“15 yaşından aşağı olan
uşaqların işləməsi qadağandır”
Elmir Valehli: “Artıq uşaqlara
qarşı zorakılıq ayrı-ayrı ailələrin
şəxsi məsələsi, bədbəxt hadisə və
ya cinayət hadisəsi kimi qəbul edilmir”
Azərbaycanda uşaqlara
qarşı zorakılığın profilaktikası,
zorakılığa məruz qalmış uşaqların
müəyyən edilməsi və reabiltasiyası ilə
bağlı problemlər, habelə uşaq
zorakılığının qurbanları, onların
qarşılaşdığı problemlər və problemlərin
həlli yolları ilə bağlı Azərbaycana Birgə
Yardım Təşkilatının sosial işçisi Elmir
Valehli ilə həmsöhbət olduq.
E.Valehli ilk olaraq fəaliyyət
göstərdiyi təşkilat haqqında oxuculara məlumat
verdi: “Təşkilatımız uşaqların rifahı, səhiyyə
və təhsilə yönəltməklə və Azərbaycanda
sosial inkişafa nail olmaq missiyası ilə 1998-ci ildə
yaradılıb. Azərbaycana Birgə Yardım Təşkilatı
bir ölkədə fəaliyyət
göstərməkdə ixtisaslaşmış beynəlxalq
qeyri-hökumət təşkilatıdır. Təşkilatın
mərkəzi qərargah işçiləri məvacib
almır və o, yerli
qeyri-hökumət təşkilatı kimi
ölkədaxili qaydalar çərçivəsində
fəaliyyət göstərir.Təşkilatımızın
məqsədləri aşağıdakılardır:
- Dövlət qayğısına
möhtac olan uşaqların sayının azaldılması
(qeyri-müəssisələşmə);
- Müəssisələrdə qayğı səviyyəsinin yüksəldilməsi (Qayğı və Xidmət səviyyəsinin yüksəldilməsi);
- Xüsusi ehtiyaclı uşaqlar üçün sosial xidmətlərin inkişafı.
Biz hesab edirik ki, bütün uşaqların onlar üçün ən yaxşı şəraitdə böyüməsinə haqları var və bu, keçmiş sovet üsul idarəetməsindən yeni sistemə keçən bir ölkə üçün fərdi anlayış və uzun müddətli yanaşma tələb edir. Azərbaycana Birgə Yardım Təşkilatı təşəbbüs, informasiya və təcrübə üzərində qurulmuş novatorçu təşkilatdır. Biz öz geniş təcrübəmizdən istifadə edir və bunu Azərbaycan üçün həyata keçiriləcək model layihələr işləyib hazırlamaq üçün xarici təcrübədən yaranmış biliklə əlaqələndiririk. Azərbaycana Birgə Yardım Təşkilatı vəziyyəti bilir və Azərbaycan xalqının normal həyatına istiqamətlənmiş inkişafda əsl uzun müddətli strategiyaları həyata keçirir”.
Uşaq
zorakılığı dedikdə nə başa
düşülür?
Elmir Valehli mövzuya “uşaq
zorakılığı dedikdə nə başa
düşülür?” məsələsindən
başladı. Həmsöhbətimiz deyir
ki, uşaq
zorakılığı dedikdə uşaqlara
əsasən psioxoloji və fiziki zorakılıq nəzərdə tutulur: “Məsələn, ölkəmizdə uşaq əməyinin istismarı hallarına rast gəlinir. Hər birimiz
gün ərzində müxtəlif
işlərdə çalışan uşaqlara
rast gəlirik. Uşaq
əməyindən müxtəlif sahələrdə,
xüsusən də xidmət sahələrində daha çox istifadə edilir. Qanunvericilik və Azərbaycanın tərəfdar
çıxdığı beynəlxalq sənədlər isə
uşaq əməyindən istifadəni qadağan edir. Ölkə
qanunvericiliyi yaşı 15-dən az olan şəxslərin
işləməsinə icazə vermir.
