Kimsəsiz uşaqlar dövlət hesabına mənzillə təmin oluna bilərlər

 

Rəbiyyət Aslanova: “Milli Məclisdə məsələ qaldırılacaq ki, hər tikilən binada bir və ya iki mənzil valideyn himayəsindən məhrum olan uşaqlara verilsin”

“Milli Məclisdə kimsəsiz uşaqlara mənzil verilməsi məsələsi qaldırılacaq. Təklif olunacaq ki, hər tikilən binada bir və ya iki mənzil valideyn himayəsindən məhrum olan uşaqlara verilsin”. APA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib. Onun sözlərinə görə, Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqların uşaq evindən sonrakı taleyi ilə bağlı Milli Məclisdə məsələ qaldırılacaq.

Millət vəkili bildirib ki, binaların tikintisi ilə məşğul olan sahibkarın üzərinə müəyyən məsuliyyət qoyulacaq: “Yəni dövlətin də dəstəyi ilə hər tikilən binada bir və ya iki mənzil valideyn himayəsindən məhrum olan uşaqlara verilsin. Məsələ qanunvericiliyin bütün tərəfləri nəzərə alınmaqla qaldırılacaq”.

Rəbiyyət Aslanovanın sözlərinə görə, bu, uşaq evindən sonra kimsəsiz qalan, arzuolunmaz tale yaşayan gənclərin sayının azaldılmasına xidmət edir: “Çünki onlar uşaq evində 18 yaşına qədər yaşayaraq oradan çıxandan sonra köməksiz qalır, küçə sakininə çevrilirlər ki, bu da arzuolunmaz hallara gətirib çıxarır”.

 

“Onlar dövlətin nəzarətindədirlər”

 

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyevin sözlərinə görə, valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların mənzil və iş problemləri dövlət orqanlarının nəzarətindədir: “Valideyn himayəsindən məhrum olan uşaqlar dövlət müəssisələrində 18 yaşlarını tamamladıqdan sonra müvafiq icra hakimiyyəti orqanları tərəfindən yataqxana və ya mənzillə təmin olunurlar. Onların işlə təmin olunması məsələsi isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Dövlət Neft Şirkəti tərəfindən öz həllini tapır. Belə ki, Neft Şirkəti bu kateqoriya insanları iş yerləri ilə təmin edir, onların neft sahəsində peşə təhsillərinin artırılması üçün şərait yaradır”.

 

“18 yaşdan sonar bu uşaqların ciddi problemləri başlayır”

 

Kimsəsiz uşaqların hansı problemləri mövcuddur? Bu və başqa suallarla qeyri-hökumət təşkilatlarının rəhbərlərinə müraqciət etdik.

“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyinin sədri Namiq Nəcəfov bildirir ki,  hər bir ölkənin gələcəyi uşaqların çiyinləri üzərindədir: “Ona görə də, yeni nəslin möhkəmlənməsi, istər fiziki, istərsə də mənəvi cəhətdən sağlam böyüməsi, müəyyən məqsədə çatması, bir insan, şəxsiyyət kimi formalaşması dövlət üçün böyük əhəmiyyət kəsb edir. Təəssüflənirəm ki, sərbəst həyata atılan gənclərin heç də hamısı sadaladıqlarımıza sahib olacaq qədər şanslı deyillər. Vurğulayım ki, kimsəsiz, yaxud valideyn himayəsindən məhrum olan uşaqlarının əksəriyyəti ali təhsilsiz, işsiz qalırlar. Qeyd edim ki, kimsəsiz uşaqlar, onların sosial problemləri, sağlamlığı, inkişafı ilə bağlı ölkədə çoxsaylı layihələr həyata keçirilib. Təəssüflənirəm ki, kimsəsiz uşaqlar yetkinlik yaşına, yəni 18-ə çatdığı zaman bu layihələr bitir və bundan sonrakı dövr bu insanların qarşısına çox böyük çətinliklər çıxır. Bu çətinliklərin öhdəsindən gələnlər olsa da, bir çoxu problemlər qarşısında aciz qalır”.

 

“Uşaq evindən ayrıldıqdan sonra harada yaşayacaqları suallar doğurur”

 

Həmsöhbətimiz hesab edir ki, son zamanlar Azərbaycan Respublikasının qanunları beynəlxalq qanunvericiliyə uyğunlaşdırılır: “Unutmaq olmaz ki, hüquqi, dünyəvi dövlət quruculuğuna nail olmuş dövlətimizin gələcəyi məhz indiki uşaqlardan asılı olacaqdır. Bu əsasla, dövlət ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir. Ölkə qanunvericiliyinə görə, dövlət, yəni Azərbaycan Respublikası yaşayış yerindən məhrum olmuş insanları mənzil fondunda olan evlərdə yerləşdirməyi öz üzərinə vəzifə kimi götürüb. Ancaq hazırda Azərbaycanda 1 milyona yaxın məcburi köçkün var. Və belə evlərdə daha çox onlar yerləşdirilib. Ona görə də kimsəsiz uşaqların evlə bağlı problemləri hələ də qalmaqdadır.

Ancaq bununla bağlı görülən işlər də var. Məlumdur ki, uşaq evlərində 18 yaşına qədər qalırlar. Bəzi uşaq evləri var ki, orada sonrakı illərdə də yaşı 18-i keçən kimsəsiz şəxslərin yaşamasına şərait yaradılır. Ancaq bu hal heç də bütün uşaq evlərində müşahidə olunmur. Zamanımızda valideyn himayəsindən məhrum olmuş uşaqların uşaq evindən ayrıldıqdan sonra harada yaşayacaqları, nə işlə məşğul olacaqları hələ də suallar doğurur. Bu baxımdan kimsəsiz uşaqlar adətən yetkinlik yaşına çatdıqdan sonra işləmək, qazanc əldə etmək məcburiyyətində qalırlar və onları təhsillərini davam etdirmək maraqlandırmır. Ölkəmizdə ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin təhsil haqlarından azad edilməsi bu problemi qismən də olsa, həll edir”.

