«Mənimlə ikiəlli görüşən adamlardan qorxuram»

 

AYB sədri gənc yazarların haqqında sərt ifadələr işlətdi

 

Anar: «Sizin nəsildə qəribə bir şey var: təklikdə mənə hörmətini bildirir, sonra isə aqressiv münasibətlə yadda qalır»

Kulis.Az saytının baş redaktoru Qan Turalı AYB sədri, Xalq Yazıçı Anardan geniş müsahibə alıb. Müsahibəni ixtisarla təqdim edirik.

 

- Sizin belə bir fikriniz vardı ki, ədəbiyyat qadağalarla inkişaf edir, azadlıq isə onu məhv edir...

- Bu, mənim fikrim deyil. Və bu fikri yanlış anlayırlar. Bu, Ande Jidin fikridir. Kamyu Nobel mükafatı alanda bu fikri səsləndirmişdi. Demişdi ki, çoxları Jidin bu fikri ilə razı deyil, ancaq mən razılaşıram, ədəbiyyat əsarətdə yaranır, azadlıqda məhv olur. Əsarət ədəbiyyat üçün müqavimət gücü verir. Sənin vicdanın varsa, çalışırsan ki, müxtəlif yollarla nəsə yazasan. İndi ezop dilinə gülürlər, halbuki bəşəriyyət iki min ildir bu dildən istifadə edir. Mənasız şey olsaydı, istifadə etməzdilər. Bir vaxtlar belə bir qadağa vardı: 37-ci il yazmaq olmazdı. Mən də “Macal”da yazdım ki, onlar 36-cı ildə Bakıya gəldilər, bir il sonra azad olunmuş mənzillərdən birinə köçdülər. Aydındır ki, 37-ci ili nəzərdə tuturdum. Belə dolayı yollardan istifadə edirdik. Vaqifin bir şeiri vardı: “Uzaq yaşıl ada”. Deyirdilər ki, yaşıl ada deyəndə kimi nəzərdə tutursan, Türkiyəni? Bu cür mənasız şeylər çox olurdu. “Gün keçdi” filmində səslənən mahnıda-onun da sözlərini Vaqif yazmışdı- belə bir misra vardı: “Yağışın əlindən qaçıb bir küncə, dayandıq üzümüz Məkkəyə sarı”. Dedilər ki, bu da olmaz. Başqa bir misra da vardı: “Dəniz bağlandı yay kinosuna”. Deyirdik, yaxşı Məkkəni başa düşdük, dini yerdir, bəs bu yay kinoteatrı sözünə niyə etiraz edirsiniz? Cavab verirdilər ki, elə bilərlər yay kinoteatrları planlarını yerinə yetirmir.

- Sovet vaxtı senzorların intellektual səviyyəsi necə idi?

- Senzorların arasında İdris Qasımov vardı. Deyəsən, rəhmətə gedib, o bizə çox kömək edirdi. Senzuranın bir xüsusiyyəti vardı. Əvvəl balaca redaktor vardı. Mətn bu redaktorda ilişirdisə, vəssalam. İlişmədi keçib gedirdi. İlişirdisə, redaktor şöbə müdirinə verirdi. Şöbə müdiri deyirdi ki, görən burda nə var, qoy baş redaktorla məsləhətləşim. Baş redaktor fikirləşirdi ki, mütləq burda nəsə var, sədrə təqdim edirdi. Axırda da gəlib çıxırdı Mərkəzi Komitənin katibinin stolunun üstünə. Amma İdris bəzi şeylərin üstündən keçirdi, özü də zəng edirdi ki, bax, bunu elədim. Nəyə etiraz edirdilər? Qubad Qasımov vardı, Üzeyir Hacıbəyovun qohumu, bir məqalə yazmışdı. Məqalədə bir yer vardı: Üzeyir Hacıbəyovun iştirak etdiyi bir məclisdə Əli bəy Hüseynzadə də iştirak edir. Deyirdilər ki, Əli bəy Hüseynzadənin adını çəkmək olmaz, o pantürkistdir. Çıxardılar onun adını.

