Çapay
Sultanov-75
Ləyaqətli ömür və yorulmaz çalışqanlığın vəhdəti
Çapay Sultanov
- bu ad orta
statistik azərbaycanlıya
heç nə demir, təkcə ona görə
yox ki, o,
rus dilində
yazır. Rus dilində yazmaq
onun vətəninə
və millətinə sevgidən doğur. Çapay Sultanov Azərbaycan həqiqətlərini,
gerçəkliklərini, tarixin faciələrini bu gün də yaşayan xalqın mövcud
durumunu əsasən
Biləcəridən o tərəfdəkilərin
bilməsini istəyir.
Bu ad
orta statistik azərbaycanlıya həm
də ona görə başqaları kimi tanış deyil ki, bu gün
75 yaşı olan Çapay
Sultanovun yubileylərə, rəsmi, ya qeyri-rəsmi tədbirlərə xüsusi
marağı olmayıb. Təvazökar
şəxsiyyət olan Çapay
müəllim rəsmi tədbirləri, yaxud ictimai təşkilatların
toplantılarında xüsusi maraqla qatılmayıb. İştirak
etsə belə, çıxış edib özünü nümayiş etdirmək bu
insanın xislətində
yoxdur. O, guşənişin həyatında
Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun görməli
olduğu işi görür. Halbuki, tarix, politologiya, sosiologiya, iqtisadiyyat onun sahəsi deyil. Amma onun
çalışqanlığı Sizifin taleyini xatırladır, Azərbaycanın
ağır günündə hər hansı bədbin notu yaxın buraxmayan bu yorulmaz
insan hər gün yerli, xarici mətbuatı oxuya-oxuya düşünür,
yeniliklərə can atır. Bunun bəhrəsidir ki, universal dünyagörüşün
bəhrəsi olan kitabları
ingilis, türk,
fransız, alman dillərində
yayılır, saytına müraciət edənlərin
sayı isə 4 milyonu ötüb.
Kimdir Çapay
Sultanov, geologiya-minerologiya
elmləri doktoru, professor,
Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti,
Dövlət Mükafatı laureatı, Əməkdar Bədən
Tərbiyəsi və İdman xadimi, Şahmat üzrə
əməkdar məşqçisi, Beynəlxalq Şahmat Federasiyasının
üzvü... Və daha
hansı titulları sadalamaq gərəkdir ki, Çapay Sultanovu Azərbaycan oxucusuna tanıdasan. Məhz Azərbaycan oxucusuna. Ona görə bu fikrin üstünə təkrarən
qayıtdım ki, onu ölkə xaricində kifayət qədər
tanıyırlar. Təkcə iki faktı nəzərinizə
çatdırmaqla Çapay Sultanovun Qərbdə, Şərqdə necə
tanınmasının şahidi
olacaqsınız. Heyrətamiz hadisə bu günə qədər Çapay müəllimin əsərlərinin
yayılma arealı isə xüsusi maraq doğurur. 2006-cı ilin məlumatına əsasən saytın Rusiyadan
28 min, Ukraynadan 5351, Azərbaycandan
5060, Almaniyadan 3516, Türkiyədən
3180, Sovakiyadan 2078, Belarusdan
1804, İngiltərədən 1486, Estoniyadan
954, Polşadan 849, Finlyandiyadan
679, Belçikadan 609, İsveçdən
545, Moldovadan 540, Niderlanddan
534, Ermənistandan 522, Litvadan 270, Latviyadan 461, Gürcüstandan
196 və o cümlədən Vyetnamdan,
Kiprdən, Yunanıstandan, İspaniyadan, Fransadan, İsveçrədən, Yaponiyadan, Xorvatiya,
Macarıstandan, Avstraliyadan, İtaliyadan və başqa ölkələrdən
yüzlərlə istifadəçisi
var. Hələ bu sırada müəllifin elektron poçtuna gələn məktublar, keçirilən
forumlardakı çıxışlar onun
əsərlərinə marağın
hansı dərəcədə olduğunun
göstəricisi sayıla
bilər. Ötən dövrdə Çapay
müəllimin saytına
dəfələrlə hücumlar edib dağıtsalar da, təcavüzkar qonşularımız istəklərinə tam nail olmayıblar. Bəs
Ç.Sultanova marağı
yaradan hansı cəzbedici qüvvədir?
