Valideynsiz uşaqlar təhsil
haqqından azad edildilər
.Milli Məclisin dünənki
iclasında “Təhsil haqqında” qanuna
dəyişikliklər layihəsi qəbul olunub
Navil
Seyidov: “Kimlərsə qanuna olan bu dəyişikliyi uşaqlar
arasında ayrı-seçkilik kimi qiymətləndirir”
Dünən Milli Məclisin iclasında “Təhsil
haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə
çıxarılıb. Layihə barədə
məlumat verən Elm və təhsil komitəsinin sədri
Şəmsəddin Hacıyev bildirib ki, qanuna dəyişikliklər
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlarla bağlıdır. Dəyişiklik
"Təhsil haqqında" qanunun "Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi haqqında" qanununa
edilmiş dəyişikliklərə uyğunlaşdırmaq məqsədi
ilə edilir. Dəyişikliyə əsasən, valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlar, habelə onların arasından olan şəxslər
dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində
ödənişli əsaslarla təhsil aldıqları
müddətdə təhsil haqqı dövlət büdcəsinin
vəsaiti hesabına ödənilir. Layihə səsə
qoyularaq qəbul olunub.
Qanunda dəyişikilik “Təhsil haqqında” qanunun
14-cü maddəsinə edilib. Qanuna əlavə
edilmiş 14.8-1 bəndi həmin imtiyazı şərtləndirir.
“Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlar, habelə onların arasından
olan şəxslər dövlət, bələdiyyə, özəl,
ali və orta ixtisas təhsili müəssələrində
ödənişli əsaslarla təhsil aldıqları
müddətdə təhsil haqqı dövlət büdəsi
hesabına ödənilir”-deyə təklif olunmuş dəyişiklikdə
qeyd edilib.
Milli Məclisin
Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli
bildirib ki, bu barədə qeyd olunan qanuna ayrıca bənd əlavə
olunub: “Biz bu məsələni qanunvericiliklə tənzimləmək
qərarına gəldik. Bununla həmin uşaqlar istənilən
ali məktəbə əgər ödənişli
əsaslarla qəbul olunarsa, onun təhsil haqqı dövlət
tərəfindən ödəniləcək. Nəzərə
alsaq ki, artıq mövcud qanunvericiliyə görə həmin
uşaqlar ali məktəbə daxil olursa,
onların 23 yaşına qədər uşaq evində qalmaq
hüquqları var. Artıq biz onları ali təhsil ödənişindən
azad etməklə onlara ikiqat dəstək vermiş oluruq”.
“Bu, ayrı-seçkilik deyil”
“Ümidli
gələcək” Gənclər Birliyinin sədri Nabil Seyidov
bildirdi ki, valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlar dövlətin, cəmiyyətin və
valideynlərin qayğısı ilə əhatə
olunmalıdır: “Bu dəyişiklik gözlənilirdi. Qeyri-hökumət təşkilatı olaraq bizim dəfələrlə
təkliflərimiz olub. Kimlərsə
qanuna olan bu dəyişikliyi uşaqlar arasında
ayrı-seçkilik kimi qiymətləndirir. Amma bu doğru deyil. Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəyə ehtiyacı var.
Ayrı-seçkilik kimi dəyərləndirən insanlara
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlar barəsində məlumat verək.
Qeyd edim ki, valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların arasından olan şəxslər
- 18 yaşınadək hər iki valideynini itirmiş, habelə
hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta peşə-ixtisas təhsili müəssisələrində
əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir.
Onların dövlət qayğısına
ehtiyacı var. Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlar üçün müəssisələr
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqların saxlanıldığı, təhsil və
tərbiyə aldığı təhsil müəssisələri
fəaliyyət göstərir. Eləcə
də, uşaqların sosial müdafiəsi müəssisələri,
uşaq evləri fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud uşaqlar
üçün internatlar, sosial-reabilitasiya yardım mərkəzləri,
sosial sığınacaqlar var.
Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların tam dövlət təminatı
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlara müvafiq dövlət və ya bələdiyyə
müəssisələrində, qəyyumun (himayəçinin)
ailəsində olduqları müddətdə müvafiq icra
hakimiyyəti orqanları tərəfindən müəyyən
olunmuş qaydada yemək, paltar və ayaqqabı dəsti verilməsi,
yaşaması, təhsil alması və tibbi xidmət göstərilməsi
və ya onların tam dəyərinin dövlət büdcəsi
hesabına ödənilir”.