15-18 yaşlı uşaqların işləməsinə icazə
verilsə də, qanunvericilik həmin uşaqlara əmək münasibətlərində
güzəştlər, imtiyazlar və əlavə
təminatlar nəzərdə tutur. Bu güzəştlərin, imtiyazların və
əlavə təminatların müəyyən edilməsi isə
ayrı-seçkilik hesab olunmur.
Yaşı 18-dən az olan
işçilərin normadan artıq
ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə
daşınması işlərinə cəlb edilməsi
qadağandır. Bu normalar
Əmək Məcəlləsi ilə müəyyən edilib. Belə işçilərin əməyinin
tətbiqi qadağan olunan,
əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin),
habelə yeraltı işlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Azərbaycanın milli
qanunvericiliyi uşaq əməyinə
münasibətdə ümumbəşəri norma
və prinsipləri özündə əks etdirir,
uşaq əməyi ilə bağlı qanunvericiliyin tələblərinə əməl
olunmasına dövlət nəzarəti gücləndirilib”.
“Bu, dövlətin
ciddi müdaxiləsini tələb edən bir qüsurdur”
Azərbaycana Birgə Yardım Təşkilatının əməkdaşı bildirdi ki, Azərbaycanda uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində həm dövlət səviyyəsində, həm vətəndaş cəmiyyətində önəmli işlər görülür: “İlk növbədə qeyd etmək lazımdır ki, uşaqlara qarşı zorakılıq son zamanlar yüksək sosial status əldə edib. Artıq uşaqlara qarşı zorakılıq ayrı-ayrı ailələrin şəxsi məsələsi, bədbəxt hadisə kimi və ya cinayət hadisəsi kimi qəbul edilmir. Bu sosial sistemin dövlət tərəfindən ciddi müdaxiləsini tələb edən bir qüsurudur. Məsələ ilə bağlı dövlətin bir neçə istiqamətdə fəaliyyəti mövcuddur. İlk növbədə bu, uşaqların həyatını və sağlamlığını təmin edəməsinə yönəldilmiş ümumi xarakterli proqramlardır.
Qeyd edim ki, “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” 09 Yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı var. Eləcə də, uşaqlarla bağlı 2012-ci ildə Prezidentin “Uşaq hüquqlarına nəzarət qaydaları ilə bağlı” sərəncamı var. Sonra, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planı”nı (2013-2015-ci illər) imzalanıb. Onu da bildirim ki, Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası həyata keçirilir. Bu Dövlət Proqramı Nazirlər Kabinetinin 13 yanvar 2010-cu il tarixli qərarı ilə reallaşdırılır.
Görülən və görüləcək işlər nəticəsində məlum olur ki, uşaqların rifahının yüksəldilməsi ilə bağlı məsələlər hökumətin və cəmiyyətin daim diqqət mərkəzindədir. Uşaq zorakılığına qarşı cəmiyyətin hər bir fərdinin üzərinə böyük məsuliyyət düşür. Uşaqlara qarşı zorakılığın qarşısının alınmasında valideynlərlə yanaşı bir çox dövlət qurumu, hətta müəllimlərin də məsuliyyəti var. Zorakılıq şahidi olanlar da buna biganə qalmamalıdırlar. Zorakılığın qurbanı olanlar da onlara qarşı baş vermiş hadisələrə qarşı polis orqanları, uşaq qaynar xəttinə məlumat verməlidir. Bunun üçün də ilk növbədə uşaqlar bu barədə məlumatlı olmalı, xəbər verməkdən çəkinməməlidirlər. Məktəbdəki müəllimələr bu məsələlərdə xüsusi həssaslıq göstərməlidirlər. Amma təəssüf ki, hələ də insanlar bu məsələlərə çox laqeyd yanaşır”.
“Uşaqlarla
söhbət nəticəsində məlum oldu ki...”
