“Mərkəzi Komitəyə bildirdim ki, biz meydanı işıqlandıracağıq”

Cəmil Əlibəyov: “Ürəyim Ziyalılar Forumunda toplaşan ziyalılarımızın yanındadır»

 

“Moskvada “İstintaq”a etiraz olanda, Rüstəm cavab verdi ki, filmə general baxıb və qəbul edib”

 

Bu günlərdə ömrünün 85-ci baharını haqlamış Cəmil Əlibəyova suallarımızı bir neçə ay öncə göndərmişdik. Müəyyən səbəblərdən müsahibə geciksə, nəhayət, Cəmil müəllim suallarımızı cavablandırdı. Cəmil müəllim cavabında yazır ki, suallarınızın çoxuna (sırf siyasət çalarlılarından savayı) cavab verməyə çalışacağam. Ancaq bir şərtlə. Bir il ərzində Azərbaycanda baş verən vaqiə və qəziyyələr məni bunlar barədə mülahizələrimi qısa da olsa əvvələ çəkməyə vadar etdi. Beləliklə, həmsöhbətimiz yazıçı, uzun müddət “Kinostudiya”nın direktoru, 80-ci illərin sonunda, milli-azadlıq hərəkatının başlandığı dövrdə “Kommunist” qəzetinin baş redaktoru olmuş Cəmil Əlibəyovdur. 

- Hörmətli Cəmil müəllim, 85 yaşa dolub, aqil ömrünüzü yaşadığınıza görə deyil, Azərbaycanın çağdaş böyük ziyalıları arasında adınızın xüsusi hörmətlə çəkildiyi üçün Ziyalılar Forumunun ərsəyə gəlməsinə münasibətinizi bilmək istəyərdik. Axı Siz görkəmli jurnalist, sevilən yazıçı və tanınmış ictimai xadim kimi anılırsınız. Bəs nə üçün forumda sizi görmürük?!

- Bu sağlamlığımla bağlı olub, ürəyim onların yanındadır. Əvvəlcə onu deyim ki, ziyalı fəallaşması dənizin qabarması və çəkilməsi sayağı bir neçə amillərlə şərtləşir. Hər halda bu, cəmiyyətin inkişafı ilə bağlıdır. Əgər Demokratik Cümhuriyyətin təsisatı haqda bizlər tarixçilərin yazdıqları ilə məlumatlanmışdıqsa, ötən əsrin sonlarında bizim nəsil bunun bərpasının canlı şahidi olub. Bir tərəfdən - Moskvadan asılılıqla bağlı idisə bu, digər tərəfdən erməni iddiaları - Dağlıq Qarabağın işğalı cəhdindən qeyzlənmiş xalqın ayağa qalxmasına təkan verilmişdi. Yaxşı yadımdadır, səksəninci illərin sonunda baş verənlərdən əvvəl hələ 87-nin may ayında məhz Azərbaycan ziyalıları meydan mitinqində aparıcı qüvvə kimi nəzərə çarpırdı. Meydandakı nitqlərlə kifayətlənməyib, filarmoniyaya gəlmişdik. Orada artıq müstəqilliyin zəruriliyi anlamı açıq-saçıq bilinirdi. Nəbi Xəzrinin latın hürüfatına keçməklə bağlı odlu-alovlu nitqi ziyalılar tərəfindən alqışla qarşılandı. Tanınmış