“Əlillərə faizsiz,
uzunmüddətli kreditlər verilməlidir”
"Əlillərin
hüquqlarının müdafiəsinə dəstək"
layihəsinin yekunları müzakirə olundu
Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Əlillərin hüquqlarının müdafiəsinə dəstək" adlı layihəsinin hekunlarına həsr olunan mətbuat konfransı keçirildi. İlk olaraq, lahiyənin hüquqşünası Şəhriyar Əbilov çıxışında qeyd etdi ki, altı ay müddətində layihənin icra planına uyğun olaraq tədbirlər və zəruri əhmiyyət kəsb edən işlər görülüb.
Konransda bildirildi ki,
əlillərin bir çox
problemləri, o cümlədən nəqliyyat,
istirahat, müalicə və bu kimi digər problemləri
diqqət mərkəzində saxlanılmış və mətbuat
vasitəsi ilə işıqlandırılaraq, problemlər
barədə məlumat müvafiq dövlət
orqanlarına göndərilmişdir. Bildirildi
ki, layihə çərçivəsində
əlillərlə müxtəlif görüşlər, sorğular keçirilib.
Layihə çərcivəsində əlilliyi olan şəxslərin hüquqi statusunu, reabilitasiyasını, təhsil, əmək, sağlamlığının mühafizəsi, sosial təminat, sosial xidmət və digər hüquqlarını özündə əks etdirən bukletlər çap olunub. Əlillərin hüquqlarını özündə ehtiva edən 500 ədəd buklet paylanılıb və kitabça çapının sifarişi verilib. O cümlədən əlillər üçün nəzərədə tutulan qanunvericiliyin monitorinqi aparılıb. Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin hüquqları və ehtiyacları barədə ictimai məlumatlılığın artırılması, Azərbaycan Respublikasının sosial qanunvericiliyi və beynəlxalq konvensiyalar sahəsində hüquqi biliklərinin və hüquqi mədəniyyətin səviyyəsinin artırılmasından ibarətdir.
“Problem təkcə infrastrukturda deyil...”
Lahihənin
kordinatoru, "Vətən Fədailərinin
Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri,
birinci qrup Qarabağ müharibəsi əlili Dadaş Quliyev əlillərin
sosial problemlərinin qənaətbəxş
olmadığını bildirdi: “Aldığımız pensiya
və ya sosial müavinət yaşamağımız
üçün çox azdır, nəzərə alsaq,
xüsusi ilə də birinci qrup əlillərin başqa gəlir
yeri olmadığı halda, sosial vəziyyətimizin hansı
səviyyədə olması aydın olar. Hərəkət
məhdudluğu olan şəxslərin topluma inteqrasiya olunması
olduqca ciddi problemdir. Bununla
bağlı çox iş
görmək lazımdır, infrastrukturu buna uyğun qurmaq lazımdır. Bütün dövlət
qurumları, xidmət verən strukturlar, məktəblər,
səhiyyə ocaqları, eyni zamanda iaşə obyektləri elə
qurulmalıdır ki, hərəkət məhdudiyyəti
olan, hər hansı bir
araba ilə hərəkət edən insanlar da sərbəst
şəkildə bundan istifadə edə
bilsinlər. Hər zəruri yerdə onların
asanlıqla girib-çıxması üçün
əlavə ekskalatorlar, pilləkənlər
və ya xüsusi reyslər
quraşdırılmalıdır.
Təəssüf ki, bu gün məsələ təkcə infrastrukturda da deyil, həm də qanunvericilikdə də xeyli boşluqlar, problemlər var. Məsələn infrastrukturların qurulması zamanı bu məsələlərin bir tələb kimi qoyulması qanunda yoxdur. Müstəqillik dövründə metroların bir neçə neçə stansiyası yenidən qurulub və yeni stansiyalar istifadəyə verilib. Onların əksəriyyətində ayrıca hərəkət məhdudiyyəti olan insanların girişi-çıxışı üçün nə ayrıca ekskalator, nə də lift var. Bizdə olduqca baha qiymətlərə tikilən müasir yeraltı keçidlərin heç birində, xüsusilə bu məqsədə xidmət edən liftlər qurulmayıb”.
