Kişi
tənhalığı
Ağıllı
və güclü kişilər nədənsə çox
vaxt tənha olur
Tənha qadınlardan çox
yazılıb. Elə mən özüm indiyədək
qadınlardan yazdığım yazıları bir yerə
toplasam yəqin ki, kişillər qarşı ədalətsizlikdən
utanaram. Çünki tənha kişilər qadınlardan
heç də az deyil. Amma onlardan yazmırlar.
Dünya belə qurulub, tənha
qadınlar dəstə halına meyl edir və ona görə
də onları görməmək mümkün deyil. Hətta
tənha qadın tək də olarsa günün günorta
çağı sakit dənizdə yelkənli qayıq kimi
uzaqdan seçilir. Kişilərsə tənha olanda
düşdüyü mühitə uyğunlaşmağı,
yəni buqələmun kimi rəngini dəyişdirib ətrafına
qarışmağı seçir ki, tənhalığıyla
çox da gözə girməsin. Kişi tənhalığı
bir mərəz, xəstəlik, sanki utanclı bir şeydir.
«Subaylıq sultanlıqdır!» şüarını əlində
bayraq etmiş tənhalar alkoqolikin içmək bəhanəsi
axtardığı kimi, qumarbazın gizli kazino gəzdiyi kimi
nikah perspektivlərindən azad adacıqlar axtarır. Çətinliklə
olsa da tapır və subaylıq şüarını və
bayrağını ora sancır. Tənha qadınlardan fərqli
olaraq onun yaratdığı «azadlıq adası»na arabir
qadınlar da gəlir. Muzeyə gəlirmiş kimi gəlir,
baxır, bəlkə də bir az qalır, amma mütləq
çıxıb gedir.
Kişilər şikayət etmir
Adətim
üzrə mövzunun axtarışını İnternetdə
gəzirəm. Çoxlu ağrılı,
düşündürücü, yaddaqalan həyat hekayələri
oxudum. Adətən tənhalıqdan qadınlar yazır,
kişilərsə belə yazıların altına şərh
yazmaqla özlərini məhddlaşdırırlar. Kişilər
arasında bir dənə də ağlayıb-sızlayan,
şikayət edənə rast gəlmədim. Çünki bu
özü kişi təbiətinə ziddir. Ona görə də
təkdirsə kişiyə azad, qadına tənha deyirlər.
Kişi tənhalığı ona görə böyük
problemdir ki, heç bir tənha kişi kompüterin
arxasına keçib ürəyini deşən problemləri
yazmaz, kimsəylə bölüşüb ürəyini
boşaltmaz. Tənha kişilər barədə əhvalatları
çeşidlədikcə düşünürəm ki,
onları qorumaq lazımdı. Müasir həyat onlardan ən
yaxşılarını sıradan çıxara bilər.
Cəmiyyətdə
belə fikir formalaşıb ki, qadın nə qədər ki,
cavandı ailə qurmalıdı. Bu narahatlıq kişilərə
şamil edilmir. 35 yaşına kimi evlənməyən
kişiyə normaq baxırlar. Amma psixoloqlar deyir ki, kişilər
də tez evlənməlidi. Bunun həm sağlamlığa, həm
də nəsil artırma imkanına birbaşa dəxli var.
Subaylıq sultanlıqdı şüarı altında
yaşayanların başı zöhrəvi xəstəliklər
kimi möhkəm qayaya dəyir və buynuzlarını
sındırırlar. Kişinin qeydinə qalmayanı,
qayğısını çəkməyəni, üstündə
məsulliyti olmayanda onun xasiyyətində fəsadlar əmələ
gəlir ki, şəxsiyəytini korlayır. Bəzən bu
xisiyyətindən kişi ömrünün sonuna kimi tək
qalır. Tək və tənha qoca, bədbəxt və
yazıq insan sözlərinin sinonimi kimi səslənməyə
başlayır.
