“Bu şansı əldən vermək
olmaz”
Rafiq Əliyev: «Azərbaycanın
gələcəyi demokratik qüvvələrin birliyindən
keçir»
“Qərb real və
demokratik gücü müdafiə edəcək”
“Mənəmlik xəstəliyinə
tutulanların “demokrat maskası” geyindiyini, sabah diktator ola biləcəyini
Qərb bizdən də yaxşı hesablayır”
“Çoxları öz personunu şişirtməklə məşğuldur”
“Bircə onu deyə
bilərəm ki, burada “gizli əl” var. Yazılanların
çoxunu da o “əl”in məhsulu hesab edirəm”
Növbəti prezident seçkilərinə cəmi 10 ay qalsa da Azərbaycan müxalifəti hələ də daxili fikir ayrılıqlarını aradan qaldıra bilməyib.
İctimai Palatanın əsas hədəflərindən olan «Seçkiqabağı şəraitin demokratikləşməsi» ideyası da elə ideya olaraq qalıb. Hökumətin siyasi azadlıqları tamamilə məhdudlaşdırması şəraitində bu istiqamətdə addımlar atmaq mümkün deyil. Çünki müxalifət hakimiyyətə qarşı cəmiyyətin təzyiqini formalaşdıra bilməyib.
Başlıca səbəb düşərgənin pərakəndə olması, seçkilər münasibətdə mövqelərin, ambisiyaların toqquşmasıdır.
Müsavat başqanı İsa Qəmbər prezident seçkilərinə mütləq qatılacağını bəyan edir. Onun çevrəsində olan bəzi siyasilər isə İ.Qəmbərin heç kimə güzəştə getməyəcəyini anons edirlər. AXCP sədri Əli Kərimli isə İctimai Palatanın Ziyalılar Forumunun, Məşvərət Məclisinin, cəmiyyətdəki digər aktiv qruplar, vətəndaş cəmiyyəti təşkilatları və fərdlərin iştirakı ilə böyük koalisiyanın yaradılmasını təklif edir. Müsavat bu təklifə soyuq yanaşır. AXCP də İsa Qəmbərin namizəd olmasını mənfi qarşılayır.
Beləliklə zaman tükəndikcə müxalifətin də şansları tükənməyə doğru gedir.
Dünya şöhrətli alim, Ziyalılar Forumunun üzvü Rafiq Əliyev «Bizim Yol» və «Yeni Müsavat» qəzetlərinə geniş müsahibəsində bu situasiyanı təhlil edib, çıxış yollarını göstərib. Rafiq müəllimlə geniş müsahibəni oxucularımıza təqdim edrik.
- Rafiq müəllim,
söhbətimizi mətbuatın «qalmaqal» kimi təqdim etdiyi
partiya liderlərinin və Sizin də
qatıldığınız görüşdən
başlamaq istəyirik. “Asiman” restoranında nə baş verib
ki, qalmaqal adlandırılır?
- İnciməyin, açıq
danışacağam. Bu görüş ətrafında
yaratdığı qalmaqal qəzetçilərin, jurnalistlərin
sensasiya yaratmaq naminə, bəlkə də başqa məqsədlər
üçün uydurduğu yalandı. Dediyiniz toplantıya
qatılan insanlar həmin tərkibdə bir neçə dəfə
görüşüblər. Bu növbəti görüş
idi. Mənə bir neçə dəfə İqbal Ağazadə
zəng edib. Cəmil Həsənli, İqbal Ağazadə, Sərdar
Cəlaloğlu və mən görüşmüşdük.
Adıçəkilən görüş başlayan kimi, təxminən
20 dəqiqə sonra “Yeni Müsavat” qəzetindən mənə
zəng gəldi ki, belə bir görüş var? Burada bir
qısqanclıq hiss elədim... Bilirsiniz, heç kəs mənə
kiminlə görüşüb, görüşməməyim
barədə tələb irəli sürə bilməz. Kiminlə,
nə zaman görüşəcəyimi özüm həll
edirəm. Qayıdaq həmin toplantıya, bu görüşlə
bağlı mənə dəfələrlə zəng
olmuşdu. Sadəcə, xaricdə olduğumdan,
görüş baş tutmurdu. Ölkəyə qayıdan kimi
görüşdüm. Burada nə var ki? Ancaq
görüşdə kimlərin iştirak edəcəyini dəqiq
bilmirdim. Bilirsiniz, Ziyalılar Forumuna gələn gündən
yalnız bir amalım olub - demokratik qüvvələri eyni məxrəcə
gətirmək. Düzdür, Ziyalılar Forumunda olan bir
çox dostlarım irad tutub ki, buna nail ola bilməyəcəksiniz.
