Tariximizin yeni bir sirri aşkar edildi

 

«Çingiz xanın xəzinəsi” kitabı işıq üzü gördü»

 

Tarixi romanlar müəllifi Cəlaləddin: "Dağda olanda bir neçə dəfə şəkil çəkdim, amma hər dəfə bu fotolar qeyri-müəyyən səbəblər üzündən fotoaparatın yaddaşından silindi…”

 

Bu yaxınlarda Tovuz rayonunda xəzinə aşkar edilib. Rayon mərkəzindən 35 km aralı Baqqallı kəndi yaxınlığındakı Qalaboynu ərazisində "Koroğlu qalası" adlanan yüksəklikdə tapılan xəzinənin ətrafı artıq xüsusi mühafizə olunur. Burada araşdırmalara başlandığından kənd sakinlərinin əraziyə giriş-çıxış tamamilə dayandırılıb. 1800 metr yüksəklikdə yerləşən qalada xəzinə olması haqqında söz-söhbətlər çoxdan yayılsa da, indiyədək buna əhəmiyyət verməyiblər.

Koroğlu qalası"ndakı tapıntı barədə ilk dəfə tarixi romanlar müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Cəlaləddin Qasımov məlumat verib: "Baqqallıda gözümə bir əzəmətli dağ sataşdı. Sanki içimdən bir səs məni o dağa tərəf çəkib apardı. Dağın zirvəsinə qalxmağa başlamışdım ki, daş parçalarından oyulmuş qapıya rast gəldim. Qapının ağzı hörüklə tikilərək bağlanmışdı. Mən orada başqa qapılara da rast gəldim. Düşündüm ki, görünür, dağın içərisində mağaralar olub, sonradan onların bu ağzı bağlanıb. Dağa qalxdıqca digər qədim tikililərə də rast gəldim. O dağ qədim tariximizin izlərini özündə yaşadır. Dağın zirvəsində sal qayaların arasında dərinliyi 6 metrdən artıq olan 3 quyu var idi. Dördüncü quyu başqa tərəfdə yerləşirdi və dibi görünmürdü. Bu dağın möcüzəvi quruluşu sanki məni sehrlədiyindən növbəti gün səhərdən-axşama qədər dağın ətrafında dolaşdım, dağın üstündəki qədim tikililərə nəzər yetirdim. Orada bir neçə şəkil çəkdirdim. Özlüyümdə qərar verdim ki, bu dağda hiss etdiyim qeyri-adiliyi sonadək öyrənməyə çalışacağam. Gərək olsa, bu işə tarixçiləri və digər mütəxəssisləri də cəlb edəcəyəm.

Tanınmış yazar Cəlaləddinlə söhbətimizdə " Koroğlu qalası”nın elmə bəlli olmayan sirlərinə aydınlıq gətirməyə çalışmışıq:

 

- Siz mətbuatda dərc etdirdiyiniz və ictimaiyyətin marağına səbəb olan məqalənizdə iddia edirsiniz ki, "Koroğlu qalası”nın arxasından içəriyə doğru 3 gizli qapı, içəridə saraylar, mağaralar var. Deyirsiniz ki, qalanın çox sirri varonu araşdırmağı təklif etmisiniz. Sirri nədə görürsünüz? Belə düşünürsünüz ki, bu qapıları indiyə qədər görən olmayıb?

- Mən dağa çıxanda ilk diqqətimi çəkən qapılar oldu. Onlar (örtük daşları) qədim insanlar tərəfindən elə ustalıqla hörülüb ki, kənardan baxanda burada qapı olduğunu müəyyən etmək olmur. Güman ki, qapıların olması nəzərə çapmasın deyə bu tikililər dağın zirvəsinədək qalxır. Uzaqdan baxan hər kəs, bu qalanın bir çox dağlarda olduğu kimi, müdafiə məqsədi daşıdığını zənn edər.

Onu da deyim ki, dağın 90-100 metrlik hündürlüyündə təxminən 10 kvadrat metr sahəsi olan bir ərazinin suvandığını gördüm. Həmin sahə qayanın öz rəngində işləndiyi üçün kənardan baxanda bu fərq hiss olunmur. Diqqətimi çəkən o oldu ki, qayanın başqa yerləri ilə müqayisədə suvaq vurulmuş hissəsi mamırla örtülməyib.

Düşünürəm ki, 150 metr hündürlükdə bir zirvənin 100 metrliyində giriş ola bilməz. Çox güman ki, qeyd etdiyim sahə qayanın içindəki sarayın eyvanıdır. Bu, həqiqətən, möcüzədir.

Sirri bironda görürəm ki, həmin qalanın üstündə 20-yə yaxın insan, mələk, şeytan şəkilləri var. Həmin şəkilləri buraya yaxın ərazilərdə yaşayan insanlar görməyiblər. Əks halda, bu qədər maraq doğurmazdı. Mətbuatda və sosial şəbəkələrdə gedən yazılardan məlum olur ki, mənim məqaləmdən sonra nəinki sözü gedən dağa yaxın ərazilərdə yaşayan insanlarda, eləcə də bu məqaləni oxuyan, bununla bağlı yayılan söz-söhbətləri eşidən hər kəsdə o dağa bir maraq oyanıb.

