18
qardaşın 1 bacısı - “Tutu”
Qanlı Qarabağ döyüşlərinin “Tutu” ləqəbli
tibb bacısı döyüş həyatını “Bizim Yol”a
danışdı. Veteran Qadınlar Təşkilatının
üzvü, ikinci qrup əlil, fəxri ana olduğunu deyən
Ruxsarə Cumayeva Zaqatala rayonunun Bəhmətli kəndində anadan
olub. Hazırda 5-ci sinifdə oxuyan qızı var.
Özünün 10 yaşın ağacdan
yıxıldığını və həmin vaxtdan
ayağından ciddi xəsarət alaraq əlil olduğunu
deyir.
Tələbəlik illərində Bakıda Meydan Hərəkatında
aktiv iştirak edib. 1989-cu il ilin dekabrında rus qoşunlarının
dəyənəklərinə məruz qalıb. Həmsöhbətimiz
yaşadıqlarını belə nəql edir: “Qarşıdan
Milli Dirçəliş günü gəlir.
Xatırlayıram ki, həmin zamanlarda 7 oğlan və mən
aclıq aksiyası keçirmişdik. Aksiyanı keçirməkdə
məqsəd Qarabağda və İravənda baş verən
hadisələrə etiraz idi”.
“Mən
sevgilimi necə qucaqlayacam axı?”
“Tutu” Bakı Dövlət Universitetinin
filologiya fakültəsinin 4-cü kursunda oxuduğu halda
Qarabağda yaralılara şəfa vermək məqsədilə,
sonradan Tibb Texnikumunun hazırlıq kursunu bitirir. Bir müddət Bakıda Hərbi
Hospitalda çalışdıqdan sonra cəbhə bölgəsinə
yollanır: “Orta məktəbi bitirəndən sonra indiki Azərbaycan
Dövlət Neft Akademiyasına qəbul oldum. Universitetdə
qiyabi oxuyurdum, 2 nömrəli Taxıl Kombinatında işləyirdim.
Həmin illər meydan hərəkatı
dövrünə düşdüyü üçün orada
fəal iştirak edirdim. Lakin buna görə
məni həm işdən, həm də universitetdən
qovdular. “20 yanvar” faciəsini də
yaxşı xatırlayıram. Yaralıların
tibb mətəqələrinə
çatdırılmasında iştirak etmişəm. Həmin hadisələrdən sonra “Papanin”də yerləşən
hospitalda (indiki Mərkəzi Hərbi Klinik Hospital -müəl.)
ştatdankənar işlədim. Hospitalın
rəisi Vaqif İbrahimov idi. Cərrahiyyə
şöbəsində Ümidvar adlı doktorla birgə
çalışırdım. Hospitalda
kiçik tibb bacısı işləyir və Qarabağdan gələn
yaralı insanlara qulluq edirdim”.
1990-cı ildə tibbi yardım aparılarkən
Qarabağ gedir: “Qarabağa 23 yaşımda, 1991-ci il
yanvarın 24-də də getdim, çünki tibb
bacısı çatışmırdı. Tibb
məntəqəsi Nəbilər kəndində bir fermada yerləşirdi.
İlk gördüyüm əlil Elçin
adlı şəxs oldu. Müharibənin
acı nəticəsi ondan yan keçmədi, qolu kəsildi.
Əməliyyatdan sonra o, “mən sevgilimi necə qucaqlayacam
axı?” dedi. Mən Qarabağa ona görə
getdim ki, əlilliyin nə olduğunu bilirdim. Müharibədə
hər şey ola bilər, kimsə yaralana
bilər ona kömək edə bilim. Kiminsə düşmən
gülləsinə tuş gəlib əlil ola
biləcəyini də düşündüm. Və
müharibəyə getdim. Oradan qayıtmaq
niyətim yox idi, ölə bilərdim, əsir düşə
bilərdim. Allahın qisməti məni
saxladı. Sözün
açığı mənim Qarabağa getməyimə əlil
olduğum üçün icazə vermirdilər.
Unversiteti prinsipə oxumuşam, göstərmək istəmişəm
ki, əlillər cəmiyyət üçün yararsız
deyil, həmçinin müharibədə də...”
“O gündən…”
Ruzsarə xanım 1992-ci ilin avqustunda
yaşadığı halı hələ də unutmur:
“Mehmaniyə döyüşlərində Zaqataladan bir
oğlan gətirdilər. Baxdım ki, hərəkətsizdir.
Sən demə, çoxlu qan itirib,
danışmağa halı yoxdur. Məndə
də bir piramidol qalmışdı, dava-dərmanım
qurtarmışdı. Dedim ki, piramidol vurmaq mənasız
olar. O, ağır yaralı olsa da, bu sözlərimi
eşitdi. Onu aparmağa maşın da yox idi.
