Azərbaycanda
İKT sektoru nə qədər inkişaf edib?
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində
(RİTN) cari ilin 9 ayının yekunlarına həsr
olunmuş kollegiya iclasında nazir Əli Abbasov bu dövrdə
İKT sektorunun ayrı-ayrı sahələrində həyata
keçirilən islahatlardan danışaraq, əldə
olunacaq gəlirlərin ölkə iqtisadiyyatının
inkişafına güclü təsir göstərəcəyini
qeyd edib. Əli
Abbasov bildirib ki, göstərilən dövrdə İKT
sektorunda artım tempi 12,4 faiz, telekommunikasiya sektorunda 8,3 faiz,
informasiya texnologiyaları (İT) sektorunda 1,6 dəfə,
informasiya sektorunda isə 38,8 faiz təşkil edib.
Hesabat dövründə mobil
abunəçilərin sayı 10 milyona yaxın, əhalinin hər
100 nəfərinə düşən komputerlərin sayı
15, internet istifadəçilərinin sayı isə 60-a bərabər
olub. Bu isə ümumdünya orta göstəricilərini 2 dəfədən
çox üstələyir. Əli Abbasov hətta mətbuata
bildirib ki, Azərbaycan son 3 ildə dalbadal İKT-də dinamik
inkişaf tempinə görə MDB ölkələri
arasında 1-ci yerə çıxır.
Bu dogurdan da belədirmi, sadalanan
rəqəmlər doğurdan da dinamik inkişafın göstəricisi
sayıla bilərmi? Bu suala elə yerli və xarici statistika
qurumlarının rəsmi hesabatlarına istinad edərək
cavab verməyə çalışaq.
Dövlət Statistika Komitəsinin
(DSK) məlumatına görə 2011-ci ilin yanvar-sentyabr
aylarında istehsal olunan İnformasiya və rabitə xidmətlərinin
həcmi 883,1 mln manat təşkil edib. Bu göstəricinin
ÜDM-da payı 2,55 faiz təşkil edir. DSK-nin məlumatına
görə 2010-cu ildə 41,5747 mlrd manatlıq ÜDM hasil
olub. İnformasiya və rabitə xidmətlərinin həcmi
isə 1,1461 mlrd manat təşkil edib. İKT sektoruna ötən
il 300 mln. ABŞ dollar sərmayə qoyulub ki, onun da 50-60 mln
dolları birbaşa dövlət investisiyalarıdır.
Əgər Mobil rabitə
bazarında əsas paya sahib olan Azercell şirkətinin 2010-cu
ildə rabitə sektoruna 108 mln dollar sərmayə qoyduğu
haqda məlumata inansaq, Azərbaycanın İKT sektorunun həcminin
elə də böyük olmadığı və onun bir
şirkətdən nə qədər asılı olduğu
üzərə çıxır. Çünki il ərzində
İKT sektotuna qoyulan sərmayənin 35 faizi cəmi bir
şirkətin payına düşür. Digər tərəfdən
İKT sektorunun gəlirlərinin də təqribən 70 faizi
və ya 785 mln manatı yalnız mobil rabitənın
hesabına əldə olunur. Bəs
10 mln abonenti olan mobil raitə bazarından 785 mln manat gəlir
azdır yoxsa çox? Bu suala abonent başına düşən
xərclərin vasitəsilə aydınlıq gətirmək
olar. Ötən il, abonent başına düşən illik
xidmət 78,5 manat, və ya aylıq 6,6 manat təşkil edib.
Deməli, bazarın dövriyyəsi istifadəçilərin
sayına uygun deyil, ona görə də, abonentlərin
sayı hələ inkişafa dəlalət etmir.
“BakıTelekom” və “Aztelekom” kimi fiksal rabitə üzrə
inhisarların sahibi olan dövlətin İKT sektoruna
yatırdığı birbaşa sərmayə isə ötən
il 15 faiz ətrafında olub. Bu bir daha sübüt edir ki,
Nazirliyin tabeliyində olan bu qurumlar böyük sərmayələr
yatırmır. Bununla belə bu qurumlar birmənalı olaraq bu
sektordakı biznes payını özəl sektora təhvil verməyə
hazırlaşmır, əksinə bu bazarda RİTN-nin müəssisələri
öz bizneslərini genişləndirməkdə davam edir. Buna
Azeurotelin özəl payının alınması və
Catellin stasionar şəbəkəsinin BakıTelekomun əlinə
keçməsi misal ola bilər. Qeyd edək ki, Nazir Əli
Abbasov ilin əvvəlində bu sektorda özəlləşmənin
sürətlənəcəyini və özəl şirkətlərin
bu sektorda rolunun artırılacağını bildirmişdi.
