“Müharibəyə
getməyim bala itkisini unutdurdu”
Qarabağ mövzusunda bu dəfəki həmsöhbətimiz
oğlunun başladığı yolu davam etdirmək niyyəti
ilə Qarabağa yollanan anadır. Könüllü cəbhəyə
üz tutan Ağca Məmmədova, beləcə Qarabağ
müharibəsinin iştirakçısı olur.
- Necə oldu Qarabağa getdiniz?
- Qarabağ müharibəsi başlayanda hamı kimi mən
də döyüş gedən ərazilərə
yollanmağa can atırdım, bunu çox istəyirdim. Məndən
öncə Qarabağa oğlum Namiq Məmmədov
könüllü getdi. Hərbi xidmətdən tərxis
olunmasına baxmayaraq telejurnalist Çingiz Mustafayevin
çağırışına hay verib, Telestudiyanın
qarşısından avtobuslarla müharibəyə gedənlərdən
biri də oğlum oldu. 20 yanvar batalyonunda qulluq edirdi. 1992-ci
ilin yanvarın 31-də Qarabağ uğurunda gedən
döyüşlərin birində şəhid oldu. O, Ağdamın
Naxçıvanik kəndində düşmən gülləsinə
tuş gəldi.
Oğlumun 40 mərasimini verən kimi mən də
Qarabağa yollandım. Çünki,
burada qərar tuta bilmirdim. Tibb işçisi olaraq müharibəyə
yollandım. 1 saylı Ağdam Hərbi Səhra Hospitalında
ixtisasıma uyğun olaraq rentgenoloq kimi xidmətə
başladım.
- Müharibədən öncə harada
çalışırdınız?
- Müharibədən əvvəl və sonra “Malakan
bağı”nın yanındakı Travmotoliji Klinikada işləyirdim.
Hazırda özəl klinikaların birində
çalışıram.
- Siz müharibəyə yollananda döyüşlər
hansı istiqamətdə gedirdi?
- Bütün istiqamətlərdə güllə səsi
eşidilirdi. Hər yerdə döyüşlər gedirdi.
Müharibəyə getdiyim zaman Naxçıvaniki ermənilər
yenicə işğal etmişdi. Döyüşlərin
hansı ərazi uğurunda getdiyini dəqiq bilmirəm.
Çünki, həmin əraziləri tanımıram. İyun-iyul
aylarında döyüşlərin ağır getməsini
hospitala gələn yaralılardan, şəhid olanların
sayının artmasından bilirdim.
- Müharibə illərini necə
xatırlayırsınız?
- Dəhşətlərin içində olan, can verən
yaralıları, başsız ölüləri görən
insan müharibəni necə xatırlaya bilər axı? Gecələr
başımızın üzərində uçan topları
görən, oğulu üçün saatlarla ağlayan
anları gördüm. Yas məclisində olan insanların məhvinin
şahidi olmuşam. 3 oğlunu itirən ananın qol
qaldırıb oynamasını görmüşəm.
Qarabağdan ancaq acı xatirələr var. Ürək
ağrıdan, gözləri ağladan hadisələr
yaddaşımda var. Yaralı gətirən səgərlərin
fəryadını görmək, təsəvvür edirsiniz nə
deməkdir? Dəhşətli simaları görmək
lazımdır, bunu yalnız görən anlaya bilər.
Müharibəyə getməyim bala itkisini unutdurdu. Yəni mən
gördüm ki, balası şəhid olan təkcə mən
deyiləm. Belə analar çoxdur. Bakıda olanda elə
bilirdim ki, qeyrətli oğlan təkcə öz
övladımdır. Mən orada qeyrətli oğlanları
çox gördüm. Şükür etdim ki, vətənin
belə oğlanları var. Qeyrətsizlər olsa da, ölkəmizin
qeyrətlilər daha çoxdur.
- Siz müharibədə olanda ən ağır
döyüş hansı oldu?
- 1992-ci ilin iyun ayında. Hansı ərazi uğurunda
gedirdi onu bilmirəm, daha doğrsu bunu maraqlanmağa
zamanımız yox idi. Maşın-maşın yaralı
daşıyırdılar hospitala. 3 gecə yatmadıq. Biz, yəni
tibb işçiləri yemədik, yatmadıq, çünki
ağır döyüş gedirdi, yaralı
çoxluğundan buna imkan yox idi.
- Qarabağdan nə vaxt qayıtdınız?
