«Tarif Şurasının qərarı son deyil...
»Jalə
Əliyeva: «Əvvəllər elə bilirdim ki, Milli Məclisdə
oturub fikir yürütmək, qəhrəman olmaq çox
asandır»
«20 il bundan əvvələ
qədərki cəmiyyət birdən-birə dəyişə
bilməz»
Müsahibimiz
Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Assambleyasının (QDİƏT PA) komitə sədri,
bitərəf deputat Jalə Əliyevadır. Onunla gərgin
keçən söhbətimizə Azərbaycanda ictimai, siyasi,
sosial-iqtisadi problemlərdən danışdıq. Jalə Əliyeva ilə geniş müsahibəni
oxucularımıza təqdim edirik.
- Jalə xanım, qiymətlərin
artması Sizə necə təsir göstərib?
- Mənim bir
maşınım və bir sürücüm var, bu mənada
bahalaşmanın təsirini hiss etməmək mümkün
deyil. Ən azından bu həftədən etibarən
6-7 manat fərq sezildi, çünki ötən həftə
maşının benzin çəni doluydu. Milli Məclisdə də məsələ
qızğın müzakirə olundu, müxtəlif fikirlər,
təkliflər səsləndi.
- Əks arqumentlər də
oldu...
- Təbii ki, hər iki tərəfdən
müxtəlif fikirlər səsləndi. Mənim fikrimə gəlincə,
son 7 ildə yanacağın qiyməti qalxmayıb, bəlkə
də hər il çox cüzi hansısa
qəpiklərlə artım olsaydı, hiss olunmazdı.
- Ancaq başqa məhsulların
qiymətində cüzi də olsa artım olub...
- 7 il ərzində
nəzərdə tutursunuz?
- Bəli.
- Biz konkret yanacaqdan danışırıq.
Düşünürəm ki, o biri məsələlər
müzakirə olunub bitib. Milli Məclisdə
səslənən fikirlər içərisində mənim nəzərimcə
sosial baxımdan çox ədalətli və əhəmiyyətli
olan təkliflər səslənib. Mən
Tarif Şurasının üzvü deyiləm ki, tənzimləyən
mexanizm məndə olsun. Amma gəlin
açıq danışaq, 150, 200, 300 minlik maşın
sürən insan üçün yanacağın 20 qəpik
artması heç bir şeyi dəyişdirmir.
- Ancaq 150, 200, 300 minlik
maşın sürənlərin sayı çox deyil...
- Niyə çox deyil,
maşallah, həddindən artıq çoxdur. Belə
etmək olardı, bəlkə də ediləcək, bildiyim qədər
Tarif Şurasının qərarı son deyil. Ola bilər ki, Tarif Şurası bazarı
müşahidə etdikdən sonra məsələyə yenidən
baxsın. Yenidən baxılarsa, daha ucuz maşın
sürənlərə bir güzəşt, limit tətbiq
oluna bilər.
- Bunun mexanizmini necə
görürsünüz, Sizcə, bu, mürəkkəb
deyilmi?
- Mən
düşündüyümü deyirəm, obyektiv, subyektiv
qarşılana bilər. Sadəcə, sual
verdiniz, cavabım belə oldu. İnanın
ki, mən neçə gündür vəziyyəti
“silahlanmayan gözlə” izləyirəm, sual yaranır, qiymətin
artmasından sonra şəhərdə maşın
azalıbmı? Azalmayıb!
- Deməli, heç bir təsiri
yoxdur?
- Əlbəttə,
yoxdur.
- Ancaq parlamentin Sosial siyasət
komitəsinin sədri Hadı Rəcəbov qiymətlərin
artmasının müsbət tərəfini həm də
tıxacların azalmasıyla əsaslandırıb...
- Hər kəsin öz fikri ola bilər, mən də öz yanaşmamı
ortalığa qoydum. Bahalaşma olub və bu, vətəndaşı
narahat edir, o zaman avtomobildən az istifadə
olunmalıdır. Amma yenə də həmin
tıxac, saatlarla yollarda qalırıq və maşının
sayı azalmayıbsa, vətəndaş benzin doldurmağa
imkanı çatırsa, deməli, biz boşuna həyəcanlanırıq.
- Demək istəyirsiniz ki,
insanlar yaxşı yaşayır?
- Məgər, pis
yaşayırlar?
- Siz seçicilərinizin
necə yaşamağıyla maraqlanmısınızmı?
