BVF-nun Azərbaycana tövsiyələri ətrafında mülahizələr

 

Əli Məsimli, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili

II YAZI

Beynəlxalq Valyuta Fondu (BVF), bütün postkommunist məkanında olduğu kimi, Azərbaycanda da mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid istiqamətində həyata keçirilən islahatlarda aparıcı rol oynayıb. Azərbaycan 1992-ci ildən BVF ilə əməkdaşlıq edir. BVF Azərbaycanla əməkdaşlıq layıhələrinin reallaşdırılmasına 577 milyon dollar kredit verib. Azərbaycan həmin kreditin əksər hissəsini qaytarıb və 2006-cı ildən artıq BVF-dən kredit almasa da, əməkdaşlığı davam etdirir. İndi BVF Azərbaycanla əvvəlik kimi sıx əlaqədə olmasa da, iqtisadiyyatımız barədə tövsiyələrini davam etdirir. BVF-in Azərbaycana dair son tövsiyələrini dünya iqtisadiyyatının hazırkı qeyri-müəyyənliyi kontekstindən incələmək maraqlı olar:

8. BVF-in missiyası hesab edir ki, “Azərbaycanda struktur islahatlarının dərinləşdirilməsi iqtisadiyyatın şaxələnməsinə, neftdənkənar sahələrin rəqabət qabiliyyətinin artmasına, eksportu stimullaşdırmağa, yeni iş yerlərinin açılmasına təsir etməyə qadır olacaq”. Doğrudan da 2011-ci ilədək Azərbaycan iqtisadiyyatının artımı neft sektorunun hesabına əldə olunubson iki il ərzində bu sahədə müşahidə olunan durğunluq iqtisadi artım tempnin 2011-ci ildə 0, 1 faizə, bu il isə 1 faiz ətrafına enməsinə gətirib çıxarıb. Ona görə də BVF-in bu ideyası çox dəyərli ideyadır, amma təəssüf ki, azı 15 -20 il geçikdirilib. Axı bu təklif azı 20 il əvvəl mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar münasibətlərinə kecid istiqamətində həyata keçirilən islahatların (liberallaşma, makroiqtisadi tarazlaşma, özəlləşdırmə və s.) mühüm tərkib hissəsi olmalı idi. Bundan ötrü BVF və Dünya Bankı ilə birlikdə fəaliyyətini kordinasiya etməli, bu iki əsas qurumun Azərbaycan ayırdığı çoxmilyonlu vəsaitin bir hissəsini köklü struktur islahatlarına, neftdənkənar sahənin rəqabət qabiliyyətinin gücləndirilməsinə, müasir tələblərə çavab verən, yüksək maaşlı yerlərinin açılmasına yönəldilməli idi.

