Avtomatlaşdırılmış sistem
pensiyaçılara nə verəcək?
DSMF: “Bu islahat sistemdə şəffaflığın
daha da artmasına,
əlavə vaxt itkisinin qarşısının alınmasına
şərait yaradır”
Ekspert:
“Pensiya sahəsini avtomatlaşdırmaqla
pensiyaçıların problemini bitmiş saymaq olmaz”
Azərbaycanda 5 ay ərzində 951 nəfərə
avtomatlaşdırılmış qaydada pensiya təyin edilib. Azərbaycan Respublikası
Dövlət Sosial Müdafiə Fondundan ANS PRESS-ə verilən
məlumatlara görə, 11 dekabr 2013-cü il tarixə olan
statistikaya əsasən, təyinat aparılan şəxslərdən
951 nəfərin 262-si Bakı şəhərində, 689 nəfəri
isə bölgələrdə yaşayan vətəndaşlar
olub.
Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq
pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən
təyinatına bu ilin 11 iyul tarixindən etibarən
başlanılıb. Bu, sistemdə şəffaflığın
daha da artmasını təmin etməklə yanaşı, əlavə
vaxt itkisinin qarşısının alınmasına, insan
amilinin rolunun son dərəcə azaldılmasına şərait
yaradır.
Belə ki, yaşa görə əmək pensiyası
hüququna malik olan hər bir vətəndaş “190-0 Cağrı
Mərkəzi”nə zəng vuraraq hər hansı sənəd
toplamadan real vaxt rejimində dərhal pensiya təyinatı
hüququnu reallaşdıra bilir. Əmək
pensiyası təyinatı aparılan hər vətəndaşa
bir neçə dəqiqə ərzində ona təyin olunan
pensiyanın məbləği və öz plastik pensiya kartını
ala biləcəyi müvəkkil bankın filialının
ünvanı bildirilir.
“Hər bir vətəndaşa
xüsusi rəsmi bildiriş göndərilib”
Dövlət
Sosial Müdafiə Fondundan qəzetimizə bildirildi ki, ötən
ay 724 nəfərə avtomatlaşdırılmış
qaydada pensiya təyin edilib: “Belə ki, 11 noyabr 2013-cü il
tarixə olan statistikaya əsasən, təyinat aparılan
şəxslərdən 724 nəfərin 224-ü Bakı
şəhərində, 500 nəfəri isə bölgələrdə
yaşayan vətəndaşlar olub. Azərbaycanda
yaşa görə əmək pensiyalarının
avtomatlaşdırılmış qaydada vahid mərkəzdən
tayinatı uğurla tətbiq edilməkdədir. Sistemin tətbiq olunduğu 2 ay ərzində Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən
356 nəfərə avtomatlaşdırılmış qaydada
pensiya təyin olundu. İki ay müddətində
təyinat aparılan bu vətəndaşların 135 nəfəri
Bakı şəhərində, 221 nəfəri isə
bölgələrdə yaşayan vətəndaşlar olub.
Əmək pensiyası təyinatı
aparılan hər vətəndaşa bir neçə dəqiqə
ərzində ona təyin olunan pensiyanın məbləği
və öz plastik pensiya kartını ala biləcəyi
müvəkkil bankın filialının ünvanı
bildirilib. Eyni zamanda hər bir vətəndaşa
bununla bağlı xüsusi rəsmi bildiriş göndərilib”.
“Bu islahat sistemdə şəffaflığın
daha da artmasına şərait yaradır”
Məlumatda
o da bildirilir ki, bu yenilik Şərqi Avropa və Müstəqil
Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq
Azərbaycanda tətbiq olunur: “Bu islahat tədbiri sistemdə
şəffaflığın daha da artmasına, əlavə
vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla
Fond orqanları arasında münasibətlərin sadələşdirilməsinə,
insan amilinin rolunun son dərəcə azaldılmasına şərait
yaradır.