Çünki məndən fərqli olaraq onların təcrübəsi
var. Bir daha deyirəm, həmin görüşə
çağrılmağım təkcə şam süfrəsi
deyildi, onsuz da onlar tez-tez toplanırlar. Mən sadəcə
demokratik qüvvələrə çağırış
etmişəm və bu istiqamətdə addımlarımı
davam etdirirəm. Ona görə ki, Azərbaycanın gələcəyi
demokratik qüvvələrin birliyindən keçir. Demirəm
ki, müxalifətçilər hamısı dostlaşsın,
qardaşlaşsın. Hər kəsin öz mənafeyi var.
Lakin mütləq güzəştlər olmalıdır və
siyasət personalar üzərində qurulmamalıdır.
Əgər siyasət personalar üzərində qurulsa, məğlubiyyət
olacaq. Ziyalılar Forumunun son bəyanatında da bildirmişdik
ki, yeganə yol - demokratik qüvvələrin birliyindən
keçir. Belə çağırışlar dəfələrlə
olub. Bu görüş də həmin istiqamətdəki
addımlardan biri idi.
- Görüşdə söhbət
nədən getdi, “vahid namizəd” məsələsi
müzakirə olundumu?
- Bu barədə heç bir söhbət olmadı. Öncə onu qeyd edim ki, bu bir çay süfrəsi idi. Maraqlı söhbət oldu. Əvvəldən dedim ki, mən bir fərd kimi gəlmişəm bura. Ziyalılar Forumu tərəf deyil. Yeganə missiyamız ağsaqqallıq institutunu həyata keçirtməkdir. Bizim siyasi iddiamız yoxdur və olmayacaq da. Vahid güc mərkəzi yaransa, öz mövqeyimizi deyəcəyik. Ancaq Ziyalılar forumunun öz namizədi olmayacaq. Biz siyasi tərəf deyilik, bunu qəti şəkildə bildirirəm. Həmin görüşdə vahid güc mərkəzi yaratmaqdan söhbət getdi. Hamı bu fikri dəstəklədi. Lakin vahid namizəd söhbəti olmadı, inanın mənə. AXCP sədri Əli Kərimli də bildirdi ki, mütləq birləşməliyik. Görüşdə iştirak edən hər bir kəs bu fikri dəstəklədi. Lakin məndə belə bir təəssürat yaranır ki, “arxa bağçada” çoxları başqa cür düşünür. Burada “gizli əl” olduğu görünür. Bütün bunlar ram olunmayan hikkədən xəbər verir. Detallara getmək istəmirəm. Hamı anlamalıdır ki, bu gün persona ətrafında birləşmək mümkün olmayacaq. Bunu hamı qəbul etməlidir. Əhali arasında da bir soyuqluq yaranıb və bu o düşüncədən doğur ki, Qərb kimisə müdafiə edir. Bəs Qərb nə etməlidir ki? Qərb real və demokratik gücü müdafiə edəcək. Mənəmlik xəstəliyinə tutulanların “demokrat maskası” geyindiyini, sabah diktator ola biləcəyini Qərb bizdən də yaxşı hesablayır. Onların siyasi institutları Azərbaycanda gedən prosesləri dərindən təhlil edir. Odur ki, onların məlumatı kifayət qədərdir.
-
Müxalifət düşərgəsində cərəyan edən
prosesləri izləyəndə belə bir fikir yaranır ki,
mübarizə heç də prezidentlik uğrunda getmir.
Əsas namizədin kim olacağı, kimin seçkidən hansı
dividenti əldə edəcəyi hamı üçün
olmasa da, əhəmiyyətli kəsim üçün daha
önəmlidir. Bu
tendensiyanı siz də hiss edirsinizmi?
