“Gələcəyimiz Azərbaycandan kənarda həll olunur”

 

Əkrəm Əylisli: “Deputat olandan sonra küçədə özümə qarşı o dərəcədə nifrət görürdüm ki...”

 

“Cəmiyyətimiz YAP-a sədaqət riyakarlığına qarşı getməlidir”

 

- Bu düşüncənin oturuşmasının fəsadları nə ola bilər?

- Fəsadları hakimiyyətin süqutu ilə bitir, özü də fəlakətli. Əlbəttə ki, xalq üçün də pis qurtarır. Mən arzu edirəm ki, Azərbaycan hakimiyyəti “mən sabahın müxalifətiyəm, mən sabah müxalifət olanda sizlərə göstərəcəyəm, necə tənqid etmək olar” deyə biləcək səviyyəyə yetişsin.

- Bu fikirləri deməyə hakimiyyətə nə mane olur?

- Mən bilmirəm nə mane olur. Ancaq mənə elə gəlir ki, hakimiyyətpərəstlik mane olur.

- Uzun illərdir Sizi şəhərdə piyada gəzən görürəm, avtomobiliniz yoxdurmu?

- Avtomobili sevmirəm. Lap tutaq ki, mənim maşınım oldu, nə edəcəyəm, onunla şəhəri gəzəcəyəm?

- Maşın arzusunda olan minlərlə insan var, rahatlıq naminə...

- İnanın mənə, ömrümdə belə şeylərdə gözüm olmayıb. Bəlkə də üstünlüyüm odur ki, mənə çox az şey lazımdır. Hakimiyyətdə oturanlar elə bilir ki, Əkrəm Əylisliyə çox şey lazımdır, çox böyük səhv edirlər. Mənə azca ürək rahatlığı, azca fərəh hissi, müsbət emosiya və azca insanların rəğbəti lazımdır, görəndə üzümə gülümsəsinlər, belə şeylərlə yaşaya bilirəm.

- Metroya düşürsünüzmü?

- Əvvəllər çox minirdim, amma 1 ildir düşmürəm “yerin altına”. Həm də metroyla hara gedəcəyəm? Getməli yerim də yoxdur.

- Bax, fərəh hissindən danışdınız, sovet dövrüylə indiki zamanı müqayisə edəndə fərəh hissi tapırsınızmı? Yaxud o dövrdə görmədiklərinizi bu gün görəndə təəccüblənirsinizmi?

- Bu məsələyə subyektiv, kəndçi balası kimi baxsam beləydi: balaca Əkrəm Naibov Əylis kənd məktəbində oxuyanda inanırdı ki, bunun arxasında hökumət var, gedib yenə oxuyacaq. Və yol pulu tapıb kənddən çıxırdın, gəlib bir instituta daxil olurdun. Sən bilirdin ki, arxanda ata yerinə hökumət var, tələbə təqaüdü alırdın. Mən Əylis balası Əkrəm nəyin hesabına gəlmişəm Bakıya? Həyətimizdən bir az meyvə yığıb Konserv Zavodunun qəbul məntəqəsinə vermişəm və yol pulu alıb qatarla Bakıya gəlmişəm. Yəni ömrümdə heç kəsdən 1 qəpik görməmişəm. Təsəvvür edin ki, tələbə yataqxanasında yerinin olduğunu və tələbə təqaüdü alacacağını bilirsən, yəni gündə çörək yeyib çay içmək imkanın var, pendir çörəklə də keçinə bilərsən və yatacaq yerin də məlum. Təəssüf ki, həmin o keyfiyyət bu gün yoxdur. Mən kiçik oğlumun 6 yaşı olanda “Gilanar çiçəyinə dediklərim” adlı yazımda yazmışdım: “Məndən sonra Əylisdən bir uşaq gələcək, o, bu şəhəri necə görəcək, bilmirəm, onun taleyinin də necə olacağını bilmirəm, ancaq bu yazımı ona həsr edirəm”.

