“Toydan sonra ərimlə
birlikdə müharibəyə getdim”
Bu xanım Qubada dünyaya gəlib,
orta məktəbi bitirib və bu rayonda da ailə həyatı
qurub. Lakin evliyindən dərhal sonra yeni həyat yolunu
seçməli olub. Həyat yoldaşı ilə bərabər
Ağdam istiqamətində gedən döyüşlərə
qatılıb... Və bu günə qədər də əsəb
sistemi pozuntusundan əziyyət çəkir.
Söhbət Qarabağ müharibəsi veteranı,
Ağdam hospitalında tibb bacısı olaraq xidmət
etmiş Gülnarə Cabbarovadan gedir. Qarabağla bağlı
mövzumuzun növbəti qəhrəmanı olan bu xanım döyüş
həyatı haqqında xatirələrini bizimlə
bölüşdü.
Gəncliyi döyüşdə
keçən xanım
Gəncliyi müharibə illərinə təsadüf
edir: “17 yaşım var idi, müharibənin
işartılarını eşidirdik. Bizim nəslin gəncliyini,
həyatını ermənilərin ərazi iddiası qara
günə saldı. Müharibə geniş vüsət
almamışdan öncə bəd xəbərlər
eşidirdik”.
Xatırladaq ki, 1988-ci ilin yanvar ayından etibarən,
SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan
ermənilər Ermənistan SSR-də yaşayan azərbaycanlıların
tarixi torpaqlarından kütləvi deportasiyasına
başlayırlar. Ermənistandan qovulan azərbaycanlıların
ilk dalğası 1988-ci il yanvarın 25-də Azərbaycana
yetişir. 1988-ci il fevralın 19-dan etibarən İrəvanda
kütləvi mitinqlər başlanır. Mitinq
iştirakçıları “Ermənistanı türklərdən
təmizləməli!”, “Ermənistan yalnız ermənilər
üçündür!” kimi şüarlar irəli
sürürdülər. Mitinqlərin üçüncü
günü İrəvanda salamat qalmış yeganə məscid
binası (XX əsrin əvvəllərində şəhərdə
8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi,
habelə C.Cabbarlı adına İrəvan Azərbaycanlı
Dram Teatrının ləvazimatı yandırıldı.
İrəvanda bu hadisələrə qarşı
etirazını bildirən azərbaycanlıların evlərinə
od vurdular. Erməni millətçiləri üçün
Ermənistanda ən münbit rayonlarda yaşayan 200 mindən
artıq azərbaycanlıları oradan çıxarmaq
Qarabağ məsələsini həll etmək qədər
vacib idi. Bu proses 1989-cu ildə başa
çatdırılır, həmin illər ərzində 220
mindən çox azərbaycanlı deportasiyaya məruz
qalır.
Qarabağ müharibəsi, əslində 1988-ci ildən
başlayaraq Ermənistan SSRİ-nin Azərbaycana qarşı
irəli sürdüyü ərazi iddialarına əsaslanan
Qarabağ münaqişəsinin davamı olub. Hərbi əməliyyatlar
1994-cü ilin may ayında Azərbaycan və Ermənistan
arasında imzalanmış atəşkəslə başa
çatdı. İxtilafın nəticəsində 30.000-ə
yaxın insan həlak oldu. Azərbaycanın Dağlıq
Qarabağ ərazisi və ətrafında yerləşən 7
inzibati rayonu Ermənistan silahlı qüvvələrinin
işğalına məruz qalıb.
1991-ci il sentyabr ayının 2-də erməni
separatçıları Azərbaycan Respublikasının
Dağlıq Qarabağ regionunda qeyri-qanuni olaraq
\"Dağlıq Qarabağ Respublikası\"nın
qurulmasını bəyan etdilər. Sentyabr ayının 23-də
Ermənistan və Azərbaycan prezidentlərinin Rusiyanın
Jeleznovodsk şəhərində Rusiya və Qazaxıstan
prezidentlərinin vasitəçiliyi ilə
görüşü keçirildi. Görüş zamanı
prezidentlər münaqişənin sülh yolu ilə həlli
barədə razılığa gəldilər. Əldə
olunmuş razılaşmaya baxmayaraq, erməni hərbi birləşmələri
Xocavənd və Hadrut rayonları ərazisində azərbaycanlı
əhaliyə qarşı kütləvi hücumlara
başladılar. Nəticədə bu rayonların azərbaycanlılar
yaşayan kəndlərinin əksəriyyəti işğal
olundu, azərbaycanlı əhali isə güclə öz
torpaqlarını tərk etmək məcburiyyəti
qarşısında qaldı.
