Xarizma

 

Qeyri-səlis məntiqlə düşünən Rafiq Əliyev fenomeni barədə

 

Onun barəsində yazmaq çox çətindir. Bu insanın xarizması qarşısında ancaq susmaq mümkündür. Geyimi, oturuşu və söhbətləri qeyri-adiliyinə dəlalət edir. Onu ancaq dinləmək istəyirsən. Qeyri-adi yanaşması ilə Xudu Məmmədovu xatırladır.

O, bizlərdən biridir. Eyni zamanda bizlərdən çox fərqlidir. Min illərdən süzülüb gələn milli mentallığa ümumbəşəri dəyərlər qatıb. Onunla təmasda ilk baxışdan anlayırsan ki, qarşında böyük bir alim dayanıb. Alim qarşısında isə dilini saxlamağa məhkumsan.

Digər alimlərdən yalnız vətəndaş mövqeyi ilə fərqlənmir. Üzərində işlədiyi mövzular da özü qədər maraqlıdır - qeyri-səlis paylanmış intellektual sistemlər sanki Azərbaycanın düşdüyü problemlərdən bəhs edir.

Azərbaycanın problemlərinə də baxışı fərqlidir. Az qala küçələrə bölünüb qanlı savaşa hazırlaşan məmləkətin probleminə yanaşması əsil alim yanaşmasıdır. O düşünür ki, dünya yalnız ağ və ya qara rənglərdən ibarət deyil. Alimin məntiqinə görə, ağla qaranın arasında yüzlərlə, minlərlə rəng mövcuddur. Qeyri-səlis məntiqlə düşünən professor hesab edir ki, dünyada olan istənilən müddəanın saysız-hesabsız dərəcəsi var. Onun düşüncəsinə görə, dünyada yalnız bir mütləq həqiqət var və bu, Allahddır. Odur ki, “yalançı bütlərin” qarşısında səcdə etməyi ağlına belə, gətirmir.

O nə Çinə bayraq taxmağa hazırlaşır, nə də təslimçi dövlətin vətəndaşı olmaq. Akademik hesab edir ki, qeyri-səlis məntiqlə düşünən siyasətçi heç vaxt İraqı bombalamazdı, daha optimal yol axtarardı. Alim hadisələrin qeyri-səlis məntiq əsasında izahını axtarır və emosional yox, tolerant qərarlar qəbul edir. Hamını düşündürən problem barədə o da düşünür. Yalnız özünə məxsus tərzdə. Fikirləşir ki, Qarabağı, ilk növbədə, beyin laboratoriyasında, masa arxasında qaytarmaq lazımdır, sonra qılınc lazım ola bilər.

 

Xalqa yaxın olan katib

 

Sov. İKP Mərkəzi Komitəsi katibləri içərisində mərhum Şıxəli Qurbanovdan sonra xalqa onun qədər yaxın olan partiya işçisi olmayıb. Onun Sov. İKP MK katibi işlədiyi elə dövrə təadüf eləmişdi ki, mütləq səngərlərin birini seçməli idin. Məhz bu məqamda da qeyri-səlis məntiq qələbə çaldı - ictimai-siyasi prosesləri elmlə təhlil etməyi lazım bildi. Bir tərəfdə olan təslimçilik, digər tərəfdə olan qaragüruh onun əqidə yoldaşı, Azərbaycan elminin zirvələrindən olan Xudu Məmmədovun ürəyini partlatdı. Biliyi, təcrübəsi, vətəndaş mövqeyi olan bu ziyali hər kəsə nümunə olacaq şəxsiyyət olsa da, heç vaxt liderliyə can atmadı. Qeyri-səlis məntiqlə yanaşma elmdə qazandıqlarını cəmiyyətin xeyrinə sərf eləməyə onu vadar elədi.