- Mən bir qədər fərqli düşünürəm. Ola bilər ki, siz jurnalistlər proseslərə daha yaxın olduğunuzdan belə bir fikrə gəlmisiz. O fikirlə razıyam ki, çoxları öz personunu şişirtməklə məşğuldur. Axı prezident kürsüsü bir dənədir. Bir az hikkədən əl çəkmək lazımdır.
- Qayıdaq
“Asiman görüşünə”, Müsavat
başqanının müavini Gülağa Aslanlı bildirdi
ki, görüşdə “vahid namizəd” məsələsi
müzakirə olunacağına görə İsa Qəmbər
iştirakdan imtina edib. Belə fikirlər də səslənir
ki, orada “cırtdan partiyalar” da iştirak edirdi və bu konsensus
əldə etməyə mane ola bilərdi.
- Elə məsələ bundadır da. Yenə həmin hikkə söhbəti. Biz bütün demokratik qüvvələri, QHT və fərdləri birləşdirmək istəyirik. Kənarda kifayət qədər güclü, mübariz insanlar var. Biz hamını birləşdirmək arzusundayıq. “Mən filankəslə oturmaram” tezisi yanlışdır. Belə çıxır ki, bizim barəmizdə düz deyirlər ki, əgər bu insanlar bir yerdə şam süfrəsində də əyləşə bilmirlərsə, necə birləşə bilərlər? Ancaq bir daha deyirəm, vahid namizəd söhbəti ümumiyyətlə olmayıb.
- Rafiq müəllim,
gəlin açıq etiraf edək ki, müxalifət
düşərgəsində səmimiyyət
çatışmır. Bəklə elə bütün
problemlər bundan qaynaqlanır?
- Səmimiyyət də çatışmır, hikkə də qoymur birləşməyə.
- Mən bu barədə
İqbal bəyə də sual verdim, Sizdən də
soruşmaq istərdim, mümkündürmü ki, dediyiniz
qüvvələr hakimiyyətin hansısa dairələri tərəfindən
idarə olunur?
- Bu barədə düşünmək belə istəmirəm. İnformasiyam da olmadığından bu haqda heç nə deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, burada “gizli əl” var. Yazılanların çoxunu da o “əl”in məhsulu hesab edirəm. Yazırlar ki, separatçılıq ediblər. Həmin görüşdə 6-7 adam olub, Əli bəy dedi ki, hamı bir məxrəcə gəlməlidir, Müsavat Partiyası, İctimai Palatayla bir yerdə, orda ləyaqətli insanlar var. Belə olanda, mən bilmirəm hansı separatçılıqdan söhbət gedir, anlamıram. Axı bilmədiyin şeydən niyə danışırsan, niyə uydurursan, orda olmamısan, mən bunu yazan qəzet üçün deyirəm. Sabah sizlər bu müsahibəni yayacaqsınız, məlum olacaq ki, belə deyil, birisi gün də başqası çıxıb mənim kimi olanları danışacaq. O zaman həmin jurnalistlər nə vəziyyətə düşəcək? Bilirəm, onları da yönəldən var, amma gərək yazmasınlar. Tutalım ki, “Səs” qəzeti, bir başqası nəysə yazır, amma gərək bunlar yazmasın da. Axı bu qəzetlər müxalifəti niyə parçalamaq istəyir? Bilmirəm, Sizin (mənə baxaraq) qəzet yazıbmı?
- Xeyr, bizim qəzet
yazmayıb.
- Yenə deyirəm, niyə parçalamaq istəyirlər? Bu vektor parçalamaq istiqamətindədir, bir yerə toplamaq yox. Bax, bu günkü gedən yazılar o istiqamətdədir, mən “gizli əl” onu deyirəm.
- Söhbət
hansı “əl”dən gedir və həmin “gizli əl” daxildən
uzanır, yoxsa xaricdən?
- Bəlkə də o əl elə müxalifətin öz içindədir.