- 1993-cü ildə şəhid oğlumun qızı
dünyaya gəldi. Mən onda Bakıya qayıtmalı oldum, gəlinim
tək qalmışdı, ona kömək lazımıydı.
Şəhid övladım 3 ayın bəyi idi,
qızının üzünü görmədi
(ağlayır -müəl.). Namiq Şəhidlər
Xiyabanında Təbriz Xəlilbəylinin məzarının
yanında torpağa tapşırıldı.
- Müharibədə hansı psixoloji problemlər
yaşanırdı?
- Müharibə iştirakçılarının
hamısı psixoloji sarsıntılara düşdülər,
gərginliklər içində qaldılar.
Hamımızın əsəb sistemi pozuldu. Travma alanlar oldu.
Başsız meyit görən, qan içində can verən
yaralı görəndə, dəhşətlər içində
əsgərlər görəndə insan dəli olmaq səviyyəsinə
gəlirdi. Amma özümüz özümüzə təsəlli
verirdik. Özümüzü daşa döndərmişdik.
Ona görə ki, yaralılara tibbi yardım etmək lazım
idi.
- Müharibədən sonra döyüş
iştirakçılarına dövlət tərəfindən
psixoloji-tibbi yardım oldumu?
- Xeyir, olmadı... Biz hələ də psixoloji problemlər
içində yaşayırıq, sanki müharibə davam
edir. İndi də üzdən iraq insanları görəndə
bizə çox təsir edir. Laqeyd insanları görəndə
bizə təsirsiz ötüşmür. Nəyə görə
axı, biz övladlarımızı şəhid verdik,
özümüz canımızı vətən yolunda xidmətdə
qoyduq?
- Nə kimi laqeyd münasibətlə
qarşılaşırsınız?
- Böyük-kiçik yeri bilməyən gəncləri
görürəm. Məsələn, ictimai nəqliyyatda
hörmətsizlikləri, arzuolunmaz münasibətləri
görürəm. Özünü apara bilməyənlər,
geyimini bilməyənləri görəndə əsəb
sistemimiz gərginləşir. Bəzən onların bu hərəkətlərinə
münasibət bildirirəm, bəzən isə yox. Ona görə
ki, hörmətsizlikdən çəkinirəm. Təbii ki,
bunu hamı üçün demək olmaz. Yaxşıları
da var. Onların içində mənim nəvəm də var.
Digər oğlumdan olan nəvəm tərbiyəli və
özünün-sözünün yerini biləndir. Ona şəhidin
adını vermişəm - Namiq. Hazırda Namiq nəvəm
Tovuzda düşmənlə üz-üzə mövqedə vətənə
xidmət edir.
Bilirsiniz mən anayam, heç bir ana bala itkisi ilə
barışa bilmir. 20 il keçsə də mən Namiqi unuda
bilmirəm.
- Qadının yaşını soruşmazlar, amma...
- 65 yaşım var.
- Müharibəyə gedəndə ailənizin
münasibəti necə oldu?
- Oğlum kimi mən də Qarabağa ailə üzvlərimizdən
gizlin getdim. Döyüş ərazisinə gedəndən
sonra xəbər etdim ki, mən Qarabağdayam. Doğrdudur, ailəm
israrla geri dönməyimi istəyirdi. Lakin, mənim müharibəyə
getməyimi anlayışla qarşıladılar. Evdə
böyük oğlum, gəlinim var idi, mənə “ay ana, ailəmizin
bir üzvünü itirmişik, səni də itirəkmi?”
deyirdilər. Mən isə cavab verdim ki, Qarabağda
lazımam. Yaralıların bizim yardımımıza
ehtiyacını duyurdum. “Oğlumun yarımçıq
işini mən görməliyəm” dedim (yenə kövrəlir
-müəl.).
- Fikrinizcə, şəhidlərimizin qanı
boşunamı töküldü?
- Onların qanının əvəzini ala bilməmişik.
Oğlumun qanı hələ də qalıb. O zaman oğlumun
qanı alınar ki, onun qanı tükülən,
işğal olunmuş torpaqlara düşmən ayağı dəyməyəcək.
Şəhidlər olmaycaq, analar ağlamayacaq.
- Peşmansınızmı müharibəyə getməyinizdən?
- Xeyir, peşman deyiləm. Oğlumun da alınına
yaşamaq yazılmışdısa, müharibədən
sağ çıxcaqdı. Onun da ömrü bura qədər
imiş. Müharibə olmasaydı, onu yəqin Bakıda
avtomobil qəzasında itirə bilərdim. Ya da başqa yerdə...