“Dərsliklər və tədris
planının keyfiyyətinin artırılması da əsas məsələlərdən
biri olmalıdır”
“Ümidli
gələcək” Gənclər Birliyinin sədri bildirir ki, təhsil
sistemində dəyişikliyə, irəliləyişə
ümid etməyənlərin sayı da yetərincə
çoxdur: “Dərsliklər və tədris planının
keyfiyyətinin artırılması da əsas məsələlərdən
biri olmalıdır. Biz anlamalıyıq ki, məktəb
instituta tələbə hazırlamır, müstəqil həyata
hazırlayır. Mütləq deyil ki, məktəbi
bitirən uşaq instituta daxil olsun. Amma
uşaq məktəbdə keyfiyyətli təhsil
almalıdır. Savadlı olmalı və
həyatın istənilən sahəsinə dair məlumatı
olmalıdır. Hazırda Azərbaycanda
savadlılıq əmsalı 90 faizdən yuxarıdır.
Lakin, mən bildiyim qədər bu kohnə
standartlarla ölçülür. Müasir
dünyada savadlılığın tərifi dinamik olaraq dəyişir.
Müasir standartlarda kompüterdən, internetdən,
e-poçtdan, bank kredit kartlarından istifadə, mobil telefondan
istifadə etmək, bank hesabı açmaq və s. bilik və
bacarıqlar da savadlılıq meyarlarına daxil edilməkdədir.
Lakin, bizim uşaqlar həmin bacarıqlardan
yalnız mobil telefondan yaxşı istifadə etməyi
bacarır. Hələ də, kompüter
bacarıqları və internetin əhatəliyi
aşağıdır. Orta məktəbi
bitirənlər bank kartlarından istifadə, puldan necə
istifadə etmə, ailə qurma, peşə seçimi, maliyyə
institutlarından istifadə, biznes qurma və ya sahibkarlıq
bacarıqlarına yiyələnməmiş olur. Uşaqlara bu kimi bacarıqlar
aşılanmalıdır. Ən əsası
Azərbaycan təhsilində uşaqların sərbəst
fikir söyləməsi və müxtəlif mövzular ətrafında
müzakirələrin aparılması bacarıqlarının
aşılanmasına, müasir iqtisadi, siyasi və sosial bilik
və bacarıqların öyrədilməsinə xüsusi
diqqət yetirilməlidir. Liseylərdə
təhsil alanlar daha sərbəstdirlər, məktəblərin
şagirdləri isə fikrini utana-utana deyirlər”.
“11 Uşaq və Ailələrə Dəstək
Mərkəzi fəaliyyət göstərir”
Nabil
Seyidov deyir ki, uşaqların rifahının yüksəldilməsi
ilə bağlı məsələlər Azərbaycan
hökumətinin daim diqqət mərkəzində olub: “Qeyd
edim ki, Ailə, qadın və uşaq problemləri üzrə
Dövlət Komitəsi uşaqların əməyə cəlb
olunması və təhsildən yayınması ilə
bağlı dövlət proqramının icrasını yekunlaşdırdıq.
Monitorinq keçirdik. Çox
vacib məsələlərdən biri xüsusi dövlət
qayğısına ehtiyacı olan uşaqlarla
bağlıdır ki, Dövlət Komitəsi bu sahədə
də işlər görür. Belə ki,
Komitənin tabeçiliyində 11 Uşaq və Ailələrə
Dəstək Mərkəzi fəaliyyət göstərir.
Təhsil Nazirliyi tərəfindən "Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(de-institusionalizasiya) və alternativ qayğı Dövlət
Proqramı (2006-2015-ci illər)"nın
icrası ilə həyata keçirilir. Uşaqların
rifahının yüksəldilməsi ilə bağlı məsələlər
Azərbaycan hökumətinin daim diqqət mərkəzində
olub. Dövlət Proqramından irəli gələn bir
sıra mühüm vəzifələrin kompleks şəkildə
yerinə yetirilməsinin zəruriliyini, dövlət uşaq
müəssisələrinin fəaliyyətinin Dövlət
Proqramının vəzifələrinə uyğun
qurulmasının vacibliyini, uşaqların müdafiəsi ilə
bağlı qurumlararası koordinasiyanın effektiv şəkildə
təmin edilməsinin vacibliyini nəzərə alaraq, Nazirlər
Kabinetinin 13 yanvar 2010-cu il tarixli qərarına əsasən
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(de-institusionalizasiya) və alternativ qayğı Dövlət
Proqramı (2006-2015-ci illər)"nın səmərəli
idarə olunmasının təmin edilməsi məqsədi ilə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki
İşçi Qrupunun bazasında Azərbaycan Respublikası
Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və
Uşaqların Müdafiəsi İdarəsi yaradılıb. Artıq adıçəkilən Dövlət
Proqramı çərçivəsində uşaqların ailədə
yaşamaq hüququnun təmin edilməsi və
uşaqların müdafiəsi ilə bağlı irihəcmli
layihələrin icrasına başlanıb.