- Olarmı ki,
müxalifətin parçalanmasının səbəbini
başqa yerdə axtaraq? Baxın, düşərgənin iki əsas
güc mərkəzi, təqribən eyni gücə malik olan
liderləri - İsa Qəmbər və Əli Kərimli eyni
mövqeyə gələ bilmirlər. Bunun günahı da qəzetlərdə
deyil hər halda. Məhz bu baxımdan, biz
yazmışdıq ki, parçalanmağın
qarşısını almaq üçün “Azərbaycanın
Koştunnitsası” variantına üstünlük verilməlidir,
bu fikirlə razılaşırsınızmı?
Çünki əvvəldən İsa Qəmbər və
Əli Kərimlinin tərəfdarlarının biri-birini qəbul
etməyəcəyini bilirdik...
- Əvvəla, mən razı deyiləm ki, müxalifətdə iki əsas güc mərkəzi var. İki gün əvvəl Qənimət Zahidin yaxşı bir yazısını oxudum, çox xoşum gəldi. O, bir az dediyinizin əleyhinə gedir və hətta başlıq da qoyub ki, indiki situasiyada Əli Kərimli öz namizədliyini versə, onu müdafiə eləməyəcək.
- Bunun başqa tərəfi
də ola bilər, bəlkə söhbət boykotdan gedir? AXCP
rəhbərliyində bu əhval-ruhiyyə sezilməkdədir...
- Yox, yazının canı birlikdir. O, da yazır ki, niyə hamı İctimai Palatanın ətrafında toplanmalıdır, bəlkə kənarda bir güc mərkəzi olacaq və o da onlarla bir yerdə olar. Söhbət daha çox “kənar namizəd” ideyasından gedir. Bilirsiniz, deyirsiniz iki əsas güc mərkəzi, axı, kiçik partiyalar da özlərini kiçik saymırlar. Say əsas məsələ deyil. Düşünürəm ki, Əli Kərimli güzəştə hazırdı. Mən onun çıxışından bunu hiss etdim. Bilmirəm “arxa baxça”da nə baş verir, amma görünən budur.
- Boykot
ideyasına necə baxırsınız, lazımdırmı?
- Düşünürəm ki, demokratik düşərgənin 10-15 ilə bu qədər şansı olsun. Bu şansı əldən vermək olmaz. Bilirsiniz, vaxt çox uduzuldu. Qərb də gördü ki, müxalifətdə pərakəndəlikdir, odur ki, ehtiyat etməyə başladı. Məsələni “kürü diplomatiyası”nda da axtarmaq düz deyil. Qərb milyonlarla yatırım qoyub bura. Odur ki, risk etmək istəmir. Xalq da çox soyudu proseslərdən. Müxalifətin birliyi sosial sifariş idi. Müxalifət bunu edə bilmədi.
- Niyə 10-15 il
şans olmayacağını
düşünürsünüz?
- Şans qeyri-səlisdir, dərəcəylədir, şans o idi ki, xalq soyudu. O birlik xalqın sosial sifarişiydi, onu edə bilmədilər.
- Niyə edə
bilmədilər, hesablaya bilmədilər, yaxud intellekt
çatmadı?
- Hikkə qoymadı bunu etməyə. “Asiman”da olan görüşdə də dedim ki, birləşmək istəyirsinizsə, birinci leksikonunuzu dəyişin. Heç kimin danışığı bir-birinin xoşuna gəlmir. Bax, bizim burada danışdıqlarımızı ABŞ səfiri onlarla görüşdə deyib, dəfələrlə bu barədə xəbərdarlıq edilib. Münasibətlər dəyişməlidir, başqa yol optimal deyil.
- Rafiq müəllim,
tutalım ki, 2013-cü il seçkisi bitib, o zaman müxalifət
liderlərinin, cəmiyyətin durumu necə olacaq, artıq
indidən bədbin mənzərə yaranır, necə
görürsünüz?
- Allahdan başqa hər şey dərəcə ilədir. Düşünürəm ki, ölkədə islahatlar qaçılmazdır. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq həmin qüvvə islahatlara getməyə məhkumdur. Demokratik addımlar mütləq atılacaq.
- Ancaq inersiya ilə
də bu proses uzun çəkə bilər...
