«Musiqinin ən maraqlı dövrünü
yaşayırıq»
Bəstəkarların
Alea III beynəlxalq müasir
musiqi müsabiqəsinin azərbaycanlı
qalibi «Bizim Yol»a danışdı
2010-cu ildə Bəstəkar tərəfindən
xüsusi olaraq bu müsabiqə üçün
yazılmış "Méthode de sens" (Hisslər
üzərində özünütəlim metodu) əsəri
Alea III müsabiqəsinin finalında ifa olunub və birinci yerə
layıq görülmüşdür.
Bu müsabiqə 1980-cı ildən etibarən hər
il Boston Universiteti tərəfindən keçirilir və
dünyada ən möhtəbər müsabiqələrdən
biri hesab edilir. Bu il müsabiqəyə 40 ölkədən
208 partitura təqdim edilib. Bu ilki finalistlər arasına
Meksika, İspaniya, Yunanıstan, Azərbaycan, ABŞ və
Polşadan olan bəstəkarlar düşüb.
Ayaz Qəmbərli 1984-cü ildə Bakı şəhərində
anadan olub. 1999-2003-cü illərdə Bakı Musiqi Kollecinin fortepiano
şöbəsində, 2003-2007-ci illərdə Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkəkarlıq
şöbəsində, professor Arif Məlikovun sinifində təhsil
alıb.
Bir çox konsertlərdə pianoçu və
pianoçu bəstəkar kimi çıxış edib.
2005-ci ildə İsveçrədə keçirilən
gənc bəstəkarların IV beynəlxalq Pre-Art müsabiqəsində
diploma layiq görülüb.
2008-ci ildə Özbəkistanın Daşkənd
şəhərində keçirilən Omnibus-laboratorium ustad
dərslərinin, 2008-ci ildə Ukraynanın Kiev şəhərində
keçirilən IX beynəlxalq "Muzıka Molodıx"
forumunun,2010-cu ildə Ukraynanın Kiev şəhərində
keçirilən “Kyiv Music Fest” festivalının
iştirakçısı olub.
2011-ci ildə Azərbaycan Respublikasının Gənclər
və İdman nazirliyinin təltif etdiyi “Gənclər
Mükafatı Laureatı” və Qəbələ III betnəlxalq
musiqi festivalının iştirakçısı olub.
- Ayaz, əvvəlcə bu müsabiqə haqqında
oxucularımıza məlumat ver. Təəssuratların nədən
ibarətdir?
- Dünyaca məşhur olan bəstəkarların
Alea III beynəlxalq müsabiqəsi 1980-cı ildən Boston
Universiteti tərəfindən təşkil olunur. Və bu
müsabiqənin 29-cu sayında final turuna vəsiqə
qazanıb altılığa (Polşa, Meksika, İspaniya, Azərbaycan,
Yunanıstan, ABŞ) düşmək mənə nəsib
oldu. Bu il müsabiqəyə 40 ölkədən 208 əsər
təqdim olunmuşdu. Müsabiqəyə mən Méthode
de sens (Hisslər üzərində özünütəlim
metodu) əsəri ilə qatıldım. Bu əsər müəllimim,
pianoçu, azərbaycan fortepiano məktəbinə əvəzsiz
xidmətlər etmiş Yuri Mixayloviç Sabayevin əziz xatirəsinə
ithaf olunub.
Oktyabr ayının 9-da Boston şəhərində
yerləşən Boston Universitetinin tərkibindəki College
of Fine Art'ın böyük zalında müsabiqə finalistlərinin
Qala konsertində iştirak etdim. Əsərlər
tanınmış bəstəkar və dirijor Theodore Antonio'nun
rəhbərliyi ilə Contemporary Music Ensemble tərəfindən
ifa edildi. Qeyd edim ki, münsiflər heyyəti
Boston Universiteti, Berklee
College of Music və Brandeis Universitetinin
professorlarından ibarət
idi. Konsert bitdikdən sonra münsiflər heyyəti müzakirəyə ayrıldı.
Qısa aradan sonra qalibi
elan etmək üçün səhnəyə
dəvət olunan münsiflər heyyəti müsabiqənin birincisi qismində mənim adımı elan etdi.
- Bu gün müasir
akademik musiqidə hansı əsas tendensiyalar mövcuddur və bu müsabiqəyə
təqdim edilən əsərlərdə onlardan
hansılara təsadüf
edilirdi?
- Gəlin yaxın
keçmişə nəzər
salaq. Yəni postvebern məktəbindən
sonraya. Əsasən populyar tendensiyalardan
ötən əsrin
70-ci illərində ingilis
bəstəkarı Brian Ferneyhough
tərəfindən yaradılmış
və qısa bir zaman ərzində
Amerika bəstəkarlarına
da böyük təsir göstərmiş
"New complexity" (Yeni mürəkkəblik)
cərəyanını və
elə həmin illər Fransada Gerard Grisey, Tristan Murail və Hugues Dufourt'un yaradıcısı
olduqları "Spectralism"i
qeyd edə bilərəm. Adlarını sadaladığım tendensiyalar
bu günkü musiqiyə də bu və ya
digər formada öz təsirini göstərməkdədir. "New complexity"cərəyanında ilk növbədə kompozisiyanın
mürəkkəbliyi və
bununla ifaçının
texniki imkanlarının
mükəmməlliyinə nail olmaq prinsipi dururdu ki, "Spectralism" səsin fəlsəfəsinə söykənib
əsərin təsir
qüvvəsinin bədii
nöqteyi nəzərdən
təqdim olunması aspektində çıxış
edirdi. Bu tendensiyaların
sırasına alman bəstəkarı Helmut Lachenmann\'ın not yazı sistemində etdiyi evolyusiyanı da xüsusi qeyd etmək gərəkir.
