«Gülər Əhmədovanın başına gələnləri üzülərək qarşıladım»

 

Azərbaycan “göy qurşağıdır”, amma bu qurşaqda qara rəng yoxdur”

 

Jalə Əliyeva: “Mən çıxım küçəyə çığırım-bağırım, bu, elə iğtişaşdır da” 

Müsahibimiz Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) komitə sədri, bitərəf deputat Jalə Əliyevadır.

 

(Əvvəli ötən sayımızda- BURADAN BAXA BİLƏRSİNİZ)

 

- Jalə xanım, Gürcüstanda olmusunuzmu?

- Çox olmuşam.

- Dəyişiklikləri sezmisinizmi?

- Tikinti baxımından deyirsinizsə, heç bir dəyişiklik sezmədim. Sonuncu dəfə 6 il əvvəl olmuşam, dəhşətə gəldim, sanki uşaqlığımda, 6 yaşımda Qəçrəşdə istirahət zamanı gördüyüm mağazalarla rastlaşdım. Həmin qarışıq mallar mağazasının yeri taxtadan idi, siçan da ora-bura qaçırdı. Tiflisin mərkəzində elə mağazalara rast gəldim, noyabr idi, satıcılar əlcəklə, papaqla kiçik qızdırıcının qarşısında oturmuşdular. Bu, şəhərin mərkəzində, “Meriot” hotelinin qarşısında baş verənlər idi, gördüklərim bundan ibarət idi. Siz hansı baxımdan yanaşırsınız?

- Gürcüstanda korrupsiya, inhisarçılıq aradan qalxıb, insan haqlarına hörmət var və bütün bunların fonunda insanların üzü gülür...

- Nə üçün Azərbaycanda otura-otura Gürcüstanı o şəkildə görə bilirsiniz, amma öz vətəninizin içini əksinə görürsünüz

- Mən 1 ay əvvəl Tiflisdən gəlmişəm və gördüklərim gerçək idi...

- Bəs niyə Azərbaycanda yaşaya-yaşaya inkişafı görmürsünüz?

- Nələri görməliyəm?

- Sizin söhbətiniz müsahibəyə oxşamır...

- Bəs necə müsahibə olmalıdır, sovet dövründəki kimi sual verməliyəm ki, ikinci dəfə dünyaya gəlsəydiniz deputat olardınızmı?

- Bilirsiniz, bu, iki nəfərin söz duelinə oxşayır.

- Yaxşı, söhbətin yönün dəyişək, bir neçə deputat sabiq həmkarları Gülər Əhmədovanın zaminə götürməklə bağlı müraciət etmişdilər. Sizin adınız siyahıda var idimi?

- Yox.

- Bəs baş verənlərə necə yanaşırsınız?

- Bir qadın kimi ürəyim ağrıdı. Bir xanımın, xüsusən cəmiyyətdə müəyyən bir məqama gəlmiş, hörmət, nüfuz sahibi olan xanımın belə bir vəziyyətlə qarşılaşmasını, hansı səbəbdən olursa-olsun, üzülərək qarşıladım.

- Doğrudanmı, parlamentdə 1 milyona mandat satılır?

- Elə üzülməyimizin də səbəbi bundan ibarətdir ki, hansısa düşünülməmiş addım, hər iki tərəfdən kiminsə məkri, qanuna zidd hərəkətləri, iştahı səbəbindən böyük bir quruma ləkə gələcəkdi.

- Sizə necə, mandat satmaq istəyiblərmi?

- Qardaş, mən sadə Azərbaycan ziyalısıyam, ən azından ailəmi tanıyırsınız. Söhbətə də başlayanda anam Nurəngiz xanımı soruşdunuz, o fikirlər, məbləğlər o qədər absurddur ki, izah etməyə ehtiyac görmürəm. Ən azından mən özünə hörmət etməyi bacaran və öz qələmiylə tanınan ailənin üzvü olmuşam. Ona görə də mənə kiminsə belə təklifi mümkünsüzdür. Açıq deyəcəm, sualınız bir az təhqirdir və bütün parlamentə yönəldilməsi doğru deyil.

- Amma fakt budur ki, Azərbaycanda bu cür hadisə baş verib...