- Yox, yumşalma mütləq olacaq.
- Bu cür fikirlər
2003, 2005, hətta 2010-dan da sonra oldu, ancaq indi fərqli mənzərədir...
- Bu gün dünya o dünya deyil. 2003-də idealistlər
ABŞ-da hakimiyyətdə deyildi.
- Burda başqa məsələ
ortalığa çıxır, sistemdən kənar qüvvələrin
iqtidara gəlməsi inandırıcı görünmür bəziləri
üçün. Yəni “hakim elita qala bilər və növbəti
prezident elə iqtidarın öz içindən çıxa
bilər ən yaxşı halda” kimi düşüncələr
də mövcuddur...
- Vəziyyət bu şəkildə davam etsə, dediyiniz baş verə bilər. Müxalifətdə, cəmiyyətdə parçalanma olacaqsa, belə model işə düşəcək. Bilirsiniz, güclü olmaq lazımdır. Paskalın yaxşı bir fikri var: o şeyə söykən ki, müqavimət var. İstər mənəvi güc olsun, istər birlik olsun. Güc olmasa, müxalifətlə heç kəs hesablaşmayacaq.
- Güc haradan
olsun? Müxalifət maliyyədən, telekanallara
çıxışdan məhrum edilib. Belə baxanda şans
haradandır və müxalifət nə etməlidir?
- Mən bir şeydə görürəm şansı, yenə də deyirəm, vaxt xeyli uduzuldu. Amma ictimai fikir böyük güc ola bilərdi.
- Azərbaycanda ictimai fikir də
yoxdur...
-
Bacarmadıq da ictimai fikir yaradaq. Xalq baxır ki, müxalifət
bir masada əyləşə bilmir, yaxud bu
gün bir şey, sabah başqa bir fikir deyir. Səmimiliyin
olmaması da ictimai fikri öldürür.
- İqtidarı tənqid eləmək
bəzən müxalifəti tənqid etməkdən daha
asandır. Müxalifətin
tənqidi ciddi təpki ilə qarşılaşır. Bu, liderlərdən başlamış gənclər
hərəkatlarının üzvlərinə qədər
sezilir. Belə olanda, hakimiyyət dəyişərsə,
yenədəmi tənqid qadağan olunacaq?
-
Bütün bunlar da hikkənin göstəricisidir. Hikkədən əl çəkilməsə, gənclik
liderlərindən hesabat tələb edəcək.
- Rafiq müəllim, 20 ildir ki, gənclik
eyni proseslərin içində qocalıb, lakin heç nə
dəyişməyib....
-
2013-cü ildən sonra gənclər sözünü deyəcək,
bəlkə də bir az tez.
- Vertikal sui-qəsd nəzəriyyəsi var. Bəlkə iqtidarda kimlərləsə
danışığa getmək, maliyyə bölgüsünə
yenidən baxılmayacağını elan etməyin vaxtı
çatıb?
-
Çox qəribədir ki, hazırda iqtidar müxalifətlə
müqayisədə daha monolitdir. Odur ki, bunu etmək
çətindir. Dəyişikliyə nail olmağın əsas
atributlarından biri də elə siz dediyinizdir. Gedən
yazılara elə də baxmayın, hakimiyyət möhkəmdir.
Özü də bu müxalifətin pərakəndəliyi
fonunda baş verir. Məhz bu baxımdan birliyə nail
olmaq lazımdır. Maliyyə
amnistiyasının veriləcəyi, müxalifətin yenidən
bölgü aparmayacağını bəyan etməyin tərəfdarıyam.
- Tutaq ki, müxalifət namizədi
seçkidə səs toplaya bildi, iqtidar seçkinin nəticələrini
saxtalaşdırdı, etirazları zorla yatırdı. Nə edəcək belə olan halda müxalifət?
-
Xalqı ayağa qaldırmaq mümkün olsa idi, iqtidar buna
gedə bilməzdi. Təəssüf ki, vaxt
gedir.
- Cəmiyyət özü də
prosesdə yoxdur axı...
- Daha
doğrusu, cəmiyyətin təsir gücü azdır. Ancaq demokratik qüvvələr bunu yaratmalı idilər.
