“Məişət zorakılığı
görənlər potensial insan
alveri qurbanlarıdır”
Gülnar Nəzərova: “Əslində ipoteka
krediti aztəminatlı
ailələrin ev arzusunu reallaşdırmağa
xidmət etməlidir,
amma bir nümunə göstərin
ki…
Ölkədə sosial müdafiəyə ehtiyacı olan şəxslərlə bağlı hökumət və qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Bu qəbildən olan insanlar üçün sığınacaqlar yaradılır və yaradılcağı gözlənilir.
Bu mövzuda Əmək və Sosial Problemlər üzrə Elmi-tədqiqat və Tədris Mərkəzinin doktorantı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində Sosial işçi və “Sosial Qayğı və Tədqiqatlar” Mərkəzinin təsisçisi Gülnar Nəzərova ilə söhbətləşdik: “2012-ci ildə etibarən bu Mərkəz dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Həmin ildən bu yana əsasən insan alveri və məişət zorakılığı ilə bağlı maarifləndirmə tədbirləri və sosioloji tədqiqatın həyata keçirilməsi, eyni zamanda sosial müdafiəyə ehtiyacı olan bir neçə nəfərin sosial reabilitasiyasını həyata keçirib. Eləcə də, Turizm İnstitutunda müəlliməyəm, sosial iş ixtisasi üzrə təhsil alan tələbələrə dərs deyirəm”.
“Bəziləri heç zərərçəkmişlə etik davranış qaydasını bilmirlər”
G.Nəzərova ilə öncə Azərbaycanda sosial sosial müdafiə sahəsində olan problemlərdən danışdıq: “Sosial müdafiəyə ehtiyacı olan şəxslər ölkədə kifayət qədərdir. Bəziləri ahıldır, küçədə gecələyir, yerləşdiriləcək yer tapılmır. Bəzilərinin tibbi yardıma ehtiyacı olur, lakin bunu qarşılayacaq iqtisadi durum olmur. Elə olur ki, hansısa risk qrupu, məsələn, insan alverindən zərərçəkmiş şəxsin sosial reabilitasiyasını həyata keçirərkən problemlər yaşanır. Bu hədəf qruplarının sosial reabilitasiyası zamanı digər müvafiq qurumlarla əməkdaşlıq etməli oluruq. Lakin bəziləri heç zərərçəkmişlə etik davranış qaydasını bilmədiyindən, onlara da təlim keçməli oluruq. Digər məsələ isə sosial müavinətlərin və pensiyaların çox az olması ilə bağlıdır”.
Həmsöhbətimiz bu sahədə olan problemlərin həlli yollarını təklif etdi: “Sosial xidmət sahəsində qanunvericiliklə bağlı islahatlarda mütləq peşəkar hesab edilən sosial işçilərdən dəstək alınmalıdır. Bu sahədə onlan boşluq və problemlərlə bağlı genişmiqyaslı tədqiqatlar aparılmalıdır. Buna uyğun olaraq təkliflər hazırlanmalıdr. Məlum məsələdir ki, sosial müdafiəyə ehtiyacı olan şəxslərin əksəriyyəti hansısa müavinat və pensiya ilə həyatlarını sürdürür. Lakin bir insanın bir ay normal yaşaması üçün hazırkı minimum əməkhaqqı çox aşağıdır. Eyni zamanda bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları dövlət təşkilatları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir. Çalışdıqları sahəylə bağlı öz təkliflərini hazırlayıb müvafiq qurumlara göndərə bilərlər. Digər bir problem isə ipoteka kreditlərinin verilməsindədir. Bu kreditlər əslində aztəminatlı ailələrin ev almasına şərait yaratmalıdır. Lakin hazırkı şərtlərlə bu cür ailələrin ev sahibi olması absurd məsələdir”.
Onun sözlərinə görə, ehtyacı olan insanların bu ipoteka kreditindən yararlana bilməməsi şərtlərin ağır olması ilə bağlıdr: “Hesab edirəm ki, şərtlər yüngülləşdirilməlidir. Ən aşağı gəliri olan şəxslər bundan yararlanmalıdır. Çünki ipoteka kreditləri aztəminatlıların ev alması məqsədilə verilir. Amma neçə aztəminatlı ailəni göstərmək olar ki, bu kreditdən yararlanıb? Hər il şərtlərin yüngülləşdirilməsi ilə bağlı dəyişiklik edilir, lakin hesab edirəm ki, bunlar kifayət etmir. Bu sahədəki problemlər araşdırılmalı və həllini tapmalıdır. Yoxsa, uzun illər ehtiyacı olan, lakin gəliri az olan şəxslərin ev arzuları reallaşmayacaq”.