- Mən hər gün
seçicilərimlə maraqlanıram, hər gün onlardan məktublar
alıram. Zərdab rayonundakı durumdan, seçicilərimin vəziyyətindən
çox yaxşı məlumatlıyam, ən azı 10 il əvvəllə bu günkü ailənin vəziyyəti
fərqlidir. İnanın, kifayət qədər
səmimi insan olduğumdan düz danışmağı sevirəm.
Bəlkə qarşı tərəf bunu
yanlış anlaya bilər, yaxud fikirlərimi qeyri-səmimi qəbul
edər. Gəlin belə deyək, aran rayonudur,
quraqlıdır, 10 -15 il əvvəl bibim
deyirdi ki, Zərdablı olduğunu deməyə utanır,
çünki rayon çox bərbad vəziyyətdəydi.
- Amma bizim Zərdabdan olan həmkarlarımız
insanlarının yaşayışının heç də
yaxşı olmadığını deyirlər, hətta biri
seçkilərdə Sizin rəqibiniz
olub...
- Ola bilər, fikirlər
müxtəlifdir. Əgər bu gün onlar
öz fikirlərini sərbəst şəkildə deyirlərsə
və arxasında dayanırlarsa, dayansınlar. Mən də
öz fikrimi deyirəm, ən azı 10 il əvvəl
rayona gedəndə bir yeni tikili görə bilmirdim.
- Dediyiniz yeni tikililərdə
işıqlar yanmırsa, yəni insan yaşamırsa, necə
yaxşı vəziyyətdən danışmaq olar?
- Niyə işıqlar
yanmır, yanır, insanlar da yaşayır, vəziyyətləri
pisdirsə, yeni mənzillər almasınlar və
köçməsinlər. Niyə paytaxtda hər
gün hündürmərtəbəli bina tikilir, baxın da.
- Siz paytaxtın kənarına
gedirsinizmi?
- Mən hər yerə gedirəm,
Bakının kənarına da. Gəlin belə
danışaq, Moskvanı bir günə tikməyiblər, biz
çox qısa müddətdə böyük məsafə qət
etdik. Mən fikirlərimi yenidən təkrarlayacam,
bəlkə də maraqsız olacaq, amma bu, mənim
yanaşmamdır. Bunun üçün məni
nə asa, nə kəsə bilərsiniz. 20 il bundan əvvələ qədərki cəmiyyət
birdən-birə dəyişə bilməz. Müstəqillik
qazanmışıq, bir quruluşdan başqasına keçmək
çox ağrılıdır, bu ağrını bir anda
aradan qaldıra bilmərik.
- Keçid dövrü
çox uzun çəkmədimi?
- Xeyr, keçid
dövrünü biz hansı ağrılı vəziyyətdə
keçiririk. Hələ də müharibə
davam edir, vətəndaşı məcburi köçkün
olan ölkədə yaşayırıq.
- Qayıdaq qiymət
artımına, torpaqlarımızı işğal edən və
nefti, qazı olmayan Ermənistanda da yanacağın qiyməti
1,2 sentdir, Azərbaycanda da. Bu
qeyri-mütənasibliyi necə izah edərdiniz?
- Gəlin ondan başlayaq ki,
onların 1 milyondan çox qaçqını yoxdur.
- O zaman niyə Ermənistanın
boşaldığını deyirsiniz?
- Siz Ermənistanı
belə müdafiə edirsiniz, bu, sevgi notları hardandır
(gülür)?
- Xeyr, mən faktları deyirəm.
- Ermənistan kiçik ölkədir,
özünüz dediniz ki, boşalır.
- Xeyr, mən dedim ki, bunu
hakimiyyət təbliğatçıları iddia edir.
- Biz kimik, Siz kimsiniz?! Qardaşım, gəlin belə danışaq, Siz də
bu ölkənin vətəndaşısınız, biz də.
- Mən gerçəkliyi
görürəm.
- Biz də gerçəkliyi
görürük.
- Necə
görürsünüz ki, Azərbaycan əhalisinin
yaxşı yaşadığını deyirsiniz?
- Sizcə, pis yaşayır?
- Əlbəttə,
pis yaşayır.
- Faktlarınızı
deyin...
- Gedək bir gün rayonlarda
insanlarla görüşək.