Əgər müxalifət bir-biri ilə yola
getmirsə, bu cəmiyyətə mənfi təsir
bağışlayır. Xalq hər şeyi görür,
bu güzgüdə xalq hər şeyi görür...
- Seçkiyə artıq aylar
qalır. Müxalifətin vaxtı çatacaqmı cəmiyyəti
səfərbər etməyə, vahid komanda yaratmağa, yoxsa
seytnot təhlükəsi yaranacaq?
- Belə
istək olsa, çatmaq olar. Ancaq bunun nə nəticə
verəcəyəni söyləmək çətindir. Hər halda bu addımı atmaq heç vaxt gec deyil.
Məşhur riyaziyyatçı Bellmanın
optimallıq prinsipi var. Onun dinamik proqramlaşdırmasına
görə, hər addım optimal olmalıdır. Heç olmasa bundan sonrakı addımlarımız
optimal olmalıdır ki, vəziyyət düzəlsin. Əks təqdirdə, vəziyyət daha da pisləşə
bilər.
- Deməli, 2018-ci ildə də eyni
simaların “vahid namizəd” söhbətlərinin və intriqalarının
şahidi olacağıq? 2023-cü ildə də
belə olacaq və bu, sonsuza qədər davam edəcək?
- İnanmıram, gənclər buna imkan verməyəcək.
- Axı 19 ildir belə davam edir: təkrarolunan
təkrarçılıq...
-
Dünya da 19 il əvvəlki dünya
deyil. Gənclik 20 il əvvəlki gənclik
deyil. Dünyanın aparıcı ali məktəblərində
minlərlə gənc təhsil alır. Onlara
inamım çoxdur.
- Onlar da Azərbaycana dönəndən
sonra ya mənən sınır, ya iqtidara işləyirlər. Partiya gəncliyi isə öz liderlərinə pərəstiş
edirlər, Bəxtiyar Hacıyevin təşkilatı, NİDA
və başqalarına gəldikdə, hələ
toparlanmayıblar, dərnək səviyyəsindədirlər,
bu isə 10 il çəkə bilməzmi?
- Yox, elə
düşünmürəm. Mən
düşünürəm ki, demokratik təfəkkür
birinci şüurda yaranmalıdır, ondan sonra əmələ
keçməlidir. Əks halda problemlərin
həlli xeyli qəlizləşir. Bu gəncliyin
təfəkkürü başqadır.
- Siz şansın əldən verilməsindən
danışdınız. Etiraf edin ki, özünüz də
vaxtı itirdiniz. Neft Akademiyasından qanunsuz olaraq xaric
olunmağınız cəmiyyətdə elə bir silkələnmə
yaratdı ki, ziyalılar sizə çıxış yolu kimi
baxmağa başladı. Bəlkə prezidentliyə
iddianızı ortaya qoyardınız? Axı bilirdiniz ki,
İsa Qəmbərlə Əli Kərimli ortaq məxrəcə
gələ bilməyəcək. Niyə iddianızı
ortalığa qoymadınız, yoxsa ehtiyat edirsiniz ki, sizi
ambisiyada olmaqda ittiham edərlər?
- Mən
bütün demokratik qüvvələrin birləşməsini
istəyirəm. Siyasi iddiam yoxdur. Ziyalılar Forumu da siyasi təşkilat deyil.
- Söhbət Ziyalılar Forumundan
getmir, konkret Sizin müstəqil namizəd
kimi seçkiyə qatılmağınızdan gedir. Baxın,
Rüstəm müəllim Avropadan qayıtdıqdan sonra məlum
müsahibəsiylə cəmiyyətə daha güclü təsir
etdi, nəinki müxalifətin neçə illik fəaliyyəti.
Deməli, ziyalı namizəd yenidən aktuallaşır...
-
Hazırkı mərhələdə belə bir niyyətim
yoxdur. Mən ona pis baxıram ki, kimsə desin ki, filan yerə
iddialıyam. Əgər xalq səni istəyirsə, əsas qüvvələr
bunu arzulayırsa...
