Az.TV-nin Sumqayıtdan bəhs edən filmi...

 

Nəyi aşkarladı və nəyi pərdələdi?

 

Novruz Bayramına görə verilən istirahət günlərindən yaxşı bəhrələndim desəm, səhv etmərəm. Bir neçə gün siyasi hadisələrdən təcrid olunub sənədli və bədii filmlərə baxdım və əlimə keçən kitabları vərəqlədim. Seymur Baycanın “Quqark” və irland yazıçısı Ceyms Coysun hekayələrini oxudum.

Sənədli və bədii filmlərə gəldikdə isə Atlantida araşdırıcısı N.Jirovun fəaliyyətini əks etdirən “Berlin-Atlantida. Sirlərin izi ilə”, Böyük Britaniyanın ilkin yaranma dövrünü əhatə edən “1066”, Fransa tarixinin lüdovüklər sülaləsinin inkişaf mərhələsinin başlanğıcından bəhs edən “Kral İV Henrixin ölümü”, Roma Papa tarixində Vİ Aleksandr çağırılan Borcianın qəddarlığını əks etdirən “Borcia”, alman xalqına protestantlığı gətirən Martin Lüterin həyatından bəhs edən “Lüter”, böyük rus yazıçısı Lev Tolstoy haqqında olan “Sonuncu bazar” və bir sıra sənədli filmləri seyr etdim.

 

AzTV-nin filmi

 

Amma son iki gündə Az.TV-nin “Sumqayıt 1988, Sovet imperiyasının gizlinləri. Qriqoryan işi” (müəllifi İbrahim Məmmədov) üç saatdan çox davam edən sənədli filminə tamaşa etdiyimi söyləsəm, təəccüblənib “onlar hara, bu hara” deməyin. Birincisi ona görə ki, Sumqayıt doğulub boya-başa çatdığım şəhər olduğundan bu haqda hər hansı kiçik informasiya, hadisəni diqqətimdən kənar buraxmıram. Ona görə özümdə güc və səbr toplayıb Az.TV-nin adıçəkilən filmini seyr etməli oldum. Əvvəlcədən deyim ki, sənədli filmlər üzrə mütəxəssis olmasam da, son illər bu yöndə çəkilən filmlər maraq dairəmdədir və elə həftə olmur ki, hansısa ekran əsərinə baxmayım.

 

İlyas İsmayılova suallar niyə verilmədi?

 

Bu mənada “Sumqayıt 1988, Sovet imperiyasının gizlinləri. Qriqoryan işi”ni Qərb və Rusiya televiziyalarının, müxtəlif studiyaların ərsəyə gətirdiyi sənədli filmlərlə müqayisə edilməzdir. Təkcə ona görə yox ki, müəllifi Az.TV-dir, bütün hallarda bu telekanal dövlətin rəsmi mövqeyini əks etdirirsə, daha sanballı bir ekran işi ortalığa qoya bilərdi. Bu, həm də onun üçün vacibdir ki, daim informasiya müharibəsində uduzduğumuz Ermənistana daha tutarlı faktları əhatə edən araşdırma ilə cavab verilməlidir. Həm də Az.TV-nin yayım imkanlarını nəzərə alıb filmə başqa ölkələrdə də tamaşa ediləcəyini göz önünə gətirməliydik. Təəssüf ki, az maliyyə xərclənmədiyi görünsə də, tamaşaçı kimi məndə bir suallar hələ açıq qaldı. Film 1988-ci ilin fevralın son günlərində Sumqayıtda baş verən iğtişaşlardan bəhs edir. Xüsusən də iğtişaşların törətməkdə xüsusi ilə fəal olan Sumqayıtdan olan erməni Eduard Qriqoryanın fəaliyyəti araşdırılır və bir sıra hallarda ona çıxarılan hökmlə Moskvada güllələnmə hökmü çıxarılan Əhməd Əhmədovla müqayisə edilir. Amma bu müqayisə həqiqəti tam açmır, əsasən də Ə.Əhmədova çıxarılan güllələnmə hökmünün ləğv edilməsi haqqında ailəsi göndərilən teleqramdan danışılsa da, nədənsə o zamankı respublika prokuroru və hazırda millət vəkili olan İlyas İsmayılova bu barədə suallar verilmir. Ümumiyyətlə, İ.Ismayilovun həmin illərdə respublika prokuroru olmasını nəzərə alıb ona Sumqayıt hadisələri ilə əlaqədar suallar ünvanlamaq olardı, ancaq Ədalət Partiyasının sədrinin heç adı çəkilmir. Baxmayaraq ki, üç hissəli filmin hər hissəsinin həm başlanğıcında, həm də finalında dövlət başçısı İlham Əliyevin “Azərbaycan dövləti bu işdə əməkdaşlıq etmək istəyən dövlət, təşkilat və şəxslərə açıqdır” fikri səslənir. İ.İsmayılovun Sumqayıt hadisələri ilə bağlı suallara cavab verməyəcəyi haqqında iddiaları isə yaxın buraxmıram, çünki millət vəkili bir neçə ay əvvəl “Azadlıq” qəzetinin bu yöndə suallarını cavablandırmışdı. Ona görə ilk olaraq bu məsələnin üzərində dayandım ki, araşdırmalar məlum teleqramın Əhmədovun ailəsinə Respublika Prokurorluğu tərəfindən təşkil olunduğunu təsdiqləmişdi.

