“Yaşamaqdan doymuşam”
Cəmil Əlibəyov: “Bu
yaşda intriqalara cəlb olunmaqdan ehtiyatlanıram”
“Hazırki iqtisadi-siyasi-sosial
durumumuz barədə əksəriyyət nə fikirdədirsə,
mən də o fikirdəyəm”
Müsahibimiz yazıçı, uzun müddət “Kinostudiya”nın direktoru, 80-ci illərin sonunda, Milli-Azadlıq Hərəkatının başlandığı dövrdə “Kommunist” qəzetinin baş redaktoru olmuş Cəmil Əlibəyovdur.
- Çağdaş ədəbi mühit barədə fikriniz nədir? Nəhayət, ədəbiyyatda atalarla
oğullar arasında anlaşılmazlıq bu gün də davam edirmi?
- Əsassız rəy
bildirməkdən ehtiyatlanıram. İntriqaya cəlb
olunaram bu yaşda. Ağsaqqal yazarımız da
yoxdur ki, araya girsin, bu
eyni məslək sahiblərini ayırsın
çəkişmədən. Ən çətin sual budur. Qısa cavabla səhvlərimi
azalda bilərəm.
Ciddi səhv etməyə haqqım yoxdur. Universitetdə müəllimlərim akademiklər Məmməd
Arif, Məmməd Cəfər, Əziz Mirəhmədov, Mübariz
Əlizadə olub.
Nəsr sahəsində xalq yazıçıları Süleyman
Rəhimov, Mirzə İbrahimov, İsmayıl
Şıxlı, Bayram
Bayramov. Şeir tanrım
isə Səməd Vurğun olub. Ancaq mən aşıq ədəbiyyatı ilə
köklənmişəm. Bakıya oxumağa gələndə
cib dəftərimdə
ancaq görkəmli aşıqların şeirləri
idi. Universitetin filologiya fakültəsinin
şərqşünaslıq şöbəsində təhsil
alarkən nəsrə
marağım artdı.
Rayonda dayımgilin kitabxanasında
olan romanları oxumuşdum, ehtiyacımın
üstünü burada
düzəltməli oldum.
Və yavaş-yavaş publisistikadan
bədii nəsrə keçdim. İstedadlı gənclərə mən övlad gözü ilə baxmışam, onlarla nəfəs almışam.
İndi də şeirləri əlimə düşəndə
və ya digər münasibətlə
fikirlərimi bildirirəm.
Cavanların dil zənginliklərinə,
sərbəst fikir söyləmələrinə, təzətər
ifadələrinə münasibətim
heyranlıq olur.
Cəsarətlidirlər, qorxusuz-ürküsüz fikir yürüdürlər.
Bu - istiqlalın, yeni zəmanənin bəhrəsidir.
Amma ümumiləşmiş ədəbi-tənqidi
söz deməyə haqqım yoxdur. Məni də debata çəkərlər. Çünki onlar da şeir
yaradıcılıqları ilə müxtəlif mövzu, üslub sahibləridir. Poeziyada ənənəvi
və yenilik qarşıdurması həmişə
olub. Əruz, heca, sərbəst
şeir tərəf -
müqabilliyi ilə.
Bunun intriqasına da az düşməmişəm. Sovet dövründə
belə gənclərin
arxasında böyük
şairlər dururdu.
Yazıçılar İttifaqı bu
cür çəkişmələrin
ocağı idi.
Yaxşı yadımdadır, partiyanın Mərkəzi
Komitəsində məhz
yazıçılar arasında
arzuolunmaz münasibətlərlə
bağlı müzakirə
keçirilirdi. Əsl
partizan döyüşü
idi, kim
hardan istəyir, necə düşünürdü,
qarşı tərəfi
gülləyə tuturdu.
Axırda Xalq yazıçısı, söz
adamlarının dədəsi
Süleyman Rəhimov yekunlaşdırdı müşavirəni
və dedi: “Yoldaş siyasət adamları, siz özünüzlə bizə
eyni gözlə baxmayın. Biz gecələr
öz işimizi görürük, yazırıq,
gündüzlər ittifaqa
toplaşıb, intriqamızı
aparırıq, bu da bizim idmanımızdır.
Siz narahat olmayın, öcəşəndən sonra
hər birimiz evimizə dönür və ya münasib
bir yerdə şam eləyib, xoş əhvalla ayrılırıq”.
Təəssüf ki, qəzetlərdən aldığım məlumata
görə, indi bu cür “təmiz
intriqa” yoxdur, bir-birlərini təhqir edir, nüfuzdan salmağa çalışırlar. Bu yaxınlarda
qəzetlərin birində
belə bir başlığa rast gəldim: “Ədəbiyyata
xəyanət”. Bu yanaşma müzakirəyə
çıxarılmışdı, əsasən də mənfi rəylə.
Yenə
“ağsaqqallıq” zərurəti
fikrimə gəlir.
Güman edirəm ki, şeir yazmaq
istəyənlər dahi
Nizamini yaxşı-yaxşı
oxusalar, özləri üçün düz yol seçərlər və ya… Mənə qalsa,
uydurma ifadələrlə
maraq oyatmaq ədəbiyyata heç nə verə bilməz. Niyə onu müzakirəyə
çıxarmırlar ki?
Azərbaycanın ərazisinin beşdə
birini erməni vandalları işğal altında saxlayırlar, bu ədəbiyyatda necə işıqlandırılır?
Düzdür, mən nəsrə
yox, uşaqlıqdan poeziyaya məftun olmuşam. Şeirsiz bir günüm
olmayıb, axı, şeir Tanrı sözüdür. Az-çox da
sözümü demişəm.