ziyalıların hamısı ordaydı. Ancaq qaraguruh qüvvələrin fəallaşması ilə bağlı ziyalılar meydandan çəkilməyə başladılar. Savadsız fəhlənin mitinqə toplaşanlara gimnastika təlimi keçməsi ziyalılarda ikrah hissi yaratdı. Ziyalılar abırlarını gözləyib get-gedə meydandan dağılışdılar. Onu da deyim ki, dövlətimiz ermənilərə qarşı mübarizədə ilk olaraq ziyalıları köməyə çağırdı. Qarabağdan olan ziyalılar dəstə-dəstə rayonlara ezam edildi. Füzuli rayonuna üç nəfər getmişdik. Professor-həkim Şamil Quliyev, professor, indi Milli Akademiyanın müxbir üzvü Hətəm Quliyev və mən. Gərəkli məlumat ala bildik. Poçt işçilərinin toplanışında erməni millətindən olan qadının yaxınlarından pul yığaraq Hadrut rayonuna apardığı aşkarlandı. Sonra şair Qasım Qasımzadə ilə Bərdə və Yevlax rayonuna getdik həmin tapşırıqla. Kreml bizimkilərin başının altına yastıq qoydu. Mübarizə istiqamətini dəyişdi. “Yazıq” ermənilərə maddi kömək göstərildi və s. və i.a. Bundan ruhlandılar xəbislər. Ziyalıların toplantısı seyrəldi. Ermənilər öz işlərini gördülər. Düzünü deyim ki, Ziyalı Forumu təsisatından əvvəl - çox yaxşı tanıdığım, qəlbimdə yer almış nüfuz sahiblərinin imicləri üzərinə qara kölgə salınmasının, xalqın gözündə layiq olmadıqları ittihamlara və zorən təqiblərə məruz qalmalarının ağrı-acısını çəkirdim. Lakin forum təsisatına münasibəti təkcə incikliklə məhdudlaşdırmaq istəməzdim. Bu, Azərbaycanın mənəvi inkişafının bəhrəsidir. Təəssüf ki, cəmiyyət mənəvi-əxlaqi, iqtisadi tərəqqidən geri qalmaqda davam edir, demokratiya əqidəsi - amalı ilə bu bir-birinə uyuşmur. Mənəviyyatcə şikəstliyin axırı yaxşı bir şey vəd etmir. Tarix belə gedişləri çox dişinə vurub. Ziyalı - bəşəri inkişafın sükançısı olub, daima! Mən ziyalı məfhumu ilə bağlı çoxsaylı lüğətlərə müraciət elədim. Latın sözü olan və Fransada intellekt ifadəsi ilə xüsusi insan qrupuna aid edilən “intellegetsiya” bu sifətləri ehtiva edir: Ağıllı, mədəniyyətli, yüksək təhsil görmüş bilikli zəka sahibləri ziyalı zümrəsinə aid edilir. Azərbaycanda da ziyalı ilə bağlı fikirlər bundan əxz edilib. Ancaq bizdə ziyalı şəcərəsinə verilən adı daha kamil hesab etmək olar. Elmi, texnikanı, mədəniyyəti bilməklə yanaşı o ətrafına nur saçır, ümumən cəmiyyətin tərəqqi yolunu işıqlandırır.

