“7500-dən çox
uşaq bizdən yardım istəyib”"
Azərbaycan Uşaq Qaynar Xətt" xidməti uşaq və yeniyetmələrə ödənişsiz
xidmət göstərir
Azərbaycanda 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Lakin ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirib. Bununla əlaqədar 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin fəaliyyət istiqaməti müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsini təmin etməkdir. Eləcə də, müvafiq sahənin inkişafını təmin edir, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Komitənin vəzifələri bundan ibarətdir ki, öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaqdır. Həmçinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək, qaçqın və məcburi köçkün qadınların, uşaqların, aztəminatlı ailələrin sosial problemlərini öyrənmək və onların həlli üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldırmaqdır.
Dövlət tərəfindən görülən tədbirlərə baxmayaraq ölkədə uşaqlarla bağlı problemlər qalmaqdadır. Hazırda ölkədə uşaq problemləri ilə əlaqədar bir çox qeyri-hökumət təşkilatları da fəaliyyət göstərir. Bundan başqa problemi olan uşaqlara yardım göstərmək məqsədilə bir neçə “qaynar xətt” fəaliyyət göstərir.
Bu təşkilatlardan biri də "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətidir. Əməkdaşımız bu xidmətin rəhbəri Gülnar Ağayevadan müsahibə alıb. Müsahibədə uşaqların qarşılaşdığı problemlər və problemlərin həlli yollarından danışılıb.
Müsahibimiz bildirir ki, “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti 18 fevral 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və onun katibliyi funksiyasını həyata keçirən Ümidli Gələcək Gənclər Təşkilatının əməkdaşlığı əsasında və “Azercell” Telekom Şirkətinin mühüm texniki və maliyyə dəstəyi ilə, habelə UNİCEF, “Uşaqların Xilası” və “Dünyaya Baxış” beynalxalq təşkilatlarının dəstəyi ilə yaradılıb: “2013-cü ilin iyun ayından etibarən Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən (Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Sərəncamı, 09 Yanvar 2013), “Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası məqsədilə sosial-psixoloji xidmətlər” ("Azərbaycan Uşaq Qaynar Xətt" xidməti) layihəsi çərçivəsində Ümidli Gələcək Gənclər Təşkilatının xidmət mərkəzi olan "Azərbaycan Uşaq Qaynar Xətt" xidməti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə öz fəaliyyətini davam etdirir”.
“Bütün məlumatlar məxfi saxlanılır”
Gülnar Ağayeva "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin məqsəd və vəzifələrindən də söz açıb. Onun sözlərinə görə, xidmətin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa, yeniyetməyə və onların problemi ilə bağlı hər bir şəxsə psixoloji, hüquqi və sosial yardım göstərməkdir: “Eləcə də, hüquqları pozulan uşaqların üzləşdiyi çətinliklərin və problemlərin həllinə dair məsləhətlər vermək və müraciətlərinin digər müvafiq xidmətlərə yönləndirilməsini təmin etməkdən ibarətdir. Xidmət tam şəkildə ödənişsiz fəaliyyət göstərir. Xidmətin əsas iş prinsipi məxfilikdir. Uşaq Qaynar Xəttinə daxil olan bütün məlumatlar məxfi saxlanılır. Yalnız ehtiyac yarandıqda, əgər problemin həlli bunu tələb edirsə və müraciət edən buna razılıq verirsə, onun barəsində məlumat müvafiq təşkilat və şəxslərə ötürülə bilər”.
Müsahibimizin sözlərinə görə, yarandığı gündən bu günə qədər “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 7500-dən çox müraciət daxil olub: “Psixoloji müraciətlərin böyük əksəriyyətini valideyn-övlad münasibətləri, ailədaxili konfliktlər, yeniyetməlik dövründəki narahatlıqlar, imtahan stressi, ünsiyyət çatışmazlığı, aqressiv davranış və s. kimi problemlər təşkil edir. Hüquqi istiqamətdə daxil olmuş müraciətlərin isə daha çox hissəsini nigaha xitam verilməsi, alimentin alınması, doğum haqqında şəhadətnamənin və yaxud şəxsiyyət vəsiqəsinin alınması, eyni zamanda uşaqla ünsiyyət hüququ kimi problemlər təşkil edir”.
Şikayətlərin həlli mexanizimi necədir?
G.Ağayeva bildirir ki, “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətində uşaqlara yardım 2 mobil, 3 şəhərdaxili və toll-free nömrəsi ilə (012 480-22-80, 050 680 22 80, 088 480 22 80), həmçinin elektron poçt (yardim@usaqxetti.az <mailto:yardim@usaqxetti.az> ) vasitəsilə həyata keçirilir: “AvirTell Telecom şirkətinin dəstəyilə fəaliyyət göstərən toll-free (088 480 22 80) nömrəsi regionlardan gələn zənglərin ödənişsiz olması üçün nəzərdə tutulmuşdur. İlkin olaraq müraciət edən uşaqların problemləri psixoloqlar və hüquqşünaslar tərəfindən qiymətləndirilir. Məsələn, əgər uşaq psixoloji sarsıntı keçirirsə, ilkin olaraq onun emosional vəziyyəti sabitləşdirilir, problem psixoloq tərəfindən dinlənilərək analiz edilir və lazımi yardımlar göstərilir. Hüquqi müraciətlər isə hüquqşünaslar tərəfindən dinlənilərək hüquqi yardım göstərilir.