Azərbaycanda
avtomatlaşdırılmış pensiya təyinatı ölkə
Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il
tarixli sərəncamı ilə təsdiq etdiyi "2009-2015-ci
illərdə Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı"na uyğun olaraq həyata keçirilir. Hazırda avtomatlaşdırılmış pensiya təyinatı
ilkin olaraq yaşa görə əmək pensiyası
növü üzrə aparılmaqdadır. Əlilliyə və ailə
başçısını itirməyə görə əmək
pensiyalarının təyinatının
avtomatlaşmış qaydada aparılması isə digər
müvafiq dövlət qurumlarında qeyd olunan təyinatlarla
bağlı zəruri informasiyaları özündə əks
etdirən elektron xidmətlərin yaradılmasından sonra həyata
keçiriləcəkdir”.
“İstənilən vətəndaş
öz fərdi hesabı barədə məlumat ala bilir”
Fonddan o
da qeyd olundu ki, yaşa görə əmək
pensiyalarının avtomatlaşdırılmış qaydada
vahid mərkəzdən təyinatına 11 iyul 2013-cü il tarixdən etibarən başlanılıb.
Pensiya təyinatının avtomatlaşdırılması kimi
mühüm prosesə başlanılması
sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin
məntiqi nəticəsidir: “Bu sıraya pensiya qanunvericiliyinə
edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı
alqoritminin tam sadələşdirilməsi, ödənilən
sosial sığorta haqlarının fərdi uçotu,
sığorta-pensiya sistemində Avropa standartlarına uyğun
müasir avtomatlaşdırılmış infrastrukturun
qurulması, Dövlət Sosial Müdafiə Fondunun serverlərində
unikal elektron məlumat bazalarının yaradılması kimi
kompleks tədbirlər daxildir.
Ötən dövr ərzində Dövlət Sosial
Müdafiə Fondunun www.dsmf.gov.az ünvanlı internet səhifəsində
təkmil müştəri xidmətləri sistemi
yaradılıb. İstənilən vətəndaş bura
daxil olaraq öz fərdi hesabı barədə məlumat ala,
eləcə də pensiya kalkulyatoru vasitəsilə öz
pensiyasını hesablaya bilir. “Çağrı Mərkəzi”nə pensiya
yaşına çatmış hər bir vətəndaş hər
hansı sənəd toplamadan və vaxt itirmədən bu
nömrəyə zəng vurub, şəxsiyyət vəsiqəsinin
nömrəsi barədə məlumat verməklə real vaxt
rejimində dərhal pensiya təyinatı hüququnu
reallaşdıra bilər. Zəng vuran vətəndaşdan
tələb olunan məlumatlar isə yalnız şəxsiyyət
vəsiqəsinin nömrəsidir. Bu məlumat
dərhal sistemə daxil ediləcək, təsdiqləndiyi
halda Fondun fərdi məlumatlar bazasına inteqrə edilərək
avtomatlaşdırılımış qaydada əmək
pensiyası təyinatı aparılacaq və vətəndaşa
ona təyin olunan pensiyanın məbləği bildiriləcəkdir”.
“Pensiya-sığorta sisteminin idarə
edilməsi tamamilə avtomatlaşdırılacaq”
Rəsmi
məlumata görə, ölkədə 2020-ci il
üçün sosial sığortanın 1 illik
stajının dəyəri pensiyanın baza hissəsinin 12
vahidinə bərabər olacaq. Başqa sözlə,
orta əməkhaqqı 684 manat, orta pensiya ayda 270 manat olacaq.
2020-ci ilə fondun xərcləri 4,3 milyard manat təşkil
edəcək, orta aylıq pensiyanın məbləği 325
dollaradək artacaq, bu da bugünkü kimi orta aylıq əməkhaqqının
38-40 faizini təşkil edəcək.
Gözlənilir ki, 2020-ci ilədək Azərbaycanda
pensiya-sığorta sisteminin idarə edilməsi tamamilə
avtomatlaşdırılacaq. Yəni Dövlət
Sosial Müdafiə Fondunun bütün istiqamətləri
avtomatlaşdırılacaq. Həmin ilədək pensiya kartları
çip kartlar olacağı deyilir.
