«Yəni hər yazıçı zülmə tabe olduğunu bilməlidir»

 

Əkrəm Əylisli: “75 yaşda yalnız kişi kimi yaşadığım, azad olduğum, köləliyə etiraz etdiyim günləri xatırlayardım”

 

Bu gün Azərbaycanın xalq yazıçısı Əkrəm Əylisinin 75 yaşı tamam olur. Yazıçının ad gününü təbrik etmək üçün onunla görüşüb yaradıcılıq həyatı, ictimai fəaliyyətiylə bağlı maraq doğuran suallarımıza cavab almağa çalışdıq.

- Əkrəm müəllim, bu gün qədəm qoyduğunuz ömrünüzün 75-ci ilinin özəlliyi nədədir?

- 75 yaşın belə bir özəlliyi var: insanın olan yaddaşı oturuşur, yalnız mayası qalır, yəni yaddaşda çox şey olur. Tutalım ki, insanın 20 yaşında yaddaşı 30, 50 yaşında olan yaddaşı ilə oxşardır, amma 70-i ötəndən sonra yaddaşın məğzi qalır. Söhbət sənin üçün qiymətli olanlardan gedir, sən həmin 75-də çox şeyi unudursan. Yaddaş dövr edir, edir gəlir əsas məsələlərin üzərində dayanır. Ona görə də həmin anda yaradıcılığın məğzi açılır. Mən indiki qədər heç zaman ədəbiyyata yaxın olmamışam.

- Hətta 60 yaşla da müqayisə edəndə bu fikri deyə bilərsinizmi?

- 60 yaşla bir az oxşarlığı var, amma fərqi də çoxdur.

- Nədən ibarətdir fərq və oxşarlıq?

- Oxşarlıq odur ki, 60 yaşında bir az ahıllaşırsan, lazımsız şeylər müəyyən qədər beynindən çıxır və qalan “baqaj” sənin üçün daha qiymətli olur.

- Yaddaş məsələsinin üzərində dayanmağınızı istərdim, Qabriel Markesin yaşlı vaxtında yaddaşını itirmişdi. 75 yaşlı Əkrəm Əylislinin bu yaşda yaradıcılığa münasibəti necədir?

- Şəxsən Markesin barəsində onu deyə bilərəm ki, o, yaddaşını həddən çox işlədib. Yəni yaddaşını çox işlədənlərə aiddir bu söhbət.

- Yaddaşını istismar etdiyini deyə bilərikmi?

- Bəli. Mənim Markesin tərcümə etdiyim “Gözlənilən bir qətlin tarixçəsi” romanı adi bir Şərq süjetidir. Əsas xətt odur ki, qız ərə gedir, amma bakirə çıxmır və bütün faciə o qızın bakirə çıxmamağının üstündədir. Təsəvvür edin ki, Azərbaycanın populyar məhəbbət romanı yazanlardan biri bu süjet xəttindən istifadə edərdi, bu nə yazacaqdı? Ancaq Markes həmin əsərdə nəyi yazmayıb, İlahi! Mən həmin romanı ona görə tərcümə etdim ki, qoy, bizimkilər bilsin texnika nələrə qadirdir, süjet heç nədir. Markes üçün süjet heç nədir. Mən özümü Markeslə yanaşı qoymaq istəmirəm, amma mənim üçün də süjet heç nədir. Əsər gərək mənim içimdə cücərti kimi yetişə, mən yazmamışdan əvvəl ovqatı, havanı hiss edirəm, ağaclar, küçələr nə rəngdə olacaq, bax, bunları hiss edəndən sonra əsəri “bişmiş” hesab edirəm. Markesin “Gözlənilən bir qətlin tarixçəsi” romanında nələr yoxdur, təsəvvür edin ki, eyni zaman içərisində bir neçə zaman var. Buna görə də Markes yaddaşını həddən çox istismar edib.

- Bildirdiniz ki, bu yaşınızda yaddaşınızın mayası qalıb, belə olduqda Azərbaycan oxucusu üçün nələri aşkar edəcəksiniz?

- Bizim bir problemimiz var, bu da ondan ibarətdir ki, mənim son illərdə yazdığım iki romanı oxumamısınız.

- “Ətirşah Masan”ı oxumuşuq...

