Yeni nazir ünvanlı sosial yardım siyasətindən narazıdır

 

Qalib Toğrul: “Ünvanlı sosial yardım sahəsində yeganə problem korrupsiyadır

 

Növbəti ilin yanvar ayından etibarən ünvanlı sosial yardımlar aztəminatlı ailələrə aylıq olaraq veriləcək. Ölkədə ünvanlı sosial yardımların verilməsində yeniliklər tətbiq ediləcək. Bu barədə dünən keçirdiyi mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyib. Xidmət rəisinin sözlərinə görə, indiyə qədər ünvanlı sosial yardımların verilməsi 2 aylıq olaraq verilirdi. Növbəti ilin yanvar ayından etibarən isə ünvanlı sosial yardımlar aztəminatlı ailələrə aylıq olaraq veriləcək.

“Ünvanlı yardımların təyinatı sahəsində şəffaflığın təmin olunması istiqamətində daha bir yenilik olaraq əmək haqları, pensiyalarsosial müavinətlər kimi ünvanlı yardımlar da növbəti ilin yanvar ayından etibarən aylıq hesablara köçürüləcək. Bununla da ünvanlı sosial yardımların ödənişində hər hansı bir gecikmə tam aradan qaldırılacaq”, -deyə Çingiz Əliyev bildirib.

O qeyd edib ki, ünvanlı sosial yardım, adından da göründüyü kimi, əhalinin aztəminatlı təbəqəsinə ünvanlı olaraq çatdırılmasını nəzərdə tutur: “Amma çox təəssüflər olsun ki, bu məsələdə bu günə kimi istənilən müsbət nəticələr qeydə alınmayıb. Nazirlik tərəfindən ünvanlı sosial yardımdan başqa, aztəminatlı ailələrə sosial müavinətlər, Prezident tərəfindən verilən müəyyən təqaüdlər, birdəfəlik müavinətlər verilir. Ancaq acınacaqlı hal ən çox ünvanlı sosial yardımların verilməsi ilə bağlıdır. Ona görə həm nazir, həm də xidmətin rəhbərliyi bu məsələni ciddi nəzarətdə saxlayacaq. İlkin araşdırmalar nəticəsində rəqəmlərin də təhlili göstərir ki, aztəminatlı ailələrə verilən sosial təminatda rayonlarla müqayisədə bəzi uyğunsuzluqlar mövcuddur. Əhalinin sayı çox olan rayonlarda aztəminatlı ailə də çox olmalıdır. Ancaq müvafiq rəqəmləri təhlil edəndə bu məsələdə bir çox uyğunsuzluqların şahidi olduq. Hazırda ünvanlı sosial yardımın təyin edilməsi, onun lazımi şəxslərə çatdırılması sahəsində düzgünlüyün təyin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Ünvanlı sosial yardımın verilməsində mövcud olan problemlərin həlli məsələsində heç bir şəhərrayon kənarda qalmayacaq”.

“Ünvanlı sosial yardım sahəsində yeganə problem korrupsiyadır”

Ünvanlı sosial yardımlarla bağlı hansı problemlər var? Bubaşqa suallarımıza cavab almaq üçün iqtsidaçı-ekspert, İqtisadi Təhqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrula müraciət etdik.

Onun sözlərinə görə, ünvanlı sosial yardım sahəsində yeganə problem korrupsiyadır: “Baxmayaraq ki, ünvanlı sosial yardımla bağlı qanunvericlilikdə dəyişikliklər və təkminləşdirmə olub, bu problem qalır. Ona görə ki, korrupsiya sırf idarəçiliklə bağlı sahədir. Xatırlayırsınızsa, əvvəllər ünvanlı sosial yardımı karta köçürmürdülər. Bu problemin qarşısını almaq üçün sonradan karta köçürdülər. Ancaq bunda da yol tapıldı, korrupsiya faktları oldu. Belə ki, kart ünvanlı sosial yardımı alan adama müvafiq hökumət təşkilatı tərəfindən verilmədi, özlərində saxlayırdılar. Beləliklə, məmurlar müavinəti mənimsəyirdilər. 5-6 aydan sonra kart ünvanlı sosial yardım alacaq şəxsə verilirdi. Mən öncə dedim ki, korrupsiyaya səbəb mərkəzi idarəçilik idi. Bu dediklərimi bununla əsaslandırıram. Deməli, korrupsiyanın bütün rayonlarda olması əsas verir ki, korrupsiyanın mənbəyi mərkəzi icra hakimiyyətidir. Bir rayonda korrupsiya olmasa, deyə bilərəm ki, hə, bu yerlərdə şəxslərin nəfsində olan problemdir. Amma korrupsiya çirkablığı hər rayonda var idi”.