- Sizin əsərləriniz necə ciddi senzuraya məruz qalıbmı?

- Əlbəttə, çox qalıb. Bəzən elə olurdu ki, yazdıqlarımı əvvəl Moskva, sonra bizimkilər çap edirdi. Məsələn, “Anlamaq dərdi”ni birinci dəfə “Novıy mir”də çap etmişdilər. Burda isə İsmayıl Şıxlı “Azərbaycan” jurnalında çap etmək istəyəndə senzurada ilişdi. Yazmışdım ki, Cəlil Məmmədquluzadə rus xalqını sevirdi, ancaq onun təbəəsi kimi yox. Onu da yazmışdım ki, o, pantürkizmin, panislamizmin əleyhinə olduğu kimi ruslaşdırma siyasətinin də əleyhinə idi. İndi sizə elə gəlir ki, bunlar hamısı asandır. Ancaq söz demək çətin idi. İsmayıl Şıxlı deyirdi ki, bu axı “Novıy mir”də çap olunub. Deyirdilər ki, nə olsun, bu jurnal partiya əleyhinə bütün materialları çap edir. Sağ olsun, İsmayıl Şıxlını axırda birtəhər keçirdi. Cabir Novruza da minnətdaram, o, “Molla Nəsrəddin-66”nı, “Yaxşı padşahın nağılı”, “Dədə Qorqud dünyasını” çap elədi. Bunların üçü də ilişmişdi. Ümumiyyətlə, mənim elə irihəcmli əsərim olmayıb, senzurada ilişməsin. “Ağ liman”, “Dədə Qorqud”un ssenarisi, “Gün keçdi” filmi çətinliklə keçib. “Sübhün səfiri” filmindən isə donos yazıblar.

- “Anlamaq dərdi”ndə Müsavat sözü də vardı. Buna da ilişmişdilər?

- O sözə ilişmədilər. “Anlamaq dərdi”nin ruhu onları qane etmirdi. Əvvəllər yazırdılar ki, Mirzə Cəlil ateist idi, ətalətə qarşıydı. Doğrudur, Mirzə Cəlil ətalətə qarşı idi, ancaq onun başqa tərəfləri də var axı. Heyf ki, siz görməmisiniz, “Sübhün səfiri”ndə də Axundovu ateistlik imicindən çıxarmağa çalışdım. Çünki Axundov belə təqdim olunur ki, ateistdir, ruslara xidmət eləmişdi. Doğrudur, Axundov ruslarla işləyib, ancaq Şeyxülislamla dostluq edibsə, demək, ateist deyilmiş. Sadəcə fanatizmə qarşı olub. Bunlar sovet dövründən qalan qəliblərdir. Biz bacardığımız qədər bu qəlibləri pozmağa çalışdıq.

- Sizin “Anlamaq dərdi” essenizdə Lenin adı da iki dəfə çəkilmişdi... Demək bunlar da yazını xilas etmirdi?

- Bir dəfə Zaqulbada seminarda idik. Partiya işçiləri olan Zaur Rüstəmzadə və Plaviski-o sonra 20 noyabr faciəsində həlak oldu-bizə seminar keçirdilər. Orda Lenindən bir sitat gətirdim: “Cavan nəsil kommunizmə ayrı yolla gələcək, onların yolu fərqli olacaq”. Səhəri Plaviski mənə yaxınlaşdı və dedi ki, Lenindən təzə antisovet sitat tapmamısan ki? Komsomol xətti adı ilə bizə mütəmadi seminarlar keçirdilər. Rayonlara gedirdik. Canlı bir proses gedirdi.

- Mikayıl Rəfilinin Cəlil Məmmədquluzadə haqqında bir fikri var: deyir o, kommunist deyil. Xatırlayırsınız bu fikir?