Bərabər döyüşə!
Həyat hekayəsinə davam edir: “1971-ci ildə Quba
rayonunda dünyaya göz açdım. Həyat
yoldaşımla birlikdə müharibə
iştirakçısı olmuşam, hər ikimiz də əlilik.
Döyüşlərə öncə həyat yoldaşım
- müddətdən artıq hərbi xidmətçi olan Kərim
Cabbarov gedib. O, müharibəyə 1991-ci ildə yollanıb. Rəsmi
sənədlərdə 1992-ci il göstərilib. O, müharibə
gedə-gedə mənimlə ailə qurdu. Və mən də
onunla Ağdam istiqamətində gedən döyüşlərə
qatıldım. Söhbət 1992-ci ildən gedir.
İxtisasım tibb bacısıydı, Ağdamın
Yusifcanlı kəndində yerləşən hospitalda xidmətə
başladım.
O zaman “qantuziya” alanlardan biri də həyat
yoldaşım oldu. Müharibə getməsinə baxmayaraq “qantuziya”
aldığı üçün onu döyüş bölgəsindən
uzaqlaşdırdılar. O, isə müharibənin getdiyi bir
zamanda evdə oturmaq istəmirdi. Hərbi xidmətini davam
etdirməkdə israrlı idi. Bunun üçün müracət
etdi. Arxa cəbhədə, yəni Sumqayıtda olan hərbi
hissələrin birində xidmətə başladı. Mən
nə də “qantuziya” aldım, əsəb sistemim pozuldu. Buna
baxmayaraq biz əlillik üçün müvafiq dövlət
qurumuna müraciət etmədik...
Hər ikimiz Qarabağ veteranıyıq.
Yoldaşıma veteran olaraq verilən 30 manat müavinatı bu
il kəsiblər. Müavinət az olsa da, buna bizim
ehtiyacımız var. İndi üç övladım var. Vaxt
var idi, hər ikimiz müavinətimizi uzun illər Qarabağ
Yardım Fonduna köçürmüşük”.
Yaşanan dəhşətlər
“Mən müharibədə olanda döyüşlər
Ağdamda Yusifcanlı kəndi istiqmətində gedirdi. Ermənilər
bu rayonun Qarakəndində yerləşmişdilər. Mən
də Yusifcanlıda yerləşən hospitalda tibb
bacısı olaraq yaralılara kömək edirdim. Lakin biz tibb
bacılarının xidməti bununla bitmirdi, başqa işlər
də görürdük. Hansı ki, əlavə işlər
bizə tapşırılmırdı, öz içimizdən
gəlirdi. Vətənə xidməti yüksək vəzifə
sanırdıq.
Müharibədə mənə ən çox təsir
edən yaralı gənclərimizin, cavanlarımızın həyatını
xilas edə bilməməyimiz oldu. Düşmən
könüllülərimizin, hərbçilərimizin elə
bədən orqanından vururdular ki, onun yaşaması tibbdən
asılı deyildi. İnsan həyatının
gözünün qarşısında sönməsi çox
ağır gəlir insana. Can verən igidlərimiz son anda belə,
dünyaya gözlərini bağlamaq istəmirdilər, onlarda
həyat, yaşamaq ümidi var idi. Şəhidlərimiz, əlillərimiz
torpağın və xalqın azad olması üçün
can qoydular”.
Müharibə, qadın və ...
“Heç bir döyüş ağır itkisiz,
yaralısız olmurdu. Atışma zamanı yanıma qrad mərmizi
düşdü. Bunun təsirini həmin an hiss etmədim.
Lakin nəticədə “qantuziya” aldım. 1992-ci ilin mayında
Qarabağa getdim, bir il sonra döyüş bölgəsindən
çıxdım. Və Bakıya gəldim. Gəlşimin səbəbi
hərbi xidmətə yararsız olmağım idi.
Mənim 3 övladım var, onlarla davrana
bilmirəm. Eləcə də həyat
yoldaşım. Səbəb müharibədə
əsəb sistemimizin
pozulmasıdır. Sözü bir
dəfə deyirəm,
ikinci dəfə deyəndə artıq əsəbləşirəm. Müharibə bitdi, lakin
biz döyüşçülərə psixoloji-tibbi yardım olmadı. Həyat yoldaşımın veteran müavinətı kəsildiyi
üçün Hərbi
Komissarlığa gedib,
şikayətimi bildirirəm.