“Qanunların hazırlanmasında əlillər
iştirak etsinlər”
Onun sözlərinə görə, əlillərin əhalinin başqa təbəqələrinə nisbətən daha çox sosial müdafiyəyə, mənəvi dəstəyə ehtiyacları var. Bu insanların maddi ehtiyacları müxtəlif dövlət proqramları nəticəsində müəyyən mənada təmin olunsa belə, bu kateqoriyaya aid insanların əlavə qayğıya, sevgiyə ehtiyacları var: “Qarabağ müharibəsi əlilləri ilə bağlı müəyyən işlər görülür. Belə ki, fiziki məhdudiyyəti olan insanlarla bağlı dövlətin üzərinə götürdüyü öhdəliyə əsasən onlar nəqliyyat vasitələri ilə təmin olunurlar, mənzil-məişət şəraiti yaxşılaşdırılır. Amma o demək deyil ki, Qarabağ müharibəsi əlilləri ilə bağlı problem yoxdur. Əlillərə qanunla olan güzəşt və imtiyazları hökumət təşkilatları yerinə yetirməkdən qaçırlar, vəzifə məsuliyyətindən yayınmaq istəyirlər. Əlillərin problemi idarəçiliklə yanaşı qanunda da var. Arzuolunandır ki, əlillərlə bağlı qanun Milli Məclisdə hazırlanərkən, müzakirə olunarkən, orada əlillərlə bağlı təşkilatlar, şəxslər iştirak etsinlər, tövsiyyələr versinlər, təkliflər etsinlər. Çünki əlil olmayanlar əlillərin özləri qədər onların problemini və qayğısını bilə bilməzlər.
Qeyd edim ki, mövcud vəziyyət əlillərin sosial müdafiəsi ilə bağlı ciddi islahatların olmasının vacib olduğunu göstərir. Belə ki, əlillərə faizsiz, uzun müddətli kreditlərin verilməsi, fiziki məhdudiyyəti olan vətəndaşlarımız üçün müvafiq şəhərciklərin salınması, əlil uşaqları üçün dünya praktikasında tətbiq olunan güzəştlər və həmin fiziki qüsurlu şəxslərin cəmiyyətə normal adaptasiya mərhələsini keçmək üçün dövlətin mənəvi-psixoloji dəstəyinin olması ən vacib məsələlərdəndir”.
“Əlillərə verilən müavinətlər ölkə üzrə yaşayış minimumuna çatdırılmalıdır”
Mətbuat konfransında iştirak edən, "Vətən Müharibəsi Əlilləri" İctimai Birliyinin sədri, Qarabağ müharibəsi əlili Firudin Məmmədov əlillərin sosial problemlərinin bəzilərindən danışdı: “Bizim bura cəm olmağımıza səbəb problemlərimizdir. Dövlətin öhdəliyi var ki, fiziki məhdudiyyəti olan vətəndaşların qayğısına qalsın. Əlillərlə bağlı görülən işlər minnət kimi təqdim olunmamalı və təşəkkür gözlənilməməlidir. Vurğulayım ki, əlillərə verilən müavinətlərin, pensiyaların ölkə üzrə yaşayış minimumuna çatdırılmalıdır. Bu gün ölkəmizdə əlillərin ümumi sayı təqribən 425 min nəfər təşkil edir, o cümlədən 60 mindən çox əlil uşaq var və onların ümumi payı ölkə əhalisinin 5,5 faizdən çoxunu təşkil edir. 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat məbləğində müəyyən edilib. Amma məsələn, birinci qrup əlillərə 67 manat pensiya verilir. 67 manatla yaşamaq mümkün deyil, çünki əlillər təkcə yemək-içmək ehtiyaclarını deyil, dərman ehtiyaclarını da ödəməlidir ki, bu vəsaitlə onların ehtiyaclarını minimum səviyyədə qarşılamaq mümkünsüzdür.