 

Təkliflərimizi  hazırlayıb Milli Məclisə göndərə bilərik”

 

“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyinin sədri kimsəsiz uşaqlara mənzil verilməsi mexanizminin necə aparılması barədə dəqiq məlumatının olmadığını bildirdi: “Rəbiyyət Aslanovanın təklifi arzuolunandır. Bu təklif  necə qəbul ediləcək və icra ediləcək, sual olaraq qalır. Təklif səsləndirilib, qanun şəkilində qəbul olunsun, biz bu barədə ətraflı danışaq. Qeyri-hökumət təşkilatı olaraq məsələyə münasibət bildirək, müraciət etək, təkliflərimizi də hazırlayıb Milli Məclisə göndərə bilərik. Dövlət və vətəndaş cəmiyyəti olaraq əlil və kimsəsiz uşaqların inkişafına dəstək olaq, onların psixoloji, sosial, tibbi və digər reabilitasiyalarına dəstək olaq, əlil və valideynlərini itirmiş uşaqların problemləri və onları əhatə edən mühitlə məşğul olaq. Vurğulayım ki, kimsəsiz uşaqlarla bağlı əlavə sosial müdafiə tədbirləri görmək lazımdır ki, müstəqil həyata qədəm qoyan uşaqlar özlərini kimsəsiz hiss etməsinlər və dövlət tədəfindən xüsusi qayğı görsünlər ”.

 

“Bu təklifin reallaşması dövlətin gələcəyini sığortalamaqdır”

 

“Autizm” Deffektoloji və Psixoloji yardım mərkəzinin rəhbəri Çiçək Məmmədli bildirir ki, millət vəkili Rəbiyyət Aslanovanın səsləndirdiyi təklif arzuolunandır: “Bu təklifin reallaşması dövlətin gələcəyini sığortalamaqdır. Valideyni olan və valideyni olmayan uşaqlar arasında sosial bərəbərlik ola bilər. Xatırladım ki, bu günlərdə dövlət kimsəsiz uşaqları himayəyə götürdü. Yəni “Təhsil haqqında” qanuna yeni 14.8-1-ci maddə əlavə edildi. Qanunun məzmununa görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Qeyd edim ki, qanunvericiliyə əsasən valideynini itirmiş və valideyn himayəsindən məhrum olan şəxslərə tam dövlət təminatından əlavə həmin təhsil müəssisələrinə müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir. Eyni zamanda təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən qaydada və miqdarda müavinət verilir. Ancaq, təhsil haqqı problemini həll etməklə yanaşı, digər məsələlərdə də kimsəsiz uşaqlara qayğı olmalıdır. Belə uşaqların tək təhsili deyil, onların təyinat, məşğulluq, eləcə də mənzillə təmin olunması və ailə məsələləri dövlət orqanları tərəfindən həyata keçirilməlidir. Bundan ötrü dövlətin büdcəsindən vəsait ayrılmalıdır”.

 

“Ruhi xəstəliyi olan uşaqların da qayğsına qalmaq lazımdır”

 

Ç.Məmmədli bildirir ki, dövlət ruhi xəstəliyi olan uşaqların da qayğsına qalmaq üçün tədbirlər görməlidir. Bu uşaqları mənzillə təmin etməli, onlar üçün müəyyən güzəşt və imtiyazlar etməlidir: “Kimsəsiz uşaqlar və ruhi xəstəliyi olan uşaqlarla bağlı sığınacaqlar, evlər fəaliyyət göstərir. Bu arzuolunan haldır. Amma lazımdır ki, dövlət bu sahədə diqqəti artırsın, bu uşaqların problemlərinin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilsin”.

Qeyd edək ki, Azərbaycan Respublikasının  Konstitusiyası, həmçinin beynəlxalq  sənədlər rəhbər tutularaq 1998-ci ildə “Uşaq hüquqları haqqında”  qanun qəbul edilmişdir. Uşaq hüquqları haqqında  qanunvericilik - uşaqlar  haqqında  dövlət  siyasəti,  uşaq hüquqlarının müdafiəsi, onun mənafeyinin üstünlüyü, yaşamaq və inkişaf etmək hüququ, həyatın və sağlamlığın müdafiəsi, ad və vətəndaşlıq, tərbiyə almaq, azadlıq, zəruri maddi təminatı, vicdan, fikir və söz hüquqları, uşaqların  əsas  vəzifələrini müəyyən edən 16 maddədən ibarətdir. Qanunvericilikdə həmçinin uşaqların təhsil, istirahət, ictimai təşkilatlarda  birləşmək şərəf  və ləyaqətinin müdafiəsi, istismarından  və zərərli təsirlərdən  mühafizəsi də öz əksini tapıb.

Azərbaycan Respublikasında uşaq siyasətinin həyata keçirilməsinə məsul olan əsas mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə Azərbaycan Respublikası Prezidentinin 6 Fevral 2006-cı il  tarixli Fərmanı ilə yaradılmışdır və ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirən dövlət orqanıdır. Uşaqların sosial müdafiəsi, onların təhsil və səhiyyə sahəsindəki hüquqlarının  həyata keçirilməsi “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Strategiyası (2003-2005)”nda öz əksini tapmış, bu istiqamətdə başlanan işlərin “Yoxsulluğun Azaldılması və Sosial İnkişaf üzrə Dövlət Proqramı (2006-2015)” çərçivəsində davam etdirilməsi nəzərdə tutulub.

 

 

Ramid

Bizim yol.-2013.-19 dekabr.-S.13.