Bir ağsaqqala ehtiyacımız var”

 

Cəmil Əlibəyov: “... Mən dövlətin kökünü yox, quru budaqlarını baltalayıram”

 

“Katib qəzəblə dedi ki, Qarabağ Şuşadan başlamır, Qarabağın mərkəzi Stepanakertdir”

 

Müsahibimiz yazıçı, uzun müddət “Kinostudiya”nın direktoru, 80-ci illərin sonunda, milli-azadlıq hərəkatının başlandığı dövrdə “Kommunist” qəzetinin baş redaktoru olmuş Cəmil Əlibəyovdur.

- Soruşula bilər: bəs tarixə ömrün ahıl vaxtında meylinizi hansı “külək” yönəltdi?

- Tarix həmişə mənim ürəyimin özəyində olub. Tələbəlik vaxtı tapıb oxuya bilmədiyim nadir kitabları məşhur «Tarix Nadir»i, tarixin atası Herodatın “Tarix”ini, Plutarxın seçilmiş əsərlərini, Platonun “Seçilmiş dialoqlar”ını, N.Karamzinin “Rus dövlətinin tarixinə dair dörd cild”ini oxumaqda davam etdim. İçim doluydu. Tarixə həvəsim sönməzdi. Azərbaycan tarixinə marağım müəllimim Əlövsət Quliyevin kitabları ilə bağlıydı. Çağdaş tarixçilərimiz böyük işlər görürlər. Təəssüf ki, onlar haqqında ancaq telekanalların yaydıqları məlumatlarla tanışam. Kitabları əldə etmək imkanım yoxdur. Ümidvaram ki, yaxın vaxtlarda bitkin Azərbaycan tarixi oxuculara təqdim ediləcək. Gecikməmizdən təəssüflənirəm. İtaliya kimi zəngin tarixi mənbələri olan ölkədə Roma tarixi on səkkizinci yüzillikdə dünya ictimaiyyətinə təqdim olunub - gec olsun, düz olsun! Bu oyanışa görə görkəmli Azərbaycan tarixçısı professor Cəmil Həsənliyə minnətdaram. Vulkanı püskürdən onun cild-cild əsərləri oldu. Kaş “Qızıl at və torpaq” tarixi romanını yazan vaxtlar Cəmil müəllimin kitabları çıxmış olaydı. Qəzetdə işləyəndə tariximizlə bağlı elmi oçerklərim də, kitablarım da çıxmışdı. Axı, mənim şərqşünaslıqda diplom işimin mövzusu da Cənubi Azərbaycanla bağlı olmuşdu, Şeyx Xiyabani hərəkatı haqqında. Məni suçlayanda əlyazmam da itə-bata düşdü. Cəmil müəllimin kitablarında bütövlükdə mənzərəsi gerçəkliklə açıqlanmamış, xüsusən tarixi şəxsiyyətlərin fəaliyyətlərinin düzgün qiymət verilməmiş məqamları məni cəlb etdi. Ümumən qırxıncı illərin səhnə arxasını və altmışıncı illərdə dilimizin dövlət dili olması üçün fədakarlıqla mübarizəyə atılmış Mirzə İbrahimovun şanlı işləri haqda əsaslı anlayış verdi mənə. Və bunları jurnalist uslubu ilə oxuculara çatdırmağa çalışdım. Ziyalılar dövlətimizə də, xalqımıza da ancaq və ancaq lazımlı-gərəkli adamlardır, onların sərf-nəzər edilməsi, gözdən salmaq üçün edilən cəhdlər əbəsdir, əzəl-axır peşmançılıqla bitəcək. Gözəl xalq misallarımız var: Evə gərək olan çırağı məscidə verməzlər və mərdi qova-qova namərd eləməzlər. Və belə ziyalıları çıxdaş etməklə biz düşmənlərimizə qarşı gücümüzü-silahımızı korlaşdıra bilərik! Və mənə ağır gələn odur ki, hakimiyyətdə yüksək mövqe tutmuş, ziyalı kimi yaxşı tanıdığım qulluq sahibləri də onlara çəp gözlə baxırlar. Əgər bunu dövlət qalasının humanitar bürcünü qorumalı olan Filankəs Filankəszadə demiş olsaydı, qulaqardına vurardım. O, bu vəzifəni tutandan gözə dəyən ziyalılara daş atmaq yolunu seçib. Kimliyinə isə Milli Məclisdə hörmətli akademik çox dəqiq qiymət verib. Qanqaraldan söhbəti bununla tamamlayaq.

- Xalqımızın tarixinə düşmüş iki hadisənin - indi “Dirçəliş günü” kimi rəsmi bayram edilən 17 noyabr və böyük təziyə günü olan 20 yanvarın canlı şahidi, hətta birincinin təşəbbüsçüsü olmusunuz. Bu olayları necə xatırlayırsınız?