“Başlıca məsələ sosial ədalətin təmin edilməsidir”
Ekspert xarici ölkələrdə sosial xidmətin necə təşkil olunmasına da aydınlıq gətirdi: “Əslində sosial xidmət elə sosial işdir. Bəzi ölkələrdə bu iki ifadəni bərabərləşdirirlər. İlk öncə bunu qeyd edim. Azərbaycanda bu sahə insanlar üçün yenidir. Ona görə çox vaxt qarışdırılır. Məsələn, ABŞ və Avropa ölkələrində bir çox sahələrdə - xəstəxana, həbsxana, otel və s. sosial işçinin xidmətlərindən istifadə olunur. Bizdə isə heç sosial işçi ilə sosial xidmətçi ayırd edilmir. Digər bir məsələ də ondan ibarətdir ki, artıq inkişaf etmiş ölkələrin əksəriyyəti (ən yaxşı nümunə kimi İsveçi göstərmək olar) artıq sosial siyasəti elə bir şəkildə həyat keçirirlər ki, sosial müdafiəyə ehtiyacı olan və aztəminatlı ailələrin maraqları müdafiə olunur. Və demək olar ki, artıq risk qrupları da digər insanlarla bərabər şərtlər altında yaşaya bilirlər. Burada başlıca məsələ sosial ədalətin təmin edilməsidir ki, bu məsələyə son vaxtlar az da olsa, ölkəmizdə rast gəlinir. Məsələn, fiziki qüsurlu olan şəxslər üçün yollarda pandusların yaradılması, onların istifadə edə biləcəyi nəqliyyat vasitələri və inklusiv təhsil sistemini bu sahədə uğurlu addımlardan hesab etmək olar”.
Gülnar Nəzərovanın sözlərinə görə, müvafiq qurumların (əsas da QHT-lərin) sosial işçi adı ilə cəlb etdiyi işçilərin əksəriyyəti ya başqa sahənin mütəxəssisidir, ya da orta təhsilli şəxslərdir: “Bu, hüquqşünasın həkim işləməsinə bənzəyir və ya əksinə. Bütün bunlar bayaq qeyd etdiyim kimi, insanların sosial işçini sosial xidmətçi ilə, bəzən də sosioloqla eyniləşdirməsi ilə bağlıdır. Hazırda Bakı Dövlət Unversitetində, eləcə də, Azərbaycan Universiteti və Azərbaycan Turizm İnstitutunda sosial işçilər həm bakalavr, həm magistr pilləsi üzrə hazırlanır. Onlar sosial xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul ola bilər. Sosial xidmətçi isə sosial-məişət xidmətləri göstərir. Qeyd edim ki, bu sahədə doktorantura pilləsi üzrə də təhsil verilir”.
“Bir
çox sahələrdə
problemlər var”
Azərbaycanda zorakılığa məruz qalmış qadınlarla bağlı sığınacaq yoxdur, baxmayaraq ki, beynəlxalq öhdəlik qəbul edilib. Qadınlarımız müxtəlif formalarda təzyiqlərə məruz qalırlar. Kriminal xəbərləri izləsək, elə burada nə qədər ictimailəşmiş fakt var. Amma sığınacaq yaradılmır, nəticədə zorakılığa məruz qalmış qadınların həyatı təhlükədə olur. Bununla bağlı həmsöhbətimizə “Bizdə qadın sığınacağı niyə yaradımır, buna mane olan nədir?” sualı ilə müraciət etdik.
“Azərbaycanda QHT nəzdində fəaliyyət göstərən sığınacaq var. Kiçik də olsa müəyyən qədər yardım göstərir. Dövlətin tabeçiliyində qadınlar və küçə uşaqları üçün sığınacağın yaradılması isə hazırda nəzərdə tutulub. Səhv etmirəmsə, qadınlar üçün nəzərdə tutulan sığınacaq Ailə, Qadın və Uşaq problemləri üzrə Dözlət Komitəsinin nəzdində fəaliyyət göstərəcək. Lakin nə vaxt tikintisinə başlanacağı və fəaliyyət göstərəcəyi hələ məlum deyil. Düzdür tək bu sahədə deyil, bir çox sahələrdə problem illərdir var, lakin zamanla müəyyən işlər görülür. Hesab edirəm, qısa müddət ərzində bu da öz həllini tapacaq”, -deyə cavab verdi ekspert.