“Hüquqi məsuliyyət
artırılmalı...”
Onun
sözlərinə görə, uşaqların əməyə
cəlb olunması, cinsi istismara məruz qalması, intihar etməsi
kimi neqativ halların qarşısının alınması
üçün məktəb önəmli vasitədir: “Bu və
digər məsələlərdə nəticə əldə
olunmasını istəyiriksə, uşaq müdafiə sistemi
gücləndirilməli, mövcud komissiyaların maddi texniki
bazasının, kadr potensialının təkmilləşdirilməsinə
nail olmalıyıq. Qanunvericilikdə dəyişikliklər
olunmalı, hüquqi məsuliyyət artırılmalı,
icma əsaslı reabilitasiya mərkəzləri
yaradılmalıdır, hansı ki, dünya təcrübəsində
zorakılığa məruz qalmış uşaqların
müəyyən olunmasında və onlarla iş
aparılması üzrə effektiv nəticələr əldə
edirlər. Uşaqlar pozulmuş hüquqları
ilə bağlı müraciət etməkdə fəal deyillər.
Bu yöndə məktəblərdə
xüsusi maarifləndirmə işləri
aparılmalıdır”.
N.Seyidov
bildirir ki, təhsil sisteminə ictimai nəzarət gücləndirilməlidir:
“Təhsil Nazirliyi yanında QHT təmsilçilərindən,
müstəqil ekspertlərdən, beynəlxalq təşkilatların
işçilərindən ibarət ictimai şura
yaradılmalıdır. Bu şura Təhsil Nazirliyinə
opponentlik etməlidir, yaltaqlıq yox! Eyni zamanda,
nazirliyin həyata keçirdiyi siyasəti, tədbirləri
müzakirə etməli, lazım gəldikdə alternativ təkliflər
verməli, səhvləri göstərməli və problemlərin
həlli yollarını göstərməlidir. Müzakirələrdən sonra ortaq məxrəcə
gəlmək mümkündür. İctimai
Şura məktəblərin fəaliyyətini, aparılan
eksperimental tədbirlərə ictimai nəzarəti təşkil
etməlidir. İctimai monitorinq sisteminin yaranması
çox vacibdir. Bu həm də geniş
ictimaiyyətin təhsil sisteminə və təhsil nazirliyinə
etimadının güclənməsinə xidmət edəcək.
Məsələn, bizdə əlilliyi olan
uşaqlarla bağlı inklüziv təhsil proqramı var idi.
Proqram 2008-ci ildə başa çatdı.
Həmin proqramın monitorinqi, proqramdan irəli
gələn təkliflər, tövsiyələr sonacan təhlil
edilmədi və bu yekun rəyin formalaşmasına imkan vermədi.
Bundan başqa, peşə təhsilinin
inkişafı ilə bağlı dövlət proqramı qəbul
edilib. O proqramın necə icra edildiyi və hansı irəliləyiş
və ya çətinliklərin olduğu barədə əhalidə
məlumat azdır. Hazırda Təhsil Nazirliyi
istənilən proqramı təsis edir, onu həyata
keçirir, sonra da özü həmin proqramın monitorinqini
aparır. Bu isə düzgün deyil.
Hansısa nazirlik proqramı icra edirsə, onu
başqa qurum monitorinq etməlidir ki, monitorinq və qiymətləndirmə
müstəqil, bitərəf və keyfiyyətli olsun. Əksinə, proqram QHT-lər tərəfindən təsis
edilib yerinə yetirilirsə, müvafiq dövlət qurumu onun
monitorinqini və qiymətləndirməsinə təmin etməli,
öz düzəlişlərini verməlidir”.
Ramid
Bizim yol. - 2013.- 4 dekabr.-
S. 13.