Qadınları ara düzəltməklə
tənhalıqdan qurtarmaq olursa kişiləri bəzən
görüş çıxmağa razı salmaq
müşkül olur. Kişilərin əksəriyyəti
düşünür ki, seçim etməyi onlar anadangəlmə
bacarır və kimsə bu sahəyə öz
barmağını qoya bilməz. Tənha kişilər
heç vaxt təkliyindən şikayət etməz. Bəlkə
də əksinə, ətrafdakı qadınların ona
marağından bir qədər qürür duyar.
Tənhalıq xudbinlik doğurur.
Öz qanunlarını, öz qaydalarını , öz
konstitusiyanı yazanacan həyat dayanıb səni gözləmir.
Bəlkə də sən ətrafındakı qadınları
saf-çürük edənəcən hardasa sənin
adına yazılmış qadının saçı
ağarıb qocalır. Əlbəttə, tənhalıq xəyanət
etməz. Dostlar kimi, sevdiyin qadın kimi səni atmaz. Nə
vaxt istəsən o sənin yanında olacaq. Məsəl var, tənhalığı
sevənlər ya vəşhi heyvanlardı, ya da Allahın
özüdü. Qalanlarının köməyə, bəzən
isə müalicəyə ehtiyacı var.
Simpatik,
arzulanan, amma tənha…
Kişilərlə dostluğumdan
istifadə edərək apardığım müşahidələri
bölüşmək istərdim. Yazıdakı adsız qəhrəmanlarım
uydurulmuş obrazlar deyil. Onların arasında tənbəllikdən
evlənməkdən qaçan ana uşağı, işləməkdən
başı ayılmayan həyatdan uzaqlaşmış adam
yoxdu. Onlar hamısı simpatik, savadlı, cəmiyyətdə
yerini tutmuş normal kişilərdi. Onların bir ümumi cəhətə
var, onlar tənhadır… Tənhalarımı sistemləşdirmək
istədikdə bel bir mənzərə alındı:
Yaralı şəhzadə – Onun
çoxlu rəfiqələri var. Şəhərlidir, evi,
eşiyi, prestijli ali məktəbdə işi də var.
İlk baxışdan gəzən qadın xoşbəxtliyi
kimi görünən bu kişi də təkdi. Hətta
qadınlara erotik qığılcımsız baxır. Bəlkə
də ətrafındakı subay qadınlar «Heyif ondan, bəlkə
geydir» düşünür. Amma dostları bilir ki, bir
neçə il əvvəl arvadıyla ayrılıb və hələ
də özünə gələ bilmir. Məhkəmədə
evi, maşını əlindən aldığı bir yana gedəndə
bu qadın özüylə sevgiyə inamını da
apardı. O həyatında sanki bir pauza eləmək, nəfəsini
dərmək istədi. Bu pauza yaman uzandı. Evdə anası
baş-qulağını aparmasa heç evlənmək fikrini
beynindən keçirməz də.
Belə incilər çox vaxt humanitar
ziyalılar arasında olur. Onların psixoloji quruluşu buna
imkan verir. İlk sevgi daşa dəyəndə, 5-ci sinifdə
parta yoladşına sürtülmüş pozan
bağışlayanda onu söyəndə içində nəsə
bir tel qırılır və onun bitişməsinə onilliklər
lazım gəlir. Onun yumşaqlığı qadınları əsəbləşdirir.
Nə olsun ki, yeri gəlsə yemək bişirə də, ev
yığışdıra da bilir. Qadınlar belə kişilərin
başına pərvanə kimi dolanmır.
Deyim ki, bu tip tənhalar natamamlıq
kompleksi keçirmir. Hətta güclü qadınlardan da
qorxmurlar. Özündən 3 dəfə artıq qazanan
qadına rast gələsi olsa «Nə olsun, mən də
çoxlu kitab oxumuşam» deyəcək.
