3600 vətəndaşımızı “sümürən”
bəla…
Azərbaycanda QİÇS fəlakəti və bu xəstəliyin qurbanlarının durumu müzakirəyə çıxarıldı
Dünən HİV-lə yaşayan insanların hüquqlarının təminatı ilə bağlı hazırkı vəziyyətə dair ictimai müzakirə keçirildi. Hazırda bütün bəşəriyyəti narahat edən problemlərdən biri də hər yerdə "SPİD" adlandırdığımız qazanılmış immun çatışmazlığı sindromu - QİÇS-lə mübarizədir. Bu qorxulu xəstəliyi virus törədir. Xəstəliyin beynəlxalq işarəsi AİDS-dir (ing: Acquired Immune Deficiency Syndrome).
Qeyd edək ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infesksiyasının son mərhələsidir. QİÇS-in təzahir formaları özünü çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə biruzə verir. Sadə şəkildə desək, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir
Xəstəliyin hazırda letallıq göstəricisi 100 faizdir. QİÇS zamanı ölüm ya opportunist infeksiyalardan, ya da bəd xassəli şişlərdən və onların yayılmasından (metastazvermə) baş verir. QİÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verə bilir: Cinsi yolla - xüsusilə də, paraseksual (qeyri-təbii) əlaqələr zamanı.
Damardaxili inyeksiyalar yolu ilə - narkomanlar tərəfindən narkotik maddələrin damar daxili qəbulu zamanı; içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı; virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı və s.
Transplasentar yolla - xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi. Xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir.Ümumiyyətlə QİÇS xəstəliyi kişilərdə qadınlara nisbətən 15-20 dəfə çox rast gəlinir. Narkomanlar isə homoseksuallardan sonra ikinci yeri tuturlar - 20-25 faiz. Bundan sonra isə xəstəlik hemofiliyalı xəstələrdə və digər qan resipientlərində, təsadüfi heteroseksual əlaqələrdə olan şəxslərdə və s. rast gəlinir. Təxminən 6% hallarda isə infeksiyanın yoluxma mənbəyi aşkar oluna bilinmir (kriptogen).
QİÇS-lə xəstə şəxslərdə və eləcə də virusdaşıyıcılarda bu xəstəliyin virusları ən çox qanda, spermada, beyin daxili likvorda olur. Orqanizmdə olan digər maye və ifrazatlarda, o cümlədən də ağız suyunda, göz yaşlarında, vaginal sekret mayesində HİV-viruslar (HİV-Human İmmunodeficiency Virus, yəni İİV-İnsan İmmunçatışmazlıq Virusu) çox az rast gəlinir. İmmun sistemin virus mənşəli infeksion xəstəliyi olan QİÇS immun sistemin tam depressiyasına, şərti-patogen (məsələn, pnevmosist pnevmoniya) infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, onkoloji xəstəliklərin (məsələn, Kapoşi sarkoması) inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da ölümlə nəticələnirlər. QİÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində var və böyük sürətlə də artmaqda davam edir. Belə hesab edilir ki, hər il yoluxmuş və xəstə şəxslərin sayı 2 dəfə artır.
Xəstəliyin nozologiya cəhətdən adı əslində HİV infeksiyadır. QİÇS isə bu infeskiyanın sonunda, onun ağırlaşması və son nəticəsi kimi meydana çıxan bir əlamətdir. Lakin bu infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan etibarən onun adına QİÇS deyildiyi üçün bu günə qədər də bu xəstəliyin adlandırılmasında bu termindən istifadə edilir. Belə güman edilir ki, xəstəlik XX əsrin 50-ci illərində Mərkəzi Afrikada başlanmış və yeni mutant virus yerli əhaliyə meymunlardan keçmişdir. Afirkadan isə xəstəlik Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılıb. Xəstəlik ilk dəfə 1981-ci ildə ABŞ-da homoseksualistlər arasında aşkar olunub.
“Bilik virusa qarşı yeganə
vaksindir”
Mətbuat
konfransında bildirildi ki, HİV/AİDS problemi son dərəcə
aktual problemlərdən biridir. "Gender və Tərəqqi"
Maarifləndirmə İctimai Birliyinin sədri Kamran Rzayev
bildirir ki, hal-hazırda dünyada epidemiyanın inkişafı
tendensiyası təhlükəlidir: “Epidemiya ilk növbədə
ona görə artır ki, bizlərin bir çoxu HIV/AIDS-in hər
birimizə aid olması haqqında düşünmür və
özümüzü və yaxınlarımızı qorumaq
üçün heç bir tədbirlər
görülmür. HİV epidemiyası bu gün ölkəmizdə
əhalinin bütün sosial təbəqələrinə
toxunur və bilavasitə sənə, sənin partnyoruna,
qohumuna, dostuna, tanışına, sinif və iş
yoldaşına aiddir. Bütün bu ciddiliklərə
baxmayaraq, bu problemləri və epidemiyanı dayandırmaq
mümkündür və hər birimiz bu problemin həllinin
bir hissəsi ola bilərik. Hər birimiz HİV haqqında
düzgün informasiya almaq seçimini edə bilərik -
bugünkü gün bilik virusa qarşı yeganə vaksindir.
