Onluğa
düşən əsərlərin hamısını
oxumamışam»
Nigar
Köçərli: «Hökumət layihəyə dəstək
verilməlidir, amma maliyyə şəklində yox»
“Əli və Nino” Nəşriyyat
Evinin direktoru Nigar Köçərli ilə söhbətimizdə
Milli Kitab Mükafatı müsabiqəsi ətrafında gedən
diskusiyalar, ona yönəlik tənqidlər barədə
söhbət etdik. Nigar xanımdan siyasi məsələlərə
də münasibət öyrənmək istədik, amma israrla
suallırımza cavab vermədi. Bildirdi ki, onun işi ədəbiyyata
dəstək verməkdir. Nigar Köçərli ilə
müsahibəni təqldim edirik.
-
Nigar xanım, öyrəndik ki, bu arada 100-dən artıq əsər
Milli Kitab Mükafatı müsabiqəsinə (MKM) təqdim
olunub. Prosesin
gedişini müsbət saymaq olarmı?
-
Əlbəttə ki, indiyə qədər 112 əsərin qəbul
olunması ölkə üçün yaxşı əlamətdir.
Əsərlərin
99 faizi ötən il yazılıb. Bu o deməkdir ki, bir ildə
112 əsər yazılıb. Hesab edirəm ki, bu çox
yaxşıdır. Bizim məqsədimiz
yazıçıları ruhlandırmaqdır,
yazıçılarda stimul yaransın, yazıçı peşəsi
yenidən dəbə düşsün. Bu cür layihələrlə
məqsədə nail olmaq mümkündür.
- Təqdim edilən əsərləri
oxuyursunuzmu?
-
Ötən ilki müsabiqədə “10-luğa” düşən
əsərlərin hamısını sona qədər
oxumamışam. Amma
hər bir kitabda söhbətin nədən getdiyini bilirəm.
Təqdim edilən kitabların hamısını oxumağa isə
zaman lazımdır, təsəvvür edin ki, ötən il
260-dan çox, bu il isə 112 əsər təqdim edilib.
Bunların hamısını oxumağa vaxt yoxdur.
- Ədalətli seçim
olacağına əminsinizmi?
-
Əlbəttə bizim əsas məqsədimiz obyektiv və ədalətli
olmaqdır. Bu il müsabiqədə
dəyişiklik etdik. Ümumiyyətlə, mən hər bir
işdə davamlı yeniliyin olmasının tərəfdarıyam.
Bu il Münsiflər Heyətində dəyişikliklər
etdik, ötən il 12 üzv var idisə, bu il 6 nəfər də
artırıldı. Yeni üzvlər cəmiyyətdə
tanınmışlardandır, onlar professorlar Rafiq Əliyev, Cəmil
Həsənli, Niyazi Mehdi, naşir Şahbaz Xuduoğlu,
telerejissor Mehriban Ələkbərzadə, kinorejissor Ayaz
Salayevdir. O cümlədən Ekspertlər Şurasında dəyişiklik
oldu, bu il onların sayı 6 nəfərdir. Ötən ildən
fərqli olaraq, Ekspertlər Şurasının üzvlərinin
adını açıqladıq.
Əminəm ki, ekspertlərin seçimi ədalətli
olacaq.
-Nigar
xanım, bir oxucu kimi bədii əsərdə hansı dəyərləri
və keyfiyyətləri qiymətləndirirsiniz?
-
Söhbət şəxsən məndən gedirsə, əlbəttə
yaxşı əsərləri qiymətləndirirəm. Amma sualın konkret
cavabını vermək çox çətindir,
çünki mən əsəri oxuyanda onun dəyərini və
keyfiyyətini əsas tuturam. Ən sevimli yazıçım
Umberto Ekodur. Onu isə hansısa kriteriyalar çərçivəsinə
salmaq mümkün deyil, sadəcə dahidir. Çünki onun
ideyaları düşündürücüdür.
- Məsələn, hansı
ideyaları?
-
Ən azı oxuyanda düşünürsən ki, bu əsər
səni özünə çəkir və sən müəllifin,
qəhrəmanların həyatını yaşayırsan. Onun
hər bir kitab ayrı kainatdır və iki-üç gün
oxuyanda real həyata qayıtmaq çətin olur.
-
Ümumiyyətlə, Siz yazıçının şəxsiyyəti
haqda nə deyərdiniz? Yazıçının ölkəsində
baş verən ictimai bəlalar haqqında susması, hakimiyyəti
tərifləməsi lənətə layiqdirmi?