Əbədi adaxlı – ABŞ-ın məşhur
avtoqonşiki və arvadbazı sayılan Saymon Ouksun bu
yaxınlarda buraxdığı kitab yaman səs-nüyə səbəb
olmuşdu. Uzun müddət həsəd aparası adaxlı
kimi gəzən Saymon onu nəvaziş və kamfortla əhatə
etmiş qadına rast gəlincə asudə
yaşayırdı. Evlənən kimi o, «Kişilər niyə
evlənir» adlı kitabını yazdı. Kitabın məğzini
bir cümləyə gətirsək belə fikir alınır:
kişilər yaxşı yedizdirən, yuyub
yığışdıran və keyfiyyətli seks yapan
qadınlara evlənir. Yəni ki, məişətdən
baş çıxart və qırçınlı qara
corabları ayağına keçirt və səni kimsə
mütləq alacaq. Feminizmin beşiyi sayılan bu ölkədə
belə sözü ucadan demək olardımı? Kimisi
kitabı və onu yazanı söyür, kimisi isə aclıq
zamanı buğdanı alan kimi kitabın son nüsğəsinə
qədər alıb apapırdı. Bizdə isə hər
şey belə deyil.
Bizim kişilər mövcud şəraitə
uyğunlaşaraq əl altnda olanlarla evlənirlər.
Xalaqızı, əmiqızı kimi tez həll olan
variantları hətta çıxsaq da yerdə qalanlardan qara
corab gözləmək gülüncdür. Bəzən evində
cənnət şəraiti yarada biləcək qadna rast gəlirsə
də «Belə qadına evlənməzlər» deyib geri çəkilməyə
özlərinə yer saxlayırlar. Belə tənha kişilərin
gözü həmişə axtarır. Bəzən 10 il bir
yerdə yaşadığı qadınla (məlum səbəblərdən
onunla evlənə bilməz. Axı onun birincisi deyildi) elə
ilk gündən hər an ayrılacağını
düşünərək yaşayıb. «Məni sevir,
yaxşı evdar xanımdı, amma nəsə
çatışmır» cümləsinin hər il yeni
variantını dilinə gətirib axtarmaqda davam edir. Ola bilər
ki, hər dəfə özünü təmizə
çıxaranda: «Onun mələk kimi xasiyyəti var» deməyi
də unutmur. Baxmayaraq ki, 40-ı çoxdan arxada qoyublar.
Axı incə zövqü nəfisliyi mətbəx
qadınında axtarmağa icazə vermir, o, qeyri-standart,
yaradıcı şəxsiyyət axtarır.
Bu
tip tənhalar işguzar adamlar arasında rast gəlinir. Onlar ətrafında
olmayan nəyisə, kimisə axtarır amma tapa bilmirlər.
Onlar həyatına rəng qatacaq bir qadını gözləyirlər.
Ola bilər ki, bu qadın
yuyub-yığışdırmağı bacarmasın.
Bununçün həmişə ehtiyatda gizlədilən
qadınlar var. Standartlara uyğun gəlməyən
xanımlar onun yanında həmişə nişanlı
statusundan uzağa gedə bilməyəcək. Xanımı
bir az zirək çıxıb nəsil artırma instinktini
işə salsa bəlkə belə tənha kişinin əl-ayağını
yığmaq olar. Valideynlər də bir tərəfdən onu
çıxışdırıb boynuna evlilik boyunduruğu
sala bilər.
Çörək
ağacı – bu tip kişilərin təkliyi ən azı 35
yaşadən davam edir. Sonra vicdan əzabın çəkmiş
qohumlar onu evləndirsə belə yeni ailənin çoxlu
maddi problemləri olur. Çünki onun ömrünün ən
gözəl illərini valideynlərini, bacı
qardaşlarını, kənarda təsadüfən əmələ
gəlmiş uşağını və sair insanları
yedirib içizdirməkdən başı ayılmayıb.