Mərkəzə zorakılığa məruz qalan uşaqlarla bağlı müraciət daxil olduqda, problem araşdırılaraq Ümidli Gələcək Gənclər Təşkilatının xidmət mərkəzi olan Zorakılığa Məruz Qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinə yönləndirilir. Mərkəzdə lazımi psixoloji, sosial və hüquqi yardımlar həyata keçirilir. Uşaqlarda mənfi sosial vərdişlər, çətin tərbiyə olunma hallar, deviant davranış müşahidə olunduqda Ümidli Gələcək Gənclər Təşkilatının digər xidmət mərkəzi olan Baxımsız və Hüquq Pozuntusu Törədən Uşaqların Sosial Reabilitasiyası və Sosial Hüquqi Xidmətin Təşkili Mərkəzinə yönləndirilir”.
Dövlət orqanları ilə əməkdaşlıq
O deyir ki, “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti dövlət orqanları və ödənişsiz fəaliyyət göstərən qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq edir: “Daxil olan müraciət qiymətləndirilərək müvafiq dövlət orqanına və qeyri-hökümət təşkilatına yönləndirmələr həyata keçirilir”.
Müsahibimiz uşaq sığınacağının da fəaliyyət göstərdiyini bildirdi: “Ümidli Gələcək Gənclər Təşkilatının xidmət mərkəzi olan Zorakılığa Məruz Qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzində zorakılıq qurbanları üçün sığınacaq fəaliyyət göstərir. Zorakılığa məruz qalmış uşaq və yeniyetmələr bizə müraciət etdikdə onlar psixoloji və hüquqi yardım məqsədilə Zorakılığa Məruz Qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinə yönləndirilir və ehtiyac yarandıqda sığınacaqda yerləşdirilir. Hər bir uşağın qayğıya, diqqətə və eyni zamanda qədərində nəzarətə ehtiyacı var. Öncədən uşaqların daha çox hansı problemlərlə üzləşdiyini qeyd etdik. Və bu problemlərin yaranmaması üçün hər bir şəxs öz ətrafına nəzər salmalı, heç bir uşağa biganə yanaşmamalıdır. Valideynlər, bağçada və eyni zamanda məktəbdə müəllimlər uşaqlara qarşı diqqət və qayğılarını əsirgəməməlidirlər. Belə olan halda problem yaransa belə, onun zamanında həlli ilə gələcəkdə daha ciddi problemlərin, fəsadların qarşısını almış olarıq”.
Maarifləndirici tədbirlər
Həmsöhbətimiz əlavə edir ki, xidmət uşaq hüquqları ilə bağlı maarifləndirici işlər də görüb: ““Azərbaycan Uşaq Qaynar Xətt” xidməti mütəmadi olaraq Bakı və Sumaqayıt şəhərində yerləşən məktəblərdə uşaq hüquqları, xidmət haqqında maarifləndirici tədbirlər həyata keçirir. Bu maarifləndirmə tədbirləri Azərbaycanın müxtəlif regionlarında da həyata keçiriləcək. Uşaqların və valideynlərin “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti haqqında məlumatlı olmaları məqsədilə 02 noyabr 2013-cü il tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Nərimanov parkında maarifləndirmə kampaniyası həyata keçirilmişdir. Tədbir zamanı uşaq və yeniyetmələrə, valideynlərə xidmət haqqında məlumat verilmiş və maarifləndirici bukletlər paylanılıb.
Bunlarla yanaşı, “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əməkdaşları Ümidli Gələcək Gənclər Təşkilatının xidmət mərkəzlərində reabilitasiya keçən uşaq və yeniyetmələr üçün psixoloji və hüquqi mövzularda təlimlər keçirir. Onu da qeyd etmək istərdik ki, Bakı Metropoliteninin dəstəyi ilə 2012-ci ildən etibarən Bakı Metropoliteninin vaqonlarında, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin dəstəyi ilə 2013-cü ildən etibarən isə Bakı şəhəri üzrə hərəkət edən marşrutlarda “qaynar xətt”ə məxsus plakatların yerləşdirilməsi həyata keçirilmiş və hal-hazırda da davam etməkdədir”.
Gülnar Ağayeva uşaqlarla bağlı fəaliyyət planından da danışdı: “Ümidli Gələcək Gənclər Təşkilatı 14 ilə yaxındır ki, fəaliyyət göstərir və bu müddət ərzində bir çox layihələr həyata keçirmişdir. Bu layihələr sırasında bəzilərinin adını çəkmək olar:
- Baxımsız və Hüquq Pozuntusu Törədən Uşaqların Sosial Reabilitasiyası və Sosial Hüquqi Xidmətin Təşkili Mərkəzinin təşkili;
- Uşaq Hüquqları Klinikasının təşkili;
- Sosial Təhlükəli Vəziyyətdə olan Zorakılığa Məruz Qalmış və Cinayətin Qurbanı olan Uşaqların Sosial Reabilitasiyası Mərkəzinin yaradılması;
- Uşaq Sosial və Maliyyə Təhsili layihəsi;
- Şən İdman Avtobusu layihəsi;
- İnsan alverinə və erkən nikaha qarşi mübarizə layihəsi.
Ramid
Bizim yol.-2013.- 8 noyabr.-
S. 13.