Sabirin səbri
(Bəşəriyyətin dahi
oğlu M. Ə. Sabirin 150 illik yubileyinə)
IV. M.Ə. Sabir vəfatından
sonra və bu gün
Mən gedərsəm, var olsun amalım!
Yaşasın şəhriyari - hürriyyət!
Yaşasın şəhriyari - hürriyyət!
Mən gedərsəm, var olsun amalım!
Dahi M.Ə. Sabirin
bu vaxtsız vəfatı cəmi dostlarını və cəmi sabirsevərləri
mütəəsir etdi. Əslində
heç əğyarları
da sevinmədi, əksinə, digəriylə
birgə şairi layiqincə son mənzilinə
yola saldılar...
1912-ci ilin dekabrında düz 100 il öncə, şairin vəfatından 1 il 6 ay sonra, arzuladığı kitab - (104 səh-k, 2000 tirajla) "Hop-hopnamə"
işıq üzünü
gördü. Kitabın
nəşrində maddi
və mənəvi dəstək göstərənlər
sırasında məxsusi
olaraq Abbas Səhhətin, Mehdibəy
Hacınskinin, Mahmudbəy
Mahmudovun, Cəlil Məmmədquluzadənin, Əbdürrəhimbəy
Haqverdiyevin, Firudin bəy Köçərlinin,
Əliqulu Qəmküsarın,
Seyid Hüseynin, iki mübarək xanımın - Sara xanım
Vəzirzadənin (Nəcəfbəy
Vəzirovun qızı)
və Həmidə xanımın (C.Məmmədquluzadənin
xanımı) adlarını
çəkmək vacibdir.
Allah onların hamısını
rəhmət, ruhunu şad etsin, inşallah!
M.Ə.Sabirin bu kitabına
"Hop-hopnamə" adının
seçilməsi də
təsadüfi olmayıb,
bilavasitə onu ərzəyə gətirən
( və orada giriş və şərhlərin müəllifi
olan) Abbas Səhhət tərəfindən
şairin "Molla Nəsrəddin" jurnalında
işlətdiyi, ilk gizli
"Hop-hop" imzasına müvafiq
olaraq həyata keçirilmişdi. Sonralar M.Ə.Sabirin
əsərləri və
tam külliyatı dəfələrlə
nəşr edilsə də, ondan bir xatirə olaraq "Hop-hopnamə"
adı bu günəcən qorunub saxlanıldı. Ilkin
nəşr şairin yazdıqlarının heç
¼-ni belə əhatə
etməsə də çox qısa bir zamanda dövrünün
cəmi sabirsevərlərinin
mizüstü kitabına
çevrildi...
Son 100 ildə yüzlərlə
"sabirşünaslar" - elmlər namizədi, doktorlar, professorlar və hətta akademiklər yetişsə
də; M.Ə. Sabirə
həsr edilmiş yüzlərlə məqalə
və kitablar yazılsa da; yüzlərlə "sabirsayağı"
şairlər, yazarlar
ədəbiyyat aləmində
hünər göstərsələr
də; fəqət,
SABİR kimi azadfikirli
mücahid yazar və əhli-iman sahibi yetişə bilmədi və güman ki, bundan sonrakı 100-illiklərdə
də yetişə bilməyəcəkdir... Səbəbi
də aydındır:
yazımızın girişində
şairdən sitat gətirdiyimiz -
Sabirəm, səbr şiarımdı,
qənaət tacım,
Nəfsimə padşahəm, sahibi
fərmanəm mən...
(şiar-nişan,
fərqləndirici cəhət)
bu iki misralıq beytinə və saysız-hesabsız
digər hikmət dolu sətirlərinə istinadən deyə bilərik ki, SABİR-cənabi-Haqqın nemətlərinə daima şükr edib, qənaətlə yaşayan;
nəfsinə zülm
etməyən (ona
sahib çıxan); zülmi-cəhaləti
iman nurundan qaynaqlanan SƏBRİ ilə
yazmağı bacaran; məqsəd və niyyətlərində saf və xeyirxah olan; ədalətli və vicdanlı şəxsiyyət idi. Bu kimi yüksək əxlaq keyfiyyətlərinə
cüzi də olsa malik olmadan,
M.Ə.Sabir dühasını
dərk etmək və real-ixlaslı sabirşünas kimi yetişmək, əslində
qeyri-mümkündür...