Zaman kəsiyində onun belinə dırmaşmış
bütün bu qohum əşrəba onu sonacaq at kimi minməyi
normal hal sayırlar. Bacılarına cehiz düzəldib,
qardaşlarını ev-eşik sahibi edəndən, valideynlərinin
qocalığını təmin edəndən sonra da onun
işləri azalmır. Hiperməsuliyyət hissiylə
yaşayan bu tip kişilər daha bir nəfəri, sonra nəticədə
yaranacaq 2, bəlkə də 3 nəfəri yedizdirmək
qorxusu qarşısında evlənməmyi üstün
tuturlar. Bu tip tənhalar yüksək vəzifəyə
dırmaşa bilmirlər, çünki belə yüklə
karyera qurmaq çətindi. El adəti üzrə evlənəsi
olsa onunçün müti, səsi çıxmayan bir qız
tapacaqlar ki, pullar həmişə axtığı istiqamətdə
axmağa davam etsin. Bəxti gətirsə bic və zirək
qadına rast gəlsə gələn kimi bu qadın axan «neft
kəməri»nin ağzını qapadacaq və kişinin
qohumlarına tüpürmək belə istəməyib
eqoistliyi ilə bu problemini tezbazar həll edəcək. Amma yenə
də kişinin tənhalığı çətin ki,
keçə. Çünki boynunda gəzdirdiyi sərnişin
siyahısını yenidən nəzərdən keçirəndə
boşalmış yerlərdə mütləq kimsə
oturacaq. Oturanlar bu dəfə artıq qan qohumları olmayacaq.
Güclü qadınlar içindən
yetişən – Bir də görürsən ki, gözəl,
göyçək, bir balaca gəzəyən kişi
seçib-seçmələyib 40 yaşın astanasında
kifirçənin birini yanına salıb evə gətirdi. Deyən
lazım, gəzib dolaşdıqların bundan min dəfə
yaxşı idi. Bu necə görməməzlikdi.
Qadının taleyində bir az eşələnsən birinci ərindən
uşağı da çıxacaq. Bu yaşacan nə oxuyub, nə
işləyib. Elə bil lotoreyada udmuş kimi həyatının
ən pis anında bədxərcin və gəzəyənin
biri toruna düşüb. Bu tip tənha kişilər adətən
güclü qadınlar olan kollektivlərdə yaranır. O, hər
gün hökmlü, savadlı və gözəl olmaqla
yanaşı lap ipləmə xasiyyətli qadınlarla birgə
işləyərək zaman keçdikcə belə
qadınlara nifrət eləməyə başlayır. Onun
qadın barədə fikirlərində ciddi dəyişikliklər
yaranır və onun sözünün qarşısında bir
kəlmə deyən qadına artıq
azğınlaşmış kimi baxır. Məhz belə
kişilər 2 sözü bir-birinə calayıb deməyə
və 2 eşşəyin arpasını bölə bilməyən
qadına rast gəlincə axtarmağında olur. Tapdısa
ailə qurub evdə diktatura yaradacaq, tapmadısa qadına nifrət
hissiylə ömrünün sonunacan yaşayacaq. Amma ildən-ilə
müti qadınların sayı da azalır…
Əbədi tənhalıq – Bu tip
kişilər evli kişilər arasından seçilir. Kənardan
baxanlarçün hər şey normal görünür. Evi,
arvadı, uşaqları, həsəd aparacaq rahat məişəti
də var. Hər axşam televizor qarşısında yerini
heç kim tutmur, hətta sözünün
qarşısında söz deyəni də yoxdu. Amma o, tənhadır.
Bəzən bunu heç özünə də etiraf etmir. Bu
barəda əclaf fikirlər ona məhəbbətdən olan
filmlərə baxanda beyninə girir. Potensial sevgililəri
tanıdığı qadınların obrazına bir növ
paltar kimi geydirib xəyalında nəsə uydurur. Amma az sonra
variantlarn heç birini bəyənməyib tənha həyatını
yaşamaqda davam edir. Bu tip tənha kişilərin təbiətcə
xəyanətkarı erotik axtarışlarını həyatda,
təbiətcə zirək olmayanları isə xəyalında
reallaşdırır. Amma bununla tənhalıq hissindən
qurtula bilmir. Sanki onun qadını hələ
doğulmayıbmış kimi gözləməyində olur.
Yaxşı oğlan – bu kateqoriya tənhalar
həyatın hər üzünü görmüş,
görkəmli, amma azad yaşamaq istəyən kişi aiddir.
Bu fərdlər tənha olmağa məhkumdu. O, seçim edə
bilmir, həyat təcrübəsi ona mane olur. Çünki ərinə
xəyanət edən onlarla qadınla görüşüb.
