Sabirin səbri
(Bəşəriyyətin dahi
oğlu M.Ə. Sabirin 150 illik yubileyinə)
II. M.Ə. Sabirin zülmü-cəhalətə
səbri
Tərpənmə,
amandır, bala qəflətdən ayılma!
Açma
gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
Bu yaxınlarda bir sıra KIV-də dərc edilən "Zülmə
səbr?!" adlı
yazımızda "... Allah səbr edənləri sevər" (3: Imran: 146);
"... bizi HAQQa gedən yola yönəltdiyi halda, Allaha necə təvəkkül etməyə
bilərik?! Bizə verdiyiniz əziyyətlərə
səbr edərik..."
(14: Ibrahim:12); "Əgər
Allah insanları zülmlərinə
görə cəzalandırsaydı,
yer üzündə bir canlı belə qalmazdı..."
(16: Nahl:61) və digər Quran ayələrinə
istinad edərək bildirmişdik ki, "SƏBR-zülmi-cəhaləti yarmaqdan ötrü əhli-iman sahibinin əlində qılınc
və qalxandan ibarət ən güclü silahdır".
Məhz
M.Ə. Sabirin iman nurundan qaynaqlanan səbri-həm də qəflət yuxusuna uymuş qafil və cahil insanların
zülmü- cəhalətdən
qurtulması naminə
gərəkli olan silahı idi.
Bəşər yarandığı gündən
bu günəcən nəfsinə ən böyük zülmü edənlər məhz qafil insanlar olmuşdur. Cəmiyyətin
sağlam-tərəqqisinin, azad və xoşbəxt
gələcəyinin qarşısını
alan kötüklər
də məhz qafillərdir.
M.Ə.Sabir demişkən,
Qafil yaşamaqdansa gözəl
kardır ölmək,
Hərçənd ki, qəflətdə
dəxi ardır ölmək;
Zənciri cəhalətdə bu
alçaq yaşayışdan,
Cahil, sənə dar üzrə səzəvardır
ölmək!
(kar-iş; dar-yer;
səzəvar-layiq)
Allah-təala "qafilin" kimliyini Qurani-Kərimin bir ayəsində (7:ARAF:179) belə şərh edir: "And olsun ki, cin
və insdən çoxunu cəhənnəm
üçün yaradıb,
çoxaltdıq! Ki onların qəlbləri var, (amma, həqiqəti)
anlamazlar; gözləri
var, (amma, gördüklərini) dəyərləndirməzlər;
qulaqları var, (amma, eşitdiklərini) qavramazlar!... Onlar heyvan kimidirlər;
bəlkə daha da azğın! Qafil olanlar da məhz
onlardır!"
Ta qədim zamanlardan bu günəcən, təqvali əhli-iman sahiblərinin qarşısında
duran ən böyük maneə və çətinlik də məhz qafillərlə təmas və mübarizə olmuşdur. M.Ə. Sabirin qafillərə kinayə ilə ünvanlaşdığı
"səbr elə"
tipli satirik şerləri onların cəhalət içərisində
boğulan halına (zülmü cəhalətə!)
neçə böyük
ürək ağrısı
ilə SƏBR(!) etdiyini ifadə edirdi:
Etsə
də aləm hamısı zəlzələ,
Aləmi
gər tutsa da yüz vəlvələ,
Get yuxuya, durma, a qardaş hələ!
Qovzama başın, cocuğum, səbr elə!
Qonşuların cəhd eləsə
sənətə,
Yetsə
də qeyriləri hürriyətə,
Vermə
qulaq söhbəti-milliyətə,
Onlar əbəsdir ki, düşür möhnətə,
Ey adı insan, özü kərtənkələ!
Qovzama başın, cocuğum, səbr elə!