Bundan əlavə Nazir Rusiyanın rbc.ru saytına 2011-ci ilin
fevral ayında bildirmişdi ki, cari ildə Bakutelekom və
Aztelekom Səhmdar Cəmiyyətlərə çevriləcək
və 2012 -ci ildə özəlləşdiriləcək.
İlin sonunun yaxınlaşmasına baxmayaraq, deyilən vədlərin
heç birinə əməl olunmayıb.
MDB ölkələri arasında hansı parametrlərə
görə liderlik etdiyimiz məlum olmasa da, uduzulan mövqelərlə
bağlı bəzi statistikaya göz yetirək. Məsələn
Azərbaycan Beynəlxalq Təşkilatların hesabatında
dünyanın ən bahalı telefon
danışığı olan dövlətlər
sırasında yer alır. Burada söhbət yalnız mobil
telefon tariflərinin deyil, həm də fiksal rabitə xidmətləri
üzrə də tariflər qonşu ölkələrlə
müqayisə də bahalıdır. Məsələn,
“Aztelekom”un tariflərinə görə Azərbaycandan 1 dəqiqə
danışığın qiyməti MDB və Baltikyanı
ölkələr üçün 36 qəpik, İran Türkiyə
üçün 45 qəpik, ABŞ və Aİ ölkələri
üzrə 54 qəpik təşkil edir. Qeyd edək ki,
adıçəkilən ölkələr və regionlardan əksi
istiqamətdə qiymətlər 20-40 faiz ucuzdur.
Azərbaycan Cənubi Qafqazda həm ərazisinə, həm
əhalisinə, həm də makroiqtisadi göstəricilərinə
görə böyük ölkə olsa da, mobil
operatorlarının sayına görə regionun ən
kiçik və ən kasıb dövləti olan Ermənistandan
geridə qalır. Ermənistanda 3G xidmətini 4 operator həyata
keçirir. Bunlar ArmenTel, VivaSell, Orange Armenia 3G, Armenian Beeline
operatorlarıdır. Özbəkistan artıq 4G xidmətini tətbiq
etdiyi halda Azərbaycanın 10 mln mobil istifadəçilərinin
cəmi 120 min nəfəri 3G xidmətindən yararlanır. 3G
xidmətinin Azərbaycanda 2 ildən çox istifadəyə
verilməsinə baxmayaraq, bu ximəti üzrə yeganə
operator olan Azerfonun öz rəsmi məlumatına görə
onun 1,6 mln abonentlərindən yalnız 120 min nəfəri
mütamadi 3G xidmətindən istifadə edir. Bu göstərici
inkişafda olmaqda olan ölkələrlə müqayisədə
10-15 faiz, inkişaf etmiş ölkələrdən isə 30
faiz azdır.
Operatorların bazara buraxılması prosedurları da
region ölkələri ilə fərqli olub. Gürcüstanda
operatorların bazara buraxılması müsabiqə yolu ilə
keçirilib və lisenziya üçün böyük məbləğdə
vəsait ödənilib. Gürcüstanın ilk 3G operatoru 5
mln dollar start qiymətlə auksiona çıxarılan
lisenziyanı 11,32 mln ABŞ dollarına alıb. Sayca ikinci 3G
operatoru “Telecom Invest Georgia” lisenziyanı auksiyondan 10,37 mln
dollara alıb. Lisenziyanın qiymətinin böyük
olmasına baxmayaraq, hazırda bu kiçik və kasıb
ölkədə 3G xidmətini 3 operator göstərir.
Azərbaycanda isə lisenziyanın qiymətinin 11 min
manat olmasına baxmayaraq hazırda cəmi bir opearor 3G xidmətini
göstərir. Qalan iki operatora 2 noyabr 2011 tarixində lisenziya
verilsə də tezliklərin olmaması ucbatından onlar fəaliyyətə
başlaya bilmirlər.
Mobil Əyləncə Forumun apardığı
sorğuya əsasən bütün dünyadakı mobil rabitə
istifadəçilərin təxminən 75 faizi hər gün
mobil telefon vasitəsilə internetə daxil olur və
onların arasında 18 faiz istifadəçi internetə daxil
olmaq üçün artıq adi telefon xəttindən istifadə
etmir. Azərbaycanda isə, əgər hətta bir aylıq məlumatları
götürsək belə, mobil internetdən istifadə cəmi
25 faiz təşkil edir. Bu, o deməkdir ki, bütün mobil
rabitə istifadəçilərin təxminən 25 faizi
ötən ay ərzində mobil telefonlardan internetə bir dəfə
olsa belə, daxil olublar.