- Mikayıl Rəfili çox böyük alim idi. Ancaq düşünülməmiş addımları oldu. Məsələn, Sabir haqqında yazmışdı: “Sabirin kişiliyi çatmadı...” Sabirdən kişi adam vardı ki? Ancaq Mirzə Cəlillə bağlı fikri başqa bir adını çəkmək istəmədiyim yazıçı deyib. Mirzə Cəlilin dəfn mərasimində də bildirmişdi ki, Mirzə, bir sənin xırda burjua səhvlərini təkrarlamayacağıq.

- Siz AYB-dən kənarda olan ədəbiyyatın varlığını qəbul edirsinizmi? Mən bu sualı AYB sədri Anara yox, Xalq Yazıçısı Anara verirəm...

- Əlbəttə qəbul edirəm. Yazıçılar Birliyi ədəbiyyat yaratmır ki... Ola bilsin ki, nələrisə tənzimləyir, ədəbiyyatın inkişafına, yazıçılara kömək edir, mükafatlar üçün təqdimat verir. Amma Yazıçılar Birliyi ədəbiyyat yaratmır təbii ki. Ədəbiyyat jurnalların ətrafında yaranır. Həmişə belə olub: “Molla Nəsrəddin” məktəbi də, “Füyuzat” məktəbi də. Rusiyada da belə olub həmişə. İncimə, Yazıçılar Birliyindən kənarda elə adamlar var ki, onları düzəltmək mümkün deyil. Mən başa düşürəm ki, onlar mənə düşmən mövqedədirlər, mənə nifrət edirlər. Səbəbi indiyə qədər aydın deyil mənə, bilmirəm mən bunlara nə etmişəm. Amma qalanlarının üzünə Yazıçılar Birliyinin jurnallarının qapıları açıqdır. Gəlin, çap olunun, sizə kim nə deyir ki? Mən heç kimə deməmişəm ki, onu çap et, o birini yox. Mənim əleyhimə danışan insanların Yazıçılar Birliyinin jurnallarında dərc edilməsi problemi yoxdur. Ədəbiyyatdırsa, çap olunsun. O başqa məsələ ki, Azərbaycan ədəbiyyatına pornoqrafiyanın gəlməsinin əleyhinəyəm. Sorokin, Limonov mənim yazıçılarım deyil və istəmirəm ki, bizim ədəbiyyatda onlar kimi yazanlar olsun.

- Amma bir vaxtlar sizin özünüzü də açıq-saçıq elementlərə görə tənqid ediblər...

- Ediblər, ancaq mənim yazdıqlarım pornoqrafiya deyil. Limonovun yazdıqları pornoqrafiyadır, ondan o tərəfi yoxdur. Mən də istəmirəm ki, bizim ədəbiyyatda bu olsun. O vaxtlar Rasim Qaraca mənə bir şeirini göndərmişdi ki, bunu çap etmirlər. Mən də bu şeiri göndərdim “Ədəbiyyat” qəzetinə və dedim, əvvəldə yazın ki, bunların alternativ ədəbiyyat dediyi budur. Rasim Qaraca buna görə məndən incidi. Adam öz yazdığından inciməz ki... Mənə göndərmisən çap et, mən də etmişəm də. İntəhası, o “Ulduz”da çap olunmağını istəyirdi, ancaq Elçin razı olmurdu, mən də “Ədəbiyyat”a göndərdim.

- Ancaq Rasim haqqında yazmışdınız ki, onu istedadsız saymıram.

- Yenə də bu fikrimdə qalıram. Mən Allah adamıyam, heç kimin haqqını yemərəm.

- Xoşunuza gələn şeirləri var?

- Olmasa deməzdim ki, istedadlıdır. Mənim əleyhimə hər dəfə yazı yazan bir cavan oğlan var-Aqşin, o da istedadlıdır. Sadəcə bunlar korlanırlar. Onlara elə gəlir ki, Anara, Elçinə sataşmaqla böyük qəhrəmanlıq edirlər. Bu, qəhrəmanlıq deyil. İndi prezidentdən tutmuş kimə deyirsən tənqid yazmaq olar. Bu yolla özlərini təqdim etmək istəyirlərsə, etsinlər. Və yaxud sənin bir dostun var e, indi bilmirəm, dostundur ya yox, murdar təxəllüslü (Söhbət murdar81@rambler.ru adlı emaili yazılarına qoyan Elnur Astanbəylidən gedir-Red.), hər dəfə yazır ki, xalqsız xalq şairi Anar. Adamın beyni bundan o yana işləmir. Azərbaycanda da, kənarda da hamı bilir ki, mən Anaram. Bu Rzayev də yazır, guya bununla məni vurur. Gülməyim gəlir...