- Əzizim, mən
yenə də öz rayonumuza qayıdıram, çünki Zərdaba
tez-tez gedirəm. Kökümüz ordan olsa da, şəhər
insanıyam, 10 il əvvəl şəhərlə
rayon arasında fərq daha çox sezilirdi. O zaman
insanların bir az pinti, bir az səliqəsiz
geyimlərini, evlərinin vəziyyətini görəndə ətrafımdakılara
deyirdim ki, bu insanlar nə yeyib-içirlər?! Heç
olmasa, axşamlar evlərində bir qazan qaynada bilirlərmi?
Söhbət rayona getdiyim ilk dövrlərdən gedir, 2000-ci
ildən, o vaxt yerli insan mənə dedi ki, qazan da
asılır, yemək də bişirilir, hələ gəlin
onların toylarına baxın.
- Bəlkə
Sizin üçün görüntü yaradırlar?
Xeyr, mən
rayonun xeyir və şər mərasimlərində iştirak
edirəm, bunları öz gözlərimlə görürəm.
- Mən Sizə faktları
sadalayacam, prezident 2011-ci ilin 11 fevralında bildirib: “Biz elə
etməliyik ki, özümüzü ərzaq məhsullarıyla
təmin edək, artıq bu yolda çox böyük
uğurlara nail olmuşuq, ət, süd, bitki yağları,
şəkər məhsularıyla 90-95 faiz təmin edirik. Amma yaxın iki ildə 100 faiz özümüzü ərzaq
məhsullarıyla təmin etməliyik”. Amma statistika fərqli
mənzərəni ortalığa qoyur: ötən ilin
müvafiq dövründə ölkəyə 6,76
milyard dollar dəyərində mal idxal olunub, bu il həmin
göstərici 8 milyardı aşıb. Yeyinti məhsullarının
idxalı da analoji dövrlə müqayisədə 19,75 faiz artaraq ümumi idxalın 17, 75 faizini təşkil
edib. Bu rəqəmlərin fonunda Sizə elə
gəlmirmi ki, prezidentə doğru məlumat vermirlər?
- Siz o qədər rəqəm
dediniz ki, nəyi nəzərdə tutduğunuzu bilmədim. Konkret nəyi deyirsiniz?
- (Yenidən sualımı təklarlayıram) ...
- Biz özümüzü də
təmin edirik, həm də bazarın öz qaydaları var.
- Bu idxal rəqəmlərinin
fonunda 90-95 faiz özümüzü necə təmin edirik?
- Doğrusu, mən onun
statistikasını aparmıram. İndi Siz
dediniz, bildim. Bilmirəm, bu rəqəmləri
haradan götürmüsünüz.
- Bu rəqəmlər
statistikadır...
- Gərək, Sizin verdiyiniz
statistikanı mən də öz baxımımdan
araşdıram. Hər halda iqtisadi baxımdan
araşdırmaq lazımdır. Dedikləriniz ola bilər. Amma
özümüzü təmin etməklə bağlı cənab
prezidentin dediyinə də diqqət yetirməliyik. Son dövrlərdə istehsal üçün fabriklər,
zavodlar açılır, bazara baxın, meyvə suyu,
makaronlar, süd məhsulları, görün marketlərdə
nə qədər öz məhsulumuz var.
-
Ərzağın əksəriyyəti xaricdən gətirilir?
- Yox, diqqətlə
baxsanız, istehsal özümüzə aiddir.
- O zaman nə
üçün əhali kənar məhsullara
üstünlük verir?
- Yox, mən onu sezməmişəm.
Şəxsən mənim soyuducumda hamısı
Azərbaycan məhsullarıdır, çünki ən
azından saxlanma müddətinə baxıb alıram. Məsələn,
mən xarici süd almıram, xarici məhsulun üzərində
1 il saxlanma müddəti yazılır.
- Yəqin kənd əhlinin
həyətinizə gətirdiyi süddən
alırsınız...
- Vallah, qapımızın
“ağzındakı” marketdən alıram.
- Jalə xanım,
bütün hallarda seçkidən əvvəl əməkhaqqının
10, yanacağın isə 33 faiz artması Sizi heç narahat
etmədimi?
- Bilirsinizmi, hamımız bu
ölkənin vətəndaşıyıq, təbii ki, müəyyən
məsələlər var ki, hər birimiz ondan narahatlıq
keçiririk. Ancaq tələsmək lazım deyil, gəlin
bir az gözləyək. Bu
yaxınlarda hökumətin iclası keçirildi, büdcə
müzakirələri oldu, yenidən maaşların
artırılması, digər sosial sahələrdə güzəştlər
nəzərdə tutulur.
