“Böyük qayıdış” proqramı hazırlanacaq

 

Əli Həsənov Mingəçevirdə məcburi köçkünlərlə görüş keçirib

 

Komitə sədri: “Hər il ölkədə 4 minədək ailə üçün yeni evlər tikilir”

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov Bərdədə məcburi köçkün şəhərciyinin inşası ilə tanış olub. Komitədən verilən xəbər görə, tikinti işlərini həyata keçirən müəssisələrin rəhbərləri, komitənin yerlərdəki nümayəndələri ilə görüşən Ə. Həsənov işlərin gedişindən razı qaldığını bildirsə də, bəzi göstəriş və tövsiyələr də verib.

Komitə sədri bildirib ki, Bərdədə 15 ədəd beşmərtəbəli bina inşa olunur. Yeni yaşayış massivi rayon ərazisində, orta məktəb, uşaq bağçaları, digər inzibati binalarda və başqa ağır sosial şəraitdə məskunlaşan məcburi köçkünlər üçün nəzərdə tutulub. Yeni şəhərcik bu ilin avqust ayınadək istifadəyə hazır olacaq.

Bu proqramların icrasının dayandırılma ehtimalı da var. Bu isə Azərbaycan və Ermənistan arasında aparılan danışıqların nəticəsindən asılıdır. Əgər sülh danışıqları baş tutarsa, həyata keçirilən proqramlar dayandırılacaq. Bundan sonraBöyük qayıdış” proqramı icra olunacaq”, -deyə Ə. Həsənov vurğulayıb.

 

 Beynəlxalq səviyyədə addımlar atılacaq

 

 Ermənistanın işğalçı siyasəti nəticəsində ev-eşiyindən didərgin düşən azərbaycanlıların Avropa Məhkəməsinə şikayətləri bundan sonra da davam edəcək”, -deyə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Bərdəyə səfəri zamanı jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, doğma ev-eşiyindən didərgin düşən Azərbaycan vətəndaşlarının hüquqlarının beynəlxalq hüquq səviyyəsində təmin olunması üçün bundan sonra da addımlar atılacaq: “Ermənistan anlamalıdır ki, əgər Avropa Məhkəməsi məcburi köçkün ailələrinin şikayətlərini təmin etsə, Ermənistan dövləti bu təzminatları 50 il bundan sonra da ödəyib qurtara bilməyəcək”.

Prosesin bundan sonra da davam etdiriləcəyini deyən Ə.Həsənov dünya birliyinin indiyədək didərgin düşən azərbaycanlıların problemlərinə hələ də biganə yanaşmasın təəssüf doğurduğunu bildirib.

 

Prezident gələcək

 

Aprelin 11-də Komitə sədri Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlərlə də görüşüb. O, ərazidə qaçqınlar üçün salınan qəsəbədə olub. Görüşdə bildirilib ki, Mingəçevirdə yaşayan 5 min ailədən 504-ü bu mənzillərə köçə biləcək. Qalanları isə qaçqın və məcburi köçkünlər üçün digər komplekslər salınandan sonra köçürüləcək.

Əli Həsənov mənzillərə, orta məktəbin sinif otaqlarına, kompüter mərkəzinə, idman zalına baxış keçirərək orada yaradılan şəraitlə tanış olub. O, yaşayış kompleksinin həyətində məcburi köçkünlərlə görüşərək onların problemləri ilə də maraqlanıb. Əli Həsənov məcburi köçkünləri narahat edən problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib.

Məlumat verilib ki, Mingəçevirdə inşası yeni başa çatdırılan yaşayış kompleksinin həyətində hazırda abadlıq işləri görülür. 19 mərtəbəli yaşayış binasının daxil olduğu kompleksdə 480 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, klub, inzibati bina inşa olunub. Binalardakı mənzillərin 34-ü bir, 259-u iki, 182-si üç, 27-si dördotaqlıdır. Ümumilikdə 502 ailə üçün nəzərdə tutulan yaşayış kompleksinin bu yaxınlarda məcburi köçkünlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Kompleksə Mingəçevir şəhərindəki orta məktəb binalarında, yataqxanalarda, həmçinin istismar müddəti başa çatan Fin tipli qəsəbədə məskunlaşan ailələr köçürüləcək.

Məcburi köçkünlər işsizlik, evsizlik və digər problemləri haqda Əli Həsənova məlumat veriblər.  Kompleksin açılışının prezident İlham Əliyevin Mingəçevirə səfərindən sonra olacağı bildirilir.

 

“3-4 ilə ciddi tədbirlər görüləcək”

 

"Ötən il Azərbaycanda 20 minə yaxın məcburi köçkün, yəni 4 minə yaxın ailə üçün yeni yaşayış binaları tikilib", deyə o, Mingəçevir şəhərində məcburi köçkünlərlə keçirdiyi görüş zamanı, jurnalistlərə müsahibəsində deyib.