- İndi ziyalılarımızın fəallaşmasına da bunu şamil etmək olarmı?

- Əlbəttə, Ziyalı Forumuna toplaşanların bir neçəsi artıq on illərdir ki, mənim həyatımın şanlı hissəsində yer alıb. Dünyanın elm aləmində adı hörmət-izzətlə çəkilən, nəinki minlərlə gəncin müəllimi olduğuna görə, daha çox xalqın rövşən-aydın fikirli hissəsində aqil alim, gözəl insan keyfiyyətləri ilə seçildiyinə görə! varlığına məftun olduğum akademik Rafiq Əliyevlə tanışlığımın tarixi on illər əvvəllərə gedib çıxır. Ötən əsrin sonlarında telekanallarda, mətbuatda yaraşıqlı, sifəti nur saçan cavan oğlan tez-tez görüntüyə gəlirdi. Rafiq müəllim Azərbaycanın möhtəşəm ali məktəblərindən olan Sənaye İnstitutunun Sumqayıt şəhərində yeni açılmış flialına başçılıq edirdi, «Azərbaycan gəncləri» qəzetinin maraq dairəsində idi. Sonralar onu partiya işinə irəli çəkdilər, şöbə müdiri oldu. Şəxsi tanışlığımız bu vaxtlardan başladı. Hafizəmdə yer alan budur: Partiya evində kompüteri göründü. Cihaz Xalq Hərəkatının çox mürəkkəb dövründə meydan olaylarının qərəzsiz təhlili sayəsində vəziyyətə aydınlıq gətirəsi idi. O zaman mən “Kommunist” qəzetində redaktor işləyirdim. Və baş meydanda olanları xüsusi rubrika ilə işıqlandırılmasına başlamışdıq. Texniki kömək vəziyyətə aydınlıq gətirirdi. Və bu erməni vandallarının xəyanətini ifşa etməkdə qəti nəticələrlə imdadımıza çatırdı. İndi siz deyin, belə bir alimin ADNA-da kafedra müdirliyindən kənarlaşdırılması kamil vətəndaş həmrəyliyi yarada bilməmiş cəmiyyətin işlərinə zərbə deyilmi?! Hələ də anlaya bilmirəm nə olub. Alim nə eləyib?! Onu xatırladım ki, xalq kütlələri birinci növbədə ziyalılar hakimiyyətlə debatda olanda mən Mərkəzi Komitəyə bildirdim ki, biz meydanı işıqlandıracağıq. Rafiq müəllimlə dənizkənarı bulvarda təsadüfən rastlaşdıq. Heyran qaldım, sanki bu qanunsuz əmr onun haqqında deyilmiş. Yenə təmkinli, nurlu sifət, mərdanə duruş! Bu yaxınlarda sizin Rafiq müəllimlə söhbətinizi oxudum. Çıxardığım nəticə bu oldu: “Əgər sel gəlsə, çör-çöpü yolundan süpürüb atacaq. Bizi düşündürən başlıca məsələ vəziyyəti dəyişmək və birliyə nail olmaqdır. …mənim üçün əsas xalqın istəyi və birlikdir”. Vallah, xalq da bunu istəyir! Və hələ də şəxsi görüşlərimiz olmasa da, alimin Azərbaycanda, Avropada və ABŞ-da çap olunan kitabları bizi dost-məsləkdaş etmişdir! Deyirəm, kaş iqtidar-müxalifət başçılarından da belə bir islah məxrəc-xalqı birləşdirmək sədası eşidilə idi. Yeri gəlmişkən, ürəyimi boşaltmaq istəyirəm. Hamilik-altmış il xidmət etdiyim jurnalist peşəmdir. Düzü düz, əyrini əyri! Azərbaycanın dünya şöhrəti qazanması niyə hamıda iftixar-qürur hissi yaratmasın? Və ya hələ də rüşvətin-korrupsiyanın dahi Füzuli ifadəsi ilə demiş olsaq, “Salam verdim, rüşvət deyil deyə almadılar” incikliyini dəf etmək üçün niyə təsirli tədbirlər yoxdur? Bunun cəmiyyəti vəba xəstəliyi kimi bürüməsi nə vaxta qədər davam edəcək?! Tərəf - müqabillərin haqqa söykənən mövqeləri təqdir edilməlidir. Gec-tez belə də olacağına əminik?! Xalq bu arzu ilə yaşayır! Ziyalılar Forumunda fəal ziyalı kimi adı hörmətlə çəkilən nasir-dramaturq Rüstəm İbrahimbəyovla şəxsi tanışlığımızın, dostlaşdığımızın tarixi də qırx ilə yaxındır. Əzəlcə onu deyim ki, Azərbaycanın ziyalı oğulları ilə ölkəmizdən kənarda qazandıqları nüfuza görə qürur duyduğum şəxslər arasında Rüstəm xüsusi yer tutur.

- Siz Rüstəm bəylə “Azərbaycanfilm”də on il işləmisiniz. Bizə məlum olduğuna görə Rüstəm İbrahimbəyovun iki filmi: “İstintaq” və “Ad günü” filmləri dövlət mükafatına layiq görülüb. Digər filmləri də birinci dərəcə ilə qəbul olunub. Kino dramaturq yüksək beynəlxalq mükafatlar sahibidir. İqtidar yönlü qulluqçular isə onu suçlamaqda davam edir. Kino dramaturqu müdafiə edənlər arasında da sizin adınıza rast gəlməmişik. Səbəb nədir?

