«Qaradağ döyüşlərində qorxu hissini unutdum»
Bu
dəfə Qarabağ səhifələrini
başqa bir döyüşçü
xanımımızın xatirələrində yaşadıq
- Ağdam rayonundan məcburi
köçkün, Qarabağ
müharibəsi veteranı Rüstəmova Maya
Sabir qızı. O, Qarabağ
müharibəsindəki iştirakından, Xocalı
sıyqırımından canını qurtaranlara
göstərdiyi xidmətdən, polisdə üzləşdiyi
hörmətsizlikdən və şahidi olduğu digər hadisələrdən
söhbət açdı...
Bəy
nəslindən qadın döyüşçü
Özü haqda öncə bunları deyir:
“Ağdam rayonunun Qara Zeynallı kəndində yaşayırdıq.
Ünvanımızı da
xatırlayıram - İslam Hacıyev
küçəsi, ev 63. Ali
təhsil ala bilmədim. Lakin,
50 nömrəli Texniki Peşə Məktəbini
bitirdim. Ağdamın voleybol,
həndibol, basketbol komandalarının üzvüydüm. Həm də bir müddət bu
komandaların kapitanı olmuşam.
Keçirilən yarışların nəticəsinə uyğun olaraq fəxri fərmanlarım
da var. Məktəbdə
hərbi dərsdə atıcılıqdan dəfələrlə
yüksək nəticə göstərdiyim üçün
birinci yerə sahib oldum.
Biz Ağdamda yaxşı tanınmış Sultan bəylə İldırım bəyin
tayfasındanıq. Vətənpərvərlik bizim
qanımızdadır. Qarabğlılar musiqiyə
bağlı olurlar. Musiqi
təhsilim də var, Qarabağ
Bülbüllərində oxumuşam.
Qarabağlı kişilərində bir
xasiyyət var ki,
xanımın müğənni olmasına yaxşı
münasibət bəsləmirlər. Eləcə də, bizim ailəmizdə. Bunun
nəticəsidir ki, mən
tanınmış musiqiçi olmadım.
Üç qız övladım var - Günel, Aygün, Ayşən. Həyat yoldaşım olmuş Əvəz Kərmimov da
öz xalam oğludur”.
“Əsas
yük Ağdamın çiyninə düşdü”
Müharibə həyatı belə
başlayır: “Dağlıq Qarabağ
hadisələri başlayandan Ağdam burada cərəyan
edən hadisələrin mərkəzi olub.
Mövcud dövlətini qədim Azərbaycan
torpaqları üzərində qurmuş
Ermənistan Azərbaycanın yeni bir ərazisini - Dağlıq Qarabağı işğal etmək istəyirdi. Bu məqsədlə
ermənilərin 1988-ci ilin fevralından
başladıqları müharibəyə ilk
olaraq məhz Ağdam
rayonu cəlb olunub,
hadisələrin ilk günlərindən ən
böyük ağırlıqlar
Ağdamın və onun əhalisinin
üzərinə düşüb. 1988-ci ilin son aylarında Ermənistandan
- öz ata-baba
yurd-yuvalarından, daha sonra
Dağlıq Qarabağ Muxtar
Vilayətindən silah gücünə
didərgin salınan on minlərlə azərbaycanlı
məhz Ağdam rayonuna
pənah gətirdi.
1992-ci ilin əvvələrindən
müharibədə iştirak etməyə
başladım. Müharibənin dəhşətlərinə
dözə bilmirdim. Hər gün insan kütləsinin
faciəsindən danışılırdı, kəndlərin
yandırılmasından söhbət
açılırdı... Həmin ilin
fevralında Xocalı soyqırımından canını
qurtarıb Ağdama gələnlərə
kömək etməklə müharibəyə qoşuldum.
O demək deyil ki,
Xocalılara pul verirdim,
paltar verirdim. Lakin onların düşmən gülləsinə
tuş gəlməməsi, əsir
düşməməsi üçün
çalışırdım”.
“Prezident dedi ki, Ağdam
işğalda qalmayacaq...”
Müharibə yeni məcraya qədəm qoyur: “1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə
işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək
Dağlıq Qarabağın
ətraf rayonlarına
da hücum etdi. Xüsusən Ağdama olan
hücumların ardı-arası
kəsilmirdi. 1993-cü
ildə Ağdamın
müdafiəsi Surət
Hüseynovun Gəncədə
qaldırdığı qiyam
nəticəsində xeyli
zəifləmişdi. Ona tabe olan qüvvələr
cəbhədəki mövqeləri
qoyaraq, Bakıya doğru hücuma keçmişdilər. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə etdilər.