“Tiqaj”a qoyduq, “tiqaj”dan yumurlanıb yerə dəydi.
Qəribə bir səs də
çıxardı. Fikirləşdim ki, son nəfəsidir...”.
Sentyabr ayında Qazançıda keçirilən hərbi
əməliyyatda “Tutu”nun komandiri Qələndər
İsmayılov yaralanır: “Onu döyüş ərazisindən
Şəlalə çıxartdı, lakin Bakıya Hərbi
Hospitala mən gətirdim. Hospitalda mənə
dedilər ki, bir oğlan var, sizi çağırır.
Oğlan məni görəndə “Siz məni
tanımadınız?” soruşdu. “Yox”
cavabı verdim. Soruşdu ki, “bu üzük də, bu saat
da tanış gəlmir?”. Onda
Zaqataladan olan həmin oğlanı tanıdım. “Tiqaj”la yola salanda saatını,
üzüyünü götürüb, Zaqatala Rayon Hərbi
Komissarlığına göndərmişdim. Deməli, o vaxt ona əlimdə qalan piramidolu
vursaydım, çoxlu qan itirdiyi üçün yəqin ki,
dərin şoka düşərdi. Allahın
bir qisməti idi ki, piramidolu vurmadım, o oğlan da həyatda
qaldı. O gündən niskilli həyat yaşadım ki,
yaşamaq da qismətdir, alın yazısıdır…”.
Ağrılı Daşaltı əməliyyatı...
O, Daşaltı əməliyyatını da
ağrılı xatırlayır: “Daşaltı dərədə
yerləşir. Həmin hərbi əməliyyatda milli ordunun və
“OMON”un dəstələri var idi.
Ağır itkilər oldu... Müharibədə
könüllülər, “oblova” nəticəsində gələnlər
və hərbi xidmətə çağırış
müddəti çatanlar var idi. Düşmən
ordusu döyüşçülərimizi mühasirəyə
alıb qırdılar. Lakin, bu əməliyyatda
özümüzün gülləsinə tuş gələnlər
oldu. Lakin bu, bilərkdən belə
olmayıb. Könüllülər
döyüşlərdə öndə gedirdilər, təlim
keçməyənlər isə arxada idilər, hara gəldi
atırdılar. Bu döyüşdə nə
qədər yaralı, girov götürülən, şəhid
olub bilmirəm. Lakin, müharibə illərində ən
az yaralı döyüşdən
çıxartdığım 86 nəfər olub. Bu da Mehmani döyüşüdür. Canyata,
Çıldıran, Dranbom, Susərsəngi, Yeddi Xırman, Fərrux
dağı ətrafında döyüşlərdə və
sair əməliyyatlarda iştirak etmişəm. Döyüşsüz, yaralısız, şəhidsiz
torpaq düşmənə verilməyib. Təkçə
mən 3 şəhidin cənazəsini və 12 yaralını
döyüşdən çıxarmışam. Tankçı Baloğlan isə itkin
düşdü. Şahidiyəm ki, o,
ön xəttə doğru getdi və geri dönmədi.
Onun haqqında hələ də bir məlumat
yoxdur. 1992-ci il mayın 8-da
Şuşa işğal olunanda mən Ağdamda, 3-cü
taborda idim. Mayın 9-da indi Şəhidlər
Xiyabanında uyuyan Aydını Ağdamda itirdik. Aydıngil kəşfiyyata gedəndə düşmən
gülləsinə tuş gəlib”.
Murov əməliyyatı zamanı...
“Tutu” Şəhidlər Xiyabanında olan vaxt
görür ki, Əfqanıstanda döyüşmüş
oğlanların bir qrupu Murova getməyə
hazırlaşır: “Söhbət artıq 1994-cü ildən
gedir. Mən də hərbi formada idim. Uşaqlar yaxınlaşdı ki, “hansı
döyüş bölgəsindən gəlmisiniz?” Dedim
ki, Ağdamdan gəlmişəm və qayıtmayacam,
incimişəm, uşaqlarla döyüşə getmək istəyirəm,
qoymurlar. Dedilər ki, “Əfqanıstandan gələnlər
tabor yaradıb”. Komandirləri də Arif
idi. O tabora üzv oldum. Briqada komandirləri
Rauf Rəcəbov idi. Biz təlim
üçün Şəmkirin Seyfəli poliqonuna getdik.
Sonra Murova yolandıq. Murovda
biz fevralın 9-dan 14-ə qədər Qaışlıda
güclü qar uçqununa düşdük.