Yazıçı Folkner öz Nobel nitqində demişdi ki,
yazıçı haqsızlığa susursa, o lənətə
layiqdir. Bu münasibət doğrudurmu?
-
Yaxşı fikirdir. Ümumiyyətlə, bizim cəmiyyətdə
əsl ziyalılara, böyük ictimai çəkisi olan
insanlara ehtiyac var. Həqiqətən onların sözü
eşidilməlidir, meydana çıxsınlar, televiziyada
danışsınlar. Bizdə ziyalılar var, amma onların
sözləri eşidilmir. Mən yeni nəslin ortalığa
çıxacağını gözləyirəm ki, onlarda
danışanda müdrik, ağıllı olduğunu hiss edəsən.
Ümumiyyətlə, ziyalıların yeri bizim cəmiyyətimizdə
daha böyük olmalıdır.
-
Bəs onların necə və nəyi danışması Sizi
maraqlandırırmı, yəni ictimai bəlalara etiraz etməlidirlərmi?
- Əlbəttə, etməlidirlər.
Məncə, hər bir yazıçıda və onun əsərində
mütləq bir etiraz olmalıdır. Yalnız çiçəklərdən
danışmaq olmaz. Bizə böyük yazıçılar
lazımdır ki, düşündüklərini desinlər,
qorxmasınlar, etiraz etsinlər, səmimi olsunlar. Cəmiyyətimizdəki problemləri qorxmadan desinlər.
-
Sizcə, hər hansı nüfuzlu yazıçı gənc
blogerlərin həbsinə susurdusa, bu, normal sayıla bilərmi?
- Əlbəttə, normal deyil. Hesab
edirəm ki, məlum həbslər haqqında hər kəs
fikirini bildirməli idi. Mən şəxsən dəfələrlə
bu barədə danışmışam və müraciətlərə
qoşulmuşam. Adnanı əvvəllər tanımasam da,
Eminlə tanışlığım olub və xoşbəxtəm
ki, onlar azad edildilər. Bu, mənim üçün bir bayram
idi və hər ikisi ilə görüşdüm. Çox
istərdim ki, Emin Milli özünü
yazıçılıqda sınasın, özü ilə də
bu barədə danışmışam. Yaxşı olardı
ki, həbsxanada gördüklərini qələmə
alsın. Onun belə bir kitabını çap etmək istərdim.
-
Ədəbiyyatla bağlı bir çox tədbirlər
keçirirsiniz, bəs nədən
həbsdəki jurnalistlərlə əlaqədar tədbir
keçirmədiniz? Axı onlardan biri PEN Klubun
üzvüdür, bəlkə ədəbiyyatla jurnalistika
yaxın sahələr deyil?
-
Bu günlərdə tanınmış jurnalist Parfyonov bildirdi
ki, o, siyasətçi yox, jurnalistdir. Ona görə də barrikadalarda
olmamalıdır. Siz məni səhv salırsınız, elə
düşünürsünüz ki, mən siyasətçiyəm.
Yəqin ki, bu, mənim ictimai addımlarımla
bağlıdır. Hər bir şəxs öz işini
görməlidir, bu, jurnalistə də, siyasətçiyə
də aiddir. Mən də iş adamıyam. Əlbəttə
ki, mənim də ədalətsizliyə qarşı
etirazım var. İndi mən işimi buraxıb gedib əlimə
şüar götürüb mitinq etməliyəm?
- Mən demək istəyirəm ki, həbsdəki
baş redaktor Fətullayev PEN Klubun üzvüdür, onunla
bağlı tədbir düzənləyə bilərsinizmi?
-
Mən nə PEN Klubun Azərbaycan nümayəndəliyinin sədriyəm,
nə də yazıçıyam. Mən iş adamıyam. Sadəcə,
ədəbiyyata maraq oyatmaq üçün bu işləri
görürəm, əlimdən gələni edirəm,
müsabiqə təşkil edirəm. “Ən yeni ədəbiyyat”
seriyasından olan kitabları, o cümlədən əsərin
məzmunundan və müəllifindən asılı olmadan
bütün kitablar bizim şəbəkə vasitəsi ilə
satılır. Siz nə təklif edirsiniz, deyirsiniz ki, Eynulla Fətullayevlə
bağlı mitinqə gedim?