Qısa da olsa, seçimimi
deməliyəm. Azərbaycan poeziyası
heç bir vaxt tribunadan düşməyib və düşmür də.
Böyük Vətən müharibəsi
elə poeziya nümunələri yaratdı
ki, indiyədək hafizələrdən silinməyib.
Bəs indi? Belə tarixə dönmüş
şeir nümunələri
gözümə dəymir.
Səhv fikirdir ki, bədii
əsər hərb bitdikdən sonra yaranır. Bizim indiki müharibəmiz-dünya
hərbindən dörd
dəfə artıqdır
ki, cərəyan edir, nə vaxtadək
gözləyək, bəs
qarşıdakı döyüşlər?
Mən bu vadarlıqla “Qeyrət cəngi və sevgi nobarı”nı
yazdım və çox sağ olsun “Ədalət” qəzeti ki, ondan parçaları səxavətli oxuculara təqdim etdi. Dərin minnətdarlığımı bildirirəm. Həmişə
biz yazarlara arxa olmuş Aqil Abbasa, İradə xanıma!
Mən şeir
yazmamışam. Bir şeirim anamın
baş daşına həkk olunub. Nəsrdən poeziyaya keçən
yazıçılara həsəd
aparıram. Xüsusən indi, qalın romanları oxuyan olmayanda. Son vaxtlar
əminlik yarandı ki, şeir yaza
bilərmişəm. Ulu babam
Əlixanlının on doqquzuncu
əsrdə şeiri çap olunub. Sonbeşik nəvəm Fəxri Əlibəyli fransız, rus dillərində təhsil alır. Və üç il əvvəl
beş yaşında babasına qiymətli töhfə gətirmişdi.
Dövlət Himnini dilimizdə, musiqi avazı ilə şeiriyyətlə oxudu,
demək, şeir qanımızda varıymış…
bu da bir
zarafat! Doğrusu, ədəbiyyat bundan
qazanıb, halallıq
ala bilərəm. Bədii nəsr,
görünür taleyimizlə
bağlı məni cəlb edib. İlk hekayəm “Anam niyə qəzəbləndi?”
olub. Daş karxanasında işləyən
övladının evə
haram pul gətirməsi mövzusunda
idi. Sonradan anamın bu
xisləti - nəcabəti
“Mənim analı dünyam” trilogiyası ilə davam etdirildi. Söz vermişəm özümə,
hafizəm itiliyini itirsə də, iradəmlə onu əvəz edəcəyəm.
Qələm əlimdə titrəyəndə
yazılara nöqtə
qoyacağam. Yazmağa
gücüm çatmasa
da, ara
vermədən dodaqlarım
Qarabağ, Şuşa,
Dədəli kəlmələri
pıçıldayacaq…
- Cəmil müəllim, Sizdə bu qədər
güc hardandır?
- Tanrının bəxş etdiyi töhfədən - bərəkətli sevgidən. Bunu ona görə ürəklə deyirəm ki, dahi Dantenin kiçik bir povestini bu yaxınlarda oxumuşam. Orda yazır ki, doqquz yaşında olarkən yaşıdım olan bir qıza vuruldum, sonrakı yazılarım, “İlahi komediya” da bundan bəhrələndi. Suallarınızdan yan keçməyimin səbəbini deyim. Çağdaş nəsr, poeziya haqqında dolğun fikir demək çətindir. Yazılanların hamısını oxuya bilmirəm. Düzdür, köhnə dostlarım təzə şeir kitablarını mənə çatdırırlar, təzə töhfələr də olur. Hətta dənizkənarı parkda da yan alıb kitablarını mənə verirlər. İndiki əhvalımızla, iqtisadi-siyasi-sosial durumumuz barədə əlahiddə bir fikir söyləməyə ehtiyac görmürəm. Əksəriyyət nə fikirdədirsə, mən də onlardan biriyəm. Əsil-nəcabətimizi, çağdaş ziyalılarımızın da şüarı olan birliyimizi qoruyaq! Qüvvət birlikdədir! Gün o gün olsun ki, iqtidar - müxalifət tərəf-müqabilliyi ziyalı zəkası ilə işıqlanıb millət manifestimiz yazılsın. “Biz azərbaycanlıyıq, hər birimiz Azərbaycanıq!”.
- Səksən altı yaşına qədəm qoyanda hansı duyğular, arzularla yaşayırsınız?
- Mən nikbin adamam. Ancaq yaşamaqdan doymuşam.
Bir musahibəmdə səmimiyyətlə demişəm:
“Qəzavü-qədər məni
bu yaşda cavanlıq dövrünə
qaytarmaq istəsə,
qəti etiraz edərəm”. Səbəbi
- bütün yaradıcılığım
dövründə nifrət
elədiyim kapital hökmranlığının həyatımızdakı
dəhşətləri içərisində,
mən yenidən o Cəmil Əlibəyov ola bilmərəm.
Çaşıb siqlətimi dəyişmək
cəhdi isə özümü itirmək
faciəsi yaradar.
- Yəni həyatdan bezmək belə olurmuş?
- Ancaq əcəl möhlət versə, istərdim ki, nəvə toyu görüm, sonra düşmən tapdağından azad olmuş Qarabağ torpağına gedim. Dədəlidə qəribçilik çəkən, gözü yolda olan Anamın qəbri üstünə baş qoyub, onun ağuşunda əbədi uyuyum… Bir daha Analı dünyama qovuşum.
Natiq CAVADLI
Bizim Yol.-2012.-29 dekabr.-S.-7.