- “Ətirşah Masan”ın ona dəxli yoxdur, son iki romandan söhbət gedir, birinin adı “Daş yuxular”dır, o biri “Möhtəşəm tıxac” adlanır. Bu əsərləri oxumadığınızdan ömrümün bir parçasından xəbərsizsiniz.

- Hazırda həmin əsərlər hansı mərhələdədir?

- Hazırlanır, bir az əl gəzdirmək lazımdır. “Daş yuxular”ı 2006-07-ci illərdə yazmışam, ikincini isə daha sonra. Səmimi deyirəm, “Ətirşah Masan” çox gözəl bir əsər ola bilərdi, əgər təlisik yazmasaydım. Sizdən nəyi gizlədim, “Ətirşah Masan”ı depressiyada yazmışam.

- Depressiya nədən yaranmışdı?

- Yaradıcı adamların hər birində olduğu kimi məndə də depressiyalar olur, bu hər kəsdə baş verir. Depressiya zamanla, daxili dünyayla, yaddaşla, körpəliyinlə bağlı ola bilər. Yazıçı əsər yazanda çox aktiv enerji sərf edir, faktiki olaraq əsər üzərində işləyərkən həmin enerji bir mərhələdə qurtarır.

- “Daş yuxular” 2006-cı ildə tamamilə bitirmisiniz, yoxsa yekunlaşdırıb, sadəcə, çapa vermirsiniz?

- Yaxın gələcəkdə hər iki əsəri oxuyacaqsınız.

- Yaradıcılıq məsələlərinə keçməzdən əvvəl ömrünüzün 75-ci iliylə bağlı məndə yaranan bir sıra suallara cavab alım. Siz 75 yaşı tərifləmək istəsəniz, necə tərifləyərdiniz?

- Mən yalnız kişi kimi yaşadığım, azad olduğum, köləliyə etiraz etdiyim günləri xatırlayardım. Bilirsiniz, 75 yaşı tərifləmək üçün ömrü elə yaşayasan ki, tərifləyə biləsən. Yəni sənin həyatın bütövlükdə əgər qırılmayıbsa, mənəvi orqanizm olaraq sağ qalıbsa, o zaman “əhsən sənə, kişi kimi yamısan” deyə bilirsən. Məsələ ondadır ki, qırılan yazıçı talelər də var.

- Bu yaşda adam özünə dost tapa bilirmi, yoxsa həmin mərhələni arxada qoyursan?

- Bu yalnız mənim yox, bir çox yazıçıların başına gəlib, xüsusən də bizim Mirzə Cəlilin. Bu barədə bir dəfə yazmışam da. Mirzə Cəlil yazdığı, işlədiyi zaman ona dost lazım olmur, sənin dostun söz olur, ürəyin başqa bir şey istəmir. Amma boş vaxtında olanda, o zaman adama dost lazım olur. Yazıçıların böyük əksəriyyətinin sonda elə bir dostu olmur. Mən özümü tənha adam hesab edirəm. Çünki kompromissiz yaşamağa çalışmışam. Çoxlarına elə gəlir ki, Əkrəm Əylisli böyük kompromislər edib, ancaq mən heç zaman bağışlanmaz kompromis etməmişəm. Düzdür, bəzən deyirlər ki sən filan vaxtı filan sözü demisən, daha düşünmürlər ki, həmin ifadəni hansı şəraitdə və nə formada demişəm.

- Söz düşmüşkən, ömrünüzdə elə bir hadisə olubmu ki, onu özünüzə bağışlamamsınız?

- Bəlkə də ola bilər. Amma yalnız bir yox, bir neçə hadisə də ola bilər ki, sən özünə bağışlamırsan. Bu, ədəbiyyatda da var, məsələn, sən ananın son günlərində, anlarında onun yanında olmamısansa, bunu özünə bağışlamırsan. Mən kifayət qədər anamın yanında olmuşam, amma yenə də hərdən yadıma düşür ki, gərək hər gün anamın yanında olardım. Bax, bu məsələni özünə bağışlaya bilmirsən.

- 75 yaş yubileyinizi necə qeyd edəcəksiniz?

- Mən böyük, gurultulu məclisləri sevmirəm. Dəstə-dəstə dostlarla, 5, 10 nəfərlə qeyd edəcəyik. Birinci, Ziyalılar Forumunda olan dostlarla bir yerdə olacağıq, 50-100 adamı bir yerə yığmaq olmayacaq. Bu, heç zaman mümkün deyil. Mən 4-5 nəfərlə oturanda daha rahat oluram, çünki onları hiss edirəm, hay-küylə alınmır. Tərif eşitmək mənlim deyil.