 

Mənsur İbayevə cavab veriləsi suallar

 

İkinci bir məqam, hadisələr zamanı 6 nəfəri öldürmüş və bir qadını zorlamış Eduard Qriqoryana güllələnmə hökmünün çıxarılmamasıdır. Baxmayaraq ki, Moskvada məhkəməsi keçirilən Ə.Əhmədovdan fərqli olaraq onun bu hadisələrdə təşkilatçılığı məhkəmədə təsdiqlənmişdi. Diqqət edin, hakim Mənsur İbayev filmdə “Biz Qriqoryanın təşkilatçı olduğunu müəyyən etdik” deyir. Ancaq məsələ ondadır ki, M.İbayev ötən il “Xalq qəzeti”nə müsahibəsində demişdi ki, Qriqoryanın cinayəti sübuta yetirilmədi. Bütün hallarda M.İbayevə “necə müəyyən etdiniz” sualı verilmir və onun “məhkəmə istintaqın birtərəfli aparıldığını təsdiqlədi” açıqlamasının ardınca SSRİ Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi V.Kaliniçenkonun E.Qriqoryanı Ermənistanda işgəncə verdiyi insanlarla üzləşməsi göstərilir. Bundan əlavə V.Kaliniçenkoya M.İbayevin söylədikləri haqqında sualını vermək olardı. Baxmayaraq ki, V.Kaliniçenkoya bir sıra suallar verildiyi halda bu məsələ də soruşulmalıydı. M.İbayevin həmin fikri başqa bir sualı gündəmə gətirir, əgər Qriqoryanın təşkilatçılığı müəyyən olunmuşdusa, nə üçün dövlət ittihamçısı Aslan İsmayılovun güllələnmə tələbi nəzərə alınmadı? Baxmayaraq ki, filmdə bu məsələnin üzərində xüsusi dayanılır və Ə.Əhmədova verilən hökmlə müqayisə aparılır, ancaq dövlət ittihamçısı Aslan İsmayılov güllələnmə haqqında çıxış etsə də, hakim Mənsur İbayev Qriqoryanı 12 il azadlıqdan məhrum etmə hökmü çıxarılır. Təəssüf ki, bu barədə nə o zamankı dövlət ittihamçısı A.İsmayılova və hakim M.İbayevə ünvanlanacaq suallar heç səslənmir. Başqa bir fakt, filmdə məhkəmənin fasiləsi zamanı Qriqoryanla söhbət edən DTK-nın Çaturyan soyadlı əməkdaşını dövlət ittihamçısı məhkəmə işçiləri tərəfindən saxlanması üzərində xüsusi dayanılsa da, bu məsələ tam çözülmür. Çünki A.İsmayılov bu barədə mətbuata açıqlamalarında bildirmişdi ki, onlar Çaturyanı hakim Mənsur İbayevin kabinetinə apardılar. O zaman nə üçün M.İbayevə bu barədə sual verilmir. M.İbayevin qeyri-müəyyən mövqeyi haqqında iki il əvvəl qəzetimizə müsahibə verən, o zaman prosesdə vəkil kimi çıxış edən Əsədağa Abdullayevin fikrini xatırladıb bu məsələyə nöqtə qoyuruq. Mərhum Ə.Abdullayev deyirdi: “İbayevin yanına naməlum adamlar gəlirdi və ona təzyiq sezilirdi. O, bilirdi ki, proses partiya nəzarətində idi. Heç kim güman etməzdi ki, SSRİ dağılacaq, əgər o, verilən göstərişdən kənara çıxsaydı, başqa cür olardı. İbayev özünü qorudu, yəqin ona dedilər ki, Qriqoryana güllələnmə hökmü çıxarsa, baş ağrısı olar. Yalnız erməni qızının ifadəsi ilə 12 il azadlıqdan məhrum etmə cəzası çıxartdı. Ancaq tam sübutlar vardı ki, Qriqoryan barəsində ölüm hökmü çıxartsın. İstintaqda verilən ifadələr məhkəmədə yetərincə araşdırılsaydı məlum olacaqdı ki, rəhbərliyi Qriqoryan edirmiş. Ancaq müttəhimlər üçün elə vəziyyət qurulmuşdu ki, gəlin, biri-birimizin əleyhinə ifadə verməyək və özümüzü də bununla qurtaraq. Onları kimsə idarə edirdi”.

