-Azərbaycan müharibənin
qarşısını alınmalıdır” adlı 33 səhifəlik
məruzə yayıb. Məruzədə bir sıra maraqlı
məqamlar yer alıb. Xüsusilə burada Azərbaycan və
Ermənistan silahlı qüvvələrinin sayı,
müharibə olacağı təqdirdə tərəflərin
mövqeyi, əllərində olan silahlar haqqında məlumatlar
yer alır. Qeyd olunur ki, Ermənistanda Bakını vura biləcək
silahlar var. Azərbaycan ordusunun malik olduğu raketlər isə
düşmənin bütün şəhərlərini
dağıtmağa qadirdir.
Hesabatda səslənən
fikirlərə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat
xidməti idarəsinin rəisi Eldar Sabiroğlu münasibət
bildirib.
- Beynəlxalq
Böhran Qrupunun “Azərbaycan-Ermənistan müharibəsinin
qarşısı alınmalıdır” hesabatına münasibətiniz
necədir?
- Hesaba münasibət
birmənalı ola bilməz. Həmişə olduğu kimi,
bu dəfə də öz ənənəsinə sadiq
qalan təşkilat səbəbləri kənara
qoyaraq nəticələrdən
danışır və
tövsiyələrini verir.
Həqiqətən də bölgədə
müharibə riski çox böyükdür
və Azərbaycan bunu dəfələrlə
bəyan edib, müharibəyə aparan yolları da izah edib. Ancaq təəssüflər olsun
ki, münaqişənin
dinc yolla həllinə dair Azərbaycanın sülh təşəbbüslərinə lazımı dəstək
verilməyib. Bu mövqeni tutanlardan biri də elə
Beynəlxalq Böhran
Qrupudur. Hesabatda Azərbaycanla
Ermənistanı eyniləşdirməyə
cəhd edilir. Yaxud çox incə formada Ermənistana tərəf durur. Hesabatda qeyd olunur ki,
tərəflər silahlanmanın
qarşısını almalıdırlar.
Bu çox yaxşıdır,
əla məsləhətdir.
Ancaq həmin təşkilat nədən belə vəziyyətin yarandığını
acıqlamaga səy göstərmir. Azərbaycan məcburi
şəkildə müdafiə
qüdrətini artırır
və ordusunu lazımı səviyyədə
təchiz edir. Çünki bizim torpaqlarımız
işğal edilib necə illərdir ki, aparılan danışıqların nəticəsi
yoxdur. Buna görə heç bir beynəlxalq təşkilat, eləcə
də xarici dövlət Azərbaycanı
günahlandıra bilməz.
Bölgədə Azərbaycan-Ermənistan
münasibətlərinin gərginliyi
müharibəni hər
an yaxınlaşdırır.
Bu dəfə ki, müharibə daha faciəvi, daha dağıdıcı
olacaq. Çünki Azərbaycan əvvəlki
Azərbaycan deyil.
Ölkənin hərbi qüdrəti
kifayət qədər
artırılıb. Uzun müddət
torpaqların işğal
altında qalmasına
dözmək mümkün
deyil. Zaman da bizim xeyrimizə işləyir.
Getdikcə Ermənistanın təcavüzkar siması
tam açılır. İşğalçı ölkə zəbt
etdiyi torpaqlardan geri çəkilməlidir.
- Hesabatda Ermənistan ordusunda mənəvi əhval-ruhiyyənin yaxşı
olduğu bəyan olunur. Bəs sizin informasiyalarınızda
bununla bağlı nə deyilir?
- Erməni ordusunda guya mənəvi əhval-ruhiyyənin
yaxşı olduğunu
gözə soxan Beynəlxalq Böhran Qrupu bununla nə
demək istəyir? Ümumiyyətlə, Ermənistanın daxilində baş verən hadisələrdən
bu qrupun xəbəri varmı?
Bir neçə ay əvvəl
Ermənistandakı siyasi
partiyaların nümayəndələri,
eləcə də sabiq prezident Ter Petrosyan Ermənistan
ordusunu faşist ordusu ilə müqayisə etdi. Nə üçün Beynəlxalq
Böhran Qrupu bu cür məqamları
görmür? Ordu əlbəttə
ki, cəmiyyətdən
təcrid olunmuş şəkildə götürülə
bilməz. Cəmiyyət, hakimiyyət və dövlət necədirsə,
onun ordusu da o şəkildədir.
Sirr deyil ki, Ermənistan
iqtidarı kriminal hakimiyyət olaraq beynəlxalq ictimaiyyətin
diqqətini cəlb edir. Yaxşı olardı ki,
hesabatı hazırlayan
təşkilat bu məqamlara da diqqət yetirsin. Və Azərbaycanla Ermənistanı
müharibə vəziyyətində
eyni tutmasın. Bizim torpaqlarımızı onlar
işğal edib və bu ölkə
təcavüzkardır.
- Ancaq
hesabatda o da qeyd edilir ki,
bu məsələdə
zaman prezident İlham Əliyevin əleyhinə işləyir.
Müharibə təhlükəsini
artıran amillərdən
biri də bununla bağlıdır…
- Siz heç
Beynəlxalq Böhran
Qrupunun Azərbaycan haqqında müsbət bir fikir söyləməsinə
rast gəlmisinizmi? Ancaq Azərbaycanın ziyanına
hesabatlar, açıqlamalar
və bəyanatlar verilib. Bunların da heç bir əsası olmayıb. İndiki münasibət də
həmin qəbildəndir.