Müsabiqə iştirakçılarının
təqdim etdiyi əsərlərdə çox
aşkar stilistik kontrastlar mövcud idi. Yuxarıda adlarını sadaladığım
tendensiyalar isə bir qayda olaraq
hər finalistin əsərlərində sezilirdi.
Bir faktı da qeyd
edim ki, iştirakçıların hər
biri yüksək professionallığı ilə
seçilirdi.
- Sənin öz
şəxsi musiqi konsepsiyan mövcuddurmu?
- Düşünürəm ki, yaradıcılığın
bu dövründə hər yazını eyni konsepsiyada qurmaq düzgün olmazdı. Bu mənə
bir o qədər maraqlı da gəlmir. Elə o üzdən də
şəxsi konsepsiyam
sabit deyil. Hər əsərdən əsərə
fərqlənir. Yaradıcı insan ideya varlığı
və onun yazıya alınması prosesi arasındakı uçurumu nisbi də olsa tarazlamaq
üzərində çalışıb
hər zaman. Bu olduqca çətin
prosesdi. Əlin plastikasını
şüuraltı mükəmməlliyə
yaxınlaşdırmaq, tabe
etmək - məni daha çox düşündürən faktor
budur. Əsərdən əsərə şəxsi
konsepsiyaya sadiq qalmaq və ya qalmamaq isə
artıq vaxt, təcrübə və fərdi məsələdir.
- Ayaz, musiqidə
postmodernizm haqqında
nə danışa bilərsən?
- Bu o qədər mübahisəli
mövzudur ki, birmənalı olaraq konkret bir fikir
söyləmək mənim
üçün çox
çətin olardı.
Bəlkə postmodernizmi
total serializm və indeterminancy\'dən sonra yaranmış bir xaos hesab
etmək olar. Bir çox mənbələrdə
isə bu cərəyanı istər
musiqidə, istərsə
də incəsənətin
digər sahələrində
hazıra, nə vaxtsa olunmuş, baş tutmuş bir şeyə yenidən müraciət, fərqli baxış bucağından yanaşma
kimi hesab edirlər ki, bu faktla da
tam razılaşmaq olmur.
O mənada ki, adları çəkilən
prinsiplər bir çox cərəyanlarda
da mövcud idi.
- Sən musiqi əsərindən ilk növbədə
nə gözləyirsən?
- Bildiyimiz kimi musiqi əsəri ötən əsrin 50-ci illərindən etibarən
həm də vizual sənət növü sayılır.
Bu mənada əsərin
vaxt proporsiyalarının
maraqlı bölünməsi,
tembral rəngarənglik,
teatrallıq və s. ilə yanaşı əsərin qrafik görüntüsü də
çox böyük əhəmiyyət kəsb
edir. Ona görə də
konkret olaraq bu suala birmənalı
cavab verə bilmərəm. Mənə belə
gəlir ki, dahi fransız şairi Artur Rembo'nun "Poeziya müasir olmalıdır"
sözlərini də
qeyd etmək yerinə düşərdi.
Bu sözlər hər zaman aktualdı və incəsənətin bütün
növlərinə aid edilə
bilər - Musiqi müasir olmalıdır.
- Musiqi sosial əhəmiyyət kəsb
edə bilərmi?
- "İncəsənət
cəmiyyəti yaratmalı
və ona məxsus olmalıdır". Bu sözlər Richard
Wagner'ə məxsusdur.
XIX əsrdə yaşamış opera reformatoru
Wagner musiqi materialını
fasiləsiz inkişaf
etdirmək və bu inkişafa nəinki bir aktın daxilində, hətta bütün silsilə boyu sadiq qalmaq ideyasına
gəlmişdi. Bildiyimiz kimi
onun operaları günlərlə davam edirdi. Təsəvvür edin, bir neçə gün davam edən opera. Bu günkü insan
başqa templə yaşayır. Dövr dəyişib.
Maraqlı paradoks ondadır
ki, XX əsrin musiqisini isə cəmiyyət dəyişdi,
daha doğrusu iki dünya müharibəsi. Hətta yaxın
keçmişdə müxtəlif
cür fokuslar göstərən klouna heyrətlə baxan insan bu gün,
deyək ki, ən yüksək texnaloqiya ilə buraxılmış hər
hansı bir mobil telefonu soyuqqanlılıqla qarşılayır.
Müasir insanı təəccübləndirmək
çox çətindir.
Sizin sualı bəlkə də populyar musiqiyə aid etmək olar bu gün.
- Sonda... Özünə "yazmaq nəyə lazımdır" kimi sual verirsən?
- Şəxsən mənim üçün musiqi yazmaq öz
marağını itirməyib. Özümü "yazmaq nəyə
gərəkdir" kimi
fikirlərdən də
uzaq saxlamağa çalışıram hər
zaman. Bu bir həyat tərzidir. Nə qədər də
qeyri adi səslənsə, məncə
musiqinin ən maraqlı dövrünü
yaşayırıq bu
gün. Amma düşünürəm
ki, gələcək tətbiqi incəsənətin
- axtitekturanın, dizaynerliyindi.
Çünki o hər zaman
insan üçündür
və daha funksionaldır.
Nicat Məmmədov
Bizim yol.- 2011.- 2 noyabr.- S. 7.