- Mənə çatan xəbərlərə görə, ikinci kinematoqrafiya birliyi təsis ediləndən sonra cəmiyyətdə olduğu kimi, kino işçiləri arasında da təzadlar əmələ gəlib. Bu dövlət işidir, ona qarışmaq istəmirəm. Ancaq bölünə-bölünə, parçalana-parçalana biz haraya gedirik, məni bu düşündürür. Heydər Əliyevin yeri görünür kinoya münasibətdə də… “İstintaq” filmi nəinki Azərbaycanda, SSRİ-də, Qərbdə də, indi dünyanı bürümüş korrupsiyaya qarşı ilk ekran əsəri kimi qiymətləndirilirdi. Yaxşı yadımdadır, kino Komitəsində xüsusi nümayiş zamanı büro üzvlərinin əksəriyyəti filmin ekranlara buraxılmasının əleyhinə oldu. Heydər Əliyev nəinki filmi müdafiə etdi, peşəkarlıqla dəqiq düzəlişlərini də söylədi. Və dedi ki, mənim qiymətimdən sonra Əlibəyova filmi bədii şuradan keçirmək çətin olmayacaq… Belə də oldu. Hətta Moskvada Kino Komitəsində film təhvil verilərkən baş redaktor qəti surətdə etiraz etdi. Debatlar başladı, nəyə görə etiraz etdiyini isə söyləmədi. Nəhayət dedi: filmə baş prokuror baxmalıdır… Rüstəmin hazırcavablığı mübahisəyə son qoydu. Dedi: filmə general baxıb və qəbul edib. Heydər Əliyevin düzəlişlərinə də əməl olunub. Çox çəkmədi ki, film dövlət mükafatına və beynəlxalq mükafatlara layiq görüldü. Adlı-sanlı kinostudiyaların başçıları “Azərbaycanfilm”ə qibtə etməyə başladılar. Belə cəsarətli, gərəkli ekran əsəri ilə bağlı. Rüstəm üçün bu təsadüfi uğur deyildi. Mən “Azərbaycan gəncləri” qəzetində işləyəndə qiyabi görüşümüz olmuşdu. Onun ssenarisi əsasında çəkilmiş “Bir cənub şəhərində” adı ilə ekrana çıxan filmlə bağlı redaksiyaya göndərilən oxucu məktubları, telefon zəngləri birmənalı deyildi. Odur ki, rəyimizi bildirməkdə çətinlik çəkirdik. İdeologiya başçımız Cəfər Cəfərovun zəngi bizi ürəkləndirdi. Film İtaliya noeralizmi üslubunda çəkilmiş ekran məhsulu idi. Rüstəm bəylə üzbəüz görüşlərimiz sonralar oldu. “Azərbaycanfilm”ə direktor təyin olunmuşdum. Mədəniyyət ocağı böhran içində idi. Maaşlar aylarla verilmirdi, ssenari portfeli boş idi, intriqa baş alıb gedirdi. Moskvaya göndərilmiş iki ssenari geri qaytarılmışdı, “Dədə Qorqud” və “Ad günü”. Rüstəmi dəvət etdim, dedi ki, material azlığına görə qəbul etməyiblər. Kiçik bir kitabını mənə hədiyyə etdi. Oxudum, çox xoşuma gəldi. Təklifimi qəbul elədi, bu mövzuya uyar hekayəni qovuşdurdu… Yüksək mükafata layiq görülən film alındı. Və Rüstəmin bir-birinin ardınca təqdim etdiyi ssenarilər və istedadlı rejissor Rasim Ocaqovun ekrana çıxardığı filmlər olmasaydı, kinomuz böhran vəziyyətindən tezliklə çıxa bilməzdi. Budur Rüstəm İbrahimbəyovun xalqa sədaqətli xidmətinin bir mərhələsi!

- Bizdən əvvəlki yazı adamları, bizim nəsil də, o cümlədən sizi jurnalist - yazıçı kimi tanıyıblar. Neçə il əvvəl “Ədəbiyyat”, “525-ci qəzet”də tariximizlə bağlı ardıcıl yazılarınızı oxuyanda təəccübləndik. Bu necə olan işdir?!

- Həyatım kimi, yaradıcılıq təmayüllərim də təzadlı, çoxşaxəli olub. İkisini bu söhbətimdə deyim. 1944-cü ildə sənədlərimi Sənaye İnstitutuna vermişdim, sonra ordan alıb, Dövlət Universitetinə apardım. Arxitektor olmaq niyyətim baş tutmadı. Böyük qardaşım Sənaye İnstitutunu bitirmişdi. Vəfatından sonra anam iki kitabını kəndə gətirmişdi. Texniki ensiklopediyalar idi. Şəkillər valeh etmişdi məni. Universitetə ədəbiyyatçı olan dayılarımın məsləhəti ilə girdim. Bildiyiniz kimi, atamın vaxtilə İranda mühacirətdə olması - bəyliyi ilə əlaqədar universitetdən xaric edilmişdim. Tarix fakültəsinə əlavə fənlərdən imtahan verib, tarixçi ixtisası qazanmalı oldum, jurnaistika təhsilimi Moskvada aldım.

- Bəs tarixə ömrün ahıl vaxtında meylinizi hansı külək yönəltdi?

 

 

Natiq CAVADLI                                                                                                                      ardı var…

 

Bizim Yol.-2012.-27 dekabr.-S.-7.