“Qadın təhsilsiz olduqda…”
Gülnar Nəzərova deyir ki, sosial müdafiə sahəsində fəaliyyət göstərən təsisçsi olduğu “Sosial Qayğı və Tədqiqatlar” Mərkəzi yeni yaranıb: “Hazırda könüllü fəaliyyət göstərir. Əsasən QHT-lər və dövlət qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Faəliyyət istiqaməti sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial reabilitasiyası, maarifləndirmə və sosioloji tədqiqatların həyata keçirilməsidir. Hazırda təşkilatın maddi resursları olmadığından bu fəaliyyəti digər qurumlarla əməkdaşlıq şəraitində həyata keçirir. Qeyd etmək istərdim ki, əsasən insan alverindən zərərçəkmiş şəxslər və məişət zorakılığı qurbanlarına müəyyən yardımlar göstərilib. Bundan əlavə bu iki mövzu ətrafında maarifləndirmə tədbirləri və sosioloji tədqiqat həyata keçirilib. Eyni zamanda daxili imkanlar hesabına təşkilatın saytı və çap materiallarının hazırlanması istiqamətində işlər aparılır. Təşkilatın qeydiyyatdan keçməməsi layihələrin həyata keçirilməsində müəyyən çətinliklər yaradır. Lakin bu istiqamətdə də iş aparılır.
Əvvəldə də qeyd etdiyim kimi bu məsələ müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində həll olunur. Deməli, zərəçəkmişlərin sosial reabilitasiyası məqsədilə insan alveri qurbanlarına yardım mərkəzinə istiqamətləndirilir. Zərərçəkmişlərə hüquqi, psixoloji, tibbi yardım göstərilir, məşğulluğu təmin edilir və peşə kurslarına istiqamətləndirilir. Gələcək fəaliyyətimizdə gördüyümüz işin təkmilləşdirilməsini planlaşdırırıq. Bu proses İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı ilə tənzimlənir.
Əvvəla qeyd edim ki, məişət zorakılığı qurbanları da potensial insan alveri qurbanlarıdır. İstər məişət zorakılığından, istərsə də insan alverindən zərərçəkmiş şəxslərin bu problemlə qarşılaşmasının başlıca səbəbi iqtisadi problemlərdir. Məişət zorakılığından zərərçəkmişlərin əksəriyyəti iqtisadi baxımdan həyat yoldaşından asılı olur, qadın təhsilsiz olduqda və bir də uşaqları olduqda vəziyyət daha da qəlizləşir. İqtisadi baxımdan asılı olan qadın status baxımından da ikinci dərəcəli olur. Bu isə zorakılığa məruz qalmasına gətirib çıxara bilir. Boşanmış qadını ailə və cəmiyyət bir çox hallarda qəbul etmədiyindən qadın zorakılığa boyun əyir.. İnsan alverini yaradan əsas səbəblərdən biri də məhz elə iqtisadi amillərdir. İqtisadi durumun dözülməz olması bəzən zərərçəkmişləri insan alverçilərinin toruna asanlıqla düşməyə gətirib çıxarır. İnsan alverçiləri isə öz qurbanlarını hardan və hansı üsullarla cəlb edəcəklərini yaxşı bilirlər. Lakin bir nüansı da qeyd edim ki, insan alverçiləri bəzən bizim ən güvəndiyimiz, yaxınlarımız da ola bilər - bəzən valideyn, bəzən həyat yoldaşı və s. Bütün bunlardan heç kəs sığortalanmayıb. Lakin maariflənməklə həm məişət zorakılığı, həm insan alveri ilə mübarizə aparmaq olar. Bu sahədə biz də həm paytaxt, həm də bölgələrdə bu cür maarifləndirmə tədbirləri həyata keçiririk. Amma insanlar özləri də internetdən və bu sahədə hazırlanan çap materiallarından istifadə edərək maariflənə bilərlər”.
Ramid
Bizim yol.-2013.- 1 noyabr.- S. 13.