“Rüşvət müqabilində
daha yüksək pensiya almaq vəd olunurdu”
“Güzəran”
Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir
İbrahimli əməkdaşımızla söhbətində
bildirdi ki, avtomatlaşdırılmış pensiya təyinatı
pensiya sahəsində şəffaflığı təmin edəcək:
“Razılaşaq ki, pensiya
avtomatlaşdırılmamışdan öncə pensiyanın
təyinatı məmurların gəlir mənbəyinə
çevrilmişdi. Pensiyaçı ilə məmur
arasına müəyyən razılaşmalar olurdu. Rüşvət müqabilində daha yüksək
pensiya almaq vəd olunurdu. Nəticədə
pensiya haqqı olanın belə pensiya almaq haqqı, hüququ
pozulurdu. Pensiya təyinatında insan
amilinin kənarlaşdırılması çox müsbət
addımdır. Avtomatlaşdırılmış
pensiya təyinatı ilkin olaraq yaşa görə əmək
pensiyası növü üzrə aparılır. Pensiya sahəsində bu islahat tədbiri sistemdə
şəffaflığın daha da artmasına, əlavə
vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla
fond orqanları arasında münasibətlərin sadələşdirilməsinə,
insan amilinin rolunu son dərəcə azaldılmasına gətirib
çıxaracaqdır. Buna görə də
vətəndaşlar öz fərdi hesablarında məlumatların
tam əks olunmasında xüsusi maraqlı olmalıdırlar.
O cümlədən ölkəmizdə fərdi uçot
sisteminin tətbiqindən əvvəlki dövrə, yəni
2006-cı ilin 1 yanvarınadək iş stajlarının
qeydiyyata alınmasında aktivlik göstərməlidirlər.
Çünki avtomatlaşmış pensiya təyinatı
yalnız sistemdə qeydiyyata düşmüş elektron
göstəricilər əsasında aparılır və təbii
ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında
öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə
alınması texniki baxımdan imkan xaricindədir”.
İqtisadçi
ekspert əməkhaqqı və pensiyaların
artırılmasının bazar şərtlərinə
uyğun olmadığını da qeyd etdi: “Artımlar tələb
və təkliflərə
uyğunlaşdırılmalıdır. Pensiya
sahəsini avtomatlaşdırmaqla pensiyaçıların
problemi bitmiş sayılmır. Bütövlükdə
götürsək, əməkhaqqı və pensiyaların
artımı ölkədə yüksək məbləğ təşkil
etmir. Ancaq Azərbaycanda pensiya və əməkhaqqının
artırılması ilə bağlı qərar qəbul
olunmamışdan öncə bazarda müəyyən
bahalaşmanın baş verdiyi sezilir. Görünür,
müəyyən işgüzar çevrələr əmək
haqqı və pensiyaların artımı barədə
hökumətin atmaq istədiyi qərardan bəhanə kimi
yararlanaraq bahalaşma tendensiyası yaratmağa cəhd edirər”.
Prezident sərəncamında
deyilir...
Qeyd edək ki, Azərbaycan Respublikasında vətəndaşların
pensiya təminatının daha da
yaxşılaşdırılmasını,
sığorta-pensiya sisteminin dayanıqlı və dinamik
inkişafına nail olunmasını təmin etmək məqsədi
ilə “2009-2015-ci illərdə Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin inkişafına dair dövlət
Proqramı” təsdiq olunub. Bununla bağlı olaraq Prezident
İlham Əliyev 2008-ci il 30 dekabr tarixli,
111 nömrəli sərəncam imzalayıb.
Sözügedən
Dövlət Proqramında bildirilir: “Vətəndaşların
pensiya təminatının qabaqcıl beynəlxalq təcrübə
əsasında yenidən qurulması ölkəmizdə həyata
keçirilən sosial-iqtisadi siyasətin strateji istiqamətlərindəndir.
Sovet dönəmindən qalmış və günün tələblərinə
cavab verməyən pensiya münasibətlərində
köklü dəyişikliklərin başlanğıcı
2001-2005-ci illəri əhatə edən “Azərbaycan
Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın reallaşdırılması ilə
qoyulub. Sığorta-pensiya və sosial yardım
sistemlərinin biri-birindən ayrılması və ödənilən
sosial sığorta haqları ilə təyin olunan pensiya məbləğlərinin
əlaqələndirilməsi bu tədbirlərin
başlıca istiqamətini təşkil edir”.
Ramid
Bizim yol. - 2013.- 17
dekabr.- S.13.