Allah vermişdi, Allah da aldı əlimdən!
- Sizin çalışdığınız hospitalda nə
qədər qadın olardı?
- 1 saylı Ağdam Səhra Hospitalında demək olar
ki, çoxu qadınları idi. 20-30 qadın olardı.
- Xanım döyüşçülərə
münasibət necə idi?
- Şəhərə və başqa yerə hərbi
formada gedəndə xoş münasibət görürdüm.
Mən bunu görmüşəm. Qadın o formanı əyninə
geyinirdisə, ona yaxşı baxırdılar. Özümə
qarşı arzuolunmaz münasibət görməmişəm.
Başqalarını deyə bilmərəm.
- Sizlə çiyin-çiyin döyüş ərazisində
olan xanımların sonrakı həyatından xəbəriniz
varmı?
- Hamısı indi evlərində, ailələrindədirlər.
Subaylar da ərə getdilər.
Məsələn, Natavan sonradan ailə quranlardan biridir.
Doğrudur başı qapazlı oldu, həyat yoldaşı
qınayıb ki, qız olduğu halda müharibəyə niyə
gedib? Ancaq, müharibənin nə olduğunu bilən adamlar
onu başa saldılar. Orada olan qızlar Bakıda olanlardan qeyrətli
idilər. Müharibəyə gedən qızların qeyrəti
varıydı ki, döyüş bölgələrinə
gedirdilər. Hərbi formanı geyib kef eləmirdilər.
Çünki, dəhşət içində kef olmurdu. Kef
görmək istəyən şəhərdə
qalırdı, yaşayırdı. Müharibədə olan vətənpərvər
qızlarıydı. Himni oxuya-oxuya yarlılara tibbi yardım
edirdilər. Müharibə illərində hərbi hissələr
də yaranmağa başlayırdı. Bu zaman qızlar
arsında dava gedirdi ki, həmin briqadaya gedib xidmət etsinlər.
Yəni onlar xətənə xidmətdən
yayınmırdılar, qaçımırdılar. Elə
bilirdilər ki, toya gedirlər, daha
düşünmürdülər ki, ölümə gedirlər.
Döyüş bölgəsində hər bir hadisə ola bilərdi.
- Əsgərlərimiz qida və geyimlə necə təmin
olunurdu?
- Oğlum getdiyi zamanlarda təminat yox səviyyəsində
idi. Məsələn, biz nə qədər oğlumuz
üçün paltar, qida məhsulları göndərmişik.
İlk dəfə gedən könüllülər kəndlərdən
gələn qida ilə yaşayırdılar, Bakıdan nə
getsə onunla günlərini yola verirdilər. Çünki,
könüllü batalyonlar yeni yaranırdı. Bizim
dövrümüzdə isə durum fərqli idi. Əlbəttə
çatışmayan tərəflərdə varıydı.
Yataq yerimiz, çimmək yeri, yeməkxana var idi.
- Müharibədə nəyi və yaxud nələri
itirdik?
- Qazandığımız heç nə olmadı...
İgid oğlanların qanı yerdə qaldı, şəhid
oldular, itirdik. Torpaqları qaytardıqmı? Şəhidlərin
qanını aldıqmı? Xeyr! Müharibədə biz
qazanmadıq!
- İkinci Qarabağ müharibə başlasa, sizcə
könüllülər olacaqmı?
- Məncə, vətən eşqi olanlar gedəcəklər.
Qeyrətli oğlanlarımız, qızlarımız yenə
var. Bilirsiniz kim getməyəcək? Heç bir
imkanlının uşağı müharibəyə getməyəcək.
Biri xaricə təhsil adı ilə göndərir, digəri
də adını yararsız qoyub yanında saxlayır. Nəvəmi
göndərməyə bilərdim, hospitalda
yatızdırıb, adını xəstə qoyaradım, xidmətə
“yarasız” olardı. Amma mən kişi böyüdürəm,
o, vətənə, xalqa, anasına xidmət etməlidir.
- O zaman da imkanlı uşaqlar müharibəyə
getmirdi?
- Bir neçə nəfər getmişdi. Onları da
valideyinləri gəldi döyüş ərazisindən
apardı.
RAMİD
Bizim yol.- 2011.- 15 noyabr.- S. 11.