-
Yox, mən tədbirdən danışdım, axı o, PEN
Klubun fəxri üzvüdür, Siz isə kitab biznesindəsiniz...
-
Əvvəla, mənim Eynullaya yanaşmam birmənalı deyil.
Əlbəttə
ki, onun həbsdə olması da yaxşı hal deyil.
Çünki mən hər hansı bir jurnalistin həbsdə
olmasını istəmirəm. Həm də bizdə heç
bir təşkilat tədbir keçirmir, mənim
üçün yazıçının özü
maraqlıdır.
-
Axı ədəbiyyat həyatla bağlı hadisədir...
- Tamamilə
razıyam. Amma ümumiyyətlə heç bir tədbir...
Ancaq bu yanlış təsəvvürdür, sovet vaxtından
qalıb. Yəni hər bir təşkilatdan uzaq olmaq
lazımdır.
-
Həm də hakimiyyətə xidmət etmək lazım deyil,
doğrumu?
-
Söhbət ədəbiyyatdan gedirsə, hakimiyyətdən və
müxalifətdən uzaq olmalısan. Çünki ədəbiyyat hər
şeydən üstündür. O mənada ki, hakimiyyətlər,
müxalifətlər dəyişsə də, ədəbiyyat
qalacaq. Misal üçün mənim PEN Klub, yaxud
Yazıçılar Birliyinə nə aidiyyatım ola bilər?!
-
Nigar xanım, bu günlərdə ölkə prezidenti
İlham Əliyev jurnalistlərin dostu seçildi. Sizcə, bu ədalətli
seçim idimi?
- Siz maraqlı suallar verirsiniz. Əvvəla,
mən bilmirəm ki, İlham Əliyev jurnalistlərlə nə
dərəcədə yaxşı dostdur. Çünki mən jurnalistlərin seçimi ilə
tanış deyiləm. Kim seçib, necə seçib, bilmirəm.
-
Baxın, MKM-ın mükafat verməsi də bir seçimdir,
düzdür?
-
Bəli.
-
Siz sonuncu parlament seçkilərində iştirak etmisinizmi?
- Əlbəttə ki, iştirak
etmişəm. Hətta deyə bilərəm kimə səs
vermişəm, Erkin Qədirliyə. Amma o, keçmədi, mən
çox təəssüfləndim.
-
Bəs prezident seçkilərində kimə səs vermisiniz?
-
Prezident seçkilərində iştirak etməmişəm.
Ümumiyyətlə, ilk dəfəydi ki, hansısa
seçkidə iştirak edirdim, o da 7 noyabr seçkiləri
idi.
-
Necə hesab edirsiniz, 7 noyabr seçkiləri də Sizin qaliblər
kimi demokratik və ədalətli yolla seçildimi? Sadəcə,
öz fikrinizi deyin.
-
Mənim üçün bu iki fərqli hadisənin eyniləşdirilməsi
və müqayisə edilməsi təəcüblüdür.
-
Hər ikisində seçim var...
-
Bir dəqiqə, mən Sizin qarşınıza çay və
kofe qoyub deyim ki, seçiminiz necədir, müqayisə edin?!
Bu, absurddur. Çünki biri siyasi seçki, o biri ədəbi
mükafatdır. Birini dövlət keçirir, digərini isə
tanınmış nüfüzlu insanların münsifliyi ilə
mən təşkil edirəm.
-
Məgər ədəbiyyat həyatdan ayrıdırmı?
-
Yenə sovet düşüncəsi ilə
yanaşırsınız?
-
O zaman Folkner də sovet düşüncəsi ilə
yanaşır?
-
Sizi dinləyərkən elə bil Az.TV-yə baxıram.
-
Əgər Folkner deyirsə ki, ictimai bəlalara susan
yazıçı lənətə layiqdirsə...
-
Natiq, Folkneri oxumusunuz?
-
Sovet dövründə buraxılan almanaxlarda bir neçə
hekayələrini oxumuşam...
-
Hansını, adını deyin!
-
Yadımda qalmayıb... Axı bunun mənim sualıma nə
aidiyyatı var, sualı ki, mən verirəm.
-
Mən də sual verirəm.
-
Mən onun sitatını xatırlatdım...
-
Hansı əsərindəndir?
-
Nobel nitqindəndir, Etibar Əliyevin nəşr etdirdiyi...
-
Nobel mükafatı nəyə görə verilib?