- Siz qırılan yazıçı talelərini xatırladınız, onların arasında örnək götürdükləriniz olubmu?

- Çox olub. Hər bir ciddi yazıçı taleyi mənim üçün ciddi məktəbdir. Mənim yazıçı yaşıdlarım olub, onların bir qismini məişət məhv etdi.

- Bəlkə konkretləşdirəsiniz, söhbət hansı məişətdən gedir?

- Ailədə uğursuzluğa düçar oldu, taleyi gətirmədi, yaxud dolanışını təmin edə bilmədi. Bir də ola bilər ki, dözmədi. Yazıçılıq odur ki, sən zülmlərə dözməyə məhkumsan, bu, olmadan sən yazıçı ola bilməzsən. Məsələn, mənim birinci kitabım “Qlavlit”də il yarım “yatıb”, dözmüşəm, ikinci kitabım çıxanda bütün aləmi üstümə tökmüşdülər, tənqidin arası kəsilmirdi, yenə dözmüşəm. Allahın “Mənim nəğməkar bibim” kimi siyasətsiz əsər “Azərbaycan” jurnalında 3 il “yatıb”, Moskvada çap olunandan sonra oxuculara təqdim olunub. Yəni hər yazıçı zülmə tabe olduğunu bilməlidir və Allah bunun əvəzini verəcək, bunu da anlamalısan.

- Gənc yazarlar yazıçılarımızın bəxtinin gətirməməsində öz millətinin qadınıyla evlənməsini də səbəb kimi göstərirlər. Bəlkəı Sizin bəxtiniz onda gətirtdi ki, belarus qızıyla ailə həyatı qurdunuz. Bu fikri bölüşürsünüzmü?

       - Qəti surətdə həyatım üçün vacib şərt hesab etmirəm. Bilirsiniz, qadın əsasən kişidən asılıdır, ataların bir məsəli var: “pendiri dəri, arvadı əri saxlar”. Bəli, alınmaya bilər, o zaman mənim kimi adam o saat ayrılar.

 

- Necə oldu ki, Ordubadın ucqar Əylis kəndindən çıxan bir gənc gedib belarus qızıyla evləndi?

- Hüseyn Cavidin bir qəhrəmanı var, Ərəbistandan gəlir Gürcüstanı fəth etməyə və bir gürcü qızına vurulub donuz otarır (gülür). Yəni bu sevgi ki, var, normaldırsa, bunun milləti yoxdur ki. Necə ki, normal ədəbiyyatın da milləti yoxdur. Bilin ki, mənəviyyatın vətəni yoxdur.

- Bir məsələni aydınlaşdırmanızı istərdim, çünki bunu çox spekulyasiya edirlər, guya, vaxtilə demisiniz ki, Azərbaycanda layiqli xanım olmadığına görə Belarusdan evləndim...

- Bu, qəti yalandır. Mən Azərbaycan xanımlarının heç birini öz həyat yoldaşımdan əskik hesab etmirəm, ancaq tale belə gətirdi.

- Yəqin xatırlayırsınız, ötən ad günlərinizin birindən sonra xeyli tənqid olundunuz. Səbəb də odur ki, diqqətsizlikdən gileylənmişdiniz, bildirmişdiniz ki, Prezident Administrasiyasından bir təbrik zəngi eşitmədiniz...

        - 60 yaşımda sabiq dövlət başçısı Heydər Əliyev zəng etmişdi, dedi ki, Əkrəm, sənə bir orden versəm, necə baxarsan. Dedim ki, versəniz də sağ olun, verməsəniz də. Bir az söhbət etdik, könlümü aldı, yəni qəbul edib-etməyəcəyimi soruşurdu. Həmin vaxt mən Əylisdən yenicə qayıtmışdım, 65 yaşım olmuşdu, o zaman Heydər Əliyev mənə “İstiqlal” ordeni verdi.

- Bəs o zaman niyə məhz Prezident Administrasiyanın adını çəkmişdiniz?