M.Ə.Sabirin -"Daş qəlbli
insanları neylərdin,
İlahi?!" adlı
şerində ortaya qoyulan "suallar", əslində çox-çox
üləmaların-"görən,
cənabi Həqq nədən cin və inslərin çoxunu cəhənnəm
üçün yaradıb
çoxaltdı?!",
kimi hikmətlərini
anlamaq naminə apardıqları saysız-hesabsız
fikir və mülahizələrə bağlı
idi: Məhz böyük üləmalar
kimi, M.Ə.Sabir də
Daş qəlbli
insanları neylərdin,
İlahi?!
Bizdə bu soyuq qanları
neylərdin İlahi?!
Artdıqca həyasızlıq olur
el mütəhəmmil,
Hər zülmə
dözən canları
neylərdin, ilahi?!
..
Hökm
eyləyəcəkmiş bütün
aləmdə cəhalət,
-
Dildadeyi-insanları neylərdin, İlahi?!"
(mütəhəmmil=dözümlü, səbirli; dildadeyi-irfan=elm,
mərifət aşiqləri)
kimi beytlərini aşağıdakı sətirləri
ilə bitirməli olur:
Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya Rəbb!
Baxdıqca bu hikmətlərə
heyran oluram, həp!...
Təbii ki, M.Ə.Sabirin "zülmə-səbri?!" ilə
"qəflətdə uyanların
zülmə səbri"
tamamən əks qütblərdən, - birincisi,
- İlahi təklifdən,
digəri isə İblisin hiyləgər siyasətindən qaynaqlanırdı.
Şair
"Harda müsəlman
görürəm, qorxuram",
"Kim nə deyər
bizdə olan qeyrətə?!, "Millət
şərgisi", "Bəlayi-fəqrə
düşdün, razı
ol, biçarə, səbr eylə", "Millətinin halı pərişan da" və i.a. tipli
şerlərində də
millətinin cəhalət
içərisində boğulan
azğın halına-
"Binəva Sabirlərin
ancaq işi fəryad olur?! deyib, fəryad
qopardırsa da, digər tərəfdən,
bir sıra şerlərində və
hekayələrində millətinin
hər hansı formada tərəqqi və oyanışı naminə göstərdiyi səyə də yüksək qiyməti verməyi bacarırdı.
Başqa
sözlə desək,
M.Ə. Sabir həm də optimist şair idi. Məsələn, 1908-də cənubi Azərbaycanda sahin istibdad (zülmkar) rejimində qarşı üsyanda Səttarxan hərəkatından xeyli
şövqlənərək, bu qəhrəmanlığı
cəmi insaniyyətə
və islamə biz nümunəvi xidmət sayır. Daha da irəli getsək,
M.Ə.Sabir I. Nəsimi
kimi iman-Hüseynin mücahid məktəbinin
yetişdirməsi olub,
cismən və ruhən "Hüseynə
peyrəv" (Hüseyn
ardıcılı) olmağı
həm özünə,həm də cəmi azadlıq və haqqsevərlərə
bir nümunə və fəxarət sayır:
Sabir! Hüseynə peyrəv olmaq gərək və illa,
Mən müslüməm deməklə,
yetməz sübuta dəva,
Bax, gör, nə şövqlə baş verdi əzizi-Zəhra,
Olsa, nolur bu yolda
həm iştiyaqi-milləti!...
(iştiyaq-şövq.,
H.M.)
Beləliklə, M.Ə. Sabir bir
tərəfdən zülmü-cəhalətə
qarşı SƏBRlə
mübarizə aparırsa
da, digər tərəfdən millətini
elm-mərifət sahibi
olmağa, haqqqını
tanımağa və hətta lazım gələrsə, bu yolda Imam Hüseynin (r.a) mübarizə məktəbindən ibrət
götürməyə çağırır...