 

Əli Həsənov 22 il niyə susub?

 

“Sumqayıt 1988, Sovet imperiyasının gizlinləri. Qriqoryan işi” filmində hazırda baş nazirin müavini, o zaman Sumqayıt şəhər İcraiyyə Komitəsinin birinci müavini Əli Həsənovun söylədiklərinin yaratdığı sualların açıq qalması da nəzərdən qaçmadı. Məsələn, filmdə fevral hadisələrdən bir ay əvvəl ermənilərin bankdakı hesablarında olan pulları çıxartmasıdır. Ki, bu 7 milyon manat civarındadır. Ə.Həsənov şəhər bankının rəhbəri Mehdi Mehdiyevin ona bu barədə danışdığını söyləyir. O cümlədən M.Mehdiyev də deyilənləri təsdiqləyir və daha yuxarı orqanlara məlumat verdiyini bildirir. Başqa bir fakt isə hadisədən sonra iğtişaş törədənlərdə ermənilərin yaşadığı ərazilərin əks olunduğu xəritənin bir nüsxəsinin də Ə.Həsənovun əlinə keçməsidir. Ancaq aparıcı 1995-ci ildən sonra Milli Məclisdə sumqayıtlıları təmsil edən Əli Həsənovdan nə üçün həm o zaman, həm də son 20 ildə susduğunu sual etmir. Yaxud filmdə V.Kaliniçenkonun “bu proseslər yerli hakimiyyət orqanları tərəfindən dəqiqliyi ilə idarə olunurdu” deyə söylədikləri tam açıqlanmır. Hər halda bu barədə Əli Həsənova sual vermək olardı. Çünki o, şəhər İcraiyyə Komitəsinin birinci müavini idi. Ümumiyyətlə, “Sumqayıt 1988, Sovet imperiyasının gizlinləri. Qriqoryan işi” filmində o zaman şəhərin birinci katibi işləmiş Cahangir Müslimzadənin, partiya komitəsinin rəhbərlərindən olan Təvəkkül Məmmədovun, xüsusi fəallığı ilə seçilən Xıdır Aloyevin, xalq artisti Afaq Bəşirqızının və başqalarının kənarda qalması anlaşılmır. Bütün hallarda bu adamlar 22 il əvvəlki hadisədən danışacaqlar, nəinki bu gündən. Ona görə ehtiyatlanmağa elə bir ehtiyac yox idi. Əgər bu film Ermənistanla informasiya müharibəsi üçün çəkilibsə, hadisələrə daha geniş rakursdan baxılmalı və olaylar detallarına qədər araşdırılmalıydı. Yəni tamaşaçıda suallar yaranmamılıydı. Təəssüf ki, bunlar görünmədi.

 

Plagiatlıq

 

Nəhayət, Azərbaycan mətbuatının əbədi problemi olan plagiatlıq. Film boyu “Exo Sumqayıt” sənədli filmindən kadrlar göstərilir, SSRİ-nin sabiq prezidenti M.Qorbaçovun köməkçisi Yakovlevin, sabiq xarici kəşfiyyat əməkdaşı Qalkin, DTK-nın Sumqayıt şöbəsinin rəisi Lebedevin çıxışları verilir və müəllif Davud İmanovla birgə. Ancaq Sumqayıt hadisələri ilə bağlı ilk dəfə sənədli film olan nə “Exo Sumqayıt”, nə də mərhum D.İmanov xatırlanır.

 

 

Natiq CAVADLI

 

Bizim yol.- 2011.- 31 mart.- S.15.