9. BVF-in missiyası hesab edir ki,”Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olma prosesini tamamlamalıdır”. BVF-in bu təklifi ilə bizim mövqeyimiz üst-üstə düşür. Amma Azərbaycanda ÜTT-yə üzv olmaq məsələsinə dair vahid fikir hələ tam formalaşmayıb. Bunu zəruri hesab edənlərlə yanaşı, ÜTT-yə üzvlüyün təhlükəli olduğu qənaətində olanlar da az deyil. ÜTT-yə üzv olmaq yox, hazırlıqsız üzv olmaq təhlükəlidir. Azərbaycan hələ 15 il bundan əvvəl -23 iyun 1997-ci ildə ÜTT-yə üzv olma niyyətini əks etdirən müraciət etmişdir. Deməli Azərbaycan bu sahədə kifayət qədər hazırlıq mərhələsi keçib. İndiki mərhələdə isə sadəcə ÜTT-yə üzv olan ölkələrin, xüsusən də Qırğızıstan, Ukrayna kimi ölkələrin bu prosesdə səhvlərini diqqətlə öyrənmək və onları təkrarlamamaq lazımdır. ÜTT üzvü olan bir sıra olkələrdə beynəlxalq ekspertlər tərəfindən aparılan araşdırmaların nəticələrinə görə demək olar ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ilk mərhələ müəyyən problemlər yaşamaqla, neftdənkənar sahələrin bir hissəsinin zəifləməsi ilə müşayət olunsa da, tədricən investisiya cəlbi imkanlarının artması, qeyri neft sektorunun inkişafı və bazarın diversifikasiyası, azad rəqabət muhitinin formalaşması və inhisarcılığın azalması, yeni texnikatexnologiyalara cıxışın asanlaşması, keyfiyyətli və rəqabətə davamlı məhsul istehsalı imkanlarının artması hesabına ixrac imkanlarının genişlənməsinə təkan verəcəkdir. Buna nail olmaqdan ötrü əvvəlcə gərək Azərbaycanın ÜTT-yə optimal variantda daxıl olma problemi həll edilsin: Azərbaycan ÜTT-yə “inkişaf etməkdə olan ölkə” statusu ilə daxil olmağa, aqrar sektorun subsidiya limitinin illik istehsalın 10 faizi həcmində olmasına nail olunmalıdır. Azərbaycan bunu razılaşdırmaqdan ötrü, ekoloji təmiz məhsul istehsalını genişləndirib, «yaşıl zənbil» prinsipi üzrə güzəştlərdən istifadə edib subsidiyanı istədiyi qədər artıra bilər. Azərbaycan adaptasiya üçün məqbul sayıla biləcək səviyyədə möhlət illəri almalıdır. Qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması prosesi sürətləndirilməlidir. Azərbaycan Gömrük tariflərinin bütövlükdə, Mərkəzi və Şərqi Avropadakı müvafiq göstəricilərə (0-22faiz) uyğunlaşdırılması istiqamətində səy göstərib, heç olmasa indiki tarıflərin (0-15faiz) saxlanılmasına nail olunmalıdır.

 

10. BVF-in missiyası Azərbaycan Beynəlxalq Bankınının özəlləşdirilməsindən qabaq restukturizasiyasını istəyir. Azərbaycan Beynəlxalq Bankınının kapitalında dövlətin payı 50,2 faiz, xüsüsi səhmdarların payı isə 49, 8 faiz faiz təşkil edir. Bu mənada Beynəlxalq Bank özəlləşdirilmiş kimi optimal bir vəziyyətdədir.

11.BVF-in missiyası hesab edir ki, dövlət xərclərinin artırılması inflyasiyanı gücləndirməsin deyə Mərkəzi Bank pul- kredit siyasətini sərtləşdirməlidir. Fikrimizcə, BVF-in bu təklifi “şok terapiyası”dövrü ruhundadır və Azərbaycanın hazırkı reallığına uyğun gəlmir. Çünki, əvvəla dövlət xərcləri güclü inflyasiya yarada bilmək dərəcəsində artmayıb, inflyasiya təzyiqi artacaqonun real inflyasiyaya çevrilməsinin qarşısını almaqdan ötrü bu cür birtərəfli yox, kompleks tədbirlər görülməsi tələb olunur. İkincisi, onsuz da Azərbaycanda pul-kredit siyasəti lazım olduğundan sərtdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda bank kreditlərinə görə faiz dərəcələri bir qayda olaraq inflyasiyadan 7-10 dəfə yüksəkdir.

Azərbaycan artıq BVF-dən kredit almadığına görə, onun tövsiyələrini nəzərə almaya da bilər. Amma BVF-in irəli sürdüyü təklif və tövsiyələrin bir qisminin Azərbaycan hökuməti tərəfindən incələnməsi və məqbul hesb olunanların 2020-ci ilədək olan inkişaf konsepsiyası əsasında hazırlanacaq proqram xarakterli sənədlərə salınaraq həyata keçirilməsini məqsədəuyğun hesab edirik. Bununla belə Azərbaycan iqtisadiyyatında yüksək artım templərini bərpa etməkdən ötrü, inkişaf konsepsiyası dəyişməlidir BVF-in fraqment xarakterli təklifləri də daxil olmaqla ciddi bir proqram hazırlanıb, həyata keçirilməsinə ehtiyac vardır...

 

əvvəli var...

 

Bizim Yol.- 2012.- 14 dekabr.- S.- 12.