«Turizm ili»ndə turizm inkişaf edəcəkmi?

 

Nizami Cəfərov: «Bu, həmçinin Azərbaycanın dünyaya inteqrasiyası deməkdir»

 

Məlum olduğu kimi, bugünlərdə dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasda 2011-ci ilin «Turizm  ili» elan olunması qərara alınıb. Belə olan  halda, görəsən, parlamentin qarşıdan gələn yaz sessiyasında «Turizm ili» ilə bağlı hansı qanun layihələrinin hazırlanması, müzakirələrə çıxarılması nəzərdə tutulurmu?

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, əvvəla, turizm dünyanın həm maddi-maliyyə, həm də insan həyatının mənalılığı baxımından təkcə perspektivli yox, eyni zamanda, böyük əhəmiyyətli bir məsələsi, sahəsidir. N.Cəfərovun sözlərinə görə, gözümüzün qabağında Türkiyənin vaxtilə geri qalmış regionlarının turizm sayəsində qədər böyük inkişaf yolu keçməsi nümunəsi var. Komitə sədri qeyd edib ki, turizm həm ölkəyə, həm bölgəyə bütövlükdə gəlir gətirir, həm də insanlar özləri çox maraqlıdırlar ki, həyatlarını səmərəli keçirə bilsinlər: «İndi Azərbaycanın bu gün bu sahədə xüsusi bir mövqe qazanmağa çalışması cənab prezidentin bu barədə birinci dəfə deyil, dəfələrlə mövqe ortaya qoyması çox əhəmiyyətli bir hadisədir. Azərbaycanda bu yöndə çox böyük layihələr həyata keçirilib, çox işlər görülüb görülməkdədir. Eyni zamanda, əgər bu il «Turizm ili» kimi elan olunursa, bu, artıq həm də o deməkdir ki, biz buna hazırıqsözün həqiqi mənasında buna bir debüt ili kimi başlaya bilərik. Turizmin olması Azərbaycanın mədəniyyət abidələrinin bərpa olunması deməkdir ki, bu də artıq çoxdan başlayıb. Turizmin olması Azərbaycanın dünya üçün maraqlılığının artırılması deməkdir ki, bu da çoxdan start götürüb. Bu, həmçinin Azərbaycanın dünyaya inteqrasiyası deməkdir ki, bu da çoxdan başlayıb. Turizm ili» elan olunması Azərbaycanın bir turizm ölkəsi kimi böyük gəlirlər qazanmasında və dünyanın turistik panoramında görünməsində böyük cəhdlər ili olacaq».

 

 

Elmar

 

Bizim yol.- 2011.- 19 yanvar.- S. 13.