1993-cü ilin may ayının
11-dən etibarən qızışan
bu hücum əməliyyatları həmin
il iyul
ayının 23-də Ağdamın
süqutu ilə başa çatdı.
Ağdama edilən son hücumda 6 min erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər
və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda gedən döyüşlərin birində
bədnam erməni terrorçusu Monte Melkonyan
gənc azərbaycanlı
kəşfiyyatçı İbad
Hüseynov tərəfindən
öldürüldü. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər
Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 fazini işğal etməyə nail oldular. Ağdam uğrunda gedən döyüşlərdə 6 min azərbaycanlı şəhid
olub. 2010-cu ilin noyabr ayında
Dağlıq Qarabağ
separatçıları rayonun
adını erməniləşdirmək
məqsədi ilə Ağdamın adını
dəyişərək Akna
qoyublar. Onların verdiyi
məlumata görə
Ağdamın hazırda
işğal edilmiş
ərazilərində 360 nəfər
daimi məskunlaşıb.
Ağdam işğal olunan ərəfədə
evimizdən heç nə götürmədik. Buna səbəb
keçmiş dövlət
başçısı Heydər
Əliyevin televiziyadakı
çıxışı oldu.
O, demişdi ki, Ağdam işğalda qalmayacaq. Biz də
ona inanıb müvəqqəti rayonu tərk etdiyimizi düşündük. Övladlarımla Ağdamı tərk etdim, həyat yoldaşımsız. Çünki, o, kənddə deyildi. Atəş səsləri dayanan kimi kəndə qayıdırdıq, atışmalar
başlayanda yenidən
uşaqları kənddən
çıxardırdım. Hesab edirdim, elə indi də bu
fikirdəyəm ki, erməni kimdir axı, Ağdamı işğal etsin?! Ağdamlılar qoçaq, mərddir.
Qarabağ müharibəsinin ilk şəhidlərini məhz
Ağdam rayonu verib (Əli və Bəxtiyar). Bu
rayondan olan Azərbaycanın Milli Qəhrəmanları da az deyil: Şirin
Mirzəyev, Asif Məhərrəmov (Fred Asif),
Allahverdi Bağırov,
Yelman Edilov, Əlabbas İsgəndərov,
Faiq Ağayev, Muxtar Qasımov, Hidayət Rüstəmov, Baxşeyiş Paşayev, Natiq Əhmədov, Fazil Mehdiyev, İxtiyar Qasımov, Rövşən Hüseynov,
Canpolad Rzayev, Nadir Əliyev.
Gözü arxada qalıb...
“Hərbi forma geyinən qadınlardan biri mənəm. Vətəni sevmək üçün
kişi və qadın olmağın fərqi yoxdur. Hərbi hospitalda çalışmasam
da yaralılara tibb bacısı kimi kömək etmişəm. İkinci Qarabağ
müharibəsi başlayarsa,
könüllü olaraq
döyüş ərazisinə
yollanacam. Gözüm Ağdamda
qalıb. Mən hərbi
formanı özümü
göstərmək, reklam
üçün geyinməmişəm.
Hətta,
döyüşçülərlə birlikdə şəkil də çəkdirmişdim,
qardaşlarım bunu görəndə kiçik
mübahisəmiz oldu.
Və mən həmin şəkildə özüm
olan hissəni kəsib çıxardım,
ayrıca saxladım.
Lakin məcburi köçkün
kimi getdiyim ilk yer - Göyçay rayonunda həmin şəkili itirdim.
Müharibədən sonra hərbi
sahədə xidmət
etmək istədim, amma qəbul edən olmadı. Müharibə içtirakçısı olaraq
əlimə silah alan qadınlardan
biri mənəm. Lakin, düşmənə güllə
atmadım, çünki
səngərə getməyə
icazə verilmədi.
Bunu vermişdilər ki, özümüzü çətin
vəziyyətdə müdafiə
edə bilək”.
Düşməndən görmədiyini öz polisindən görür
Xocalı işğal olunandan
sonra Xocalı rayon
polis şöbəsi Ağdamda
yerləşib: “Mən
burada çalışmışam.
Lakin burada qalıb xidmət edə bilmədim. Buna səbəb isə qadın olaraq mənə arzuolunan münasibətin olmamasıydı.
Yəni,
Xocalının polis rəisi
Sadiq müəllimin qohumu mənə pislik etdi. Həmin anı indi də
xatırlayıram. Əlimdə silah var idi.