- Bəli, baş verdi və qiymətini aldı, hələ bu, son deyil.

- Söhbət etdiyimiz gün Beynəlxalq İnsan Haqları Bəyannaməsinin 65 illiyidir, Siz də bununla bağlı tədbirdən gəlirsiniz. Azərbaycanda insan haqlarının vəziyyətindən narahatsınızmı, doğrudanmı, bizdə insanların hüquqları qorunur?

- İnsanların hüquqları ən ali mərhələdə qorunur. Hər zamankı kimi vicdan məhbuslarını misal çəkəcəksinizsə, hansısa məişət problemi üzündən kimisə həbs ediblərsə, bunu qabartmağa nə ehtiyac var?!

- Hansı məişət problemi, deyə bilərsinizmi?

- Məsələn, internet kafedə baş verən hadisə...

- Həbsdəki jurnalistlərdən, gənc fəallardan hansı internet kafedə insdent zamanı həbs olunub?

- Kimlərin həbs olunduğunu Siz də bilirsiniz, mən də, onların hər birini hamımız tanıyırıq. Sualı verərkən söhbətin kimlərdən getdiyini özünüz də bilirsiniz.

- O zaman mən fakt deyim, yəqin prezidentin İsmayıllı hadisələrindən sonra keçirdiyi müşavirədə məmur övladlarının hərəkətlərini qudurğanlıq adlandırması yadınıza gəlir?

- Bəli, yadıma gəlir.

- Bu gün Şəki Rayon Məhkəməsində qudurğan məmur övladları yox, həmin qudurğanlığa etiraz edənlər “dəmir barmaqlıqlar” arasındadır…

- Ancaq həmin hadisədə adı hallanan məmur da işdən azad olundu. Siz həbs olunmasını gözləyirdiniz? Deməli, onların fəaliyyətində cinayət tərkibi yoxdur ki, həbs olunmur.

- Axı prezident onları qudurğanlıqda suçladı...

- Qudurğanlıq cinayət deyil, mənəvi etalondur. Hər qudurmuş adamı həbsxanayamı salarlar?!

- İcra başçılarının nə qədər maaş almasından xəbəriniz varmı?

- Deyəsən, 800-900 arası...

- Qoy olsun 1000-1500 manat, aylıq maaşı bu qədər olan icra başçısı rayonun mərkəzində hotel tikdirə bilərmi?

- Siz əminsinizmi hotel sabiq icra başçısına məxsusdur?

- Bu məsələ yetərincə sübut olundu, o zaman niyə vergilər, yaxud başqa müvafiq qurumlar araşdırma aparmadılar?

- Siz daha nə istəyirsiniz ki, bu insan artıq vəzifəsiylə vidalaşıb.

- Bəs ona etiraz edənlər niyə “dəmir barmaqlıqlar” arxasında oturmalıdır?

- Mən bu faktları bilmirəm.

- Bu gün Şəkidə sabiq icra başçısı Nizami Ələkbərovun övladının hərəkətinə etiraz edənlərin məhkəməsi gedir...

- Açıq danışaq, mən bu məsələləri əhatəli öyrənmədən, sualınıza yetərli cavab verə bilmərəm. Çünki konkret kimlərin həbs olunduğunu bilmirəm.

- Məsələn, ReAL sədri İlqar Məmmədov və müsavatçı Tofiq Yaqublu İsmayıllı hadisələrindən bir gün sonra rayonda olsalar da, həbs edildilər. Bu faktın özü insan haqlarına hansı münasibətdir?

- Amma onlar rayonda hansı insdentə səbəb olublar?

- Heç bir insdentə, çünki hadisələr sona yetmişdi...

- Siz əminsinizmi sırf İsmayıllı hadisələri səbəbindən həbs ediliblər?

- Bəli, çünki onlara qarşı ittiham belə deyir. İttihamda onlar iğtişaşları qızışdırmaqda suçlanır, halbuki, hər iki şəxs vəziyyət normallaşandan sonra rayonda olublar...

- İğtişaş baş verib qurtarandan sonra öz fərdi maraqları naminə gedib başqa bir yöndə xalqı qaldırmaq iğtişaş deyilmi?

- Bu, sizin fikrinizdir?