-
Bilmirəm.
-
Etibar Əliyevə böyük hörmətlə
yanaşıram, Sizə də arzu edirəm ki, kitabları bir
az oxuyun, mütailənizi genişləndirin. Kiminsə
kitabını kiminsə kitabından oxumayın, daha
yaxşı olar yazıçının özünü
oxuyasınız.
-
Anladım. Sualıma keçək, parlament seçkiləri
MKM seçkiləri kimi ədalətli oldumu?
-
Həqiqətən hesab edirsiniz ki, 7 noyabr seçkiləri
şəffaf və ədalətli keçirildi?
-
Mən verirəm sualı...
-
Bax, mən sualınıza gülürəm,
gözünüzü açıb baxın, yəni Siz hesab
edirsiniz ki, seçkilər ədalətli olub?
-
Mənə mövqeyiniz gərəkdir...
-
Mənim mövqeyim açıqdır və hər yerdə
deyirəm. Amma ən yaxşı kitab seçimi ilə siyasi
seçkiləri müqayisə etməyi doğru saymıram.
Siyasi seçkilərdə təşkilatçı hakimiyyətdir,
kitab seçkisində isə Münsiflər Heyəti var, vəssalam!
-
Anladım. Siz son vaxtlar naşir Xuduoğlu ilə
yazıçı Əli Əkbər arasında kitab
satışı ilə bağlı mübahisələri
oxuyursunuz?
-
Çox səviyyəsiz söhbətdir. Çünki
Şahbaz Xuduoğlu əvvəlcədən
yazıçı ilə razılaşma əldə edib sonra
kitabı buraxır. Bu gün “Qanun” çoxlu işlər
görür və aparıcı nəşriyyatdır, əgər
buna görə onu hədəfə alırlarsa,
anlaşılmazdır.
-
“Əli və Nino”da “Ən yeni ədəbiyyat” seriyasından
hansı əsər çox satılır?
-
Ümumiyyətlə, ötən il ən çox Qaraqanın
“A” romanı və onun digər kitabı çox
satıldı. Üçüncü yerdə “Əli və
Nino”. “Ən yeni ədəbiyyat”da Nərminin “Aç, mənəm”,
Pərvizin “Yad dildə” çox satılır.
-
Siz AYO-çuların MKM-nı boykot etməsini necə qiymətləndirirsiniz?
-
Hər bir tənqidə normal yanaşıram. Amma istərdim
ki, bildikləri məsələlərdən
danışsınlar, məsələn, qəzetinizdə Anar
Məmmədxanovun MH-nin üzvü olması haqqında fikir
deyilməsi anlaşılmazdır, belə şey yoxdur
axı. Çox gülməli ittihamlar səsləndirirlər,
heç olmasa saytımıza baxıb qaydaları öyrənsinlər
də.
-
Siz layihənizin hökumətin adı ilə bağlanması
fikirlərini necə qiymətləndirirsiniz?
-
Hər bir layihədə hökumətin dəstəyi
olmalıdır. Məsələn, Frankfurtda kitab sərgisinə
Almaniyanın baş nazir də qatılmışdı. MKM
müsabiqəsinə nazirlik heç bir maddi dəstək
vermir. Bəli, dəstək verilməlidir, amma maliyyə şəklində
yox.
-
Bəs iri şirkətlərin dəstəyini necə izah edərsiniz?
-
Niyə ki, olmasın, əgər normal layihə təqdim edirsənsə.
Ötən il “Azercell”ə müraciət etdim, 5-6 günə
cavab verdilər. Bu il “Bakcell” və “Unibank” dəstək verdi,
və mən bunu çox yüksək dəyərləndirirəm.
Azərbaycanda nüfuzlu şirkətlər Azərbaycan mədəniyyətinin
inkişafına öz töhvəsini verməlidirlər.
-
Şəxsən Siz “A” romanını mükafata layiq
görürsünüzmü?
-
Təşkilatçı kimi müsabiqənin obyektiv
olmasını istəmişəm. 265 əsərdən 245-i
ilkin mərhələyə keçməyəndə çox
tənqidlər oldu, sonradan 20-dən 10-a keçəndə də
tənqidlər var idi. Mən təşkilatçıyam,
niyyətim Azərbaycan ədəbiyyatına dəstək verməkdir.
Natiq CAVADLI
Bizim yol.- 2011.- 19 yanvar.- S. 11.