Sabirin səbri

          

(Bəşəriyyətin dahi oğlu M. Ə. Sabirin 150 illik yubileyinə)

 

III. M.Ə.Sabirin məmata (ölümə) səbri

 

İstərəm ölməyi mən, leyk, qaçır məndən əcəl,

Gör, nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm...

 

Məqaləmizin ilk sətirlərində bildirdiyimiz kimi, ömrünün son ağır xəstə məqamlarında belə, şairimiz əli qələm tutanacən ruhi-həvəsdən düşməyərək səbrlə yazdı və yazdı... Əlbəttə ki, o, əsərlərinin yığcam bir kitab formasında nəşrini arzulayırdı, fəqət amansız əcəli buna imkan vermədi. Şair Tiflisdə yaşayan sevimli dostu Cəlil Məmmədquluzadənin evində qalıb, tanınmış həkimlərdən müalicə aldığı son iyun ayında digər əziz dostu və məsləkdaşı Abbas Səhhətə ünvanlandığı axırıncı məktublarını bu gün də həyacansız oxumaq olmur:

"... Axır nəfəslərim olduğunu dərk edib də, bu məktubu sənə əhvalımı xəbər verərəm. Bir qədər babət olar isəm Şamaxıya qayıdacağam. Məndən Mahmudbəyə salam et. Mehdubəy Hacınski cənablarına ayrı məktub yazmaq fikrindəyəm. Lakin əlim daha qələm tutmayır. Əhli-əyalimi Sizə, Sizi də Allaha tapşırıram. Ölürsəm, qəm etmərəm, çünki bilirəm siz mənim əsərimi təb (dərc.,H.M.) etdirərsininz.

Baqi vəssalam. Qardaşın Ə. Sabir 27 iyun 1911"

M.Ə.Sabir yuxarıda (əvvəlki bölmədə) qeyd etdiyimiz kimi, ömrünün son anlarını doğulub boya-başa çatdığı, hər qarış torpağına-daşına, suyuna vurğun olduğu Şamaxıda-qədim Şirvan yurdunda başa vurarkən, A.Səhhətə ünvanlandığı son kəlmələri belə idi: "... Dünyadən, həyatımdan bizarəm. Bəzadər, yəqin et ki,şər ən (şəriətə., H.M.) məsul olmasaydım, özümü məsmum edərdim(zəhərləndirib öldürərdim). Lakin nə etməli, tərbiyeyi-ibtidaiyyənin təsirindənmi, dindarlıqdanmıdır ki, bunu vicdanən razı olamiyoram. Nə qədər cismən narahət...".

Şair yuxarıdakı beytlə ifadə etdiyi kimi, "əcəlindən naz çəkidiyi" son məqamında belə, Tiflisdə müalicə olarkən onun üçün xeyli zəhmət çəkmiş Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanıma hədsiz diqqət və minnətdarlığını bildirməyi də unutmur:

 

Əgər əcəl əlimdə əyilməsəydi qəddim,

Həmidənin zəhmətin çiynimdə mən çəkərdim...

 

M.Ə.Sabirin son şerlərindən olan 24 sətirlik "Ruhum" iman-nurunun yüksək mərtəbələrini yaşayan təqva sahiblərinə məxsus fikirlərin ifadəsi olub, heç də hər kəsin dərk eə biləcəyi həddə deyildi:

 

Ruhum, ey şahbazi-ülviyyət,

Himmətim, tək fəzadə pərvaz et!

Uç! Uç! Ovçi-səmadə pərvaz et!

Təng nayi-bədəndə var xiffət.

Hara getsən səninlə mən varam,

Su bədəndə fəqət əsiriz, zar,

Ölməyimlə sevinməsin əğvar,-

Aləm olduqca mən dəxi duraram.

 (övci-səma=göyün ənginlikləri ; təngnayı- darısqal)

 

O vaxtlar bu şeiri jurnalında dərc etdirən redaksiya ona belə bir söz ardı yazmışdı: "Sabir, böyüklüyün ən böyük sifəti səbrdir. Iştə, sən bu sifətlə mövsüm (adına layiq., H.M.) mövsüfsan (tərifə layiqsən., H.M.). Əzizim, səni incidənlərə həmpa olmamaq üçün sabir ol, sən ölmə! Sən ölürsən, ölümünlə sevinəcək qədər binəsib insaniyyət təsəvvür edəməm. A Sabir!... Sana da əğyar olacaq qədər tədənniyi-əxlaqiyəmi (dözümsüzlüyə, zəifliyə; H.M.) düşdün?".

Əlbəttə ki, səmimi qəlbdən deyilən bu ürək sözləri son anlarını yaşayan şairimizə böyük bir təsəlli idi, fəqət, yuxarıda qeyd etdiyimiz kimi, o dahi filosofun yüksək iman nurunu dəyərləndirəcək vəsf deyildi...

Məhz şairimizin o iman nuru A.Səhhətin ifadəsiylə desək, "axır nəfəsində" farsca yazdığı bu son Hafiz sayağı rübaidə təmamən bəyan olur:

 

Rahəm bedəhid, ru berah amədəm,

Bər dəzgəhi həzzəte İlah amedəm,

Bi töhfe nəyamədəm, dəstəm xalist,

Ba dəste-e pür əz bemə qonah amədəm.

 (tərcüməsi)

Tapıb idrakımla yolu, gəlmişəm,

Rəbbin dərgahının qulu, gəlmişəm,

Töhfəsiz gəlmədim, əlim boş deyil, -

Əllərim günahla dolu gəlmişəm...

 

1911-ci ilin son iyul günlərində dahi M.Ə. Sabirin 49 il cismində yaşayan mübarək ruhu Sahibinin-cənabi Haqqın mübarək dərgahına uçdu... Allah onun o "əllər dolu günahlarını" əhf edib, mübarək ruhunu cənnəti-məkanda sakin etsin, inşallah! Ya Rəbb! Bizim günahlarımızı əhf et bir gün o rəhmətliklə birgə, cəmi əhli-iman sahiblərinə vəd etdiyin öz nuri-təcəllanı yaxından görmək səadətini qismət et! Amin!

 

 

Hilal Məmmədov

 

Bizim Yol.-2013.-22 fevral.-S.12.