İndi düşünürəm ki, çox çətin ki, Əylisdən kimsə gələr. Bəli, gözəl məktəb binası tikirlər, amma tədris yoxdur. Yəni sovet dövründəkindən qat-qat gözəl məktəb binaları var, amma sovet dövründəki kimi normal təhsil yoxdur. Təsəvvür edirsən, o dövrdəki qədər də təhsil yoxdur. Yəni şagirdə nə mənəvi, nə əxlaqi enerji verilir, uşaq gözünü açır görür ki, kimin pulu varsa, kefi kökdür. Amerika həyat tərzidir də, bilirsiniz, bizi çox çaşdırdılar. Mənə elə gəlir ki, Qərb bizi bərk aldatdı, ola bilər Siz fərqli düşünəsiniz. Qərbin yazıçıları aldatmadı, onlar da burjuaziyaya tüpürdülər. Hansı böyük sənətkarı götürsən, lap Amerikanın içində olsun, o, cəmiyyəti ifşa edib, naqis cəhətləri qabardıb. Amma siyasətçiləri bizi tovladılar.

- Bu günlərdə gənc şair Elnur Astanbəyli Belinskinin Qoqola məktublarından hissələr dərc etmişdi. Sezilir ki, rus yazıçılarının münasibətləri çox kəskin olub və bu, ictimai səciyyə daşıyıb. Azərbaycan yazıçıları arasında məktublaşma olmasa da, bir dialoq olubmu?

- Bizdə o səviyyədə olmur. Çünki o qədər yetişməmişik. Hələ mən vaxtilə deyirdim ki, bizim ən böyük xoşbəxtliyimiz odur ki, özümüzü ruslarla müqayisə edə bilirik. Halbuki, sənin özünü ruslarla müqayisə etməyin gülməlidir. Baxın, Tolstoya, görün o dünya ədəbiyyatında hardadır? Dünyada yüz deyil, bir Tolstoy var. Ancaq bizim ruhumuzun, cəsarətimizin məğzində iki şəxs dayanır: Mirzə Fətəli və Mirzə Cəlil.

- Bəs Hüseyn Cavid?

- Mənə onun barəsində sual verməyin. Bəli, Cavidin taleyi pis olub. Bilirsiniz, Cavid mən deyən deyil, çünki o ana dilində bir cümlə də yazmayıb. Onun yazdığı dil heç türk dili də deyil, sintetik bir dildə yazıb.

- Düzdür, Sizinlə Cavid barəsində qeyri-rəsmi söhbətimiz olub, ancaq istərdim onu bəyənmədiyinizin səbəbini açasınız...?

- Ona görə ki, o, mənim yazıçım deyil. Axundov Füzulini niyə bəyənmirdi? Çünki Füzulini anti-ədəbiyyat bir şeyə döndərmişdilər, meyxana kimi bir şey etmişdilər. Axundov da buna dözmürdü.

- Axundovla bağlı incə bir məqam var, onu Mirzə Cəlillə müqayisə etməyək və razılaşaq ki, o, Azərbaycana rusçuluq gətirdi.

- Axundovun, Mirzə Cəlilin, Nəriman Nərimanovun, Üzeyir Hacıbəyovun Azərbaycana gətirdiyi rusçuluq Azərbaycana çox lazım idi.

- Bəlkə fikrinizi arqumentləşdirəsiniz?

- Şiəçiliyin quduzluğuna qarşı idi o rusçuluq. Ümumiyyətlə, onların ruspərəstliyi Azərbaycan köləliyinə qarşıydı. Siz çox şeyi bilmirsiniz, həm də bizdə dərsliklərdə nələrisə təlqin ediblər. Canım Natiq, Tiflis mühiti, Qori seminariyası olmayaydı, gör nələr baş verərdi... Baxın, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin baniləri Qori seminariyasını bitirənlərdir. Biz yalnız həmin seminariyanı bitirənlərin sayəsində nəfəs ala bilirik.

- Ancaq yeni bir nökərçilik yarandı, məsələn, Azərbaycan Elmlər Akademiyası yarandığı gündən Moskvanın göstərişlərini yerinə yetirib, o cümlədən, Yazıçılar İttifaqı. Bu qurumların Azərbaycan xalqına elə bir aidiyyatı olmayıb...

- Əzizim, bu məsələdə də çaşma. Nəyə görə? Bilirsən, xalq şairi titulunu kim yaratdı?

- Moskva yaratmadımı...?