HİV, onun profilaktikası və müalicəsi haqqında əsas
informasiyaya malik olmaq və anlamaq özümüzdən
başlayaraq epidemiyanın artım tempinin aşağı
salınması və HİV-lə yaşayan insanlara səbrli
münasibətin formalaşmasına şərait yaradacaq qərarların
qəbul edilməsi üçün imkan yaradacaqdır. Bir
neçə faktlar haqqında məlumata sahib olmaq və
onları anlamaq minlərlə və milyonlarla insan həyatını
xilas edə bilər”.
Kamran
Rzayev deyir ki, milli adət-ənənələrimiz, dini
qaydalarımız xəstəliyin xeyli müddət
qarşısını ala bilmişdi. Lakin müasir gənclərimizin
bu adət-ənənələri unutması, respublikamıza
xarici vətəndaşların axını və s. xəstəliklə
mübarizəyə daha ciddi yanaşılmanı tələb
edir.
“Bu, insanın immun sistemini
parçalayan infeksion xəstəlikdir”
Qlobal
Fondun Azərbaycan nümayəndəliyindən Sevinc
Topçubaşova bildirdi ki, immun
çatışmazlığı virusunun törətdiyi
infeksiya uzunmüddətli gedişə malik olub, bir neçə
müxtəlif mərhələdən ibarətdir: “Elə
buna görə alimlərin əksəriyyəti bütün xəstəliyi
“İİV (insanın immun çatışmazlığı
virusu) infeksiyası” termini ilə ifadə etməyi vacib
sayır. QİÇS epidemiyasını pandemiya
adlandırmağa başlayıblar ki, bu da əslində
infeksiyanın bütün yer kürəsinə
yayıldığını göstərir. Son zamanlar xəstəlik
daha intensiv yayılaraq, epidemioloji mərkəz artıq Asiyada
yerləşmək ərəfəsindədir. Bu bizi daha
çox narahat etməlidir. Seksual kontaktları olmayan, eləcə
də normal sağlam cinsi həyat tərzi keçirən və
bir cinsi partnyoru olan, intim həyatda qarşılıqlı sədaqəti
qoruyan şəxslər QİÇS xəstəliyindən
xeyli qorunmuş olur. Xəstəliyin yoluxma yollarını və
onlardan qorunma tədbirlərini bilən, əməl edən
şəxslər də QİÇS virusları ilə
yoluxmurlar”.
Mütəxəssisin
sözlərinə görə, QİÇS insanın immun
sistemini parçalayan infeksion xəstəlikdir: “İmmun sistem
orqanizmin müxtəlif infeksion xəstəlik törədicilərindən
və yad maddələrdən müdafiəsini təmin edən
reaksiya və mexanizmlərinin məcmusudur. İnsan orqanizmində
bu funksiyam yerinə yetirən timus vəzi, sümük iliyi,
limfa düyünləri, dalaq, qaraciyər və s.
orqanlardır. İmmun sistemin mühüm hüceyrələri
limfositlər, makrofaqlar və monositlərdir. Sinir sisteminin
hüceyrələri də QİÇS törədicilərinə
qarşı çox həssasdır. İİÇV bilavasitə
qaraciyər, ürək, sümük və başqa
orqanların hüceyrələrini zədələyir.
QİÇS virusu seçici surətdə, xüsusən
limfositləri zədələdiyindən, onlar orqanizmi xarici və
daxili düşmənlərdən - infeksion xəstəlik
törədicilərindən qorumaq funksiyasını yerinə
yetirə bilmir. Nəticədə adi halda insan orqanizmi
üçün təhlükəli olmayan mikroorqanizmlər
ölümlə nəticələnən infeksiyaların
inkişafına səbəb olur. Eləcə də
pozulmuş immun sistemi fonunda bədxassəli şiş
hüceyrələri zərərsizləşdirilmir və
sürətlə artıb çoxalır ki, bu da təhlükəli
bədxassəli şişlərin artmasına səbəb
olur”.