Nəzərə almalıyıq ki, özəlliklə birinci qrup əlillərin əksəriyyətinin sağlamlıq səviyyəsi elədir ki, onlar işləyə bilmirlər, üstəlik bəzi sahələrdə işləmək imkanına malik olan birinci qrup əlilləri də qanunlara əsaslanaraq işə qəbul etmirlər. Yəni birinci qrup əlillər işləmək imkanından məhrumdurlar. Ona görə də ilk öncə birinci qrup əlillərdən başlayaraq, əlillərə əlilliyə görə verilən pensiya və müavinətlərin səviyyəsinin ölkə üzrə yaşayış minimumuna çatdırılması çox vacibdir və qanunverici orqanlardan, hökumətdən bu istiqamətdə addımların atılmasını gözləyirik”.
“Əlillərin hüquqlarına hörmət olunması ilə bağlı maarifləndirmə işi aparılmalıdır”
“Mina Qurbanlarının sosial-iqtisadi problemlərinin həllinə kömək” İctimai Birliyinin sədri, Qarabağ qazisi, ikinci qrup Qarbağ əlili Məmmədhəsən Həsənov Qarabağ qazilərinin, əlillərin sosial-iqtsadi durumu, mənzil-məişət problemlərindən danışdı. O, fiziki məhdudiyyəti olan vətəndaşların çoxunun yoxsulluq şəraitində yaşaması faktlarını qeyd etdi: “Fiziki məhdudiyyyəti olan vətəndaşlarla bağlı qeyri-hökumət təşkilatlarının müxtəlifliyi, çoxluğu bu təbəqdən olan insanların problemlərinin həllinə, ümumi rifahına töhfə verə bilər. Vətəndaş cəmiyyətinin fəallığı əlillərin öz insan hüquqları və əsas azadlıqlarını tam həyata keçirməsinə imkan yarada bilər. Bununla da əlillərin cəmiyyətə inteqrasiya etməsinə cəhdlər olar, imkanlar yaranar və əlil vətəndaşlarımızın cəmiyyətə aidlik hissi güclənər. Qeyri-ökumət təşkilatlarının fəallığı fiziki məhudiyyəti olan vətəndaşlarımızın sosial və iqtisadi inkişafında mühüm uğurlara nail olmağa və yoxsulluğun aradan qaldırılmasına imkan verəcək”.
Onun sözlərinə görə, beynəlxalq və yerli qanunvercilik, öhdəlik əlillərin problemlərinin çoxunun həllinə apara bilər: “Əlbəttə ki, qanunlar, öhdəliklər olduğu kimi icra olunsa, biz hazırkı problemlərdən bəlkə də danışmarıq. Fiziki məhdudiyyəti olan vətəndaşlarımızın bütün insan hüquqlarından və əsas azadlıqlarından tam həcmdə istifadə etmələrinə şərait olduqda onların fiziki, sosial, iqtisadi və mədəni mühitdən, səhiyyə və təhsildən, habelə informasiya və rabitədən istifadə imkanları olacaqdır”.
M.Həsənov bildirdi ki, əlillərlə bağlı maarifləndirici-tərbiyəvi iş görülməsinə ehtiyac var: “Ailə səviyyəsində maarifləndirmə də daxil olmaqla, bütün cəmiyyətin əlillik məsələlərində maariflənməsini yüksəltmək və əlillərin hüquqlarına və ləyaqətinə hörmət olunmasını gücləndirmək arzuolunandır. Əlillərin hüquqlarına hörmət olunması ilə bağlı maarifləndirmə işi aparılmalıdır”.
Mətbuat konfransında iştirak edənlər, əlillərin pensiya və ya sosial müavinətinin yaşamaları çox az olduğunu bildirərək, əlillərin cəmiyyətə intiqrasiya etməsi üçün nəqliyyat probleminin həllini mütləq hesab etdilər. “Nə qədər ki, nəqliyyat problemi həll olunmayıb, heç bir bərabər hüquqdan söhbət gedə bilməz”, deyə əlillərdən biri bildirdi.
Ramid
Bizim yol. - 2013.- 5 dekabr.- S. 13.