20
Yanvarın qəhrəmanı Azərbaycan xalqıdır
Çapay
Sultanov: “20 Yanvarla bağlı yaradılan komissiya faktiki olaraq
cinayəti ört-basdır etdi”
“O zaman bir çoxları gizlənəndə
Ali Sovetin sədri Elmira Qafarova kişi kimi hərəkət
etdi”
- Birinci katib Əbdürrəhman Vəzirov bir
neçə il əvvəlki müsahibələrində
bildirmişdi ki, o, yanvarın 18-dən sonra nələrin
baş verdiyini bilməyib, çünki özündə
olmayıb. Doğrudanmı, mərkəz respublika rəhbərliyini
prosesdən kənarlaşdırmaq üçün birinci
katibi bu vəziyyətə salıb?
- Vəzirov deyəndə ki, onun xəbəri
olmayıb, bu, onun bütünlüklə sovet adamı
olduğunu göstərir. O mənada ki, Vəzirov
partiyasız yaşamağı təsəvvür edə bilməzdi.
Çünki bu adam komsomol tərbiyəsi
görmüşdü və çox populist idi. Hələ
keçmiş Kirovabadın birinci katibi olanda, o, sənaye ilə
yox, populizmlə məşğul olurdu. Məsələn,
artistləri, müğənniləri şəhərə
aparıb tədbirlər keçirməklə vəzifəsini
yerinə yetirmiş hesab edirdi. O, ağlına da gətirməzdi
ki, SSRİ-də bu cür hadisələr baş versin.
Çünki onun tərbiyəsi elə qurulmuşdu ki, bu
cür analizlər apara da bilməzdi. Bilirsiniz, diferensial bərabərliyi
başa düşmək üçün gərək ədəbiyyatçı
olasan.
- “İmperiyanın sonuncu zərbəsi”
kitabınızdan məlum olur ki, Azərbaycan Mərkəzi
Komitəsinin katibi Rauf Axundov ordunun Bakıya daxil olması xəbərini
saat 23.30-da “Amerikanın Səsi” radiosundan eşidib. Və bu
barədə Nazirlər Kabinetinin sədri Ayaz Mütəllibova,
Həsən Həsənova məlumat verəndə “bu, ola bilməz”
cavabını eşidir. Yəni doğrudanmı respublika rəhbərləri
SSRİ ordusunun paytaxtda daxil olmasından xəbərsiz
imişlər?
- Bax, bu, onu təsdiqləyir ki, o zaman heç kim
situasiyaya nəzarət etmirdi. Respublikada heç kim nə
baş verdiyini anlamırdı. Ordunun Bakıya daxil
olmasını bilmək üçün mütləq hadisələri
proqnozlaşdıran hesablamalar aparmaq lazım idi. Heç
SSRİ rəhbərliyində də bu prosesləri dərinliyi
ilə bilən yox idi. Vaxtilə faşistlər Moskvaya
yaxınlaşanda çoxlu passiv şüarlar var idi. Amma
bütün Moskva bir şüardan danışırdı ki,
onu da sadə bir mühəndis səsləndirmişdi.
Şüar belə idi: hücuma başlamaq üçün
kimsə bütün yükü üzərinə
götürüb birinci ayağa qalxsın. Azərbaycan
hakimiyyətində və müxalifətində siyasi iradə
çatmadı ki, xalqın önündə birinci getsin. 20
Yanvarda elə Azərbaycan xalqının özü ayağa
qalxıb ordunun qarşısında dayanmışdı. Hansı
ki, həmin qəhrəmanlar bu gün Şəhidlər
Xiyabanındadırlar. Ona
görə 20 Yanvarın qəhrəmanı xalqın
özüdür, vəssalam!
- Bakıya ordu yeritmək əməliyyatı “Zərbə”
kodu ilə şifrələnib. Bu əməliyyatı SSRİ
DTK-sı, Müdafiə Nazirliyi və DİN-i
hazırlamışdı. Maraqlı idi ki, nazir Bakatin Qriqoriev
soyadı ilə paytaxtda hərəkət edib əmrlər
verirdi. SSRİ kimi ölkənin daxili işlər nazirinin
soyadının dəyişməsinə bu qədərmi
ehtiyac vardımı?
- Bu, qorxudan doğan bir addım deyildi. Sadəcə, belə
əməliyyatlarda o cür addımlar atılır. İkinci
dünya müharibəsində Jukov İvanov soyadı ilə
bir sıra əməliyyatlar keçirib və bu, o deməkdir
ki, onlar hərbi əməliyyatda olmayıblar. Məsələ
ondadır ki, Vilnüs və Tiflisdən fərqli olaraq
Bakıda lokal əməliyyat keçirilməyib.
Bakıda şəhəri ələ
keçirmək üçün əsl hərbi əməliyyat
hazırlanıb, bu əməliyyat nəticəsində şəhərin
komendantı da təyin olunub. İkinci sualın cavabında bu
əməliyyatın necə böyük miqyasda olduğunu
açıqladım. Vilnüs və Tiflisdə isə mitinqləri
dağıtmaq üçün ordu yeridilib, vəssalam! Amma məni
düzgün başa düşün, bunlar da faciədir,
çünki günahsız insanlar öldürülüb.