- Amma qarşıda elektrik
enerjisinin, sərnişin nəqliyyatının qiyməti
artacaq...- Axı bu labüddür. Bilirsiniz, kənardan
danışmaq çox asandır, mən də əvvəllər
elə bilirdim ki, Milli Məclisdə oturub fikir yürütmək,
qəhrəman olmaq çox asandır. Amma işin
içinə daxil olanda və vəziyyətin nədən
ibarət olduğunu görəndə...
- Vəziyyət ondan ibarət
deyilmi ki, inhisarçılar və korrupsionerlər ölkəni
inkişaf etməyə imkan vermirlər?-
Bir dəqiqə, Siz fikrimi sona yetirməyı imkan vermirsiniz. Mən çox istəyərdim ki, biz eyni
baxış bucağından danışaq.
- Jurnalistlə siyasətçi
eyni mövqedən danışa bilməz axı...
- Nəyə görə,
jurnalist məgər insan deyil?
- Söhbət ondan gedir ki,
jurnalist həmişə qarşı tərəfə əks
fikirdə olmalıdır...
- Mən biz deyəndə
özümü nəzərdə tuturam və hər kəsin
mövqeyinə hörmətlə yanaşıram. Bax, kənardan Siz də vətəndaş, yaxud
jurnalist kimi sual edə bilərsiniz ki, nəyə görə
maaşları 50-100 faiz artırmırlar? Kənardan
belə görünür, amma gəlib işin içinə
daxil olub hesablamaları aparanda bunun mümkünsüz
olduğunu görürsən. Məgər,
hökumət istəməz ki, maaşları istədiyiniz 50
faiz artırsın və narazı olan tərəflər də
daha yaxşı yaşasın? Əlbəttə
ki, dövlət bunu istəyir, amma bunu tənzimləmə
mexanizmi çətindir. Birdən-birə
bu mümkün deyil, əks təqdirdə büdcə
boşalar.
- Narazı tərəf məmur
özbaşınalığının, korrupsiyanın aradan
qaldırılmasını istəyir? Bir deputat
kimi bu barədə düşünmüsünüzmü?
- Təbii ki, məmur
özbaşınalığı var, biz də problemlərin
aradan qalxmasını istəyirik.
- Bəs niyə
alınmır?
- Problemlər aradan qaldırılır.
- Korrupsiyanın səviyyəsinə
görə Ermənistanı üstələmişik?
- Bilmirəm, bu rəqəmləri
okeanın o biri tərəfindən hansı maraqlar əsasında
ortalığa çıxartmısınız. Nəyə
görə belə edirsiniz?
- Siz ölkədə
problemin olmadığını deyirsiniz?
- Yox, bizim rəhbərimiz də
deyir ki, problemlər var. İnsan oğlunun yaşadıqca
problemi var. Gəlin, bəsit nümunə gətirək,
evimizdən, məişətimizdən, qaz, su borusunu düzəldirsən,
səhər “napor” güclü olanda partlayır. Ad çəkməyəcəm,
o gün bir ev ləvazimatı aldım,
xarici məhsul idi, fabrikdən müəyyən bir dəliyini
açmadan göndəriblər. Yaxşı,
buna görə də dövlət, ya da dükan sahibi
günahkardır?
- Yəqin ki, günahkar
inhisarçılardır...
- Bəli, dövlətin və
hökumətin günahı yoxdur.
- Sual yaranır, dövlət niyə
inhisarçılığı aradan qaldırmır?
- Bilirsiniz ki,
inhisarçılığın aradan qaldırılması
üçün mübarizə gedir, o cümlədən,
korrupsiyayla mübarizə aparılır.
- Jalə xanım, 10 ildən
çoxdur mübarizə gedir?
- Olsun, olsun...
- Məhv olan insan ömürləri
var axı ortalıqda.
- Bilirsinizmi, 10 il
tarix, islahatlar qarşısında böyük deyil. Bəlkə də insan ömrü üçün
çoxdur.
- Jalə xanım, Gürcüstanda
olmusunuzmu?
(Davamı növbəti
sayımızda)
Natiq CAVADLI
Bizim yol.-2003.-10 dekabr.-S.7.