 

Nobel mükafatına layiq dissident alim

 

Professorun Ziyalılar Forumundakı çıxışından sonar qaragüruh təbəqə ona hücuma başladı. Neft Akademiyasında kafedra müdiri vəzifəsindən azad edildi. Lakin bu, saysız-hesabsız ixtiraların, kitabların, məqalələrin müəllifi olan ziyalının fəaliyyətinə kölgə salmadı. Qeyri-səlis idarəetmə sistemlərinin şərtlərinin formalaşdırılmasını bilən və inperfekt (tam olmayan) informasiya şəraitində yeni qərar qəbul etmə nəzəriyyəsinə görə Nobel mükafatına namizəd olan alim anlayır ki, hər hansı bir həyatı məsələ ilə bağlı qərar qəbul edilən mühitdə informasiya tam, müəyyən olmadığı halda müvafiq, səmərəli, bütün cəhətlər nəzərə alınaraq qərar qəbul edilir. Onun bu dəmir məntiqinə qarşı mübarizə aparmaq mümkün deyil. Deməli, alimi çamıra batırmaq lazım gəlir. Bu gün ona hücüm edənlər Azərbaycan elmində ona heç tələbə belə, olmağa layiq olmayanlardır. Alimin öz təbirilə desək, klassik riyaziyyatla təxminən üçyaşlı uşağın səviyyəsində olan bir sistem dünya şöhrətli ziyalıya hücum çəkir. Yenə öz təbirilə desək, qeyri-səlis məntiqlə düşünən alim heç vaxt bunu etməzdi, daha optimal yol axtaradı. Qeyri-səlis məntiqə görə, bunu edənlər, uzun müddət xaos içində yaşayacaq. Bu, qeyri-səlis məntiq əsasında izahdır. Alimə hücum çəkmədən öncə bunu düşünmək lazım idi. Lakin orta ağıl səviyyəli “alimcığazlar” bunun fərqində ola bilməzlər.

Onlar dəbdəbəli həyatı düşünür və buna can atırlar. Yəni, “Hamıya çamur at və payını al”. Akademikin, təxminən elə bu barədə gözəl fikri var: “Alim psixologiyası - söhbət əsl alimdən gedir - tamam fərqlidir. Elmdə fədailər çalışırlar, özü də maaş üçün yox. Alimin heç vaxt çoxlu pulu olmayıb, çünki ilk növbədə alimin pula ehtiyac hissi olmur. Bir ziyafətdə xanımı görür ki, Eynşteyn bərk dilxordur. Səbəbini soruşanda, deyir ki, bayaqdan bahalı qaş-daşlara baxıram, fikirləşirəm ki, onların puluna nə qədər laboratoriya açmaq olar. Yəni, alimin düşüncəsi tamam başqadır. Onları elmdən, tədqiqatdan uzaqlaşdırmaq mümkün deyil. İndi çox adam virtual həyatla yaşayır. Virtual dünya insani hisslərdən uzaqlaşmaq üçün yaradılmayıb ki? Alimlər bir mənəvi açar qoyurlar ki, burdan o yana keçmə. Amma insanın mənəviyyatı ağlından geri qaldığı, ümumbəşəri əxlaq elmdən uzaq düşdüyü üçün o açara məhəl qoyulmur”.

Bu yanaşma ancaq nəhəng alimin beyninin məhsulu ola bilər. O, problemdən yalnız bir çıxış yolu tanımır. Qaraguruhluq ona yaddır. Hesab edir ki, qeyri-səlis məntiqə görə, istənilən məsələnin saysız-hesabsız çıxış yolu var. Hətta Qarabağla bağlı qeyri-səlis məntiq əsasında konfliktoloji model də hazırlayıb.

 

Təqdimata ehtiyacı olmayan ziyalı

 

Məqalənin bu hissəsinə qədər hər bir azərbaycanlının fəxr edəcəyi alimin adı çəkilmədi. Buna ehtiyac olmadı. O, sıradan biri deyil. Belə alimlər hər yüzildə yetişmir. Hamı söhbətin kimdən getdiyini onsuz da dərk elədi. Söhbət saysız-hesabsız mükafatların sahibindən, Azərbaycan elmini dünyada layiqincə təmsil edən bir şəxsiyyətdən gedir.

