«İstiqlal» ordenini Əbülfəz Elçibəy təsis etmişdi

 

Azərbaycanda dövlət mükafatları, orden və medallar kimlərə verilir?

 

Son illərdə Azərbaycanda ictimai-siyasi xadimlər, sənət adamları müxtəlif dövlət mükafatları, orden və medallarla təltif olunurlar. Xüsusən prezident İlham Əliyevin dönəmində təltif olunanların sayı artıb. Bu barədə araşdırma apararkən maraqlı faktlara rastladıq.

Orden və medallar ilk dəfə XVII əsrdə İngiltərədə verilib. Hazırda onların əksəriyyəti sıradan çıxsa da, 1856-cı ildə təsis olunan “Viktoriya Xaçı” indiyə qədər 1300-dən çox adama  verilib. Yaxud Amerikada “Prezidentin Azadlıq Medalı” 1945-ci ildən, “Konqresin Azadlıq Medalı” 1776-cı ildən təqdim olunur. Rusiyanın ən ali ordeni hesab edilən və 1992-ci ildə təsis olunan “Milli Qəhrəman” ordeni  minə yaxın adama verilib.  Fransanın ən ali ordeni olan Fəxri Legion 1802-ci ildə təsis olunub. Qardaş Türkiyənin “Atatür Uluslararası Barış Ödülü” 1986-cı ildən verilir. 1999-cu ildə Azərbaycan prezidenti Heydər Əliyev bu ödülə layiq görülüb. Maraqlıdır ki, Cənubi Afrika prezidenti Nelson Mandela 1992-ci ildə bu mükafatdan imtina edib.

 

Azərbaycanın ən yüksək ordeni “Heydər Əliyev”dir

 

Müstəqil Azərbaycanın orden və medalların təsis olunması haqqında 370 saylı qanunu 1992-ci ilin 10 noyabr tarixində prezident Əbülfəz Elçibəy imzalayıb. 2005-ci ilin 28 aprelinə qədər «İstiqlal»ordeni  Azərbaycanın ən yüksək təltifli sayılıb. Aprelin 28-də Milli Məclisin “Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” 896-IIQ nömrəli qanunu dərc olunur və bu tarixdən Azərbaycanın ən yüksək ordeni elan edilir.

Bu ordenin statusu aşağıdakılardan ibarətdir: Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə, Vətənin müdafiəsində, dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə verilir. Bundan əlavə “Heydər Əliyev” ordeni əcnəbilərə aşağıdakı hallarda verilir: Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə, Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə, Azərbaycan ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.

Orden qılınclı ulduzu və qılınclı zənciri Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndində müəyyənləşdirilmiş qaydada verilir. Ulduzu döşün sol tərəfinə və başqa orden və medalları olduqda onlardan əvvəl taxılır.

 

“Heydər Əliyev” ordenini ilk dəfə İlham Əliyev alıb

 

İndiyə qədər bu ordenlə 10-dan çox şəxs təltif edilib. Onlardan 7-si təltif olunduğu zaman öz ölkəsinin rəhbəri olub. Mükafat təsis olunan gün ilk dəfə prezident İlham Əliyevə təqdim edilib. Prezidentə ordeni Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təqdim edib. Növbəti il ordenə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva layiq görülüb.

Xarici dövlət başçılarından Fransanın sabiq prezidenti Jak Şirak, Ukrayna prezidenti Viktor Yuşşenko, Küveyt Dövlətinin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Polşa prezidenti Lex Kaçinski, Latviya prezidenti Valdis Zatlers və Rumıniya prezidenti Trayan Besesku bu ordenə layiq görülüblər.

Xarici vətəndaşlardan orden ilk dəfə Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi, məşhur pediatr İhsan Doğramaçı və məşhur violençel ifaçısı və dirijor M.L. Rastropoviçə verilib.

Azərbaycan vətəndaşlarından isə xalq rəssamları Tahir Salahov, Ömər Eldarov, xalq bəstəkarı Arif Məlikov və nəhayət AYB sədri, xalq yazıçısı Anar  “Heydər Əliyev” ordeni ilə mükafatlandırılıb.

Ordeni alanlar arasında İ.Doğramaçı, Polşa prezidenti L.Kaçinski və M.L. Rastropoviç vəfat edib.

Qeyd edək ki, “Heydər Əliyev” ordenin hazırlanmasında 525 əyarlı 533,29 qram gümüşdən, 999 əyarlı 3,89 qram gümüşdən, 750 əyarlı 57,42 qram qızıldan, 999 əyarlı 6,42 qram qızıldan, 0,83 karatlıq 8 brilyant daşdan, 5,34 karatlıq 224 brilyant daşdan, 1 karatlıq 67 brilyant daşdan, ümumən isə 299 brilyant daşdan istifadə olunur.  Eyni zamanda, laureatlara 50 min manat da verilir.

 

Milli azadlıq hərəkatında iştirak edənlərdən heç kimə “İstiqlal” ordeni verilməyib

 

“İstiqlal” ordeni Azərbaycan vətəndaşlarına milli-azadlıq hərəkatında müstəsna xidmətlərinə, dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə,  milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə verilir. Ordeni döşün sol tərəfinə, digər orden və medalları olduqda onlardan əvvəl taxılır. “İstiqlal” ordeni bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən ox ətrafında dönmüş və ikiüzlü hamarşüaları olan iki gümüş səkkizguşəli ulduzdan ibarətdir. Üstdəki ulduzun ortasında mavi mina ilə örtülmüş girdə lövhə yerləşir. Bu lövhənin üzərində qanadları açılmış quş və qanadların arasında-yuxarıda səkkizguşəli ulduz təsvir olunub. Ulduzdan yuxarıda qanadlar arasında çevrə boyunca “İstiqlal” sözü yazılıb. Ordenin statusu 1993-cü ilin dekabrın 6-da 754 saylı qanunla təsdiq olunub. Maraqlıdır ki, “İstiqlal” ordeni Milli azadlıq hərəkatında iştirak edənlərdən heç kimə verilməyib. Amma 1991-ci ildə müstəqilliyin əleyhinə səs verən xalq artisti Zeynəb Xanlarova bu ordenə layiq görülüb.