Uşaqların ayaqlarını artıq don vurmuşdu. Arif, Şirxan yaralandı. Yaralananlar
arasında kəlbəcərli uşaqlar da vardı. Yaralılara bacardığım qədər
yardım etdim. Onları Gəncədə
3 saylı uşaq xəstəxanasına və hərbi xəstəxanaya,
Arifi isə Bakıda Dəmiryol Xəstəxanasına yerləşdirdim.
Şirxan da Bakıya gətirildi. O briqada
Murov əməliyyatı zamanı tamamilə
dağıldı. İtkin düşənimiz də,
yaralımız da, ölənlərimiz də oldu. Bəlkə də o qar uçqunu olmasaydı, Kəlbəcəri
geri qaytaracaqdıq. O döyüşlər nəticəsində
Murovda bir neçə yüksəkliyi də aldıq. Bu, sonuncu döyüşüm oldu. Hərbi hissəni atəşkəsə bir neçə
ay qalmış tərk etdim. Həmin ərəfədə
orduda çox ciddi qarmaqarışıqlıq var idi. Bəzən çox haqsızlıqlar olurdu və mən
də buna dözə bilmədim, inciyib hərbi hissəni tərk
etdim”.
2533 döyüşçü qadın
var…
Müsahibimiz qadın döyüşçülərdən
danışır: “Əlində silah olan qadın
döyüşçülər də var idi. Gülpəri,
Kəmalə (“Qaqani” ləqəbli), Nurcan və s.
Tanıdığım yaxşı snayperçilərdən
biri Növrəsdə xanımdır. İndi yadıma
düşməyən, tanımadığım
döyüş iştirakçısı olan qadınlar da
var. Əlil, şəhid olan qadınlar, “Azərbaycanın
Milli Qəhrəmanı” adı verilmiş isə iki xanım
var. Mənə də qəlpə dəyib, 18 insana qan
vermuşəm. Gülarə xanımın yazdığı
kitabda mənim haqqımda olan məlumatın
başlığı belədir: “18 qardaşın 1
bacısı”. Onlara can sağlığı arzulayıram və
buna görə də heyfsilənirəm. O zaman qadın
döyüşçülərə münasibət
yaxşı idi. Mən gördüyümü,
bildiyimi deyirəm. Dövlət
statistikasına əsasən Qarabağ müharibəsində
Azərbaycanın 2533 döyüşçü qadını
var”.
Niyə “Tutu”?
Komandirinin İsmayılov Qələndar adlı şəxs
olduğunu bildirən Ruxsarə xanım belə davam edir: “Həmin
şəxs sağdır və ikinci qrup əlildir. O və digər
cəbhə yoldaşlarım da mənim necə xidmət
etdiyimi təsdiqləyə bilərlər”.
Daşıdığı ləqəbə gəlincə:
“Cəbhədə əsgərlər mənə “Tutu” ləqəbini
verdilər. “Qaraca qız” filminin baş qəhrəmanı
olan qaraçı qızı Tutuya bənzədiyim
üçün belə deyirdilər. Qaraca,
arıq qız idim. Bəzi əsgərlər
mənim əsl adımı belə bilmirdilər. Hamı “Tutu” deyirdi. Amma onları
inandıra bilmirdim ki, mən həmin qız deyiləm. Əsgərlər elə bilirdilər mən bilərəkdən
boynuma almıram. Məndən
soruşurdular ki, “ayağınızı ilan çalandan sonra
axsamağa başlamısınız?” Mən
də zarafatla onlara deyirdim ki, ilan məni yox, Ağcanı
vurub. Mən sadəcə həmin zəhəri
təmizləmişəm”.
Fevralın 18-də Bakıya gəlir və sonra atəşkəs
elan olunur: “Hazırda heç bir şəraitim yoxdur, ölkəni
tərk edə bilərəm də. Amma, ölkənin
azadlığı, ərazisi uğurunda gedən
döyüşlərdə qan axıb. Ali baş komandanın
əmrini gözləyirəm, müharibəyə yollanım!”.
“İndiki ağlım o zaman olsaydı…”
Müharibəyə gedəndə subay olan Ruxsarə
xanım 1996-cı ildə polis əməkdaşı ilə
ailə qurur: “Rəqsanə adlı bir qızım var.
Qızımla və rəfiqələrimlə,
döyüşçü dostlarımızla fəxr edirəm.
Döyüşə əlil gedən qadın təkçə
mənəm. Həyat yoldaşımdan
ayrılmışam, indiki ağlım o zaman olsaydı, ailə
qurmazdım. Ona görə ki, mənim
sınmış ürəyim var idi, sevgimin nakam qalması mənə
pis təsir oldu. Baxmayaraq ki, onun bəhrəsi -
qızım var. Ailə qurmayan döyüşçü
qadınlar var…”
Ramid
Bizim yol.- 2011.- 11 noyabr.- S. 11.