Orada mənimlə elə davranırlar ki, elə bil, mən
dəliyəm, xəstəyəm.
Biz döyüşçülərə
dəli gözündə
baxırlar. Başlarından edirlər. Artıq biz döyüşçülərə
münasibət getdikcə
daha da pisləşir.
Təəssüflər olsun
ki, səhhətimizdəki
problemin müharibədə
yarandığını anlamırlar...
Bütün bu arzuolunmaz
münasibətlərə baxmayaraq
yenidən müharibə
başlayarsa, mən döyüşlərə qatılmağa
hazıram. Çünki, o çətinliyi görümüşəm, müharibənin
nə olduğunu bilirəm. Gənclərimizin önündə gedəcəm. İstəməzdim ki, yenə də
gənclərimiz düşmən
gülləsinə tuş
gəlib həyatları
ilə vidalaşsınlar,
əlil olsunlar, əsir düşsünlər,
girov götürülsünlər.
Gəncələrə qıymıram. Sülh danışıqları ilə
ərazi bütövlüyümüzün
təmin olunmasını
arzulayıram”.
Qan içində sevgi
“Övladımın
3-ü də atəşkəs
elan olunandan sonra dünyaya göz açıblar. Müharibə illərində yeni
ailə qurmuşduq və 1 ilə yaxın da orada
olduq. Lakin dünyaya uşaq
gətirməyi planlaşdırmadıq.
Ona görə ki, müharibə ola-ola bunu istəmirdik. Biz yalnız torpaqların
azadlığını istəyirdik,
vətəni düşünürdük.
Bunlara baxmayaraq, qan içində sevmək olur və sevirdik də...
Qarabağ müharibəsində
mən gözləmədiyim
hadisələrin şahidi
olmuşam. Bunları heç zaman
yuxuda görməmişəm.
Əsirlikdən, girovluqdan azad
olan insanların başına gətirilən
vəhşiliyi, işgəncəni
görəndə tüklərim
biz-biz dururdu. Şahidi olduğum
bir hadisə hələ də gözümün önündədir.
Bu hadisə “28 may” metrostansiyasının yaxınlığında
oldu. Ağdamdan Bakıya qatarla
gəlirdik. Metrostansiyanın yaxınlığında bir
uşaq atasından dondurma istədi. Atası onu qucaqlayaraq ağladı. Hamı onların
yanına toplaşıb
nə baş verdiyi ilə maraqlandılar. Uşağın anasının həyatına
düşmən gülləsi
son qoymuşdu. Nənə də
həmin vaxt şəhid olib. Ağdam işğal olunanda bu ailə canını
yağı düşməndən
quratra bilməyib.
Ailə evə atılan düşmən topunun nəticəsində məhv
olmuşdu. Ata yalnız uşağının
həyatını xilas
edə bilib və rayonu tərk edib. Bunlar küçədə qalmışdı.
Polisə zəng olundu,
asayiş keçikçiləri
onları yataqxanada otaqla təmin etdilər”.
Uşağını qoyub qaçan analar
“Müharibədə qadınlara münasibət
arzuolunan idi. Qadir Bağırovun batalyonunda
xidmət edirdik, burada bizə hörmət edirdilər.
Köməyimizi bir-birimizdən səirgəmirdik.
Bir sözlə müharibə
illərində qadınlara
hörmət əvəzolunmaz
idi. Burada hamı ailə
idi, bir-birimizə bacı-qardaş deyirdik.
Elə indi də sağları
ilə görüşəndə
bacı və qardaş olaraq bir-birimizə müraciət
edirik.
Yusifcanlı kəndi istiqamətində döyüş
gedirdi. Döyüşün tarixini unutmuşam,
artıq bu kənd işğal olunma ərəfəsindəydi.
Görün vəziyyət necə
ağır idi ki, bəzi qadınlar
öz canını güc-bəla ilə qurtarmışdı, uşaqlar
isə evlərdə qalmışdı. Biz kəndlərə daxil olub qadınları, uşaqları, qocaları
kənddən çıxardırdıq
ki, düşmən gülləsinin hədəfi
olmasınlar. Sakinləri evlərindən
çıxardıb Yusufcanlıdan
keçən Qarqan çayının yanına
yığırdıq. Heç olmazsa təhlükədən uzaq
olsunlar deyə...”.
RAMİD
Bizim yol.- 2011.- 26 noyabr.- S. 5.