“Məqsədlə reallıq bir-birinə uyğun gəlmir”

İqtisadçı-ekspert Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyevin açıqlamasına da münasibət bildirdi: “Sirr deyil ki, ünvanlı sosial yardımla bağlı korrpusiya problemi qanunverciliklə bağlı deyil, şəxslərlə bağlıdır. Ümid edək ki, yeni təyin olunmuş əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslimov bu problemi həll edəcək”.

Qalib Toğrulun sözlərinə görə, ünvanlı sosial yardımın verilməsində olan məqsədlə reallıq bir-birinə uyğun gəlmir: “Ünvanlı sosial yardımın verilməsində məqsəd aztəminatlı ailələri ölməyə qoymamaqdır. Bu ailələrin sosial vəziyyətini yaxşılaşdırmaqdır. Ehtiyac meyarı 93 manatdır. Bu meyarın rəqəmi çox aşağıdır. Ünvanlı sosial yardım alan fərdlərin sayı bəzən 700 min nəfəri də keçib. Ünvanlı sosial yardım almaq üçün hər ailə üzvünə düşən gəlir 93 manatdan artıq olmamalıdır. Bu, ehtiyac meyarıdır. Ölkədə minimum əməkhaqqı 93 manat 50 qəpik, yaşayış minimumu 116 manatdır. Ünvanlı sosial yardımın məbləği hesablanan zaman ehtiyac meyarı yox, yaşayış minimumu əsas götürülməlidir. “Ünvanlı sosial yardım haqqında” qanunda da ehtiyac meyarının yaşayış minimumuna çatdırılması tələbi qoyulub. Ehtiyac meyarının heç bir iqtisadi əsası yoxdur. Onu ölkə Prezidenti büdcə paketi ilə birgə təsdiqləyir. Ehtiyac meyarının hansı iqtisadi hesablamalar əsasında müəyyənləşdirilidiyi qaranlıqdır. Amma yaşayış minimumunu Nazirlər Kabineti konkret ərzaq, qeyri-ərzaq, xidmət növündə 3 kateqoriya üçün (uşaqlar, əmək qabiliyyətli əhali və pensiyaçılar) hesablayır. Düzdür, onların da hesablamasını obyektiv saymaq olmaz. Ancaq hər halda ehtiyac meyarından yüksəkdir. Bizim hesablamalarımıza görə, yaşayış minimumu 116 manat yox, 210-215 manatdır.

Nəzərə alın ki, ailənin gəlirinə pensiya və təqüdlər də şamil edilir. Bu, arzuolunmazdır. Bir ailənin yaşaması üçün bu meyar yetərli deyil. Bu ailələr məşğulluqla təmin olunmalıdırlar, yəni yerləri açılmalı, sosial qayğıya ehtiyacı olan ailələrin problemini azaltmaq üçün bu ailələrin üzvləri işə qəbul edilməlidirlər. Sirr deyil ki, aztəminatlı ailələrin səhiyyə və təhsil problemi olur. Bu ailələrin işləmələri bu problemin də həllinə dəstək olar. Hesab edirəm ki, ehtiyac meyarı yaşayış minimumuna bərabərləşdirilməlidir. Bizdə yoxsulluq həddini ehtiyac meyarı ilə müəyyən edirlər. Mənə elə gəlir ki, bu da reallığı əks etdirmir. Dövlət pul imkanlarını vətəndaşa yönəltməlidir”.

“Rəhbərliyinin yanaşması dəyişməlidir”

“Ünvanlı sosial yardımın şərtlərinə düzəliş edilməsinə və müraciət qaydasının sadləşdirilməsnə ehtiyac varmı?” sualına cavab olaraq iqtisadçı-ekspert bildirir ki, buna ehtiyac yoxdur: “Füzuli Ələkbərovun dövründə korrupsiyanın qarşısını almaq üçün sənədlərin qəbul edilməsində dəyişiklik etdilər. Ancaq bununla da korrupsiya problemi həll olunmaldı. Bu sahə ilə bağlı qanunvericilik arzuolunandır, nə gərəkdirsə, qanunda var. Sadəcə mərkəzi icra hakimiyyətinin rəhbərliyinin sosial yardımın verilməsinə yanaşması dəyişməlidir”.

