ATƏT, Avropa Birliyi və ABŞ-ın hakimiyyətə dəstəyinin sirri

 

Beynəlxalq təşkilatlar Azərbaycanda baş verənlərin tənqidini dayandırıb İlham Əliyevin yüksək şanslarından danışırlar

 

Leyla Yunus: “5 ildir ATƏT-nin Bakı nümayəndəliyi hökumətlə işləyir”

Leyla Əliyeva: “Ən yaxşı variant beynəlxalq təşkilatların Bakıdakı ofislərini bağlaması olardı”

Zərdüşt Əlizadə: «Demokratiya haqqında təsəvvürü olmayan Azərbaycan müxalifətinə xoş sözlər demək onların məqsədi deyil»

 

ATƏT-nin Bakı ofisinin rəhbəri səfir Tarqay Koraydan sonra Avropa Birliyinin səfiri Roland Kobianın «İlham Əliyev daha şansılıdr» bəyanatı cəmiyyətdə bir sıra suallar doğurdu. ABŞ səfiri Riçard Morninqstar da hakimiyyətə dəstək bəyanatı vermişdi. Səfir demokratik seçkilər şəraitində dövlət başçısı İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin arzuolunan olduğunu vurğulamışdı.

Beləliklə həm ATƏT, həm avropa Birliyi, həm də ABŞ hazırki hakimiyyətə dəstək nümayiş etdiriblər.

Bu, ölkədə avtoritarizmin qanunlarla «möhkəmləndirilməsi», siyasi azadlıqların tamamilə boğulması şəratində baş verir. Onu da xatırladaq ki, son aylarda Azərbaycanda insan haqlarının pozulmasına, mitinqlərin dağıdılmasına, müxalifətçilərə qarşı təziyqlərə qarşı Bakıdakı diplomatik korpusdan etirazlar ifadə olunmur. Bəzi ekspertlər güman edir ki, Qərbin bu mövqeyi Bakının rusiya ilə pisləşən münasibətləri ilə bağıldır. Yəni hakimiyyət Rusiyanın təsirlərindən çıxmaq üçün ümidləndirilir. 

SülhDemokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus «Bizim Yol»a şərhində Qərb təşkilatlarının məlum davranışlarının onun üçün də izahsız olduğunu dedi: “Əslinə qalsa, ATƏT nümayəndəsinin həmin mövqeyi təəccüblü deyil, çünki 5 ildir bu qurumun Bakı nümayəndəliyi hökumətlə işləyir. Təsəvvür edin ki, ATƏT-nin nümayəndələri məhkəmələrdə olur, amma bu sistemlə bağlı hesabatlarını cəmiyyət üçün açıqlamırlar. Halbuki, onlar bütün mülkisiyasi işlər üzrə məhkəmələri izləyirlər. Ümumiyyətlə, bu qurum son illərdə baş verən reallıqlarla bağlı hesabatlar ortalığa qoymayıblar. Mən bu barədə beynəlxalq təşkilatları məlumatlandırıb öz narazılığımı ifadə etmişəm”. Leyla Yunus suallarımızla bağlı öz ehtimallarını bölüşdü: “Bilirsiniz ki, gələn il prezident seçkiləri keçiriləcək, ancaq 2009-cu il referendumuna görə İlham Əliyevin namizədliyini irəli sürməsi qanunsuzdur. Məsələ ondadır ki, referendum 2008-ci il seçkilərindən sonra keçirilib, bu mənada o, daha namizəd ola bilməz. Mən bu barədə seçkilərdə iştirak edəcək şəxslərə müraciət etmişəm ki, gəlin, məhkəmə iddiası qaldıraq, əgər iddia qəbul olunmasa, Avropa Məhkəməsinə qədər israrlı olaq. Ancaq hələ reaksiya yoxdur. Gələk ehtimalıma, mənə elə gəlir ki, İlham Əliyev Qərbə sərf edir, Avropanın yatırımları varbu yatırımlar artır. Qərb görür ki, Əliyev şimaldan və cənubdan təzyiqlərə məruz qalır, bax, belə məqamda ona dəstək verməyi gərək bilirlər”.