Məhz
bu səbəblərdəndir
ki, "şəhriyari-hürriyət"
aşiqi olan şairin mübarizə yolu qafil kötüklərlə
dolu olmuşdur... Maraqlıdır ki, bu kötüklərin çoxu şairin doğulduğu, boya-başa
çatdığı, ruhi
və cismi ilə "gözəl dağlarının, gözəl
çəmənlərinin, gözəl sularının..."(öz ifadəsidir, H.M.) vurğunu olduğu öz doğma yurdunda - Şamaxıda ortaya çıxmışdı...
Bəlkə də bu, ilahi bir
sirrə bağlıdır
ki, hələm ta qədim zamanlardan,
böyük (!) şəxsiyyətlərin
əksəriyyəti doğulub
boya-başa çatdıqları
yurdunda (kəndində,
rayonunda, ya ölkəsində) həmişə
böyük təqib və təzyiqlərə
məruz qaldıqlarından,
elə öz yaxın qohum-əqrəbaları
ya yurd əhli
tərəfindən müvafiq
mənəvi dəstəyə
malik ola
bilmədiklərindən, vətənini
tərk etməyə məcbur olmuşlar... Bununla belə məskunlaşdıqları digər
yurdlarda kifayət qədər dəstək və şöhrət qazansalar da, fəqət, yenə də bir gün
vurğun olduqları ilkin ocaqlarına qayıtmalarını və
son nəfəslərini orada
yaşamağı arzulamışlar...
Və təəssüf
ki, o yurdun əhli də öz qəhrəmanının
dəyərini yalnız
onun ölümündən
sonra dərk etməyə başlamışdır...
Dahi M.Ə.Sabir də o acı həyatı yaşadı...
Şairin
"Meydana çıkıyor..."
adlı hekayəsinin baş qəhrəmanı
Mahmudun elə özünün olduğuna
da şəkk yoxdur: "... zülmət
içində nur şəbpərətəbani-bəşəriyyət
(yarasa xislətli insanlar) üçün ən biinsaf düşməndir. Mahmud da
öylə oldu... öz əviddası, öz əqrəbası, öz ailəsi onun xəsmi-cani (canının düşməni., H.M) oldular... O da öz ciyərparələrini
bu uğurda, -elm, hürriyət, insaniyyət,
mədəniyyət uğrunda
fəda etdi-Iğtirab
etdi...
...Mahmud zatən bəşəriyyətin
ridai-din (din pərdəsi,
H.M.) arxasında aciz, səfil, bi idrak məxluqları hiylə və riya ilə
iğfal edən (azdıran, H.M.) abai-istibdadin
(zülm atalarının., H.M.) təlin (lənət., H.M.)edərək
çəkilmişdi.
Əlbət
"Zalimlərə bir gün dedirər qüdrəti-movla:
Tallahi ləqəd asərəkəllahi
əleyna"
(yəni:
bir gün Allah zalımlara öz gücünü göstərər.,
H.M.)
Burada zalim-heç də yalnız insanlara zülm edən o " rəhbərlər"
yox, həm də öz nəfslərinə zülm
edən cahil insanlardır. Yuxarıda qeyd etdiyimiz ayətə (Nahl:61) istinadən, əgər
Allah saysız-hesabsız günahlarımıza
və nəfslərimizə
etdiyimiz zülmə SƏBR
etməsəydi, yer üzündə bir canlı belə qalmazdı. Əslində bu ayə Allahın mübarək isimlərindən biri olan SABİRin tərifidir ki, təqvalı əhli-iman sahiblərinə də o addan bir pay verilmişdir.
Bu mübarək payın
mübarək sahibi olan M.Ə.Sabirdə Xudavəndi-aləmin bu mübarək isminə şükr edərək, bir gün onun
qəhrinin zülmü-aləmi
neçə bərbad
edəcəyinə də
əmindir:
Bilməm nə zaman qəhrin edər aləmi bərbad?!
SƏBR etdiyin avanlarına şükr Xudaya!
(avan-an)
əvvəli və ardı var..
Hilal Məmmədov
Bizim Yol.-2013.-21 fevral.-S.12.