Gecə saatları idi, yataq otağına daxil olub, uzandım.
Üzərimdə polis forması var
idi. Silahı da kürəyimin
altına qoyub yatdım. Az
vaxt keçmədi ki, rəisin qohumunun göstərişi
ilə bir nəfər pəncərədən
otağa dail olmaq istədi. Bunu görən kimi cəld işığı
yandırdım və
silahı ona tuşladım. Onu öldürmək
istəyim yox idi, sadəcə qorxutdum. Həmin şəxs pəncərədən
geri qayıtdı, mən də bayıra çıxdım.
Həyətdə əyləşdiyim zaman rəisin qohumu mənə yaxınlaşıb qarşıma
siqaret qutusu atdı, elə bildi ki, siqaret
çəkəcəm. Ondan öz yerini
bilməyi tələb
etdim. Xocalıda qeyrətli oğlanlar
çox idi. Bu şəxs isə
məni özünə
tabe etmək istəyirdi. İdmançı olduğum üçün
hərbi forma mənə
yaraşırdı. O, yəqin düşünüb
ki, ağlımı alacaq... Elə həmin gecə
oranı tərk etdim. Təkbaşıma “KAMAZ”ı sürdüm.
Orada olan qeyrətli Xocalı oğlanlarına
bildirdim ki, bura mənim yerim deyil, mən
xidmətə gəlmişdim”.
Müharibənin ən dəhşətli anı
Qarabağ savaşında qorxunu
unutduğu üçün,
ona hər şey adi gəlirmiş:
“Yalnız qalibiyyəti
düşünürdüm... Müharibənin mənim üçün
ən təsirli anı 3 mərtəbəli
çörək fabrikinin
vurulması oldu.
3-4 dəfə qrad atdılar. 5 dəqiqənin içində
fabrikdən əsər-əlamət
belə, qalmadı.
Həmin
vaxt qaynanamı, yəni xalamı itirdim. O, mənim qollarım arasında, ağzında çörək
gözlərini yumdu.
Müharibənin getdiyi bir
zamanda həyat yoldaşımın spirtli
içki içməsi
mənə pis təsir edirdi. Qısqanclıq ucbatından həyat
yoldaşımdan ayrıldım.
Qarabağ müharibəsində iştirak etməyim onun ürəyincə deyildi. Kişi qəlbidir... Hər şeyə göz
yumdum, çünki gözüm baxa-baxa yaralıların köməksiz
qalmasına dözmədim.
Yoldaşım tez-tez Rusiyaya
gedirdi. Mən isə vətənimə
bağlı şəxsəm.
Bu qürur məndə
olub və indi də var. Mən bəzi kişilərdən qeyrətliyəm.
Qeyrətli kişilər
də az
deyildi. Döyüşçülərin arasında həyat
yoldaşı ilə birlikdə döyüşlərə
qatılanlar da varıydı.
Müharibədə mənim qazancım olmayıb, amma bəziləri guya nəysə qazanmaq üçün döyüş iştirakçısı
olduğumu deyirdilər. Bu, dedi-qodudur.
Mən namərd olardım ki, həyat yoldaşımın uşaqlarına
baxmazdım”.
Döyüşlərdən sonra...
Onun müharibədən sonrakı
həyatı da asan olmur: “Ağdam
işğal olunana qədər rayonda olmuşam. Müharibədə iki qızım
yaralandı, onlar qəlpə yarası alıblar. Qəlpə Ayşənin başına
girmişdi. Göyçay xəstəxanasında həkimlər
övladlarımı sağaltdılar.
Amma, mənim müharibə zamanı səhhətimdə
problemlər yarandı.
Hələ də onun ağrısnı çəkirəm.
Hazırda müvəqqəti olaraq Dövlət İdarəçilik Akademiyasının
1 saylı yataqxanasında
müvəqətti məskunlaşmışam. Bu durumda
belə, deyim ki, müharibədə iştirak etməyimə peşman deyiləm.
Xatırlatma
Ağdam - Azərbaycanın, hazırda
inzibati mərkəzi Ağdam şəhəri də daxil olmaqla,
ərazisinin böyük
bir hissəsi erməni işğalı
altında olan rayonu. İşğala görə Ağdamın
yalnız 10 kəndi Azərbaycanın nəzarəti
altındadır. 24 iyul
2011-ci ildə bu rayonun işğalından
18 il ötdü.
RAMİD
Bizim yol.- 2011.- 26 noyabr.- S. 11.