- Həmin hadisələr vəhdətdə götürülərək hər ikisinin tarixi qiyməti verilib. Xalqımız get-gedə bunların hər ikisini nikbin ruhla qəbul edib: Azadlıq və istiqlaliyyət uğrunda igidlik, fədakarlıq timsalı və ibrət dərsi kimi! Şəhidlər xiyabanının müqəddəs ziyarətə çevrilməsi tariximizin əbədi yaddaşıdır. Dostu, düşməni seçərkən bundan faydalanmalıyıq. İstiqlaliyyət yolunun dərk edilməsi vətənpərvərlik dərsidir.

- Siz yazıçı-jurnalist olmaqla, qonşularımızın xəyanətinin ilkin çağlarından, hələ də davam etməkdə olan Qarabağ müharibəsinin ab-havasını çox vaxtında görmüş və nəinki qəzet yazılarınızda, hətta sənədli filmlərinizdə və ən ümdəsi “Qızıl at və torpaq” romanınızda obrazlar vasitəsi ilə haray qaldırmışdınız. Romanınız altmışıncı illərdə qələmə alınıb və çap tarixi belədir - 1969, 1983, 2006. Belə bir romanı yazmaq hardan ağlınıza gəlmişdi?

- Sualınıza qısa cavab vermək çətindir. Bunları deyə bilərəm: Mən Qarabağda dünyaya gəlmişəm. Bir neçə kəndimizdə azərbaycanlılarla ermənilər iç-içə, qonşuluqda yaşayırdılar. Nənəmin kəndi Haruxlu da belə obalardan idi. Oradakı qohumlarım yayda məni dağ kəndinə aparardılar. Müşahidə edirdim ki, “papaqlarımız bir-birinə bənzəsə də”, papaqların altındakı başlarda tamamilə təzadlı fikirlər cərəyan edir. Bu fikrimi qəzetdə işləyərkən hər il Şuşaya getdiyim zaman müşahidələrim də təsdiqlədi. Teleradio Komitəsində işləyəndə vilayətin radio verilişində redaktor işləyən Cahid Kərimov burada Azərbaycan əleyhinə gedən gizli xəyanətlərdən təfsilatı ilə danışdı. Sonra vilayətin yubileyi ilə bağlı tammetrajlı filmin ssenarisini yazmaq üçün Qarabağa getdim, eşitdiklərimin gerçəkliyinə inam yarandı. Dahi şair Vaqifin abidəsinin açılışına gedəndə institutun filialında bir neçə erməni müəllim açıq-açığına müstəqil olmaq iddiası ilə bizimlə debata girdi. Bu da ikinci mənbə. Nəhayət, dostum Əbdülrəhman Vəzirov diplomat işində olanda Bakıya məzuniyyətə gəlmişdi. Qərara gəldik ki, Şuşaya gedək. Getdik vilayətin birinci katibi bizi qonaq evində saymazyana qarşıladı. Və dostuma çatdırdım ki, ləngiməyək, gedək bir gecə Şuşada qalaq. Katib qəzəblə dedi: Hörmətli Cəmil müəllim, bilin ki, Qarabağ Şuşadan başlamır, Stepanakertdir mərkəzi Qarabağın… Həmin birinci katib geniş məqalə göndərmişdi “Kommunist” qəzetinə, amma vermədik. Mətləbi uzatmaqda məqsədim odur ki, romanı bu görüntülər, düşüncələr yaratdı. Soruşa bilərsiniz ki, roman senzuradan necə keçdi. Belə bir bölmə var: “Xaç əhvalatı”. Senzura əvvəlcə adına etiraz etdi. Əhvalat beləydi: Tarixçi tələbələrdən ikisini briqadir evinə qonaq aparır. Qərib evə də, ailəyə də həqarətlə yanaşdığından, Qadir yaxasından yapışıb onu divara çırpır, boğazından asdığı zəncir qırılıb xalçanın üstünə səpələnir. Xaçı görcək Qadir cin atına minir: “alçaq erməni törəməsi”. Romanda xəbis erməni obrazı belə verilmişdi. Fəslin adını dəyişdim “Xaç əhvalatı” qoydum, anası erməni olduğu hekayətdən bəlli olur… Görkəmli yazıçımız Sabir Əhmədli bir gün mənə dedi: “Cəmil, bizim evdə deyirlər ki, necə olur Cəmil Əlibəyov romanlarında sovet hökumətinin kökünü baltalayır, ona bir söz demirlər, sənin romanın jurnalda çıxan kimi tənqid atəşinə tuturlar?!” Təbəssumlə dedim: “mən dövlətin kökünü yox, quru budaqlarını baltalayıram, əzizim…”. Mənim həmişə güclü arxam olub, sayılan ziyalılar, dövlət qulluğunda duran milli duyğulu şəxslər - Şıxəli Qurbanov, Azad Şərifov, Xeyrulla Əliyev kimi. Bir haşiyə də çıxmalı oluram. Bəzən