Onun barəsində yazmaq məsuliyyətdir. Bir həqiqəti vurğulamaq qalır ki, bu ziyalı elmimizi təmsil etdiyi kimi, dünyada ölkəmizi də təmsil edə bilər. Azərbaycanı dünyada təmsil etməyə ən layiqlilərdən biridir. Dünyanın ancaq və qaradan ibarət olmadığını düşünən bu sima Azərbaycana milli barışıq gətirə bilər. O, ölkə başçısı olmaq şərəfini çoxdan qazanıb. Qaraguruh kütlənin dağıdıcı gücünü quruculuğa yönəltmək qabiliyyətində olan real alternativ. Uğur gətirə biləcək alternativ. Qələbəyə şansı olan bir namizəd. Cəmiyyətin ehtiyac durduğu bir şəxsiyyət. Artıq müxalifət düşərgəsinin vahid namizədini müəyyənləşdirməyin zamanı çatmayıbmı?

 

Tələbəlik borcu

 

Kimisə tərifləmək çox çətindir. Yaltaqlığın mənəvi dəyərə çevrildiyi bir ölkədə hətta alimi də tərifləmək mənəvi diskomfort yaradır. Sadəcə olaraq, məzunu olduğum bir ali məktəbin, jurnalistlərin “Saxarov işi” adlandırdığı bir ləkəyə bulaşmasına seyriçi qala bilmədim. Vaxtilə “QKÇP”yə təbrik teleqramı vuran, tələbələr arasında heç vaxt azacıq nüfuza malik olmayan bir insanın böyük alimə qarşı “stalinsayağı” rəftarı mövqe ortaya qoymağımı tələb etdi. Həyatda qazandığım uğurlara görə bu nüfuzlu ali məktəbə borcluyam. Tələbəlik illərimdə Neft Akademiyası dünyaşöhrətli alimlərin çalışdığı bir elm məbədi idi. Akademik Tofiq Əliyev, akademik Azad Mirzəcanzadə, professor Arif Xasayev artıq həyatda yoxdurlar. Dərin intellekt daşıyıcısı olan bu alimləri tələbələr “əllilik”, “yüzlük” deyə xarakterizə etmirdilər. Onların zamanında “əlliliklər” at oynada bilməzdi. Azərbaycan elmini dünyada tanıdan bu alimlər artıq dünyadan köçüblər.

Neft Akademiyasında onların son təmsilçisi qalıb - Rafiq Əliyev. Odur ki, onu qorumaq bir namus məsələsidir. Ən azı ona görə ki, Rafiq Əliyev kimi alimlər hər əsrdə yetişmir. Necə ki, Azərbaycan elmi hər əsrdə Lütfi Zadə yetişdirə bilməyəcək.

 

Lütfi Zadənin valeh olduğu şəxsiyyət

 

Dünya şöhrətli riyaziyyatçı,qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, Kaliforniya Universitetinin professoru Lütfi Zadə noyabrın 9-da Azərbaycan Neft Akademiyasının rektoruna məktub yazıb. “Mən professor Rafiq Əliyevin işdən çıxarıldığını eşitdikdən dərhal sonra bu məktubu yazdım”,- o, “Turan”ın Vaşinqton müxbiri ilə söhbətində deyib.

Neft Akademiyasının rektoruna ünvanladığı məktubda alim yazır: “Eşitdim ki, professor Rafiq Əliyev sizin universitetin kafedra rəhbəri vəzifəsindən azad edilib. Buna inanmaq çətindir. Professor Əliyev dünya miqyaslı alimdir. Qeyri-müəyyənlik şəraitində qərarların qəbulu ilə bağlı onun son işləri Tverski və Kanemanın iqtisadiyyat üzrə Nobel mükafatı aldıqları perspektiv nəzəriyyəsinin çərçivəsindən uzağa çıxır. Gözləyirəm ki, professor Əliyevin işi gələcəkdə Nobel mükafatına irəli sürüləcək”.

