“Əlillərə sosial baxış yoxdur, sadəcə tibbi baxış var

 

Fiziki qüsurlu insanların problemləri ictimai müzakirəyə çıxarıldı

 

Əlillərin Cəmiyyətə İnteqrasiyasıİctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə, “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkiliadlı layihəsini uğurla həyata keçirməkdədir. Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin (ƏOŞ) hüquqları və ehtiyacları barədə ictimai məlumatlılığın artırılması, Azərbaycan Respublikasının sosial qanunvericiliyi və beynəlxalq konvensiyalar sahəsində hüquqi biliklərinin və hüquqi mədəniyyətin səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Həyata keçirilən layihənin fəaliyyət planına uyğun olaraq 14 noyabr 2013-cü il tarixində Şirvan şəhərində aidiyyəti dövlət orqanlarının rayon şöbələrinin, yerli icra nümayəndələrinin, bələdiyyələrin, əlilliyi olan şəxslərin özlərinin, o cümlədən onların təmsil olunduğu və digər ictimai təşkilatların iştirakı ilə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılması” mövzusunda dəyirmi masa keçirildi. Burada məlumat verildi ki, bu layihə çərcivəsində əlilliyi olan şəxslərin hüquqi statusunu, reabilitasiyasını, təhsil, əmək, sağlamlığının mühafizəsi, sosial təminat, sosial xidmət və digər hüquqlarını özündə əks etdirən bukletin nəşr edilməsi, onların hüquqları ilə bağlı Bakıda daha 4 inzibati ərazi vahidində (Gəncə və Şirvan şəhərləri, AbşeronQazax rayonları) əlilliyi olan şəxslərin, onların ailə üzvlərinin, əlil təşkilatlarının nümayəndələrinin və müvafiq qeyri-hökumət təşkilatları üzvlərinin iştirakı ilə təlimlərin və ya ictimai müzakirələrin təşkil edilməsi nəzərdə tutulub.

Eyni zamanda layihə müddətində əlilliyi olan şəxslərə, onların ailə üzvlərinə, əlil təşkilatlarının nümayəndələrinə, qeyri-hökumət təşkilatları üzvlərinə və digər insanlara hüquqi yardım göstəriləcək, həmin şəxslərin hüquqları dövlət qurumlarında və məhkəmə orqanlarında müdafiə ediləcəkdir. Bundan əlavə əlilliyi olan şəxslərin hüquqlarına dair qanunvericilik bazasının təhlil edilməsi və müxtəlif sosial məsələlərlə bağlı dövlət proqramların nəzərdən keçirilməsi də qarşıya qoyulan vəzifələr sırasındadır. Həmin şəxslərin hüquqları ilə bağlı qanunvericiliyin araşdırılmasının, sosioloji sorğuların keçirilməsinin, dəyirmi masaların təşkilinin, layihədə nəzərdə tutulan digər fəaliyyətlərin və araşdırmaların nəticəsi olaraq, “Əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsinə dair Tövsiyələr” adlı yekun sənəd hazırlanaraq ictimai müzakirəsi keçiriləcək və həmin tövsiyələr baxılmaq üçün müvafiq dövlət orqanlarına təqdim ediləcək.

Layihənin hüquqşünas-eksperti, əmək və sosial təminat hüquqları üzrə tanınmış alim, BDU-nin professoru Mayis Əliyev bildirdi ki, əlilliyi olan şəxslərin hüquqlarına dair qanunvericiliyin müasir vəziyyəti və inkişaf prespektivləri, onların pozulmuş hüquqlarının inzibati və məhkəmə qayadasında müdafiəsi məsələləri barədə hüquqi maarifləndirmə xarakterli məlumatlar verilib, sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsinə maneəsiz müyəssər olmasının vacibliyi, aidiyəti dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyələrin, vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əməkdaşlığının əhəmiyyəti vurğulanmış və tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Tədbirdə MQF-nın Şirvan QHT-lərin Resurs və Təlim Mərkəzinin rəhbəri Əli Mirzəyev, Çernobıl Əlilləri İttifaqı Şirvan şəhər şöbəsinin, Qarabağ Qaziləri Birliyinin Şirvan regional şöbəsinin, “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin nümayəndələri və digər şəxslər mövzu ilə bağlı çıxışlar edərək əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafı baxımından bu kimi tədbirlərin davamlı şəkildə, xüsusilə də regionlarda keçirilməsinə böyük ehtiyac olduğunu bildirdilər. Tədbir iştirakçıları tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının təmini vəziyyəti barədə geniş müzakirələr aparıldı. “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin adı çəkilən layihə çərçivəsində nəşr etdirdiyi əlilliyi olan şəxslərin hüquqi statusu və onların sosial müdafiəsi ilə bağlı ümumi xarakterli qısa məlumatları özündə əks etdirən buklet iştirakçılar arasında paylanıldı.

346 min əlil...