Siz bilirsinizmi, Bakıya daxil olan ordu işğalçı
kimi daxil olmuşdu?! Gəlin faktlara baxaq, paytaxtın hərbi
komendantı general-mayor Dubinyak, onun müavinləri generallar
Solodkov, Krilyuk, ştab rəisi Sabusov və hər rayonun
öz komendantı var idi. Hətta Binə hava limanının
da. Bu münasibət Tiflisə və Vilnüsə
olmamışdı. Azərbaycana münasibətdə
başqa bir müqayisə, 1953-cü ilin 17 iyununda Berlin hadisələrində
sovet ordusunun müdaxiləsi nəticəsində 35-70
arası insan öldürülmüşdü. Yaxud
Çexoslavakiya hadisələrində 80 nəfər
öldürülmüş, 722 adam isə
yaralanmışdı. Bakı əməliyyatı isə daha
qanlı və qəddarlığı ilə seçilirdi,
misal kimi ölənlərin sayının dəfələrlə
çox olduğunu göstərmək olar. 20 Yanvara bir
neçə gün qalmış, “İzvestiya” qəzeti 17
yanvar sayında Ermənistandakı hadisələrlə
bağlı yazırdı: “Respublikada vəziyyət çox
ağırdır. Sutka ərzində dövlət obyektlərinə
16 silahlı hücum olub. Məqsəd birdir - silah əldə
etmək”. 31 yanvarda qəzet yazırdı ki, Cənubi Qafqaz
respublikalarında 5906 müxtəlif silah oğurlanıb ki,
bunun 5742-si Ermənistanın payına düşür. Amma mərkəz
susqunluq nümayiş etdirirdi. Bu cür misalları onlarla
xatırlamaq olar, mən elə bilirəm ki, bunlar bəsdir. Yəqin
oxucu nəyi nəzərdə tutduğumu anlayar.
- 20 yanvar faciəsini əhatə
edən kitabınız “İmperiyanın sonuncu zərbəsi”
adlanır. Hesab edirsiniz ki, 20 Yanvar faciəsi həm də sovet
imperiyasına son zərbə oldu.
- Mən iddia etmirəm ki, bu hadisə ilə də
imperiya dağıldı. Mən sadəcə imperiyanın
sonuncu zərbəsindən danışıram ki, bundan sonra
hamı imperiyanın çökdüyünü
gördü. Yəni hamı Moskva ilə, Qorbaçovla
işləməyin mümkünsüzlüyünü dərk
etdi. Necə ki, Heydər Əliyev demişdi: “Qorbaçov
SSRİ-ni saxlamaq istəyirdi, amma elə alındı ki,
ölkə dağıldı”.
- Bəs 20 yanvardan sonra Qorbaçov ona müxalif olan
komandanı dəyişə bildimi?
- 20 yanvardan sonra situasiya tamamilə dəyişdi,
hamı başa düşdü ki, Moskva əvvəlki Moskva
deyil. Hər bir kəs öz problemini özü həll etməlidir.
Qorbaçovun reytinqi isə 7 faizdən 2 faizə
düşdü.
- 20 Yanvar faciəsi respublika daxilində siyasi situasiyaya
hansı təsiri göstərdi?
- Həmin dəhşətli günlər göstərdi
ki, qanlı 20 Yanvarın siyasətçiləri kimlərdir.
SİTA xəbər verirdi ki, yanvarın 20-də Azərbaycan
Kommunist Partiyasının Mərkəzi Komitəsinin Büro
yığıncağı keçirildi. İclasda mövcud
durum müzakirə olundu, Büro ölənlərə
baş sağlığı verdi və 3 günlük matəm
elan etdi. Daha sonra Ayaz Mütəllibovun birinci katib,
Polyaniçkonun isə ikinci katib təyinatı qəbul edildi.
Təsəvvür edin ki, iclasda Moskvanın hərəkətlərini
pisləyən bir kəlmə də danışılmadı.