Elmir Valehli bildirir ki, uşaq hüquqlarının müdafiəsi sahəsində işləri davam etdirilir: “Bu sahədə hökumət və qeyri-hökumət təşkilatıları fəaliyyət göstərir. Buna baxmayaraq araşdırmalar nəticəsində məlum olur ki, uşaqlar hər hansı cinayət və zorakılıq, o cümlədən, ailədaxili zorakılıq, cinsi, fiziki və psixoloji zorakılıq, zorlanmaya və ya təcavüzə məruz qalırlar. Eləcə də, işgəncə, məcburi yerdəyişmə, döyülmək kimi faktlar da var. Uşaqların istismarı, o cümlədən, əməyin istismarı mövcuddur.
Araşdırmalarımız göstərir ki, valideynlərinin və ya digər yaxın şəxslərin itkisindən psixoloji sarsıntı keçirən uşaqlar da yox deyil. Həmyaşıdları tərəfindən təzyiqlə üzləşən uşaqlar da uşaq zorakılığının qurbanlarıdırlar. İnsan və uşaq hüquqlarının pozulmasından stres keçirən uşaqların şikayətini eşitmişik. Uşaqlarla söhbət nəticəsində məlum olub ki, müxtəlif hadisələr nəticəsində yaranmış emosional pozğunluq və sosial disadaptasiyadan əziyyət çəkən uşaqlar dövrümüzün acı gerçəkliklərindən biridir”.
“Televiziyalardakı
zorakılıq səhnələri uşaqların
psixologiyasını pozur”
Elmir Valehli bildirir ki, televiziyalarda nümayiş olunan zorakılıq səhnələri uşaqların psixologiyasını pozur: “Azərbaycan telekanallarında uşaqların psixologiyasını korlayan zorakılıq səhnələri artıb. Məsələn “Səni Axtarıram” verlişinidə azyaşlıları təsir altına salırlar. Bu və bu kimi verilişlərdə azyaşlı uşaqlar sual-cavab olunur, sanki məhkəmə qarşısına çıxarılıblar. Uşaqlar belə verilişlərdə təsir altında olurlar. Mütləq şəkildə fikirlərini düzgün izah edə bilmirlər. Uşaq çıxılmaz vəziyyətə düşür və nə baş verdiyini anlamır. Bu əslində onlara qarşı çox ciddi təzyiq, zorakılıqdır. Verilişlərdə uşaqlarla indiyə qədər heç bir iş aparmamış, uşaq psixologiyasını bilməyən, pedaqogikadan xəbəri olmayan kimlərinsə uşaqlarla müsahibə götürməsi qəti şəkildə qəbulolunmaz haldır.
Zorakılığa məruz qalmış uşaqların reabailtasiyası ilə bağlı maarifləndirilmə işi aparılmalı, sosial reklamlar olmalıdır. Əlbəttə bu problemin yaranma səbəblərinin qarşısını almaq üçün vasitələrdən biridir. Problemin qarşısını almaq və reabiltasiya üçün kompleks tədbirlər olmalıdır. Uşaq zorakılığının qurbanları ilə psixoloqlar, sosial işçilər, hüquqşunaslar məşğul olmalıdırlar. Uşaq zorakılığının qurbanları ilə işləyəcək mütəxəsislər azdır. Mütəxəsislərə ehtiyac var. Ali məktəblərdə bu sahədə çalışacaq mütəxəsislər hazırlanır”.
Həmsöhbətimiz deyir ki, zorakılığın qurbanı olan və küçə uşaqları ilə bağlı sığınacaqlar mövcuddur, amma onların sayının az olması təəssüf doğurur. Onun sözlərinə görə, ölkənin regionlarında da sığınacaqlar fəaliyyət göstərmir. Elmir Valehli bunu regionlarda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin arzuolunan səviyyədə olmaması ilə əlaqələndirdi. O, regionlarda reabiltasiya mərkəzlərinin fəaliyyət göstərdiyini də bildirdi.
Ramid
Bizim yol.-2013.-12 dekabr.-S.13.