 

- Sizin, xəzinəni əldə etmək fikriniz olubmu?

 

- Xeyr! Mən həmin dağın gücünə bələdəm. Çox böyük ehtimalla o xəzinə yadelli işğalçılardan qorunmaq üçün saxlanılıb. Mən elə fikirləşirəm ki, bu xəzinəyə girmək ağılsızlıq olardı və sonda xoşagəlməz bir fəlakət baş verə bilərdi. Mən dağda olanda bir neçə dəfə şəkil çəkdim, onların hamısı nəyə görəsə yanmışdı. Sonra aradan bir müddət keçəndən sonra yenidən Tovuza qayıdıb həmin dağa üz tutdum. Bu dəfə də dağın şəklini çəkmək istəyəndə qəfildən dağda qatı bir duman əmələ gəldi. Bir anlığa şəklə bənzəyən həmin duman gəlib dağın qarşısında dayandı. Mən onda dağın güclü bir sirrə malik olduğunu hiss etdim, sanki möcüzə baş verirdi. Dağın müqəddəsliyinə inanaraq, ondan şəklini çəkmək üçün icazə istədim. İnanın ki, bu nağıl deyil, həqiqətdir. İcazə istəyəndən sonra duman elə bil bir anlığa yoxa çıxdı. Gəldiyi istiqamətdə də çəkilib dağdan uzaqlaşdı. Bundan sonra dağın şəklini çəkdim. Bu da bir möcüzə idi.

 

- Əvvəllər "Koroğlu qalası" haqqında hansısa bir araşdırmanız olubmu?

 

- Kifayət qədər məlumatım vardı. Apardığım araşdırmalar nəticəsində öyrəndim ki, Alban şahı Cavanşirindağ oğuzlarının qızıl yatağı olub. Bu dağın 300 metrliyində Yel dağı var. Həmin dağda qızıl yataqları olub. Oradan xammal gətirilərək məhz bu dağın altında tikilmiş emalatxanada qızıl istehsal olunub. Bu dağda yaşayan albanlar türkdilli obdular tayfası olub.

Cavanşirin ölümündən sonra bu xəzinə, qızıl yataqları və emalatxanalar qızıl mədənini daha da genişləndirərək dağın altında tunellər qazaraq xəzinəni gizlətmişlər. Ərəb xilafətinin Azərbaycana yürüşü zamanı yadelli işğalçılardan qorumaq üçün xəzinəni həmin dağda gizlətmişlər. Bu dağın tarixi haqqında "Çingiz xanın xəzinəsi" adlı kitabımda açıqlama vermişəm. Həmin kitab indi çapdan çıxmışdır. Hazırda mən özümbir tarixçi kimi 3 ildir ki, bu dağda araşdırma aparıram.

- Sizin bu günlərdə növbəti kitabınız çapdan çıxdı. "Çingiz xanın xəzinəsi" adlanan kitabda da həmin qala ilə bağlı maraqlı mülahizələr öz əksini tapıb. Kitabda həmçinin orta əsr Şərq tarixinin böyük şəxsiyyətləri ilə bağlı da dolğunbir az da mistik hadisələr yer alıb. Əsəri oxuduqca hiss olunur ki, həmin dövr və dövrlərdə şahlıq etmiş nəhəng tarixi şəxsiyyətlər barədə geniş bilgi toplamağa müvəffəq olmusunuz.

- Hələ Universitetin tarix fakültəsində oxuyarkən türk tarixinin nəhəng şəxsiyyətləri ilə bağlı materiallar əldə edərkən oxumuşdum. O zaman içimdə yaranan bu həvəs həmişə məni özünə cəlb edirdi. Çingiz xan, Əmir Teymur və Cəlaləddin şah kimi böyük fatehlərin həyatı bu baxımdan mənə, xüsusilə, doğma idi. "Çingiz xanın xəzinəsi" romanını yazarkən həmin şəxsiyyətlərin bütün bəşər tarixinə görkəmli olan həyatlarının müasir dövr üçün də əhəmiyyətini ifadə etməyə çalışmışam. Eyni zamanda, yuxarıda da qeyd etdiyim kimi, artıq müəyyən müddət Koroğlu qalasında apardığım müşahidələr nəticəsində gəldiyim qənaətləri də bədii yolla göstərmək istəmişəm. Hər halda hesab edirəm ki, müraciət etdiyim mövzu kifayət qədər maraqlı dövrü əhatə edir. Eyni zamanda, Koroğlu qalasının da tariximizin bir parçası olaraq özündə bir çox sirləri yaşatdığının da qənaətindəyəm.

 

    Bizim yol. - 2013.- 13 dekabr.- S.12.