Amma Vilnüs və Tiflis hadisələrində bu
respublikaların Kommunist partiyalarının bəyanatını
oxuyub Azərbaycan Mərkəzi Komitəsinin Bürosunun
yığıncağına baxanda dəhşətə gəlməyə
bilmirsən. Bu toplantıdan sonra aydın oldu ki, Bakıda
kommunizmə nöqtə qoyuldu. Ancaq faciəvi günlərdə
bir sıra şəxslər vardı ki, onların cəsarətli
hərəkətlərini qeyd etmək lazımdır. Məsələn,
sabiq prezident Heydər Əliyev və keçmiş dövlət
katibi Lalə Şövkət Hacıyeva yanvarın 21-də
Azərbaycan nümayəndəliyinə gələrək
ordunun Bakıya yeridilməsini Konstitusiyanın pozulması kimi
qiymətləndirdilər və əsas günahkar kimi
Qorbaçovu hesab etdilər. Eyni zamanda, Heydər Əliyevin
“Vaşinqton Post” qəzetinin əməkdaşı Devid Remnikə
müsahibəsini xatırlamaq yetər. Daha sonra o zaman bir
çoxları gizlənəndə Ali Sovetin sədri Elmira
Qafarova kişi kimi hərəkət etdi. Xanım Qafarova faciəvi
günləri əks etdirən kaseti öz çantasında
Moskvaya apararaq yaydı. Bundan əlavə Mirzə Xəzərin,
Bəxtiyar Vahabzadənin Azadlıq Radiosundakı
çıxışları ağır gündə olan Azərbaycan
xalqına güc verdi. Bu sırada yüzlərlə həkimlərin,
operatorların sovet əsgərinin gülləsi altında cəsarətli
hərəkətlərini bizlər unutmamalıyıq. Konkret
olaraq, tanınmış kinorejissor Vasif Babayev və həmkarlarının
qarşılaşdıqları qəddarlıq tariximizin səhifələrinə
yazılmalıdır. Ən əsas məsələlərdən
biri, şəhidlərin dəfni zamanı hökumətdən
bir nəfər də yox idi. Bu mənada təşkilatçılığı
Allahşükür Paşazadə öz üzərinə
götürmüşdü. Bu cür nümunələr
yüzlərlə göstərmək olar ki, bunlar
bütövlükdə Azərbaycan xalqının qəhrəmanlığını
xarakterizə edir.
- Çapay müəllim,
bəs 20 Yanvarla bağlı yaradılan komissiya öz
işinin öhdəsindən gələ bildimi?
- Tanınmış akademikin rəhbərliyi ilə
yaradılan komissiya faktiki olaraq 20 Yanvar cinayətini
ört-basdır etdi. Bununla da faciəyə nə ittifaq, nə
də beynəlxalq səviyyədə diqqət yarada bildilər.
İlk üç ildə komissiya ciddi bir sənəd
ortalığa çıxarda bilmədi. Tanınmış bəstəkar,
komissiya üzvü Arif Məlikov o zaman deyirdi ki, əgər
komissiya həqiqətləri dünya səviyyəsinə
çıxarda bilsəydi bunun nəticəsində ittiham
aktı əldə etmək olardı. Konkret olaraq bu faciənin
baş verməsini kim əmr edib və qanlı aksiyanı kim
həyata keçirib. Gərək komissiyaya yalnız Azərbaycan
deputatları yox, SSRİ Ali Sovetinin deputatları, başqa
respublikaların, ölkələrin müstəqil
hüquqşünasları cəlb olunardı ki, bu təsis
olunma SSRİ Ali Sovetinin eqidası altında olsun. Bəstəkar
bu barədə bir sıra deputatlarla söhbət edəndə,
onunla razılaşıblar. Ancaq respublika rəhbərliyi onun
təklifinin əleyhinə olub və heç kim onu dəstəkləməyib.
Bax, hansı ki, Arif Məlikov təklif etmişdi,
gürcülər bu yolla Tiflis hadisələrinin
araşdırılmasına nail oldu və təsis etdikləri
komissiyaya Sank-Peterburqun meri Anatoliy Sobçakı sədr
seçdilər. Onun Tiflis hadisələrini kişi kimi və
güzəştsiz araşdırması nəticəsində
Sobçak həm Tiflisin fəxri vətəndaşı oldu,
həm onun adına küçə qoydular, həm də heykəlini.
Təəssüf ki, hökumətyönlü deputatlar,
politoloqlar, jurnalistlər 20 Yanvar faciəsinə görə
günahkarları daxildə axtarırlar. Eyni yanaşma
Xocalı soyqırımı ilə bağlı da sərgilənir.
Heç təsəvvür edərsinizmi ki, ermənilər
1915-ci il hadisələrinə görə günahkarları
öz aralarında axtarsınlar. Erməni saytlarında bu barədə
olan məqalələrdə “vəhşi türklərdən”
danışılır. Mənə elə gəlir ki, hər
şey aydındır, bundan artığını söyləməyə
ehtiyac yoxdur. Ancaq biz 20 yanvar şəhidlərinin ruhunu şad
etmək üçün hələ çox iş görməliyik.
Çünki bu günkü müstəqil Azərbaycana
görə şəhidlərə minnətdarıq. Kimin nə
deməsindən asılı olmayaraq 20 Yanvarın qəhrəmanı
ayrı-ayrı şəxslər yox, Azərbaycan
xalqıdır. Ona görə ki, həmin dəhşətli
günlərdə meydanda xalqın əzəməti
göründü. Bu əzəmət, şəhidlik
olmasaydı imperiyanın əsarətində olan başqa
xalqlar da qan çanağında boğulacaqdı. Allah şəhidlərə
rəhmət etsin, ruhları şad olsun!
Natiq CAVADLI
Bizim yol.-2011.- 18 yanvar.- S. 7.