- Siz danışdınız sonra xatırladım. Bildiyim qədər onlar rayona daxil olandan sonra müəyyən problemlər yaranıb. Yəni xalq sakitləşəndən sonra fürsətdən istifadə edərək onları siyasi istiqamətə yönləndirmək istəyiblər.

- İki nəfər dediyinizi edə bilərmi?

- Bir nəfər də edə bilər. Mən çıxım küçəyə çığırım-bağırım, bu, elə iğtişaşdır da.

- O zaman niyə ölkədə sabitliyin, inkişafın olduğunu deyirsiniz?

- Əlbəttə, sabitlikdir.

- Bir nəfər ölkədə vəziyyəti dəyişə bilirsə, necə möhkəm sabitlikdən danışmaq olar?

- Siz artıq söz oynadırsınız, bu, müsahibə deyil. Gəlin, ciddi olaq.

- Mən sualları dediklərinizdən çıxardıram...

- Siz iki nəfərin iğtişaş edə biləcəyini sual etdiniz, mən də dedim ki, bir nəfərin də çıxıb küçədə anti-dövlət, anti-xalq çağırışlar etməsi artıq iğtişaşdır. Amma birmənalı olaraq ölkə sabit şəkildə idarə olunur. Eyni zamanda, Azərbaycanda fikir yürütmək üçün kifayət qədər meydan var, qəzet, sayt var, hətta çox pis tərəfi odur ki, hər kəs hər kəsi söyə də, təhqir də edə bilir.

- Bu gün jurnalistlər həbsdədirsə, hansı meydandan danışırsınız? Pərviz Həşimli, Əvəz Zeynallı, sonuncu 3 il azadlıqdan məhrum edilən Gülər Əhmədovanın ittihamı əsasında 9 il azadlıqdan məhrum edilib...

- Natiq, qardaşım, Siz hüquqşünas, müstəntiq deyilsiniz, o məsələlərə məhkəmə orqanı baxır. Onların araşdırması nəticəsində insanlara müəyyən cəza verilir, yaxud sərbəst buraxılır. Məhkəmənin hökmünə heç kəs müdaxilə edə bilməz, deputat da, jurnalist də.

- Əgər Azərbaycanda məhkəmələr müstəqildirsə, nə üçün Avropa İnsan Haqları Məhkəməsinə şikayətlərin sayı artmaqda davam edir?

- Bu da Azərbaycanda demokratiyanın bir nümunəsidir. Əgər ölkədən kənara şikayətlər çıxa bilirsə, hakimiyyət buna imkan yaradırsa və yenidən qayıdıb məsələyə baxılırsa, bu demokratiyadır.

- Bunlar könüllü götürdüyümüz öhdəliklərdir...

- Öhdəliyə də əməl edirik. Biz müstəqilliyimiz elan edəndən sonra bir sıra beynəlxalq təşkilatlara, konvensiyalara qoşulmuşuq. O cümlədən, insan hüquqlarıyla bağlı təşkilatlarda tərəfdaşıq, ona uyğun da addımlar atılır. Bu gün insan hüquqları bəyannaməsinin 65 illiyini qeyd etdiyimiz zaman çox istərdim ki, biz 9 milyona çatmış xalqımızın 1 milyondan çoxunun hüquqlarından danışaq. Mən Ermənistanın işğalı nəticəsində öz yurdlarından qovulmuş insanlardan danışıram.

- Siz Qarabağ münaqişəsini nəzərdə tutursunuz?

- Bəli, gəlin, ondan danışaq. Sizi bu məsələlər niyə narahat etmir?

- Adi bir fakt, xarici işlər nazirimizi Elmar Məmmədyarov bu günlərdə Kiyevdə erməni həmkarıyla görüşdən sonra dedi ki, onlar ilk dəfə konkret məsələləri müzakirə etdilər. Sual yaranır, xarici siyasətimiz Qarabağla yalnız bu gün ilk dəfə konkret müzakirə edibsə, 20 ildə nəylə məşğul olublar?