olub ki, senzuraya da, yuxarılara da iradə göstərməli olmuşam. Oba, kənd mühitində də, ictimai məkanda da, bizlərin vaxtında “ağsaqqal” deyilən nüfuzlu şəxslər var idi, xeyir-şər düşəndə onların üstünə qaçardılar. İndi cəmiyyət iki yerə bölünüb: iqtidar, müxalifət. Başçılarının sözü də bir-birinin boğazından getmir. Necə olacaq bunun axırı? İki hadisəni xatırlayıram. Nəbi Xəzrinin “Alçaq təpə” poemasını “Ədəbiyyat” qəzetində nüfuzlu bir tarixçi atəşə tutmuşdu. Siyasi ittihamla, sovet dövrünün ilk çağlarında xaricə gedib, sonra doğma yurdun xiffətini eləmiş, kəndinə dönmüş obrazla bağlı. Mən “Gənclər” qəzetində məsul katib işləyirdim. Çox nüfuzlu, cəsarətli nasir-tənqidçi Mehdi Hüseynə telefon açdım. Münasibətimiz var idi. Zəngləşəndə ilk kəlməsini - “salam” deməzdi, “Yaallah” deyərdi. Dedim ki, luzum görürsünüzsə, qəzetdə çıxış eləmiş tarixçiyə cavab verin. Qəzetin bir neçə sayında mötəbər fikir yayıldı, xamus-sakitlik yarandı. Şairdən əl çəkdilər. Qabilin “Tramvay parka gedir…” şeirini qəzetdə verdiyimizə görə isə çox başağrısı çəkdim. İdeoloji şöbədə müzakirə etdilər, qərar belə oldu: qəzet səhvini düzəltsin, təkzib versin. Mən qəti etiraz etdim. Axı, şeir zərif hisslər aşılayırdı. Ağır illərdə kənddən Bakıya gəlib, tramvay sükanı arxasında oturan oğlan, bilet satan qızla dərdləşir. Doğma təbiəti, kənd həyatını xatırlayırlar… Gördüm əl çəkmirlər, hətta vəzifədən imtina etməklə sakitlik yaratmağa da razılıq vermədilər. Fürsət düşdü komsomol liderimiz Məsud Əlizadə məni aradan çıxartdı, onun təklifi ilə Moskva nümayəndəsini cənub bölgəsinə müşayət etdim. Qayıdanda qəzaya düşdük, aylarla hospitalda, xəstəxanada yatdım (indi də onun altını çəkirəm), ancaq qəzetin öz imicini saxlaması məni daha da ruhlandırdı, işimə davam elədim. Bu da komsomol liderindən söykənəcək! Jurnalistin imicini saxlamaq mümkün oldu. Təkzib verilən qəzetdə mənim imzam olmadı. Demək istəyirəm ki, o zaman bizim qəzetin timsalında ağsaqqal və ağsaqqal orqan var idi. Bərkə düşəndə ona müraciət edilirdi. İndi belə bir dövlət orqanına ehtiyac var! Sovet dövründə də xalqın mənafeyi üçün cəsarətli söz demək ziyalı üçün asanlıqla baş tutmurdu. Səksəninci illərdə, gənc vətənpərvər İsa Qəmbər “Ocaq” kitabının müəllifinə sərt bir yazı ilə cavab yazmışdı. Məqalənin çapına icazə verməmişdilər. Mənə də (onda Kinostudiyada işləyirdim) müraciət elədi, oxudum və lazımi orqanlara sözümü dedim, nəticəsiz qaldı. Sonralar Ermənistan partiya başçıları iki dəfə Kremlə hay-harayla məktub göndərmişdilər. Biri “Azərbaycan… Azərbaycan” filmi haqqındaydı (ssenarini yazıçı Ə. Qurbanovla mən yazmışdım). Ölkəmizin başçısı çox ciddi cavabla onlara bu cür millətçi meyllərdən çəkindirmək lüzumu ilə cavab göndərmişdi, ikinci dəfə şeytan əməllərini Kremllə bölüşmüşdülər. Kinostudiya filmin adını dəyişdirməklə puça çıxarmışdı. “Qaçaq Nəbi” adı “Atları yəhərləyin”lə əvəz olundu. Bu bizimkilərə də xəbərdarlıq idi ki, düşmənə həmlə ilə cavab vermək vaxtıdır. Təəssüf ki, hələ də şər-şəbədə informasiya ilə yenə erməni millətçiləri bizi qabaqlayırlar. Fil qulağında yatıb informasiya çevikliyində uduzuruq.

- Çağdaş ədəbi mühit barədə fikriniz nədir? Nəhayət, ədəbiyyatda atalarla oğullar arasında anlaşılmazlıq bu gün də davam edirmi?

 

                                                                                                                              Ardı var...

 

Natiq CAVADLI

 

Bizim Yol.-2012.-28 dekabr.-S.-7.