Bu gün şairimizin vəfatından düz 100
il ötür:
görəsən, cəhalət
yuxusundan ayılıb
elm-mərifət sahibi
olub, onun arzuladığı azad, xoşbəxt, hüquqi bir cəmiyyəti bərqərar elə bildikmi? Axı, yuxarıda qeyd etdiyimiz kimi, Sabirin dövründə millətin "oxumuş ziyalıları" barmaqla
sayılırdısa və
1-2 alimi belə ortaya çıxmayıbdısa,
amma bu gün
onların sayı 100 minlərlədir, fəqər
Sabir demişkən,
"çe sud?!"(nə xeyri?!),
- "əvvəl nə
idiksə, yenə biz şimdi hamanız...";
"Dindirir əsr bizi dinməyiriz,
Atılan
toplara diksinməyiriz...";
və ya:
Avropalı öz millətin
ihya edir, etsin,
Şəmü şərəfi-qövmünü ila edir,
etsin,
İnsanlıq adın dəhrdə
ibqa edir, etsin,
Qəflətdə yatıb, ad batırıb,
nam alarız biz,
Başə yumuruq zolladırız,
kam alırız biz!
(ibqa-əbədiləşdirmə; ihya-diriltmə; ila-ucaltma);
və ya
Şimdi
hər millət edir nəfsini irfanə fəda,
Vətən övladı üçün
elmə, dəbistanə
fəda,
Qara məxluq deyil, bizdəki ariflər də
Vətən övladın edir
nəf i-cibişdanə
fəda!
(nəf
i-cibişdanə=cibini
doldurma)
Şairin bu kimi sətirləri
elə bu günün də reallıqlarını tamamən
əks etmirmi?
Axı,
təkrarən ərz
edək ki, 100 il öncədən fərqli olaraq, əgər bu gün göyə kiçik bir daş atsaq, bir alim-professorun, akademikin, həkimin, müəllimin, mühəndisin,
deputatın və i.a. başına düşər?! Bəs nədən
dəyişmədik?!
Cavabını elə bu son iki dü-beyt də mükəmməl açır: digər tərəqqipərvər millətlərdən,
o cümlədən, Avropalılardan
fərqli olaraq, cəmi vətən övladlarının səadətli
gələcəyi naminə
nəfsimizi irfanə
(elm-mərifətə) fəda
edə bilmədik, yəni aldığımız
elm və təhsil, təlim və tərbiyə ümumxalq və ümumbəşəri
tərəqqisinə yox,
"nəfi-cibişdanə"(cibini doldurma), başqa sözlə desək, şəxsi mənafeələrimizə fəda
edildi. Və II bölmədə xatırlanan
"Meydana çıkıyor"
hekayəsində ərz
olunduğu kimi, axırda da bu qafil millətin
"taleyinə bir pis ləkə salan əfalı-müləvvəsə
(pis əməl sahibi, H.M)"meydana çıkıyor"...
Dahi şairimizin vəfatından
ötən bu 100 ilə kiçik bir səyahət etsək, Allaha min-min şükr edərik ki, M.Ə.Sabir millətinin qarşıdakı
daha dəhşətli
faciəli günlərinin
şahidi olmadı, - sonralar, elə öz dövrünün
dost və məsləkdaşlarının
və digər düşünən beyinlərin
başlarına gətirilən
min-bir müsibətdən
qurtuldu. Nə yaxşı ki, O, bu günümüzdə doğulub yaşamadı: yoxsa, "hop-hop", "gop-gop",
"başıqapazlı", "bedərd", "bıqəm",...
kimi lap min digər gizli imza ilə
belə yazsaydı da, fəqət yenə də bizim o məlum gizli xəfiyyələr onu ortaya çıxardar,
bəzi digər tapılmayan (axtarışda
olan) təxəllüsləri
də ünvanına əlavə edər; ciblərinə narkotik soxar; şerlərinin demək olar ki, hamısında kifayət qədər fars kəlmə və ifadələrinin işlətdiyini bəhanə
gətirərək, "Iran-fars şovinizminə casusluq xidmətində suçlayaraq, bəlkə
də, ömürlük
həbs cəzasına
məhkum edərdilər...