Bu gün zaman məhz Azərbaycanın ali baş
komandanının xeyrinə
işləyir. O, sülhpərvər
insandır və bölgədə sülhün
olmasını istəyir.
Bəs böhran qrupu nə istəyir? Dövlət
və prezident səviyyəsində qeyd edilib ki, münaqişənin
həlli çox uzadılsa, Azərbaycan başqa vasitələrdən
istifadə edib ərazisini işğaldan
xilas edəcək.
Bunun arxasında nəyin durduğunu hər kəs bilir. Ancaq indiki halda Beynəlxalq
Böhran Qrupu fəaliyyətini təkrarlamaqla
təəssüf doğurur.
- Hesabatda
açıq yazılıb
ki, müharibənin başlayacağı təqdirdə
erməni ordusu beynəlxalq avtomobil və dəmir yolları, Bakı -Tiblisi - Ceyhan, Bakı-Tiblisi-Ərzurum, boru
kəmərlərinin qarşısını
kəsmək üçün
Qazax və Ağstafanı işğal
etməyə cəhd edəcək, Gəncə,
Yevlax və Mingəçevirə hücumlar
olacaq. Bu yanaşma
nə qədər realdır?
- Bunların hamısı Ermənistanda
zaman-zaman səslənən
fikirlərdir. İndi bu
fikirləri oradan götürərək hesabata
salıblar. Əlbəttə ki, bu Azərbaycanı
çəkindirmək üçün
bir variantdır.
Azərbaycanın da öz planları var. Bu gün Silahlı Qüvvələrimiz
müharibə başlayacağı
təqdirdə Ermənistana
elə zərbə endirə bilər ki, o tam sarsıla bilər. Ermənistanda istənilən hədəfi
vurmağa imkanımız
var. Açıq söyləyirəm
ki, Ermənistan müharibə aparmaq qüdrətinə malik deyil. Müharibə aparmaq üçün
bir neçə amil tələb olunur. İqtisadi güc vacib
amildir, amma bu Ermənistanda yoxdur. Sosial şərait ciddi
amildir, lakin bu da Ermənistanda
bərbad durumdadır.
Bu ölkədən əhali köçüb
getməkdə davam edir, 2 milyon insan belə qalmayıb. Bir sıra hərbi
hissələr buna görə, komplektləşdirilməyib.
Nəhayət ən mühümü
insan amilidir.
- Ancaq
həmin dövlətin
daxilində başqa ölkənin güclü
hərbi qüvvələri
var...
-
- Ancaq Ermənistan MDB-də Kollektiv Təhlükəsizlik Müqaviləsinin
üzvüdür. Ermənistanın müdafiə olunması
üzvlərin hüquqi
öhdəliyidir. Hətta
bunu açıq şəkildə bəyan
edirlər…
- Bəyanatlarla hərəkətləri qatışdırmaq
olmaz. Bəyanat verib altından
çıxa da bilərlər.
- Hesabatda
cəbhə xəttindəki
bütün yüksək
coğrafi mövqelərin
erməni ordusunun əlində olduğu xüsusilə vurğulanır.
Qeyd edilir ki, bu fakt
erməni ordusunun müharibədə üstünlüyünü
təmin edir. Bu yanaşma doğrudurmu?
- Burada sirli
bir şey yoxdur. Bizim torpaqlarımızı işğal ediblər və ərazilərimiz onların işğalı
altındadır. Burada Amerika
kəşf etməyə
ehtiyac yoxdur.
- Hesabatda Azərbaycanın
95.000, Ermənistanın isə
70 minlik ordusunun olduğu bildirilir. Bu nisbət
həqiqəti əks
etdirirmi?
- Burada bir
məsələ araşdırılmalıdır.
Ermənilər 70 minlik ordu
formalaşdıra bilərlərmi?
Ermənistandan əhali köçüb
gedir. Vəziyyət o həddə çatıb
ki, ermənilər orduya çağırışı
tam təmin edə bilmirlər. Bu faktdır.
- Hesabatda
açıq bəyan edilir ki, Ermənistan əlində olan
Skad-B raketləri Bakıya çata bilər…
- Bizdə elə silahlar var ki, Ermənistanda
istənilən hədəfi vura bilər. Bu, söz yox, həqiqətdir.
Daha yaxşı olardı ki, belə müqayisələr
aparan Beynəlxalq Böhran Qrupu Ermənistanın
işğalçı siyasətini tənqid atəşinə
tutsun. Ancaq bu gün açıq-aydın şəkildə
Ermənistana tərəf durur.
- Sizcə, bu təzyiqdir?
- Azərbaycana belə hesabatlarla təzyiqin
göstəriləcəyinə inanmıram. Azərbaycan əvvəlki
Azərbaycan deyil. Biz müstəqilliyimizi qorumaq
üçün kifayət qədər gücə malikik.
- Siz
belə hesabatları təhlil edirsinizmi?
- Ümumiyyətlə,
ordu və müharibə ilə bağlı kənardan səslənən hər bir məqamı təhlil edib nəticələrimizi çıxarırıq.
- Bu hesabat hazırlanarkən sizin mövqeyiniz öyrənilibmi?
- Təəssüf ki, indiyə qədər belə təşəbbüsün şahidi
olmamışıq.
Nemət
Hüseynli
Bizim yol.- 2011.-
10 fevral.- S.7.