İçərişəhərdən
“Eurovision” qonaqlarına xəbər
Turistlər
üçün gəzinti arabaları,
audiobələdçilər, bölgə turları və milli sərgilər təşkil olunacaq
“Eurovision” ərəfəsində,
paytaxtın tarixi mərkəzi sayılan
İçərişəhərdə durum
necədir? Bu suala cavab tapmaq üçün
Nazirlər Kabineti yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinə yollandıq. Qoşa qala qapısından piyadalar
üçün giriş
pulsuzdur, avtomobillərin girişi
üçünsə 2 manat ödənilməlidir.
Bu ödəniş bir
saat üçün
nəzərdə tutulub. Bu
zamandan sonra hər saat üçün əlavə
bir manat da ödənilməlidir. İçəri tərəfdə
elektriklə işləyən gəzinti arabaları dayanıb
ki, bir nəfərin gəzintisi
2 manata başa gəlir.
Arabaların dayanacağında Məlumat Məntəqəsi də var.
Burada xidmət göstərən xanım
deyir ki, qonaqlara İçərişəhəri
tanımaq üçün məlumatlar verilir. Həmçinin, “Eurovision” ərəfəsində insanların
vaxtlarını xoş və səmərəli
keçirmələri üçün,
İçərişəhər və Qala
qoruqlarında mədəni-kütləvi tədbirlər təşkil
ediləcəyi, sərgilər keçiriləcəyi, Azərbaycanın
mədəniyyət və tarixinin
tanıdılması üçün
xarici dillərdə broşurlar,
kitabçalar paylanacağı bildirilir.
“Buradakı abidələr barədə
məlumat almaqda turistlərə audiobələdçilər
yardım edəcək. Çin
istehsalı olan audiobələdçilər
5 dildədir: Azərbaycan, ingilis, rus, fransız və türk.
Audiobələdçini müvəqqəti istifadə etmək
üçün
paytaxt sakinləri 3, turistlər isə
5 manat ödəməlidirlər. Bununla yanaşı ya
pasportlarını, ya da
sürücülük vəsiqələrini
Məlumat Məntəqəsinə təqdim
etməlidirlər. Audiobələdçini geri
qaytardıqdan sonra sənədlər
sahiblərinə qaytarılır”, - bələdçi
xanım deyir.
Bölgələrə
turlar
Həmsöhbətimiz
İçərişəhərdaxili və bölgələrə
turların təşkil olunacağını da
qeyd edir. Bölgələrə
olan birgünlük
turların maşrutları belədir:
Bakı-Şamaxı-Ağsu-Bakı.
Bu istiqamətdə turistlər Qobustan qaya rəsmləri,
“Diri Baba” piri, Şamaxıda İmadəddin Nəsimi
heykəli və digər tarixi abidələri
görə biləcəklər. Səfərin qiyməti
adamların sayına görə dəyişir - “Hyundai-Hİ” markalı avtobusla
1 nəfərin gəzintisi 400 manatdır. Adamların
sayı 2-7 nəfər arasında olarsa, əlavə
olaraq hər bir nəfərə
görə 20 manat, 9-15 nəfər olduqda hər bir nəfərə
görə 15 manat, 17-25 nəfər
arasında olarsa, əlavə olaraq hər nəfərə görə
yalnız 10 manat ödəniləcək.
Səfər saat 09.00 - 19.00 arası nəzərdə
tutulub.
Bakı-Şamaxı-Lahıc-Bak.
Bu istiqamətdə gəzinti
“Bakı-Şamaxı-Ağsu-Bakı” turu
ilə eynidir. Turistlər Lahıcın
görməli yerlərini gəzəcəklər. “Hyundai-Hİ” markalı avtobusla
səfər etmək istəyənlər 1 nəfər üçün 420 manat
ödəyəcək. Adam sayı
artıqca, əlavə ödənişlər birinci
istiqamətdə olduğu qaydada
artacaq. Səfər saat
09.00 - 20.00 arası nəzərdə tutulur.
Bakı-Şamaxı-Pirqulu-Bakı.
Burada da gəzinti
yuxarıdakı turlarla eynidir.
Nahardan sonra turistlərə
Pirqulunun görməli yerləri göstəriləcək.
1 nəfərin gəzintisi 380 manatdır. Adam
sayına müvafiq olaraq,
əlavə ödənişlər eynən yuxarıdakı qaydada artacaq. Səfər saat 09.00 - 20.00 arası nəzərdə tutulur.
Bakı-Şamaxı-Qəbələ-Bakı.
Bu istiqamətdə turistlər Qəbələnin
Vəndam kəndində yerləşən “Girva”
restoranında nahar edəcək, sonra
rayonun görməli yerlərini gəzəcəklər.
Bu istiqamətdə 1 nəfərin gəzintisi
440 manatdır. Əlavə ödənişlərsə
yuxarıdakı kimi artacaq.
Səfər saat 09.00 - 20.30 arası
planlaşdırılır.
Bakı-Quba-Bakı. Bu istiqamətdə qonaqlar
Şamaxını da görəcəklər,
nahar isə “Qırmızı” restoranda baş tutacaq. 1 nəfərin gəzintisi 380
manatdır. Adambaşı əlavə ödənişlər
yuxarıdakı formada təkrarlanır. Səfər
saat 09.00 - 19.30 arasıdır.
Çoban
papağı 20 manata
İçərişəhərin
Böyük Qala
küçəsində yol
qazıldığı üçün,
hazırda bu küçədə hərəkət
məhdudlaşdırılıb. Yerə düzülmüş
tarixi daş piltələr
çıxarılıb. Fəhlələrin sözlərinə
görə, kommunal xəttlər yeniləri
ilə əvəz edildiyi üçün
küçə qazılıb. Onlar hesab edirlər ki,
müsabiqəyə qədər küçəyə yeni daş piltələr
düzüləcək. Qeyd edək ki, Avropa Şurasının
Bakı ofisi də bu
küçədə yerləşir.
İçərişəhərdə
küçələr boyunca əl əməyi
olan məhsulların satışına rast gəldik. Diqqətimizi
çəkdiyindən, milli papaqların
qiymətləri ilə maraqlandıq. Öyrəndik ki, qoyun dərisindən
hazırlanan çoban papağının
qiyməti 20, bayrağımızın rəngində olan və üzərinə Azərbaycan
yazılan günlük papağın qiyməti
5, araxçının qiyməti isə 3 manatdır.
Ramid
İBRAHİMOV
Bizim yol.- 2012.- 28 aprel.- S. 13.