- Yox! Moskvada indi də xalq şairi və yazıçısı titulu yoxdur, siz bilmirsiniz axı.

- İndi yoxdur, əvvəl olub ki...

- Heç o zaman da yox idi, Rusiyada heç vaxt xalq şairi, xalq yazıçısı titulları olmayıb. Dağıstanda var idi, o da Rusiyanın tərkibindəydi.

- Bəs Fadayev kim idi?

- Nə danışırsan, o, xalq yazıçısı deyildi. Bu titulu Azərbaycanda Səməd Vurğuna görə yaratdılar və davam etdirdilər, sonra kölə müsəlmanlar tez-tələsik “qapazladılar”. Bir daha deyirəm, ruslarda xalq şairi, yazıçısı olmayıb, bəli, xalq artisti olub. Gedin, interneti açıb baxın...

- Əkrəm müəllim, internetlə təmasınız necədir, bəhrələnə bilirsinizmi?

- İnternetə bir şeyə görə təşəkkür edirəm ki, yerli və Rusiya mətbuatını oxuya bilirəm. Həm də məqalələrdəki şərhlərə görə... Yaxşı şeydir internet. Amma bir neçə gün əvvəl Ramiz Mehdiyevin çıxışına telefonla münasibət öyrəndilər, onu oxuyandan sonra özümə telefonla müsahibə verməməyi söz verdim.

- Nə üçün?

- Çünki mən demişdim Ziyalılar Forumunda yalnız 6 nəfərə təminat verirəm, bu, xeyli adamı incik sala bilər. Bununla da forumdakı gözəl insanların könlünə dəymiş oluram. Təsəvvür et ki, yuxudan oyanmısan, telefon zəng çalır, götürürsən, jurnalist sualını tezcə verir, qalırsan məətəl...

- Həmyaşıdınız Vaqif Səmədoğlu sosial şəbəkələrdə olur, Sizdə belə maraq varmı?

- Vaqif oyunçudur da, indi özünə bir oyun tapıb. Siz Vaqifi mənim kimi tanıya bilməzsiniz. Vaqif həqiqətən şairdir və qəribədir ki, o, nədən şair olduğunu özü də bilmir. Azərbaycan dilində çox yaxşı yazmır, dil materialı çox zəifdir.

- Siz əsərlərinizi kompüterdə, yoxsa vərəqə yazırsınız?

- Əllə yazıram. Bilirsən, yazını yazarkən, hərfi görməyəndə, onu 20 dəfə iyləməyəndə, ləzzəti olmaz. Mən kompüterdə bunları başa düşmərəm, gərək sözümü özüm yazam. Bu prosesdə vərdişin də rolu var, gözümü açandan əllə yazmağa vərdiş etmişəm.

- Çingiz Abdullayev bir dəfə demişdi ki, noutbukun üstünlüyü odur ki, sən uzun yol gedərkən də yaza bilirsən.

- Mən elə yaza bilsəydim, kef edərdim, sevinərdim. Bir daha deyirəm, vərdişin rolu danılmazdır. Çingiz cavan oğlandır, gözünü açıb onu görüb və varlığı onunla bağlıdır.

- Bəlkə bir az yenilikçi deyilsiniz?

- Yox, mən yeniliyə çox vurğunam. Ancaq kompüteri, yaxud noutbuku götürüb (əliylə göstərir -N.C) çık-çık edə bilmərəm (xeyli gülür).

- Yazı üslubu necədir, başlayan kimi dayanmadan yazırsınız, yoxsa günə bir səhifə və ya 10 səhifə yazırsınız?

- Əgər yazı böyükdürsə, böhran keçirirəm. Yəni yazırsan, yazırsan, bir yerdə ilişirsən. Əksər hallarda növbəti fəsli yuxumda görürəm, çox gərgin olur. Məsələn, mənim “Ağ dərə” adlı bir yazım var, onu yazanda bir yerdə ilişmişdim, getmirdi, davamını gecə yuxuda iki dəfə gördüm. Yuxuda ayrı mənzərə, şəkillər gəlir, amma ovqat onu gətirir.

- Şəhərdə piyada gəzirsiniz, bu gəzintidə insanlarla təmaslarınız olurmu və daha çox hansı məsələləri qabardırlar?