- Bax, məsələni özləri uydurdular. Mən qəti surətdə bir yerdə də hakimiyyətin diqqətsizliyindən şikayət etmədim. Bilirsiniz, bəzi jurnalistlər yaxşı uydura bilirlər, biri uydurur, o birilər də bunun arxasınca düşüb “naxış” vurub başlayırlar şəri davam etdirməyə. Qəti surətdə dediyiniz məsələ olmayıb. Mən Milli Məclisdə bir jurnalistə demişdim ki, heç bir şey gözləmirəm və heç nə də yoxdur. Ancaq söhbət ondadır ki, axı, Azərbaycan yazıçısı öz dövlətindən niyə gözləməməlidir? Bir məqamı deyim, amma dedi-qodu kimi anlaşılmasın, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bir müsahibə vermişdi, demişdi ki, bir ordu ziyalımız var, Ziyalılar Forumu olmasa da, ötüşərik. Bu, çox böyük səhvdir. Çünki Stalin dövründə də bu fikri deyirdilər. Hətta Maksim Qorki səviyyəsində, bildirirdilər ki, olmasın, Bunin, hətta Tolstoy, təsəvvür edin ki, Dostoyevskini dərslikdən çıxardırdılar. Ramiz Mehdiyev də deyir ki, olmasın, Rüstəm İbrahimbəyov. Axı Ziyalılar Forumunda iki xalq yazıçısı var və bu adı onlara keçmiş prezident verib onlara. Yəni keçmiş prezidentin ruhuna hörmət bu qədərdirmi ki, “Ziyalılar Forumunu toplaşanları ziyalı saymaya da bilərik” deyirsən? Yaxud forumda iki alim var, Cəmil Həsənli və Rafiq Əliyev, onlar doktorluq adını rəsmi şəkildə alıblar. Sənin nə ixtiyarın var ki, bunları ziyalı hesab etməyəsən?! Yəni bu cür absurdlara gəlmək lazım deyildi! Bu gün yaxşı yollar salır, binalar tikirlər, amma gərək bu dövlətin cazibədar ideologiyası da olsun. İdeologiya cazibədar olmayanda, onun gələcəyi yoxdur.

- Ancaq artıq dünyada ideoloji dövlətlər sıradan çıxır, hüquqi dövlətlər yaranırsa, ideologiya keçmişdə qalmırmı?

- Proses Azərbaycanda mənəvi dünyanın sarsılması baxımından ciddi təhlükə yaradır. Azərbaycan mənəvi, ideyalı, ideal ölkə olaraq təhlükə əlbəttə ki, yaranır. Bizim narahatçılığımız bundan ibarətdir.

- Necə oldu ki, “Gün keçdi”, “Ad günü” filmlərinə baxan adamlar bu gün Rəfael və Coşğuna, Fərdaya baxıb mənəvi ləzzət alırlar? Zaman bizi necə dəyişdirə bildi?

- Ümumiyyətlə, sovetin musiqisində, sənətində, ədəbiyyatında qəribə bir deqradasiya başladı. Təsəvvür edin ki, mən Qaydayın, Ryazanovun filmlərinə yenidən ləzzətlə baxa bilirəm. Əgər eyni vaxtda başqa kanaldan bir film getsə, yenə əvvəlkilərə üstünlük verirəm. Bilirsiniz, deqradasiya eyni vaxtda dünya miqyasında gedib. Azərbaycanda bir şey fərqlidir, hər bir ölkədə hakimiyyətin ali, saf məqsədi olur, bu da gələcəyin müxalifəti olmaq. Yəni iqtidarda olan hakimiyyət özünü həm də gələcəyin müxalifəti kimi görməlidir. Əgər bu olsa, cəmiyyətdə hərəkət, inkişaf və demokratiya olur. Demokratiya bu deməkdir ki, sən hakimiyyətdə oturmusansa, sabah müxalifət ola bilərsən, bütün dünyada belədir. Artıq postsovet məkanında da həmin proses gedir, Gürcüstan bir nümunədir. Amma bizdə hakimiyyətdə olanlar “biz əbədiyik” deyəndə, bu xalqda bədbinlik yaradır və inkişafın qarşısını alır. Bu məsələdə psixoloji məqamlar var.

 

- Bu düşüncənin oturuşmasının fəsadları nə ola bilər?

 

Ardı var…

 

Natiq CAVADLI.

 

Bizim Yol.-2012.- 6 dekabr.- S.-7