Sadəcə, gərgin əməyi,
çalışqanlığı nəticəsində
yaratdığı əsərlər.
150-dən çox elmi məqalənin,17 sanballı əsərin məllifi
olan Çapay müəllimin faktlar və dəmir məntiqin
vəhdətindən ibarət monumental “İmperiyanın sonuncu zərbəsi”,
“XXI əsrin neft-qaz strategiyası
və siyasəti”, “Neft”,
“Bakı nefti
olmasaydı, müttəfiqlər qalib gələ bilərdimi?”, “Təxirə
salınan uçuş. İkinci
cəhd”, “Azərbaycanın böyük nefti”, “İblis damğalı” və başqa əsərlərini
xatırlamamaq olmur. Eyni zamanda özündə
64 sxemi birləşdirən
yaratdığı xəritə minilliyin əvvəlindən
bu günə qədər Azərbaycanda baş verən ən mühüm hadisələrdən xəbərdar
olmaq imkanı verir. Maraqlı cəhət xəritədə
Ermənistanın bugünkü iqtisadi vəziyyəti və
gələcəyi rəqəmlərlə göstərilib. Qarabağ həqiqətlərini özündə
əks etdirən 9 kitabın müəllifi əsərlərində
münaqişənin yaranma tarixini elmi şəkildə
izahını dünyaya təqdim
edib. 20 Yanvar faciəsini əhatə edən
“İmperiyanın sonuncu zərbəsi”
kitabı bu hadisə barədə ensklopediya hesab oluna bilər. Eyni fikri, “Neft” əsəri
haqqında söyləmək olar.
Təkcə sadaladıqlarımla bitmir
Çapay müəllimin
yaradıcılıq yolu. 16 il Azərbaycan Şahmat Federasiyasına rəhbərlik
etdiyi dövrdə bölgələrdə 42 şahmat
məktəbinin ərsəyə
gətirən Çapay Sultanov
dünyada ilk dəfə şahmatın
kompüterlə tədrisini yaradıb. Bu hadisəyə
görə FİDE-nin
prezidenti F.Kampomanes
1987-ci ildə Bakı şahmat məktəbinə təşrif
buyurmuş və “Sovetskiy Sport” qəzetinə müsahibəsində
Sultanovun kompüter proqramından dərin təəssüratla
ayrıldığını bildirmişdi.
İndi də şahmat dünyası Sultanovun yaratdığı kompüter
sistemindən istifadə
edir. Bu məqamda onun «Şahmat və hər şey haqqında» əsərini xatırlamamaq olmur.
Kitab təkcə Azərbaycan şahmat
tarixinin açılmayan
səhifələrinə işıq salmır, həm də
müəllifin Botvinnik, Smıslov, Tall kimi dünya
səviyyəli şahmatçılarla
oyunlarından bəhs edir. Əsərin
“Kasparovun Şahmat Federasiyasına hücumu”
bölməsi xüsusi maraq
doğurur.
Nəhayət, bir məqama toxunmaq istərdim, təvazökar insan olan Çapay
Sultanova bu günlərdə “Şöhrət” ordeni verildi, amma onun yaşadığı
ləyaqətli ömrü
ilə yorulmaz
çalışqanlığının vəhdəti mükafatlara sığmayıb
onlardan həmişə üstün
olub. Elə bu amil onu dayandırmır, böyük kişi öz yolunu gedir!
Natiq CAVADLI
Bizim yol.- 2011.- 5 mart.- S.15.