- Hər gün müxtəlif suallarla rastlaşırsan, yəni gündə bir adam öz dərdini deyir. Bir şeyi deyim, bu da mənim taleyim üçün çox qəribə məsələdir, hətta bir az ağlamsınandır, kədərlidir. Deməli, mən ki, deputat oldum, İlahi, özümə qarşı bir nifrət gördüm, küçəyə çıxırdım, görürdüm ki, adamlar mənə bir nifrətlə baxırlar. Deyirdim, İlahi, mən bu insanlara nə etmişəm?! Mənə də onların sevgisi lazımdır!

- Suala cavab tapdınızmı?

- Cavabı çox qəlizdir, gəlin, bunu yubiley münasibətiylə açmayaq.

- Elə bu yaxınlarda Gülər Əhmədova və sabiq rektor Elşad Abdullayevin videosu ortalığa çıxdı, bəlkə insanlar şüuraltı mandat satışını hiss etmişdi və nifrət də burdan doğurdu?

- Mən bilmirəm də, gördüyüm insanlar çox müxtəlif idi. Amma bu camaatda mənə bir nifrət var idi, insanların simasına baxıb özümə deyirdim ki, onun gülüşünə bir ehtiyacım var. Görünür, insanlar kimlərəsə ümid bəsləyir, ürəyində məhəbbət “yuvası” qurur, sadəcə, həmin “yuva”nın uçurulmasını istəmirlər. Necə ki, quş yuvasının dağıdılmasını istəmir.

- Özünüz də təsdiqlədiniz ki, cəmiyyətdə böhran var. Mənəvi aşınma getdikcə dərinləşir, el diliylə desək, bizim axırımız necə olacaq?

- Bizim axırımız yalnız Azərbaycanın daxilində həll olunmur. Gələcəyimiz Azərbaycandan kənarda həll olunur. Azərbaycandan kənarda gözəl, sivil, mədəni görünmək üçün neft pulumuz var.

- Yəni neft pulu bizi mədəni göstərə bilirmi?

- Müəyyən hallarda bəli, heç bir halda inkar etmək olmaz. Ancaq biz hansı Azərbaycanın ehtiyacındayıq, həsrətindəyik? O Azərbaycanın ki, orada vətəndaş sözünə, fikrinə görə zülmə düçar olmayacaq, aşağılanmayacaq. Azadlıq təkcə sözdə olmur, azadlıq o hissiyatda olur ki, mən nə qədər azad insanam, mənim vətənim var və bu ölkə mənimdir, bax, bu hissiyat olmalıdır! Bu da o zaman olur ki, sən həmin ölkədə sözünü, fikrini açıq deyə bilirsən, səmimi olursan.

- Azərbaycanlılar buna nail ola biləcəkmi?

- Məncə, mütləq nail olacaqlar. Ancaq hakimiyyət bu prosesi dayandırmaq cəhdi göstərsə, fəlakətə apara bilər.

- Biz hakimiyyət təmsilçilərindən tez-tez eşidirik ki, azərbaycanlıların demokratik cəmiyyət qurmaq potensialı yoxdur. Bu fikri necə qarşılayırsınız?

- Mən Azərbaycan cəmiyyətində gözəl potensial görürəm. Cəmiyyətimizdə nə qədər sağlam, aydın və gözəl insanlar var. Bəlkə heç başqa ölkələrdə bu qədər yoxdur. Məni yandıran odur ki, bu qədər gözəl və sağlam qüvvə Azərbaycanın inkişafına sərf olunmur. Əksinə, bizim həyatımız siyasi sədaqətə hesablanır. Sən siyasi cəhətdən YAP-a nə qədər sədaqətlisənsə, bir o qədər ağıllı hesab olunursan. Məlum məsələdir ki, burda böyük bir riyakarlıq var. Bizim bütün cəmiyyətimiz həmin riyakarlığa qarşı getməlidir. Əgər bu riyakarlığın kökünü kəsə bilsək, azərbaycanlılar gözəl millət olacaq.

 

Əvvəli var…

 

Natiq CAVADLI.

 

Bizim Yol.- 2012.- 7 dekabr.- S.- 7.