Qəzet- jurnallarda bu barədə 1-2 kəlmə yazıb, sonra da onu
unudardılar... Dostları,
məsləkdaşları da
hərə bir tərəfə qaçıb
gizlənərdi.... Onun
çörəyi ilə
"sabirşünas" alim-professor-akademik olanlar isə "elmi əsərlərini"(ən
yaxşı uzaq qohum-əqrəbalarının evində
gizlədər və bir "qələt etdiklərini" etiraf edərdilər... Milli Məclisdə oturan "müləvvəs" yazar
kolleqaları isə-
"çaşmasaydı, bəs bizim cibimizə niyə narkotik atmırlar?!".. deyib,
həyasızcasına hırıldayırdılar...
Nə yaxşı ki, O, bu günümüzü
görmədi: Yoxsa nə dahi M.Ə.Sabirimiz
olardı, nə də ki, bizim
də o mizüstü
(lap məskunlaşdığımız zindanda belə) kitabımız olan
"Hop-hopnamə"...
Amma ... Amma, (II bölmədə)
qeyd etdiyimiz kimi, M.Ə.Sabir heç də pessimist mütəfəkkir deyildi,
onun 100 il öncə millətinə
çağırışı bu gün də
cəmi dünyada, o cümlədən, keçmiş
postsovet məkanında,
Avropada və müsəlman şərqində
istibdad rejimlərinə
qarşı milli-inqilabi
və tərəqqipərvər
oyanışların baş
verdiyi məqamda da xeyli aktualdır:
Getdi əldən millətin,
fikrin nədir əmsal üçün?!
Şimdi
fürsət var ikən, bir iş gör istiqbal üçün!!!
Doğrusu, heç ağlımıza
belə gəlməzdi
ki, bir gün
dahi şairimizin 150 illik yubileyinə həsr edəcəyimiz
"Sabirin səbri"
adlı məqaləmizi
məhz zindanda inşa edəcəyik. Hərçənd ki, M.Ə.
Sabirin arzuladığı
azad, xoşbəxt, hüquqi və ədalətli cəmiyyətin
bərqərar olması
naminə aparılan mübarizə ta qədim zamanlardan böyük-böyük qurbanlar
tələb edib... Istər "azadlıqda"
(dünya zindanında)
olarkən, istərsə
də bugünki kiçik zindan həyatımızda yazıb-yaratdığımız
onlarla məqalələrdə
təkrar-təkrar ifadə
etdiyimiz kimi, "Haqq və ədalət"
naminə mübarizədə
qəlbindəki zindan
ya ölüm xofuna qalib gələ
bilməyən bir kəs nə xalqını, nə də ki, ölkəsini
xilas edə bilməz! Başqa sözlə desək, nəfsindəki zülməti
boğmadan, cəmiyyətdəki
zülməti yarmaq olmaz!
Bu gün bu sətirlərin
müəllifi kimi, bir ixlaslı SABİR sevər kimi, biz də qətiyyətlə
əminik ki,
Zalimlərə bir gün dedirər qüdrəti-movla:
Tallahi ləqəd asərəkəllahü
əleyna!
(zalimlərə
Allah da bir gün öz gücünü göstərər)
və dahi şairimizin
Mən gedərsəm, var olsun amalım!
Yaşasın şəhriyari-hürriyyət!
arzusu yerdə qalmayacaq və lap yaxın günlərdə
o şəhriyari-hürriyyət millətimizin və ölkəmizin başında
bərqərar olacaqdır,
inşallah! Bir daha Allaha dua
edirik ki, bu kiçik yazımızı şairimizin
mübarək ruhuna bir ərməğan kimi qəbul edərək, onu şad etsin, inşallah!
əvvəli var…
Hilal Məmmədov
Bizim Yol.-2013.-23 fevral.-S.12.