 

Hərbçilərə verilən ordenlər

 

“Şah İsmayıl” ordeni 1993-cü ilin 6 dekabrında 755 saylı Qanunla təsis olunub. Orden düzgün səkkizguşəli ulduz şəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilmişdir. Ali hərbi ordeni olan “Şah İsmayıl” ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilirlər. Orden Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərə, görkəmli sərkərdəlik fəaliyyətinə və ölkədə fövqəladə halların nəticələrinin arddan qaldırılmasında görə verilir. “Şah İsmayıl” ordeni döşün sol tərəfinə, başqa orden və medalları olduqda “İstiqlal”dan sonra taxılır.

Azərbaycan Bayrağı ordeni “Şah İsmayıl” ordeni kimi eyni gündə təsis olunub. Bu orden Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Əsasən milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə, hərb elminin və hərbi texnikanın inkişafında, müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin-amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə, dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə verilib. “Azərbaycan Bayrağı” ordeni döşün sol tərəfinə, “Şah İsmayıl” ordenindən sonra taxılır. Orden iki, bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən ox ətrafında dönmüş, qabarit ölçüsü 35 mm səkkizguşəli ulduzdan ibarətdir, qızıl suyuna çəkilmiş gümüşdəndir, milli ornamentlə işlənmişdir, altdakı ulduz ağ, üstdəki ulduz isə göy mina ilə örtülüb.

 

Sabir Rüstəmxanlının imtina etdiyi orden

 

“Şöhrət” ordeni Azərbaycan, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə verilir. Əsasən iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda, sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında, sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticələrinə görə, elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərə görə təqdim edilir. Orden döşün sol tərəfinə, “Şərəf” ordenindən sonra taxılır.  “Şöhrət” ordeni aypara şəklində, milli ornamentlərlə haşiyələnmiş dəfnə çələngləri içərisində təsvir olunmuş, şüaları yuxarıya səpələnən günəş kompozisiyasından ibarətdir. Kompozisiya qızıl suyuna çəkilmiş gümüşdəndir, üzəri mavi mina ilə örtülmüşdür, qabarit ölçüləri 32 mm x 38 mm-dir. Şüaları qövs şəklində kəsən və dəfnə budaqlarının yuxarı uclarını birləşdirən qızılı rəngli lentin üzərində “Şöhrət” sözü yazılmışdır.

Qeyd edək ki, 1998-ci ildə xalq şairi Sabir Rüstəmxanlı “Şöhrət”dən imtina etmişdi. Son illərdə isə akademiklər Arif Paşayev, Yaqub Mahmudov, Nizami Xudiyev, xalq yazıçısı Çingiz Abdullayev, yazıçı Natiq Rəsulzadə, Bənənyar hadisələrindən sonra isə Naxçıvan Muxtar Respublikasının rəhbəri Vasif Talıbov və başqaları bu ordenə layiq görülüblər.

 

Alla Puqaçova “Dostluq” ordeni alıb

 

2007-ci ilin 16 fevral tarixində təsis olunan “Dostluq” ordeni xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında, xalqlar arasında dostluğun möhkəmləndirilməsi, dünyada, regionda və müxtəlif ölkələrdə sülhün və əmin-amanlığın bərqərar olmasında, sivilizasiyalar arasında konstruktiv münasibətlərin yaradılmasında və mədəniyyətlərarası dialoqun qurulmasında görkəmli xidmətlərinə görə verilir. Orden qızıldan düzəldilmiş itiuclu səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə tutqun sarı rəngli qızıldan hazırlanmış relyefli quş qanadları arasında parlaq platindən düzəldilmiş yer kürəsi təsvir olunub. “Dostluq” ordeni döşün sol tərəfinə, “Şöhrət” ordenindən sonra taxılır. Rusiyanın məşhur estrada müğənnisi Alla Puqaçova və şimal ölkənin tanınmış şəxsləri Svetlana Orlova, Leonid Slutski, Vladimir Yakuni, “Əsrin müqaviləsi”nin 15 illiyi ilə əlaqədar Uilyam Şreder  və başqaları bu ordendən alıblar.

 

Allahşükür Paşazadə “Şərəf” ordeninə layiq görülüb

 

“Şöhrət” ordeni ilə eyni gündə təsis olunan “Şərəf” ordeni dövləti və xalqı qarşısında böyük xidmətlərinə, milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə, iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda, elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə verilir. Bu orden qızıldan və platindən hazırlanmış səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə platindən düzəldilmiş xarici və qızıldan düzəldilmiş daxili dairə mövcuddur. Platindən hazırlanmış xarici dairənin yuxarı hissəsində çevrə boyunca qızıldan “Şərəf” sözü həkk olunmub. Orden döşün sol tərəfinə, “Azərbaycan bayrağı”ndan sonra taxılır. Allahşükür Paşazadə, Vasif Məmmədəliyev, Xoşbəxt Yusifzadə, Vaqif Səmədoğlu və başqaları “Şərəf” ordeninə layiq görülüb. Dünən isə kinorejissor Eldar Quliyeva “Şərəf” ordeni verilib.

Biz sadəcə əsas orden və medalların və təltif olunmuş bəzi ictimai-siyasi xadimlərin adlarını sadaladıq.

 

 

Natiq Cavadlı

 

Bizim yol.- 2011.- 12 may.- S. 7.