«Ulu babam Azərbaycanda şəhid olub»

 

Türkiyənin Gəncədəki Baş Konsulu Haluk Ağca «Bizim Yol»un suallarına cavab verib. Baş Konsulla söhbətimizdə Gəncədəki fəaliyyəti, Azərbaycan-Türkiyə münasibətləri, problemlər, onların səbəbləri barədə danışdıq. Haluk Ağca əvvəlcə ölkələrimiz arasında diplomatik əlaqələrin tarixinə qısa nəzər saldı:

- Türkiyənin Gəncədə Baş Kosnulluq açmaq fikiri yeni deyildi. İki ölkə arasında diplomatik əlaqələr Azərbaycanın müstəqilliyinin ilk illərindən yaranıb. Bilirsiniz ki,  Türkiyənin Bakıda səfirliyi fəaliyyət göstərir. Həmçinin, Naxçıvan özəl bir statusu olan bölgə olduğuna görə, burada da bizim konsulluğumuz var. Azərbaycanda Türkiyənin açdığı diplomatik qurumların sayı artır.

Azərbaycanın da Türkiyədə səfirliyi ilə yanaşı konsulluqları var. Bu fakt ölkələrimiz arasındakı yaxınlığı göstərir. Biz burada iki ölkə arasında körpüyük. Dövlətlər arasında bütün sahələr üzrə əməkdaşlıqlara öz töhvəmizi verəcəyik. Ümid edirəm ki, Türkiyənin Gəncədəki Baş Konsulluğu ölkələr arasındakı münasibətlərin inkişafında öz rolunu göstərmiş olacaq.

Baş Konsulluq üçün Gəncədə özəl bir bina inşa olunur, qısa zamanda istifadəyə veriləcək. Hələlik, gördüyünüz kimi oteldə ofis icarələmişik. Bir sözlə qısa zamanda pasport, notarial digər məsələlərlə bağlı xidmətlərimizi 100 faiz göstərəcəyik.

- Azərbaycana gəlməzdən öncə ölkəmizlə bağlı bilirdiniz? «Eyni millət iki dövlət» deyiminin burada reallıqda görə bildinizmi?

- Mən uzun illərdir ki, diplomatik xidmətdə çalışıram. Avropanın bir çox dövlətlərində işlədim. Azərbaycanda çalışmaq isə mənim üçün sevincli oldu. Düzdür, burada görəvə başlayacağımı bilən zaman təəccübləndim. Çünki, mənim ulu babam Nuru Paşanın ordusunda Azərbaycanın ermənilərdən təmizlənməsində iştirak edib, burada şəhid olub. Hələ  uşaq olarkən, Azərbaycan barəsində çox eşitmişdim, Gəncə barəsində duymuşdum.

- Yəqin ki, Azərbaycana baş konsul olaraq gəlişinizdə Nuru Paşanı, onun əsgərlərini xatırladacaq bir parkdan, küçədən keçəcəyinizi təsəvvür etmisiniz

- Bəli, düşünmüşdüm. Heç olmasa Nuru Paşanın burada çalışdığı yerin muzey olmasını, bir prospektdə onun adının olacağını gözləyirdim. Mən Gəncəyə gələrkən Nuru Paşanın yaşadığı evi axtardım, həmin evi göstərdilər. Ancaq onun divarında Nuru Paşanın orada yaşamasını xatırladacaq, bir yazı görmədim. Sonra onun çalışdığı otağı Aqrar Universitetinin qarşısındakı bir binada gördüm. Mənim Azərbaycanla bağlı uşaqlıqdan duyduğum xatirələrim var.

- Gəncə şəhərində Nuru Paşanın adının əbədiləşdirilməsi üçün müzakirə aparmaq fikriniz varmı?

- Mən düşünmürəm ki, bu məsələlər danışılaraq, həll ediləsi bir məsələdir. Əgər Nuru Paşanın ordusu gəlib burada soyqırımın qarşısını alıbsa, Azərbaycanın bölgələrini ermənilərdən təmizləyiblərsə, onların xatirəsini əbədiləşdirməyə siz qərar verməlisiniz. Azərbaycan xalqı bunu edə bilər.

- Azərbaycan xalqı Nuru Paşaya onun ordusuna abidəni qəlbində qoyub. Bunu hiss edirsinizmi?

- Azərbaycan Türkiyə bir-birlərinə qardaş dövlətlərdir. Bizim bir-birimizə sevgimiz sonsuzdur. Burada 2011-ci ili cənab prezident turizm ili elan etdi. Turizmi canlandırmaq, inkişaf etdirmək üçün müəyyən addımlar atıla bilər. Türkiyədən Azərbaycana çoxsaylı turistləri cəlb etmək baxımından deyirəm. Türkiyə ötən il xarici ölkələrə 11 milyon turist göndərdi.