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri Ramilə Mahmudova bildirdi ki, əlilliyi olan insanlara qarşı xüsusi diqqət, qayğı hər bir kəsin borcu, vəzifəsidir: “Onların cəmiyyətə inteqrasiyasını təmin etmək, mövcud komplekslərindən qurtulmalarına nail olmaq, eləcə də problemlərini həll etmək sağlam insanların qarşısında duran ən vacib məsələlərdən olmalıdır. Unutmaq olmaz ki, onların cəmiyyətdə digər insanlarla bərabər hüquqlu yaşamaq haqqı varbu onlar üçün çox vacibdir. Qeyd edim ki, bərabər imkanlar cəmiyyətinin əsas prinsipləri ilk dəfə BMT-nin 1993-cü ilin dekabrında qəbul olunmuş əlilliyi olan insanlara bərabər imkanların yaradılması üzrə standart qaydalarında təqdim olunub. “Bərabər imkanların təmin olunması” termini xidmət, fəaliyyət növləri, informasiyasosial infrastruktur kimi cəmiyyətin müxtəlif sistemlərini və ətraf mühiti hər bir kəs, xüsusən də əlilliyi olan şəxslər üçün müyəssər edən prosesi ifadə edir. Bu gün isə Azərbaycan Respublikasının qanunvericiliyində də ölkədə əlillərin sosial müdafiəsini, reabilitasiyasını təmin edən qanun və dövlət proqramları fəaliyyət göstərir. Əlilliyi olan insanların xoş rifahı naminə qanunvericilikicra qurumlarında həlli vacib olan amillər və bu sahədə mövcud problemləri müzakirə olunca biləcək məsələlərdir”.

R.Mahmudova Azərbaycanda əlilliyin artması məsələsinə də toxunanaraq dedi ki, 2008-ci ildə 286 min insan əlilliyə görə təqaüd alırdısa, gələn ilə proqnozlaşdırılan rəqəm 346 min nəfər təşkil edəcək. 6 ilə bu rəqəm təxminən 61 min nəfər artıb”.

İmkanlar məhduddur”

Ramilə Mahmudovanın sözlərinə görə, bu gün əlilliyin sosial müdafiəsində ən başlıca prinsip ünvanlılığın təmin olunması, sosial ədalətin bərpa olunması və əlillər üçün hər cür şəraitin yaradılmasıdır: “Bu gün əlilliyin sosial müdafiəsində ünvanlılığın təmin olunması, sosial ədalətin bərpa olunması və əlillər üçün hər cür şəraitin yaradılmasında uğurlar var. Ancaq problemyox deyil. Hələ ki, cəmiyyətdə əlillərin kifayət qədər problemləri var. Problemlər əsasən nədən ibarətdir? Birincisi, şəhərin infrastrukturu, yaşayış məskənlərinin, məşğuliyyət və təhsil sahələrinin, eləcə də başqa sahələrin əlilliyi olan insanlar üçün uyğun olmamasıdır. Məsələn, görma qabliyyətini itirmiş insan üçün arzuolunan səviyyədə şərait yaradılmayıb. Tutaq ki, əlilin yaşadığı mənzildən harasa getməsi əksər hallarda qeyri-mümkündür. Şərait yoxdur. İmkanlar məhduddur. Yaşayış binasında liftlər, küçələrdə səkilər əlillərin hərəkəti üçün uyğunlaşdırılmalıdır.

Ölkənin qanunvericilik bazasında qanunvericiliyin bu gün ilkin bəzi institutları müəyyənləşib, çərçivə qanunlarımız var. Yəni həmin qanunlarda əlillərin sosial reabilitasiyası, sosial müdafiəsi haqqında maddələr olmaqla qanunvericiliyin mövcud ümumi bazası əlillərin sosial müdafiəsinə xidmət edir. Ümumiyyətlə, dövlət elə qanunlar qəbul etməlidir ki, insan özü özünü müdafiə edə bilsin.

Biz əlillərin sosial müdafiəsindən danışarkən məmur-vətəndaş təmasına da xüsusi toxunmalıyıq. Çünki bu da vacib məsələlərdən biridir. Məsələn, görülən son işlərdən biri elektron xidmətlərə çıxışın təmin edilməsidir. Adamların müavinətləri xüsusi bankomatlar vasitəsi ilə ödənilir. Beləliklə, məmurla vətəndaşın kontaktı qismən azaldılıb”.

“Dövlət onların sosial təminatı ilə məşğuldur”

İctimai Birlik rəhbərinin sözlərinə görə, əlillərə cəmiyyətdə sosial baxış təmin olunmalıdır: “Təəssüf ki, fiziki məhdudiyyəti olan insanlarımıza ancaq tibbi baxış var, sosial baxış yoxdur. Yəni bu insanlara xəstə kimi baxılır. Nəticədə onların təhsil alması, idmanla məşğul olması, məşğuliyyəti və asudə vaxtının təşkili üçün manelər yaranır. İstər-istəməz əlilliyi olanlara xəstə kimi yanalaşılması arzuolunan deyil. Son illərdə cəmiyyətdə əlillərə olan sosial baxışın təmin olunması istiqamətində fəaliyyət hiss olunur. Dəyişilik olacaq, qanunvericlikdə də bunlar nəzərə alınıb. Qarabağ əlilləri, şəhid ailələri, Çernobil əlillərinə dövlət tərəfindən təmanasız olaraq mənzillər verilir, ya da yaşayış sahəsi yaxşılaşdırılır. Əlillərin hərəkət etmələri üçün nəqliyyat vasitələri ilə təmin olunurlar. Eləcə də, bütün kateqoriyadan olan əlilliyi olan insanlar dövlət tərəfindən protezlə, tibbi avadanlıqlarla təmin olunurlar. Həmçinin nəqliyyat vasitələri ilə, əlil arabaları ilə təmin olunurlar. Dövlət onların sosial təminatı ilə məşğuldur.

Qeyd edim ki, son illərdə ölkəmizin iqtisadi həyatında mühüm nailiyyətlərin əldə edilməsi ilə yanaşı, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan, əlil ailələlərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətində mühüm yer tutur”.

 

Ramid

 

Bizim yol.-2013.- 19 noyabr.- S.13.