Dədəli Dədə Cəmil
Tanınmış ədib
və ictimai xadim Cəmil Əlibəyovun 85 illiyinə
Bu gün tanınmış yazışı, publisist və dramaturq Cəmil Əlibəyovun 85 yaşı tamam olur. Onun həyat tarixşəsi çox zəngindir. Cəmil Adil (Ədil) oğlu Əlibəyov 1927 -ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində anadan olub. Atası Ədil bəy üç yüz il əvvəl Dədəli oymağının başçısı Əli ağa Əlibəyov soy adının davamçısı idi. Sovet hakimiyyətindən əvvəl ata-baba mülkünü idarə edib. İyirminci illərin axırlarında mülkədar - bəy silkinə məxsus olanlar sıxışdırılarkən İrana gedib, bir neçə il sonra orada vəfat edib. Anası Ziba xanım Cəbrayıl qəzasının qazisi Mirzə Əli Axundzadənin ailəsindən olub. C.Əlibəyovun atası mühacirətə gedəndən sonra bir müddət ailə anasının və dayılarının himayəsində olub. Bir tərəfdən atasının sovet qurumunun sinfi düşməni, digər tərəfdən babasının ali ruhani silkinə məxsusluğu ilə əlaqədar maddi və mənəvi sıxıntılara məruz qalıb. C.Əlibəyov kəndlərindəki (müsadirə edilmiş evlərində yerləşən)məktəbdə təhsil almağa başlamış, lakin mühacirətdə olan atası İrandan göndərdiyi məktublar ona ünvanlandığından altı yaşında olan uşaq birinci sinifdən kənarlaşdırılmışdı. O, təhsilini bir müddət evdə dayılarından almış, sonradan doğma məktəbdə davam etdirmişdi.
1944-cü ildə ümumi hazırlıq səviyyəsi nəzərə alınaraq, təhsilini ali məktəbdə davam etdirmək üçün ona arayış verilib. Və 1944-cü ildə bilik səviyyəsi və ümumi qabliyyəti sınaq söhbətində yoxlanılaraq Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində yeni açılmış şərqşünaslıq şöbəsinə (İran bölməsi) qəbul edilib. Universitetdə beş il ərzində yüksək qiymətlərlə oxuyub. Fars, ərəb, ingilis dillərində xüsusi uğurları olsa da, Şərq tarixi ixtisasını seçmiş, tələbə elmi konfranslarında diqqəti çəkən referentlərlə çıxış edib, elmi tədqiqatları Moskva Ali Təhsil Nazirliyinin və Respublika Nazirliyinin mükafatlarına layiq görülüb.
C.Əlibəyov son kursu bitirməkdə olarkən - dövlət imtahanı ərəfəsində universitetdən xaric edilib. Buna səbəb o zaman bir neçəsi şərq fakültəsindən olan tələbələrin dövlət əlehinə fəaliyyətlərinin suçlanması olub. C. Əlibəyov 1949-cu ildə yaradıcılıq sınaq qaydası ilə "Azərbaycan gəncləri" qəzetinə işə götürülüb. Üç il sonra anonim məktub Moskva tərəfindən yoxlanılıb, o, ictimai keçmişi "ləkəli" olduğuna görə işdən kənarlaşdırılıb. Stalinin ölümündən dərhal sonra onu əvvəlki işinə bərpa ediblər. İyirmi il həmin qəzetdə ədəbi işçi, şöbə müdiri, məsul katib, son on iki ildə baş redaktor kimi fəaliyyət göstərib. Çalışdığı qəzet gənclərin sosial həyatını gerçəkliyə işıqlandırdığına görə gənc nəslin etimadını, sevgisini qazanıb. Onun işlədiyi dövrdə qəzetin tirajı 20 mindən 450 minə yüksəlib.
1970-ci ildə C.Əlibəyov daha məsul işə - dövlət vəzifəsinə irəli çəkilib. Azərbaycan Respublikası Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini təyin olunub, radioya başçılıq etməyə başlayıb. Həmin dövr radiosu öz verlişləri ilə xalqa, onun ənənəvi mənəvi dəyərlərinə, obrazlı -şirin dilinə daha da yaxınlaşmışdır (Xalq yaradıcılığı "Bulaq" verilişi otuz ildən artıqdır ki, efirdədir). Bu verilişə görə C. Əlibəyov Azərbaycan Jürnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb. 1974-cü ildə C.Əlibəyova daha məsul vəzifə tapşırılıb. O, on il ərzində "Azərbaycanfilm" kinostudiyasının direktoru işləyib. Bu müddətdə istehsal olunan filmlər say və keyfiyyətcə yüksək qiymətləndirilib, ümumittifaq, beynəlxalq və respublika mükafatlarına layiq görülüb. "Dədə Qorqud", "Babək", "Dərviş Parisi partladır", "Tütək səsi", "İstintaq", "Ad günü", "Qayınana", "Papaq" filmləri qızıl fonda daxil edilib. İndi də mütəmadi nümaiş etdirilir. C.Əlibəyov 1984-1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və direktor, 1988 -1990-cı illərdə "Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor işləyib. 1990-cı ildən sonra "Yazıçı" nəşriyyatında baş redaktor vəzifəsinə keçirilib, sonralar "Novruz", "Vahid" qəzetlərində baş redaktor, "Elm və həyat" nəşriyyatında təsisçi- direktor vəzifəsində çalışıb.
C.Əlibəyov bədii yaradıcılığa "Azərbaycan gəncləri"ndə işləyərkən başlayıb. "Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dünyanın o biri ucu", "İlk məhəbbət" romanları və "Özümü axtarıram", "Analar..", "Anam Arazım mənim" və digər povestləri çap olunub. Bir neçə pyesin. senarinin, publisist kitabın müəllifidir. "Gülüstanda qətl" pyesi Azərbayacan Milli Akademik Teatrında tamaşaya qoyulub. Ümumiyyətlə,40-dan çox bədii əsərin müəllifidir. C.Əlibəyov qələm və foto aparatı ilə dörd qitənin ölkələrini səyahət etmiş, ABŞ-dan, Türkiyədən, Rusiya (Sibirdən), Avstriyadan, İrandan və b. ölkələrdən yazdığı səfər oçerkləri maraqla qarşılanıb.
Cəmil Əlibəyov hər zaman vətəndaş mövqeyi ilə seçilib. Onun baş redaktor olduğu “Kommunust” qəzeti ermənilərin Dağlıq Qarabağda apardıqları separatçıllıq haqda yazırdı, Topxana meşəsində baş verənlər haqda da məhz o qəzetdə xəbər dərc edilmiş və xalqın ayağa qalxmasına qığılcım olmuşdu. Sonrakı illədə də Cəmil Əlibəyov ictimai proseslərəseyrçi qalmayıb.
“Bizim Yol” qəzetinin kollektivi olaraq qocaman həmkarımız Cəmil Əlibəyovu 85 illik yubileyi münasibətilə təbrik edirik, ona Allahdan can sağlığı arzulayırıq.
Bizim Yol.-2012.-5 dekabr.-S.-13.