“Ovum” adlanan qlobal tədqiqat agentliyin məlumatlarına
görə, 3G-i dəstəkləyən telefonlardan istifadə
qlobal səviyyədə 2009-cu ildə 15 faizdən 2014-cü
ildə 43 faizə qədər artacaq. Azərbaycanda, bu
göstərici son 3 - 4 il ərzində təxminən 12% səviyyəsində
qalmışdır.
Son 3 il ərzində, dünyada 300 mindən artıq
mobil telefon proqramı tərtib edilmişdir və onlar 11
milyard dəfədən artıq yüklənmişdir. 3G
sürətinin çatışmaması səbəbindən
Azərbaycan bu inkişafdan kənarda qalmışdır.
Kollegiya iclasında əhalinin hər 100 nəfərinə
düşən kompyuterlərin sayının 15, internet istifadəçilərinin
sayının isə 60-a bərabər olması, orta
ümumdünya göstəricilərini 2 dəfədən
çox üstələdiyi deyilir. Əslində internet
istifadəçilərinin kompüterlərin sayından 4 dəfə
çox olması faktı ziddiyyətlidir. Bununla belə
ölkəmiz hər iki göstərici üçün
olduqca geridədir. Məsələn hələ 2006-cı ilin
nəticələrinə görə hər 100 nəfərə
İsraildə 122, Canadada 87,7 kompüter olub. Rusiyada bu göstərici
həmin vaxt 12 ədəd təşkil edib. 2010-cu ilin göstəricilərinə
görə şimal qonşumuzda hər 100 nəfərə
düşən personal kompüterlərin sayı 43 ədəd
təşkil edib.
Azərbaycan MDB ölkələr arasında istifadəçi
üzrə işlələnən (istifadə olunan) internet həcminə
görə ən aşağı göstəricilərdən
birinə malikdir. Azərbaycanda, məlumatlardan orta səviyyədə
istifadə edən istifadəçi bir ay ərzində cəmi
18 MB istifadə edir, halbuki, qonşu Gürcüstanda bu rəqəm
63 MB-a çatır. Bütün operatorlar tərəfindən
3G xidmətləri göstərildiyi halda belə, hətta
aşağı gəlirli Tacikistanda (bu ölkə MDB-də
3G xidmətlərini başlamış ilk ölkələrdən
biridir), bizim ölkə ilə müqayisədə internetdən
istifadə 2 dəfə artıqdır.
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) ən
son məlumatlarına görə, Azərbaycanda 100 nəfərə
geniş zolaqlı mobil internet istifadəçilərin
sayı cəmi 0.9 təşkil edir. Bu, dünyada ən
aşağı göstəricilərdən biridir. Yəni, bu
rəqəm Anqola (5.6), Gürcüstan (18.8), Rusyia (17.4), Ermənistan
(5.2) və digər ölkələrdən də
aşağıdır. BTİ-nin məlumatlarına görə,
bu ilin əvvəlində qlobal orta göstərici 15 faiz təşkil
etmişdir.
Azərbaycanın poçt sistemi də qonşu ölkələrlə
müqayisədə olduqca aşağı mövqeyə
malikdir. Elə DSK-nin məlumatına görə 2010-cu ildə
5,3 mln nüsxə qəzet, 7,1 mln ədəd məktub
daşınıb. Müqayisə üçün qeyd edək
ki, Belarusda müvafiq olaraq bu göstəricilər 313 mln və
166 mln, Moldovada isə 23,8 mln və 41,9 mln təşkil edir.
Ukraina və Rusiya üzrə bu rəqəmlər daha yüksəkdir.
Beləliklə DSK-nın rəmi məlumatından məlum
olur ki, bir il ərzində adambaşına düşən qəzet
sayı 0,6, məktublarınkı isə 0,8 ədəd təşkil
edir.
Beləliklə aydın olur ki,
İKT sektorunun qeyri neft sektorunda lider olmasına baxmayaraq bu
sektorun inkişafının səviyyəsi fəxr olunan səviyyədə
deyil. İKT sekorunu qonşu ölkələrinki ilə
müqayisə etdikdə bütün paramerlər üzrə
geridə qaldığımız üzərə
çıxır. Bazarın İllik 8-11 faiz artım tempi əslində
çox ləngdir və bu artım qonşu ölkələrin
səviiyəsinə çatmaq üçün yetərli
deyil.
Bizim yol.- 2011.- 16 noyabr.- S. 13.