«Milli
mətbuatımız, istiqlal
yolumuz»
Mətbuat
Şurası bu silsilədən olan filmlərin çəkilişi
ilə bağlı layihəsi çərçivəsində
toplantı keçirib
Dünən
Azərbaycan Mətbuat Şurasının (MŞ) «Milli mətbuatımız,
istiqlal yolumuz» silsiləsindən filmlərin çəkilişi»
layihəsi üzrə ilk toplantısı keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, layihədən məqsəd xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadimlərin keçdikləri ömür yolu barədə silsilə filmlərin çəkilməsidir: «Ümumən 12 ziyalımız barədə filmin çəkilişi nəzərdə tutulur. Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə, İsmayıl bəy Qaspıralı, Məhəmməd Ağa Şaxtaxtlı, Əliabbas Müznib və Azərbaycanın ilk qadın redaktoru olmuş Xədicə Əlibəyova haqqında filmlərin çəkilməsini, onların mətbu fəaliyyətinin milli dövlətçilik ənənələrinin tərəqqsinə yönələn tərəflərini qabartmağı nəzərdə tuturuq. Bu günkü toplantımızda isə sizlərin də fikirləri ilə tanış olmaq istərdik. Düşünürəm ki, verəcəyiniz hər bir təklif ümumi işimizə fayda gətirəcək».
MŞ
İdarə Heyətinin üzvü, Milli Məclisin
deputatı Cavanşir Feyziyev keçmiş Sovetlər Birliyi
dönəmində Azərbaycanın mətbuat tarixinin də
ciddi şəkildə təhrif olunduğuna diqqət çəkib.
O bildirib ki, mövcud tendensiya
ziyalılarımızı mətbuata gətirən məqsədi
arxa plana
atırdı. Nəticədə görkəmli şəxsiyyətlərimizin
müstəqil dövlət amalı unudulurdu.
Milli
tariximizin daha çox milli mətbuat tariximizdə əksini
tapdığını vurğulayan MŞ İdarə Heyətinin
üzvü, «Şərq» qəzetinin baş redaktoru Akif
Aşırlı Şuranın həyata keçirməyə
başlayacağı layihənin əhəmiyyətini bu
baxımdan izah edib. A.Aşırlı eyni
zamanda bildirib ki, 31 mart 1918-ci il soyqırımı təkcə dinc insanlara münasibətdə
amansız qətllərin törədilməsi ilə deyil, eyni zamanda
dövrün nüfuzlu
nəşrlərinə qarşı hücumlarla
yadda qalmışdı.
«Xalq qəzeti»nin
baş redaktor müavini Tahir
Aydınoğlu bildirib ki,
1920-ci il işğalı müstəqil mətbuatımızı
süquta uğratsa da, həmin dövrdə ayrı-ayrı qəzetlərdə
çalışmış şəxslər fəaliyyətlərini
davam etdirə bildilər. Onların böyük əksəriyyəti 1937-ci il repressiyalarının qurbanı oldular. Baş redaktor müavini məhz bu adamların da yada salınmasının vacibliyini
önə çəkib.
MŞ
İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə Şuranın qaldırdığı təşəbbüsə
geniş ictimaiyyətin qoşulmasının zəruriliyini
vurğulayıb. «Hesab
edirəm ki, milli mətbuat
tariximizdə önəmli rola malik şəxslər barədə yeni fikirlərin üzə
çıxarılmasına ehtiyac hər zaman olub. Çünki
onların irsi ilə bağlı təqdim
edilən hər bir detal
bütövlükdə istiqlal tariximizin hansısa mərhələsinə
aydınlıq gətirmək nöqteyi-nəzərdən
önəmlidir».
«Xalq
cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli
2015-ci ildə Azərbaycan milli mətbuatının 140
illiyinin qeyd ediləcəyini xatırladaraq, Mətbuat
Şurasının layihəsində irəli sürülən
təşəbbüsün əlamətdar hadisəyə
layiqli töhfə ola biləcəyini vurğulayıb.
Digər
çıxış edənlər də Azərbaycan mətbuat
tarixinin bütövlükdə Şərqin tarixində
mühüm rol oynadığını önə çəkərək,
filmlərdə bu kimi vacib məqamların nəzərə
alınmasının vacibliyini vurğulayıblar.
Bizim yol. - 2013.- 19 dekabr.- S.12.