Qarabağın tarixi

 

Faktlar erməni yalanlarını alt-üst edir

 

Qarabağ insan yaşayışının ən qədim məskənləri sırasındadır. 1968-ci ildə Azıx mağarasında Azıxantrop adlı Azıx adamının çənə sümüyü tapılıb. Azıx adamları burada 250-300 min il bundan əvvəl yaşayıblar.

Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlib. "Qarabağ" sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən) işləndilməkdədir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirib, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilib.

Qarabağın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da var. Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənası kəsb edir. Beləliklə, Qarabağın özü kimi "Qarabağ" sözü də Azərbaycan xalqına məxsusdur.

Bütün tarix boyu Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olub. Ərəb xilafətinin işğalı və Qafqaz Albaniyası dövlətinin süqutu ilə VII-IX əsrlərdə Qarabağın tarixində əhəmiyyətli dəyişikliklər baş verdi.

 

Qarabağ həmişə Azərbaycanın tərkibində olub

 

Ərəb işğalının nəticəsində Albaniyanın xristian əhalisinin əksəriyyəti İslamı qəbul etdi, qalanları, xüsusilə Albaniyanın Qarabağ yüksəkliklərində yaşayan əhali isə IV əsrdə Albaniyanın dövlət dini elan olunmuş xristianlıqdan imtina etmədi.

Qarabağ Sacilər, Salarilər, Şəddadilər, Atabəylər, Hülakilər (Elxanilər), Qaraqoyunlu, Ağqoyunlu kimi ərəblərin işğalından sonra Azərbaycanda biri-birini əvəz etmiş müxtəlif dövlətlərin tərkibində olub. Azərbaycan Səfəvilər Dövlətinin (1501) yaranması bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinin əsasını qoydu. Səfəvilər tərəfindən yaradılan dörd əyalətdən birinin adı Qarabağ və ya Gəncə idi. Səfəvilər Dövlətinin mövcudluğuna son qoyan Nadir şahın ölümündən sonra Azərbaycanda yeni müstəqil və yarı-müstəqil dövlətlər, xanlıqlar və sultanlıqlar yarandı. Onlardan biri Qarabağ xanlığı idi. Qarabağ xanlığı Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli Bəy Cavanşir tərəfindən yaradılıb.

 

Sərhədləri və ərazisi

 

Qarabağdan bəhs edərkən qarşıya əvvəlcədən belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı ərazilərini əhatə edir? Bu sualın cavabı bu gün daha aktualdır və erməni separatçıları tərəfindən yaradılmış \"Dağlıq Qarabağ problemi\"nin dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir.

Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək. Vaxtı ilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin - Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir Qarabağlı özünün \"Qarabağ tarixi\" (1847) əsərində bu məsələdən bəhs edərkən yazırdı: \"Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə “Krasnı most”, yəni Qırmızı körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə quberniyası nəzərdə tutulur) sərhədi Kür çayına qədər - Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır"

Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah olunur ki: 1) bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusiyanın xidmətində olan dövlət adamının rəsmi sözüdür; 2) digər tərəfdən bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb ilk mənbələrlə də sübut olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil. Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə "Dağlıq Qarabağ" deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini - dağlarını, düzənlərini əhatə edən ümumi bir "Qarabağ" anlayışı olmuşdur. Başqa sözlə, "Dağlıq Qarabağ" anlayışı çox sonraların "məhsuludur", separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır. Adicə məntiq də bunu sübut edir: əgər Dağlıq Qarabağ varsa, deməli düzən və ya aran Qarabağ da var! Reallıq da belədir: bu gün Azərbaycanda həm Dağlıq Qarabağ var, həm də Aran Qarabağ (yəni düzən Qarabağ).

 

Ermənilər Qarabağa gətirildi…

 

Pənahəli xanın oğlu İbrahim xanın dövründə Qarabağ xanlığı daha da gücləndi. 1805-ci ildə İbrahim xan Rusiya silahlı qüvvələrinin komandiri P.D.Sisianov ilə Kürəkçayda müqavilə imzaladı. Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya birləşdirildi. Kürəkçay müqaviləsi Qarabağın, onun dağlıq bölgəsi də daxil olmaqla, tarixi Azərbaycan torpağı olduğunu sübut edən ən mühüm sənədlərdən biridir. Şimali Azərbaycanın işğalından sonra bu torpaqlarda mövqeyini möhkəmləndirmək məqsədi ilə çarizm erməniləşdirmə siyasətini tətbiq etməyə başladı. 1828-ci il Türkmənçay müqaviləsi və 1829-cu il Ədirnə müqaviləsinə əsasən İran və Türkiyədən köçürülmüş ermənilər Qarabağ da daxil olmaqla Şimali Azərbaycanda məskunlaşdırıldılar.

1918-ci il mayın 28-də, təxminən 100 illik Rusiya müstəmləkəsindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ üzərində də siyasi hakimiyyəti saxladı. Eyni zamanda, yeni yaranmış Ermənistan (Ararat) respublikası da Qarabağa qarşı əsassız ərazi iddiaları ilə çıxış etdi. Qarabağı ələ keçirmək məqsədi ilə bu dövrdə ermənilər əvvəllər də həyata keçirdikləri soyqırım aktlarını törətməyə davam etdilər. Vəziyyətlə əlaqədar olaraq, 1919-cu ilin yanvarında Azərbaycan hökuməti Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Baş Qarabağ Əyalətini yaratdı.