Əli Həsənov qeyd edib ki, qarşıdakı yaxın 3-4 ildə ölkədə ağır şəraitdə yaşayan bütün məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görüləcək: "Hər il ölkədə 4 minədək ailə üçün yeni evlər tikilir. Ölkə prezidenti İlham Əliyevin göstərişinə əsasən Bakı şəhərindəki yataqxanalardan 120 min məcburi köçkünün köçürülməsi və onlar üçün müəyyən iş yerlərinin yaradılması məqsədilə yeni yaşayış massivinin salınması nəzərdə tutulur. Bu məqsədlə Abşeron rayonunun Qobu qəsəbəsində 500 hektar torpaq sahəsi ayrılıb. Bundan əlavə hazırda 9 şəhər və rayonda məcburi köçkünlər üçün yaşayış evləri inşa edilir”.

Komitə sədri Mingəçevirdə 20 minə yaxın məcburi köçkünün yaşadığını qeyd edib: “Mingəçevirdə artıq 502 ailə üçün 10 ədəd 9 mərtəbəli binadan ibarət yaşayış kompleksinin inşası başa çatdırılıb və yaxın günlərdə məcburi köçkünlər yeni mənzillərlə təmin olunacaq. İlk öncə bu şəhərdə yaşayış şəraiti daha ağır olan ailələr yeni evlərlə təmin olunacaq. Ölkədə 6 minə yaxın məcburi köçkün vaxtilə yerli icra nümayəndələri tərəfindən rayon və şəhərlərdə boş, yaşayış olmayan evlərdə yerləşdiriliblər. Hazırda onların da yeni evlərlə təmin olunması prosesi davam edir. Bugünədək artıq 40-dək belə məcburi köçkün ailəsi yeni evlərə köçürülüb”. 

O, məlumat üçün bildirib ki, 2011-2013-cü illərdə 2 milyon kvadratmetr sahəsi olan, 31 min mənzildən ibarət və bütün sosial-texniki infrastruktura malik olan 78 müasir qəsəbə salınıb, 140 minədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. 2013-cü ildə daha 4 min ailə, yəni 20 minə yaxın məcburi köçkün üçün daha 8 qəsəbə və məhəllə salınacaq.

 

Təkcə 2012-ci ildə…

 

Qeyd edək ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na edilən yeni əlavələrlə 2011-2015-ci illərdə məcburi köçkünlərin mənzil-məişət şəraiti və sosial vəziyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılması nəzərdə tutulub. Bu proqramın həyata keçirilməsi istiqamətində həddindən artıq iş görülür.

Tədbirlər planı ilk növbədə mənzil problemlərinin həllinə yönəlib. Son 9 ildə bu sahə üzrə bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilib, ümumilikdə 47 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti 158 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul edilib. O cümlədən 2012-ci ildə 2 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti 17 qərar və sərəncam qəbul edilib.

Ümumiyyətlə, son 20 ildə bu qəbildən olan soydaşlarımızın sosial problemlərinin həllinə 4.3 milyard manat vəsait sərf olunmuşdur. Onun 2 milyard manatı dövlət büdcəsinin, 1.5 milyard manatı Dövlət Neft Fondunun, 0.8 milyard manatı isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir. 2012-ci ildə bu məqsədlə ayrılmış 603 milyon manat vəsaitdən 273 milyon manatı büdcə, 300 milyon manatı Dövlət Neft Fondunun və 30 milyon manatı isə beynəlxalq təşkilatların vəsaitidir. Bu da 2003-cü il ilə müqayisədə 5,5 dəfə çoxdur.

İndiyədək Dövlət Neft Fondundan və başqa mənbələrdən ayrılmış vəsait hesabına 31 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 70-dən artıq müasir qəsəbə salınıb, 31 mindən artıq qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Həmin yeni yaşayış məntəqələrində 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi, 43 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman Kompleksi tikilib, 628 kilometr yol, 781 kilometr su, 1333 kilometr elektrik, 288 kilometr qaz xətti çəkilmiş, müxtəlif gücə malik 671 elektrik transformatoru quraşdırılıb.

Həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 1348 ailə - 6740 nəfər məcburi köçkün dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə köçürülüb. Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri hesabına Ahıska türkləri üçün 352 evin inşası başa çatdırılıb və bu layihə cari ildə də davam etdiriləcəkdir. Bu isə o deməkdir ki, Azərbaycan dövləti beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq, öz qaçqın və məcburi köçkünləri ilə digər ölkələrdən olan qaçqınlara fərq qoymur.

Onu da əlavə edək ki, təkcə 2012-ci ildə Şəki rayonunda 423, Bərdə rayonunda 195, İmişli rayonunda 325, Qaradağ rayonunda 1440, Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 3 qəsəbə və iki yaşayış məhəlləsi inşa edilib. 2012-ci ildə Bakı şəhəri ətrafında tikilmiş qəsəbələr hesabına, yaxın aylarda Bakı Dövlət Universitetinin, o cümlədən Dövlət Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülmə prossesi davam edir. Təkcə Dövlət Neft Akademiyasının yataqxanalarından 760 ailənin  Masazır istiqamətində köçürülmə prossesi gedir.

Beləliklə, 2012-ci il ərzində 296 min kvadratmetr sahəsi olan 6 yeni yaşayış kompleksi salınıb, 22765 nəfərdən ibarət 4553 məcburi köçkün ailəsi yeni evlərə köçürülüb, 3300 şagird yerlik 6 məktəb inşa edilib. Son 20 ildə həcminə görə ən böyük 1300 şagird yerlik məktəb 2012-ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilib.

 

 

RAMİD

 

Bizim Yol.-2013.-13 aprel.-S.-13.