Politoloq Leyla Əliyeva hesab edir ki, avtoritar rejimlərdə diplomatik korpuslar təmaslarında ehtiyatlı olurlar: “Əgər hakimiyyət öz baxışlarından diplomatik korpusların mövqelərində qərəzli nəsə görsə, Rusiyada olduğu kimi onları ölkədən çıxaracaqlar. Sadəcə, ofisləri bağlayıb “xoş gəldin” deyə bilərlər. Bu baxımdan beynəlxalq təşkilatların nümayəndəlikləri təsir imkanlarını saxlamaq istəyirlərsə, o zaman balanslaşdırma siyasətinə üstünlük verirlər. Amma avtoritar ölkələrdə balanslaşdırma siyasətini saxlamaq çox çətindir. Hətta obyektiv olmağa imkan verilmir, çünki obyektivliyi hakimiyyətin əleyhinə kimi qavrayırlar”. Leyla Əliyeva düşünür ki, ən yaxşı variant beynəlxalq təşkilatların Bakıdakı ofislərini bağlaması olardı: “O zaman beynəlxalq təşkilatlar özlərini daha azad aparar və dəyərlərinə sadiq qalarlar”.

Politoloq Zərdüşt Əlizadə “diplomatik korpuslar hökumətyönlü bəyanat verib” fikriylə razılaşmır: “Axı Azərbaycandakı səfirlərin bir yönü var - o da öz hakimiyyətlərinin yönü. Diplomatik korpuslar nə Azərbaycan hakimiyyətinə qarşı ola bilər, nə də lehinə. Çünki onların vəzifə borcu ondan ibarətdir ki, öz ölkəsiylə Azərbaycan arasındakı münasibətləri yaxşılaşdırsın. Bu, o məqsədlə edilir ki, səfirlərin hakimiyyətləri rəsmi Bakıdan istədiklərini ala bilsinlər. O cümlədən, Avropa Birliyinin öz mandatı var, qurum üzv ölkələrinin Azərbaycanda münasib məkanın yaranmasını istəyir. İkincisi, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yaxşılaşsın, onların məqsədi heço deyil ki, demokratiya haqqında təsəvvürü olmayan gəlib Azərbaycan vətəndaşına və müxalifətinə xoş olan sözlər desin”. “Bəs bütün dünyaya aşıladıqları dəyərlər və prinsiplər necə olsun” sualına politoloq belə cavab verdi: “Məgər, həmin dəyər və prinsiplərin qəyyumu yalnız Avropa qurumlarıdır? Azərbaycan cəmiyyəti, müxalifəti və vətəndaş cəmiyyətin bu dəyərlərin hamisi olmamalıdır? Onlar cəmiyyətimizə baxıb görürlər ki, əhalinin demokratik dəyərlər haqqında təsəvvürü yoxdur. Baxırlar müxalifətə, görürlər ki, tamamilə avtoritar, demokratiyaya yabançı köhnə şüurlu insanlardan ibarətdir. Vətəndaş cəmiyyətinə baxırlar, görürlər ki, çox nadir istisnalarla demokratiyanın nə olduğunu bilənlər var. Hakimiyyəti çox yaxşı tanıyırlar, bilirlər ki, iqtidarda olanlar komprador, əliəyri, yalançı, avtoritar insanlardır, amma Azərbaycanının rəsmi rəhbərləridir. Beynəlxalq təşkilatlar hətta gəlib bəzən sorğu keçirib görürlər ki, əhali hakimiyyətdən razıdır. Sual edə bilərsiniz ki, sübutunuz varmı? Bəli, mən sonuncu seçkidə Fizilogiya İnstitutundakı məntəqədə müşahidəçiydim, gördüm ki, siyasətçi və deputat kimi 1 qəpiyə dəyməyən Fuad Muradov müxalifətin təcrübəli döyüşçüsü Həsən Kərimovu təmiz uddu. Hərçənd ki, Həsən Kərimov siyasətçi kimi müstəqildir, cəfakeşdir, fədakardır və həqiqətən də müxalifətə sadiqdir. Amma xalq ona yox, mahiyyəti siyasətçi və deputat kimi 1 qəpiyə dəyməyən Fuad Muradova səs verdi”. Z.Əlizadə düşünür ki, müxalifətin fəlakəti gerçək vəziyyəti sərt və amansız şəkildə təhlil etməkdən çəkinməsidir: “Bunun əvəzinə isə “boğazdan yuxarı” şüarlar deməsidir. Halbuki, bu şüarlarla müxalifət 17 seçki uduzur və hakimiyyətin resurslarından biribu cür müxalifətdir”.

 

 

Natiq CAVADLI

 

Bizim Yol.- 2012.- 11 dekabr.- S.- 8.