Cavanlıqda seçim edəndə duyğular köməyə
gəlir. Duyğuların zamanı keçəndən sonra
belə vacib məsələlərdə ağıl aciz
qalır. Hətta düzgün seçim edəndə də
razılıq və xoşbəxtlik hissi gəlmir. O
özünü məşuq-oynaş münasibəmtərilə
bağlamaq istəmir. Pulla gələn qadından yalnız
quru seks gözlmək olar, bəşqa heç nə. Qalan
qadınlarsa bir gecəlik münasibət istəmir. Ona həmişə
potensial ər gözüylə baxırlar. Evli qadınlarla
münasibət qorxuludur. Bir gecəyə başlayıb və
səhər bitən kiçik sevgi macərası insanın həyatında
1-2 dəfə ola bilər, artıq yox. Ona görə də
yaxşı oğlanlar tənhadır.
Kişi
tənhalığı təkamül prosesinə təkan verir
Onsuz
da qadını tam razı salmaq mümkün deyil. Bu gün ev
istəyirsə, sabah brilyant, şuba istəyəcək,
birigün hamısından bezib bir qırağa tullayacaq. Rəhmətlik
O. Henri demiş qadının sirli məxluq olması fikrini bəşəriyyətə
qadınlar özləri sırıyıblar. Onsuz da
qadını anlaya bilməyəcəksiz. Kişinin
gördüyü ilə paltarın altındak
reallığı müqayisə etmək ehtirası
sivilizasiyanın dərin köklərinə qədər gedib
çıxır. Qadın asılılığından
qurtulmaqçün kişilər müşahidə borusu,
binokl, elektrik mişarı, tozsovuran, rezin kukla və
homoseksualizm kimi tapıntılar ediblər. Kişi tənhalığının
təkamül prosesinə verdiyi töhvələrdən cildlərlə
kitab yazmaq olar. Tənhalıqdan evin küncünə sığınıb
taxtadan Eyfel qülləsinin kiçik modelini balaca mişarla
yontmaq olar. Amma kişilərin əksəriyyəti tənhalıqla
mübarizədə başqa yollar seçirlər. Onların əksəriyyəti
evə gecə hamı yatandan sonra gəlib, sübh tezdən,
hamı hələ yatanda getməyi üstün bilirlər.
Etiraf etmək lazımdı, kişilərin
çoxu qadınları sevir. Üstəlik pulları da.
Arabir pivə içməyi də. Ət yeməyi də,
işə getməyi, maşınları, idmanı, televizoru,
balıq tutmağı, pornonu, rəngi getmiş maykanı və
s. Amma siyahıdan olan bir punktu, yəni qadınları daha iti,
ehtirasla, nəbzini itirənədək, bayılanadək, bəzən
varidatını havaya sovuranadək sevirlər. Kişilərdən
kimi soruşsan deyər ki, «Həyatda qadınsız yaşamaq
mümkün deyil!». Mətbəxdə subaylıqdan əmələ
gələn abstraksionizm gəldi gedərdi. Aşbazlıq
kitabında «Borş» adlandırılmış
qırmızı rüsvayçılığı bir həftə
hər dəfə bir kasa həcmində içəri
ötürsən də olar. Amma qadınsız olmur.
Kişi tənhalığı barədə
həkimlərin, psixiatrların yazdıqlarını oxuyanda
bütün bəşəriyyətə, dahilər
qarışıq bütün kişilərə nifrət etməyə
başlayırsan. Amma sadalanan səbəblər arasında
birisi var ki, onu qadınlarçün yazmırlar. Kişi tənhalığı
ruhi yüksəlmə elementi kimi, şəxsiyyətin kimilləşməsi
pilləsi kimi. Bu yolu qadınlar getmir…
Kimin nəyinə lazımdı ki, siz
nədən tənhasız?! Buna son qoyun, vəssalam. Sokrat
demiş uğurla evlənsəz xoşbəxt olarsız,
alınması filosofluq edərsiz.
Gülnarə Rəfiq
Bizim yol.- 2011.- 18 iyun.- S. 13.