- Elnurun, Murad Köhnəqalanın əsərlərini oxuyursunuzmu?

- Yox, oxumuram. Arif Əmrahoğlu gəlib dedi ki, Murad çöldə qalıb, ona ev vermək lazımdır. Çalışdım, Şüvəlanda ona bir mənzil düzəltdirdim. Gəlib mənimlə ikiəlli görüşdü Murad, mənə təşəkkür elədi. Mənimlə ikiəlli görüşən adamlardan qorxuram. Bu Murad da belə oldu, bir həftə sonra mənim haqqımda təhqirlər yazmağa başladı.

- Bəs müxalif yazarların məqalələrini necə oxuyursunuz?

- “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə abunəyəm. Orda olan yazıları oxuyuram. O biri qəzetləri almıram. Əleyhimə yazı olanda gəlib deyirlər. Saytlara baxmıram. Ancaq gələn ildən baxacam.

- Siz AYB və “Ədəbiyyat” qəzetinin yubileyində Qismət haqda xoş sözlər deməklə gəncliyə olan inamınızı ifadə etdiniz. Amma bu cür mötəbər bir tədbirdə misal üçün Yazıçılar Birliyinin qurultayında Aqşinin bir şeiri oxuyarsınızmı?

- Qurultayda şeir oxumurlar axı. Qiraət ustası da deyiləm. Ümumiyyətlə, sizin nəsildə qəribə bir şey var: təklikdə mənə hörmətini bildirir, sonra isə aqressiv münasibətlə yadda qalır. Aqşin birinci kitabını mənə vermişdi, üstünü də yazmışdı, mən də oxudum, xoşuma gəldi. Aqşin sanki qorxuya düşdü ki, Anara kitab bağışlamağımı kimlərsə yaxşı qarşılamaz. Bəlkə də bunu ona demişdilər də. İndi hər yerdə mənim əleyhimə danışır. Nə o kitabı ver, nə də onun dalından qaç.

- Yəqin ki, yox. Bu- Necə fikirləşirsiniz, Yazıçılar Birliyinin sədri olmasaydınız haqqınızda bu qədər yazı yazılardı?

nların hamısı yorğan davasıdır. Məni daha çox müxalifət qəzetləri tənqid edir. Ancaq mənim hansısa məmurla konfliktim olanda həmin məmuru müdafiə edirlər.

- Məsələn...

- Neçə dəfə olub da belə şeylər.

- İstəyirsinizmi, adını çəkdiyimiz adamlar Yazıçılar Birliyinin üzvü olsun?

- Olsun, niyə olmasın ki...Əlbəttə istəyirəm.

- Onların AYB üzvü olmadıqlarına görə narahat olursunuz?

- O mənada narahat oluram ki, istedadlı adamların Yazıçılar Birliyinin üzvü olmasını istəyirəm. Bundan başqa istəyirəm ki, o adamlar Yazıçılar Birliyinin üzvü olmasalar belə, bizim ədəbi jurnallarda çap olunsunlar. Qonorar da veririk. Bəzən şikayətlənirlər ki, qəzet pis çıxır. Mən də deyirəm, siz qəzetə yazmırsınız, ona görə də pis çıxır. Təkcə gənclərə demirəm, Ramiz Rövşənə, Vaqif Bayatlıya, başqalarında deyirəm. Siz yazın ki, qəzet yaxşı çıxsın. Kənardan baxıb deyirsən ki, pis çıxır, bu, olmadı ki...

 

 

Bizim Yol.- 2012.- 12 dekabr.- S.- 15.