- Yaxşı olardı, sualı birinci növbədə hörmətli nazirimiz Məmmədyarova ünvanlayardınız ki, nəyə görə belə ifadə işlədib?! Dediyiniz ifadə stilistik səhv də ola bilər, insanıq, heç bir şeydən sığortalanmamışıq, nazir həmin anda ilk dəfə əvəzinə başqa ifadə də işlədə bilərdi. Münaqişə 20 ildən çoxdur davam edir, bəlkə nazir həmin ifadəni Ermənistanı konkret məsələləri müzakirə etməyə, bir masa arxasında oturtmağa nail olduğunu demək istəyib.

- Deyirsiniz ki, Qafqazın lider dövlətiyik, analoqu olmayan inkişaf və sairə epitetlər işlədirsiniz, bəs 20 ildə niyə 20 santimetr torpaq qaytarılmayıb?

- Siz müharibə istəyirsiniz?

- Mən işğal olunmuş torpaqlarımızın qaytarılmasını istəyirəm.

- Biz torpaqlarımızı müharibə yox, danışıqlar yoluyla qaytarılmasını istəyirik.

- Dünya tarixində elə analoq göstərə bilərsinizmi ki, müharibə yoluyla alınan torpaqlar sülh vasitəsilə qaytarılsın?

- Bəlkə də olacaq.

- Konkret fakt deyə bilərsinizmi?

- Siz tarixçisiniz, məndən daha yaxşı bilərsiniz.

- Fələstin-İsrail müharibəsi 50 ili ötüb, amma ortalıqda heç nə yoxdur...

- Ancaq müharibə edirlər, nə qazanıblar?

- Heç nə qazanmayıblar, bəs biz sülh danışıqlarından nə qazanmışıq?

- Ən azından hər gün gələn şəhid tabutlarının qarşısını almışıq.

- Bəlkə o «qazancı» da deyək ki, 20 ildə Qarabağsız nəsil böyüyüb?

- Bilirsiniz, Qarabağsız nəsil böyüməyəcək. Əgər o insanların damarında azərbaycanlı qanı axırsa, dediyiniz olmayacaq. Mən 6-7 yaşında uşaqlar tanıyıram ki, yuxudan oyananda Qarabağ haqqında şerlər söyləyirlər, “Qarabağlıyam” deyirlər.

- Televiziyaların ekranlarına baxmaq kifayət deyilmi ki, hansı nəsil yetişir...

- Mən bilmirəm Siz hansı ölkədə yaşayırsınız, nədən danışırsınız? Mənim yaşadığım, gördüyüm, vətəndaşı olduğum ölkədə bizim ən böyük problemimiz Qarabağdır. Baxın, özünüzün misal gətirdiyiniz Fələstin-İsrail müharibəsi az qala mənimlə yaşıddır, bitmək bilmir. Bu müharibə ərəb dünyasına, Fələstinə nə qazandırıb? Heç bir şey! Eyni şəkildə biz ora yuvarlanmalıydıq, yox. Ölkəmiz çox ağıllı şəkildə idarə olunur, birinci növbədə atəşkəs ona görə elan olundu ki, anaların göz yaşı dayansın. Sentyabr-oktyabr aylarında seçki təbliğatı zamanı kəndləri bir-bir dolaşırdıq, hansı kəndə getdiksə, həmin kəndin şəhidlərinə xatirə bulağı gördük. Şəhidlər Xiyabanında olduq, şəhidlərin doğum ili müxtəlifdir, 1970, 1971, 1972, amma ölüm ili 1992,1993, 1993 və 1994-ci ildən o tərəfə şəhidlərimiz yoxdur. Yaxşı olardımı ki, onların sayı artsın.

- Məgər, Sizin atəşkəs dövründə ölən əsgərlərdən xəbəriniz yoxmu?

- Siz niyə hər şeyi bu qədər “qaraldırsınız”?

- Mən gerçəklikdən danışıram?

- Yox, əzizim, gerçəklik qara rəngdən ibarət deyil. Gerçəkliyin başqa rəngləri də var, rəngi niyə görmürsünüz?

- Sizə elə gəlmirmi ki, Azərbaycanda artıq rənglər qarışıb?

- Əsla. Siz sadəcə hər şeyi bir rəngdə görmək istəyirsiniz. Azərbaycan isə “göy qurşağıdır”, amma bu qurşaqda qara rəng yoxdur.

 

 

Natiq CAVADLI

Bizim yol.-2013.-11 dekabr.-S.7.