Azərbaycanda Sovet dövlətinin bərqərar olmasından bir neçə il sonra, 1920-1923-cü illərdə həyata keçirilmiş tədbirlər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibində olmuş Azərbaycan torpaqları özlərinin ənənəvi tarixi və geocoğrafi bütövlüyünü itirdi. Sovetləşdirildikdən sonra Azərbaycan Dağlıq Qarabağa muxtar vilayət statusu verməyə məcbur edildi. Beləliklə, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrə bölündü.

Erməni separatçıları öz mənfur siyasətlərini həyata keçirməyə və bununla da Azərbaycana ciddi ziyan vurmağa davam etdilər. SSRİ-nin süqutu ərəfəsində onlar öz fəaliyyətini sürətləndirdilər. Azərbaycana qarşı təcavüzkar müharibə başlandı.

 

Ermənilərin saxtakarlığı

 

Azərbaycan Respublikasına qarşı Dağlıq Qarabağla bağlı əsassız ərazi iddialarına haqq qazandırmağa çalışan ermənilər növbəti saxtakarlığa əl atıblar. Bu dəfə erməni tarixçiləri, guya, uydurmaBöyük Ermənistan”ın paytaxtı Tiqranakert şəhərinin qalıqlarının Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində aşkar olunması barədə heç bir elmi əsası olmayan hay-küy kampaniyasına başlayıblar. Bu cür uydurma məlumatlar müxtəlif xarici ölkələrin mətbuat səhifələrində də dərc olunmaqdadır. Xarici ölkə alimləri, jurnalistləri içərisində erməni saxtakarlığının mahiyyətini düzgün qiymətləndirənlər də az deyil. Məsələn, Polşa alimi Voytsex Pastuşka, haqlı olaraq, Tiqranakertin bu bölgədə olmasına şübhə ilə yanaşır və bu fikrin siyasi məqsədlərlə ortaya atıldığını, göstərilən qazıntıların “arxeoloji deyil, siyasi qazıntılar olduğunuqeyd edir.

Yuxarıda göstərilənlərlə bağlı olaraq Azərbaycan tarixçiləri qətiyyətlə və birmənalı şəkildə bəyan edirlər: Azərbaycanın arxeoloji abidələrlə zəngin olan və kifayət qədər yaxşı öyrənilmiş Qarabağ bölgəsinin nə dağlıq, nə də düzən hissələrində indiyə qədər heç bir erməni yaşayış məskəni aşkar edilməyib!

Yeri gəlmişkən, “erməni alimləri” hələ Sovetlər Birliyi dövründə Metsamorda “erməni heroqlifi” ilə yazısı olan və guya dünyada ilk sikkə sayılan pulların tapılması barədə bütün dünyada hay-küy qaldırıblar. O zaman, yəni XX əsrin 70-ci illərində, akademik V.V.Piotrovski elə ermənilərin öz jurnalındaca ("İstoriko-filoloqiçeskiy jurnal”) onları rüsvay edib, ərəb sikkələrini “özününküləşdirən” erməni alimlərinin iç üzünü açıb dünya ictimaiyyətinə göstərib. Bu qəbildən olan erməni yalanlarının, saxtakarlıqlarının sayını kifayət qədər artırmaq da olar.

Polşa alimi Voytsex Pastuşkanın qeydlərində göstərilən, guya Tiqranakert şəhərinin yerinin tapılması ilə bağlı yalançı məlumat da bu qəbildəndir, daha doğrusu, növbəti erməni saxtakarlığıdır.

Azərbaycan tarixçiləri bildirirlər: Qarabağın yüz ildən çox müddət ərzində arxeoloji tədqiqi prosesində nə dağlıq, nə də düzən Qarabağda heç bir qədim erməni yaşayış yeri, nekropolu, qalası və s. aşkar olunmayıb. Azərbaycan arxeoloqlarının on illər boyunca apardıqları arxeoloji qazıntılar nəticəsində Qarabağ ərazisində paleolit dövrünə aid Azıx, Tağlar, Zar mağara düşərgələri, eneolit dövrünə aid Çalağantəpə, Leylatəpə və s. abidələr, ilk tunc dövrünə aid Xankəndi, Üçoğlan, Göytəpə, Qarahacılı abidələri, orta tunc və son tunc dövrlərinə aid Üzərliktəpə, Xocalı, Dovşanlı, Axmaxı, Sırxavənd, Sarıçoban, Qarabulaq abidələri, habelə antik və ilk orta əsrlər dövrlərinə aid Govurqala və digər çoxsaylı abidələr aşkar edilib. Dünya elmi ictimaiyyəti, o cümlədən erməni alimlərinin özləri də, bütün bu tarixi abidələrin Azərbaycanın qədim sakinlərinə məxsus olduğunu birmənalı şəkildə qəbul edib.

 

 

  RAMİD

 

  Bizim yol.- 2011.- 5 noyabr.- S. 11.