Qalib Toğrul bildirir ki, xarici ölkələrdə ünvanlı sosial yardım olmasa da, buna bənzər sosial proqramlar, layihələr var: “Onlarda sosial tədbirlər başqa şəkildə əhaliyə təqdim olunur, həyata keçirilir. Azərbaycanda ünvanlı sosial yardımın hazırlanması Polşa təcrübəsinə əsaslanır. Başqa ölkənin layihəsini, proqramını götürüb öz ölkəndə həyata keçirmək arzuolunan deyil. İstənilən nəticəni təlqin etməklə əldə etmək olmaz. Xarici ölkələrin təcrübəsində belə bir hal var. Belə ki, hökumət vətəndaşlara müraciət edir, sosial yardım almaq istəyənlər də bundan istifadə edə bilirlər. Yəni dövlət özü aztəminatlı vətəndaşı axtarır, dövlət özü vətəndaşına müraciət edir.

Adətən, sosial yardım alanların sayı qeyri-real olaraq azaldılır. Səhv etmirəmsə, 2009-cu ildə ailələrin sayı 163 min olmuşdu. Vaxtı oldu ki, sonradan yardım alanların sayı çox oldu. Rəqəmlər gerçəkliklə uyğun deyil. Bu da maraqlara görə edilir. 2012-ci ildə 120 min ailənin sosial yardım aldığı açıqlandı. Yenə qeyd edirəm, rəqəmlər reallığı əks etdirmir. Gəlin, yoxsulluqla bağlı məsələyə də diqqət yetirək. Rəsmi statistikaya görə, Azərbaycanda yoxsulluq azalır. 2001-ci ildə yoxsulluğun 49 faiz olduğu göstərilirdi, 2012-ci ildə yoxsulluq 9 faiz göstərildi. Ancaq illərə baxanda yoxsulluğun azalması ilə bağlı rəqəmlərlə sosial yardım alanların sayı uyğunlaşmır, deməli yoxsulluğun azalması ilə bağlı rəqəm reallığı əks etdirmir. Şou xarakterli rəqəmlərdir, guya ki, ölkədə insanların rifahı yaxşılaşıb, əhalinin həyat şəraiti yaxşılaşdırılıb”.

Rayonlar üzrə ünvanlı sosial yardım alan vətəndaşların adları niyə açıqlanmır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sosial yardımın alınması üçün ailəni təmsil edən şəxs yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə xüsusi ərizə forması (1 nömrəli əlavə), “Ailənin gəlir və əmlakı haqqında bəyannamə” (2 nömrəli əlavə) və “Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılması məqsədi ilə uyğun vasitələrin müəyyən edilməsi üçün sorğu anketi” (5 nömrəli əlavə) ilə müraciət etməlidir.

Ailəni təmsil edən şəxs ailə üzvləri tərəfindən ailənin yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan üzvləri arasından könüllü seçilir. Bu barədə ailə üzvlərinin müvafiq orqan (notariat orqanı və ya icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyi) tərəfindən təsdiq edilmiş ərizəsi təqdim olunur. Ailənin tərkibi və gəlirlərindən asılı olaraq zəruri hallarda müvafiq orqanlardan əlavə sənədlər tələb oluna bilər.

Bu sahədə şəffaflığı təmin etmək üçünBütün rayonlar üzrə ünvanlı sosial yardım alan vətəndaşların adları niyə açıqlanmır?” sualımıza qurum belə cavab verib: “Ünvanlı sosial yardım təyinatı aparılmış ailələrin siyahısı hər ay müvafiq olaraq bütün rayon (şəhər) icra hakimiyyətlərinə təqdim olunurrayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərində elanlar lövhəsində yerləşdirilir”. Bu sualda isə biz siyahının mərkəzlərdə deyil, konkret nazirliyin öz saytında yerləşdirilməsini və bu yolla məlumat almaq istəyən hər bir şəxs üçün açıq olmasını nəzərdə tutmuşduq.

 

      Ramid 

 

      Bizim yol.-2013.- 9 noyabr.- S. 13.