- Xalq amorf anlayışdır, cəmiyyətdə
də passionarlıq çatışmır. Belə olanda,
ziyalı namizədə, Siz, ya Cəmil Həsənli, yaxud
Rüstəm İbrahimbəyov kimi ziyalı modelinə ehtiyac
yaranır.
- Biz
heç kimin namizədliyini verməyəcəyik, çünki
siyasi qurum deyilik. Adlarını çəkdikləriniz
elə fərdlərdir ki, onlar heç zaman öz namizədliklərini
verməzlər.
- Deməli, cəmiyyət 2013-dən
sonra hələ çox əziyyət çəkəcək?
- Əgər sel gəlsə,
çör-çöpü yolundan süpürüb atacaq. Bizi düşündürən
başlıca məsələ vəziyyəti dəyişmək
və birliyə nail olmaqdır. Əgər
müxalifət səmimi olmasa, elə belə də gedəcək.
Onlar biri-birinə hikkələrin azaltmasalar bu
cür də gedəcək.
- O zaman ziyalılar harada olacaq?
-
Bilirsiniz, ziyalılar abırlı adamlardı. Biz
iddialarla çıxış edə bilmərik. Bu reallıqdır. Mənim
üçün əsas xalqın istəyidir. Sizə keçən dəfə də demişdim
ki, xalqımın yolunda özümü fəda etməyə
də hazıram. Lakin birliyə mane olacaq
addımlar atmaq istəmirəm. Mütləq
birləşməliyik.
- Təsəvvür edək ki,
seçki bitdi və apatiya yarandı, belə olanda müxalifəti
ittiham edəcəksinizmi?
- Edirik də.
- Rafiq müəllim, “Milyarderlər
İttifaqı” barədə müxtəlif şərhlər
var, Birincisi, qısa zamanda Azərbaycanda populyar oldu, bunun səbəbləri
nədir? İkincisi, bu layihənin Rusiya ilə
bağlılığı varmı?
- Bu təşkilata hansısa əlahiddə rəğbətin
olduğunu hiss eləmirəm, bəlkə də var. “Milyarderlər
İttifaqı” hələ heç bir addım atmayıb. Onların fəaliyyəti barədə statistika
yoxdur. Odur ki, konkret fikir söyləmək
də mümkün deyil. Bir onu bilirəm
ki, Rüstəm İbrahimbəyov heç bir zaman Azərbaycanın
əleyhinə olan təşkilatda olmayacaq. O dünyada
tanınan insandır. Buna görə həmin təşkilatdadır.
Rüstəm İbrahimbəyov heç bir zaman
Azərbaycan əleyhinə olmayacaq, odur ki, ölkəyə
qarşı olan təşkilatlarda da iştirak etməyəcək.
Rüstəm olan yerdə, dövlətçiliyə,
millətə qarşı heç nə gözləməyin.
- Son dövrlər Kremlin Azərbaycana
təzyiqlər artıb, bu mənada Rusiya ilə hər
hansı bir əməkdaşlıq məsələsinə
necə baxırsınız?
-
Çox pis baxıram. Demokratik dəyərlərə
qarşı olan qüvvəyə müsbət yanaşa bilmərəm.
Rusiya demokratik ölkə deyil.
- Demokratik ölkə olan ABŞ da Azərbaycan
demokratiyasının yanında deyil...
- Bu
gün ABŞ-da idealistlər hakimiyyətdədir. Onlar həm öz ölkələrində, həm də
xarici ölkələrdə demokratiyanın olmasını
arzulayırlar.
- Ancaq ona da diqqət yetirək ki,
Amerikada kimin hakimiyyətdə olmasından asılı
olmayaraq, qərarların qəbulunda transmilli neft
korporasiyalarının nümayəndələri əsas
söz sahibi olurlar. Azərbaycanda isə kimin transmilli neft
şirkətləri ilə bağlı olduğu hər kəsə
bəllidir..
- Azərbaycanda kim hakimiyyətə gəlsə, həmin şirkətlərlə
əməkdaşlıq edəcək. Odur ki,
demokratiya tələblərinin yalnız neftlə bağlamaq
yanlış olardı.
Natiq CAVADLI
Bizim Yol.- 2012.- 14 dekabr.- S.- 8-9.