O qeyd etdi
ki, QİÇS-ə yoluxmuş bir çox şəxslər
qısa müddət ərzində xəstələnir və
ölürlər: “Digərləri isə uzun illər virusgəzdirici
kimi yaşayırlar. QİÇS virusu ilə yoluxduqdan sonra
inkubasiya dövrü (gizli dövr) 3-6 həftə çəkir.
Sonra xəstəliyin kəskin mərhələsi
başlanır. Xəstəliyin əsas əlamətləri:
titrətmə, angina, limfa düyünlərinin böyüməsi,
dəridə səpgilər və s. Sonra əlamətlər
keçib gedir, xəstə virusgəzdirici kimi sağlam
adamlardan seçilmir. Növbəti mərhələdə
boyun, qoltuqaltı, dirsək və s. limfa düyünlərinin
böyüməsi, bəzi xəstələrdə titrətmə
ola bilər. Sonrakı mərhələdə isə xəstəliyə
aid olmayan əlamətlər özünü büruzə
verir: qızdırma, çox arıqlama, ümumi zəiflik,
iş qabiliyyətinin və yuxunun pozulması və s.
QİÇS ikincili infeksiyalar və bədxassəli
şişlərlə müşayiət olunur və
ölümə səbəb olur. Göstərilən əlamətlər
hər bir şəxsi İİÇV infeksiyasından
şübhələnməyə və müayinəyə
vadar etməlidir”.
Azərbaycanda
vəziyyət
Sevinc
Topçubaşovanın sözlərinə görə, Azərbaycanda
HİV-ə yoluxma səviyyəsinin göstəricisi digər
ölkələrlə müqayisədə
aşağıdır və bu problem daim Səhiyyə
Nazirliyinin nəzarətindədir: “HİV infeksiyasına
yoluxma daha çox narkotik istifadəçiləri arasında
geniş yayılıb. Belə ki, HİV yoluxması aşkar
olunmuş 330 nəfərdən 210-unda yoluxma məhz narkotik
istifadəsi nəticəsində yaranıb. Azərbaycanda
2009- cu ilin 9 ayı ərzində HİV- ə yoluxmuş 330
şəxsdən 319-u Azərbaycan vətəndaşi, 11 nəfəri
isə əcnəbi vətəndaşıdır. Qeydiyyata
alınmış 319 Azərbaycan vətəndaşından
277-si kişi, 42-si isə qadındır. Bu dövr ərzində
AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının
sayı 59 nəfər vəfat edib. HİV- ə yoluxmuş Azərbaycan
vətəndaşlarından 98 nəfəri respublikadan kənarda
yoluxub. Qeyd etmək lazimdir ki, Azərbaycanda HİV
infeksiyası ilk dəfə 1987 ci ildə aşkar edilib.
Azərbaycanda
ilk dəfə olaraq 08.11.2006-cı il tarixdən etibarən
HİV-ə yoluxmuş insanlar Səhiyyə Nazirliyi tərəfindən
pulsuz qaydada Respublika QİÇS-lə Mübarizə mərkəzində
antiretrovirus preparatları ilə müalicəyə cəlb olunub.
Bu müalicədə 287 nəfər iştirak edir. Respublikada
AİDS problemi ilə əlaqədar ictimai və beynəlxalq
təşkilatlarla əməkdaşliq davam edir”.
“Artıq xaricdən maliyyə gəlməyəcək”
Kamran
Rzayev sonda əlavə etdi ki, 2012-ci ilin statistikasına əsasən,
Azərbaycanda 3600 nəfər HİV-ə yoluxub: “Bu o demək
deyil ki, ölkədə HİV-ə yoluxanların sayı bu
qədərdir. Qeydiyyatdan keçməyən xəstələr
də var. Hansı ki, bizim təşkilat bu xəsətələrlə
işləyir, onları müalicə edirik. Bu şəxslərə
xəstə olduqlarını bildiririk, maarifləndiririk. Biz
QHT olaraq bu təbirləri Qlobal Fondun maliyyə dəstəyi əsasında
həyata keçiririk. Layihənin vaxtı 2015-ci ilə qədərdir.
Layihə üçün 12 milyon vəsait
ayırılıb. Daha xaricdən bu məsələ ilə
bağlı pul ayırılmayacaq. Ölkədə bu xəstəlikdən
əziyət çəkən insanların olduğunu
düşünərək Nazirlər Kabinetinə, Səhiyyə
Nazirliyinə və Qeyri-Hökumə Təşkilatlarına
Dövlət Dəstəyi Şurasına müraciət edəcəyik.
Müraciətdə xəstəliyin qarşısının
alınması üçün görülə biləcək
işlərdən və bunun üçün gərək
olan maliyyədən söz açılacaq”.
Ramid
Bizim yol.-2013.- 14 noyabr.- S.13.