Ümumiyyətlə, turzim ölkəsi olmaq istəyən dövlətlərdə keçmişi xatırladacaq bir şeylər olmalıdır. Bakı zəngin neft şəhəridir. Məsələn Bakıda neftin ilk zaman neçə çıxarıldığı, Nobel qardaşlarını, Hacı Zeynəlabdin Tağıyevin fəaliyyətini əks etdirən muzeylər maraq kəsb edə bilər. Turizmi inkişaf etdirmək istərsəniz, öncə öz tarixinizi, mədəniyyətinizi nümayiş etdirməniz lazımdır.

- Bir diplomat olaraq, Azərbaycanla Türkiyə arasında həllini tapmamış hansı məsələləri görürsünüz? Daha etmək lazımdır ki, iki ölkə arasındakı münasibətlər indikindən yaxşı olsun?

- Mən inarıram ki, iki ölkə arasında əməkdaşlığın, yaxınlığın artmasında bütün insanlar həmfikirdir. Aramızda bizi narazı salacaq bir problem yoxdur. Çünki, ürəklərimiz birdir. Bizim ürəyimiz türklük, türk dünyası üçün atar.

- Azərbaycanın Türkiyəyə hələ vizanı qaldırmaması problem deyilmi?

- Problem sadəcə viza məsələsində deyil. Türkiyə vətəndaşlarının oturum almaq məsələləri var. Gürcüstan Türkiyə vətəndaşları artıq bir-birinin ölkəsinə pasport olmadan gedirlər. İki ölkə böyük bir mərhələni artıq geridə qoyub. Azərbaycanla Türkiyə türk dövlətləri arasında bir-birinə ən çox yaxın olan dövlətlərdir. Bizim əlaqələrimiz gündən-günə inkişaf edir. Viza oturum izni problemləri olsa da bu proses gedəcək. Amma bu məsələlər həll olunsa, bu inkişaf daha tez gedə bilər.

- Gəncə türk adamları varmı? Varsa, onların burada problemləri nədən ibarətdir?

- Var. Amma o qədər çox deyil. Mən buradan əvvəl Rumıniyada baş konsul oldum. Orada daha çox idi. Gəncədə bir neçə türk-inşaat tikinti firmaları var.  Onlarında yəqin ki, viza çalışma izni ilə bağlı sorunları var.

- Bu sualı təsadüf ünvanlamadıq. Çünki, Azərbaycanda türk şirkətlərinə qarşı mənfi münasibət barədə mətbuat tez-tez yazır. Hətta 2010-cu ildə 110-dan artıq türk şirkəti Azərbaycanı tərk etdiyi bildirilir.

- Açıq şəkildə demək istərdim. Rumıniya ilə Azərbaycanın bir fərqi var. Azərbaycan neft pulları olan zəngin bir dövlətdir. Başqa dövlətlər maraqlı olurlar ki, xarici investisiya daha çox qoyulsun. Rumıniyada dünyanın bütün adamlarına açıq qapı var. Burada görünür, kənar sərmayəyə ehtiyac duyulmur. Bu mənim təxminimdir. Yanlış düşünə bilərəm. Amma buna rəğmən yenə Azərbaycanda türk adamları vardır.

- Azərbaycanda türk filmlərinin «yad dil» deyə efirə buraxılmamasına necə baxırsınız? Bizim telekanallarda «anne»ni,  «ana», «toprak»ı «torpaq» kimi səsləndirməyin bir anlamı varmı?

 

- Mən dillərimiz arasında fərq görmürəm. Türkiyənin əksər yerlərində bu fərq heç hiss olunmur. «Ana» sözü elə «Ana» deyə səslənir.

- Türkiyə bir gün Azərbaycandan əlini çəkə bilərmi? Bəzi müşahidəçilər rəsmi Bakının viza məsələsində süründürməçiliyini, Fransa İsrail məsələsində qardaş dövlətin yanında olmamasını əsas gətirib, Ankaranın səbrini daşacağını deyirlər.

- Bizim xalqlarımızı ayıracaq heç bir məqam yoxdur. Azərbaycan Türkiyə hər zaman birlikdə olub. Türkiyədə insanların Azərbaycan xalqına qarşı böyük bir sevgisi var. Mən bəzi problemlərin zamanla aradan qalxacağını gözləyirəm. Bəlli problemləri bəlli zamanda söyləsək bunu siyasi dəyişiklik kimi görmərik.

 

 

 Pərviz Həşimli

 

 Bizim yol.- 2012.- 11 may.- S. 9.