Sonra məktubda deyilir: “Başa düşürəm ki, professor Əliyevin işdən çıxarılması insan haqları ilə bağlı hakimiyyəti tənqid etməsi ilə əlaqədardır. Mən tez-tez müxtəlif texniki problemlərlə əlaqədar Əliyevlə telefonla danışıram. Diskussiyalar zamanı insan haqları məsələsinə heç vaxt toxunulmayıb. Hesab edirəm ki, o, büsbütün elmlə məşğuldur. Ümidvaram ki, o, öz vəzifəsinə bərpa olunacaq və Azərbaycanda elmin inkişafına yardımını davam etdirəcək.

Lütfi Zadə sonda qeyd edir: “Professor Əliyevin baxışlarından asılı olmayaraq, onun qəlbi Azərbaycanladır. Mənim üçün o, valeh olduğum bir şəxsdir”.

 

Gültəkin Hacıbəylinin cəsarəti

 

“Rafiq Əliyev işi” ziyalılıq və vicdan məsələsinə çevrildi. Bu prinsiplərdən çıxış edən tanınmış siyasi xadim Gültəkin Hacıbəyli son dərəcə möhtəşəm köşə yazısı ilə “ziyalı ovu”na qarşı çıxdı.

“Azərbaycanı dünyada tanıdan iki ən güclü alimimizdən biri olan (digəri Cəmil Həsənlidir-G.H.) Rafiq Əliyevi ADNA-da özü yaratdığı kafedranın rəhbərliyindən uzaqlaşdırıblar. Deyə bilərik ki, yel qayadan nə aparar?! Düzdür! Deyə bilərik ki, bu gün Rafiq Əliyevin ADNA-ya ehtiyacı yoxdur, ancaq ADNA-nın və bütövlükdə, Azərbaycan elminin və təhsilinin Rafiq Əliyevə ehtiyacı var! Əlbəttə ki, bu, belədir! Ancaq məni düşündürən başqa məqamdır: Niyə ziyalılar zorla dövlətdən narazı salınır? Kimdir ziyalıları aqressivləşdirmək istəyənlər? Kimdir ziyalıları zorla “inqilabçılıq” yoluna sürükləyənlər? Axı bu hadisə hakimiyyətə qarşı ən loyal adamları da silkələdi, narazı saldı. Bu, kimə lazımdır? Bu hadisədən sonra ziyalıların hakimiyyətə qarşı rəğbətinin artacağını düşünmək sadəlöhvlük olardı. Qorxacaqlarmı? Bəlkə də. Ancaq qorxaqların ən təhlükəli adam olduğunu hamımız bilirik axı! Axı etirazını qorxudan içinə gömsən də belə, bu etiraz enerjisi itmir, yox olmur, daha dərinə kök atır, qorxuya qarışıb mahiyyətini dəyişir və daha təhlükəli, daha destruktiv enerjiyə çevrilir. Eynilə, fizikada, enerjinin itməməsi qanununda olduğu kimi. Bunu anlamaq üçün nə Kapitsa, nə Saxarov, nə də Rafiq Əliyev olmağa ehtiyac yoxdur. Bunu anlamaq üçün, sadəcə, reallıq hissini itirməməlisən! Dünyanın və bölgəmizin indiki təlatümlü vaxtında bu, bizə lazımdırmı?”, -deyə yazar konkret mövqe qoyur.

 

Qarşıda görünən nur topası

 

Nə qədər ki, Azərbaycanda Rafiq Əliyev, Cəmil Həsənli, Rüstəm İbrahimbəyov, Gültəkin Hacıbəyli, Toğrul Cuvarlı, Rəhman Bədəlov, Vaqif Bayatlı, Əkrəm Əylisli, Ramiz Rövşən kimi ziyalılar mövcuddur, bu məmləkəti “Pavlik Morozovlar” ölkəsinə çevirmək mümkün olmayacaq. Qarşıda bir nur görünür. Bu, ziyalı nurudur. Qaranlıqları aydınladan bu nurun 2013-cü ildə daha gur işıq sacağına ümid bəsləmək gərəkir....

 

 

Azər RƏŞİDOĞLU

 

Bizim yol.- 2011.-16 noyabr.- S. 9.