“Uşaqlarla bağlı problemin əksəriyyəti valideynlərdən qaynaqlanır”

Kamal İmamverdiyev: “Bu problemi tamamilə aradan qaldırmaq qeyri-mümkündür, sadəcə dairəsini daraltmaq olar”

 

Bakıda “Uşaqların zorakılıqdan qorunmasında sosial siyasətin rolu” mövzusunda konfransında çıxış edən Daxili İşlər Nazirliyinin (DİN) yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Kamal İmamverdiyev bildirdi ki, 20 ildən bir qədər artıq müstəqillik tarixinə malik olan dövlətimizdə insan hüquqları və onun tərkib hissəsi kimi uşaq hüquqları sahəsində strateji dövlət əhəmiyyətli sənədlərin təsdiqi, uğurlu islahatların həyata keçirilməsi ölkədə əhalinin müxtəlif qruplarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi baxımından olduqca mühüm təcrübə formalaşdırmış oldu: “Hər il Uşaq Hüquqları Konvensiyasının qəbul edilmə tarixi ərəfəsində, 20 oktyabr-20 noyabr tarixlərində insan haqları üzrə müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq elan olunan "Uşaq hüquqları aylığı" çərçivəsində dövlət qurumları, yerli və mərkəzi icra hakimiyyəti orqanları, həmçinin qeyri-hökumət təşkilatları ilə media arasında olan əməkdaşlığın problemin həllinə dəstək olacağına ümid edirik”.

Kamal İmamverdiyevin sözlərinə görə, uşaq hüquqlarının pozulmasında əsas səbəb valideynlərdir: “Valdedeynlərin uşaqlarına biganə yanaşması, öz məsuliyyətini dərk etməməsi problem yaradır. Nəticədə uşaqlar təhsildən kənar düşür, küçə həyatını yaşayır. Olur ki, uşaqlardan qazanc mənbəyi kimi istifadə edirlər. Heç kimə sirr deyil ki, ailə sosial-iqtisadi durumun ağırlığından çıxmaq üçün uşaqların əməyindən istifadə edir. Təhsildən yayındırır. Daxili işlər orqanı olaraq biz üzərimizə düşən işi görürük. Ancaq bu problemin həlli kompleks tədbirlərdən keçir, başqa hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı genişləndirib və sürətləndirib mövcud problemi azaltmaq olar. Məlum problem hər bir ölkədə var. Dünyanın problemidir. Bunu tam həll etmək heç vaxt mümkün olmayıb, olmayacaq da. Ancaq problemin darisəni azaltmaq olar”.

“Çox hallarda zorakılıq ancaq döyülmə faktı ilə ölçülür”

Təhsil Nazirliyinin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsi, Dövlət uşaq müəssisələri və alternativ qayğı üzrə iş şöbəsinin müdiri Həbib Kərimov bildirdi ki, uşaqlarla bağlı problemin əksəriyyəti valideynlərdən qaynaqlanır: “Statistikaya baxanda ailə quranların arasında erkən nigahların sayı heç də az deyil. Əlbəttə bu insanlar övladın məsuliyyətini arzuolunan şəkildə dərk etməyəcək. İlk növbədə zorakılığın mahiyyəti dərk edilməlidir. Çünki çox hallarda zorakılıq ancaq döyülmə faktı ilə ölçülür. Əslində isə uşaqların qidadan məhrum edilməsi, onların təhsildən yayındırılması, istirahətlərin məhdudlaşdırılması, qızların erkən yaşda ərə verilməsi də zorakılıq hallarını özündə əks etdirir. Biz problemin öz üzərimizə düşən hissəsinin həllinə çalışırıq. Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası ilə həyata keçirilir. Uşaqların rifahının yüksəldilməsi ilə bağlı məsələlər Azərbaycan hökumətinin daim diqqət mərkəzində olub. Son illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı, sosial sahələrə diqqətin artırılması, regionların inkişafı, yoxsulluq səviyyəsinin minimuma enməsi hər bir ailənin sosial rifahının yaxşılaşmasına, uşaqların hüquqlarının qorunmasına yönəlmiş proqramların həyata keçirilməsinə əlverişli şərait yaradıb. Dövlət Proqramından irəli gələn bir sıra mühüm vəzifələrin kompleks şəkildə yerinə yetirilməsinin zəruriliyini, dövlət uşaq müəssisələrinin fəaliyyətinin Dövlət Proqramının vəzifələrinə uyğun qurulmasının vacibliyini, uşaqların müdafiəsi ilə bağlı qurumlararası koordinasiyanın effektiv şəkildə təmin edilməsinin vacibliyini nəzərə alaraq, Nazirlər Kabinetinin 13 yanvar 2010-cu il tarixli qərarına əsasən "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın səmərəli idarə olunmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki İşçi Qrupunun bazasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi yaradılıb. Azərbaycan hökumətinin bu qərarı ölkədə uşaqların müdafiəsi sahəsində atılan daha bir uğurlu addım kimi qiymətləndirilir. Artıq adıçəkilən Dövlət Proqramı çərçivəsində uşaqların ailədə yaşamaq hüququnun təmin edilməsi və uşaqların müdafiəsi ilə bağlı irihəcmli layihələrin icrasına başlanıb. Bunlardan biri də Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF tərəfindən birgə həyata keçirilən "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsidir. Dövlət Proqramının Tədbirlər Planına əsasən qarşıda duran vəzifələrdən biri də dövlət uşaq müəssisələrində çalışan işçi heyətinin peşə yönümünü dəyişməklə onların sosial işçi kimi hazırlanması, onlara müvafiq təlimlərin keçirilməsidir. Bu məqsədlə 2010-2011-ci tədris ilində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Sosial iş" ixtisası üzrə 9 aylıq kurs təşkil edilib. Dövlət uşaq müəssisələrində tərbiyəçi vəzifəsində çalışanlar arasından 16 nəfər seçilərək kursa cəlb olunub. Övladlarına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, onların müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə Təhsil Nazirliyi tərəfindən bir sıra işlər görülüb.

Qeyd edim ki, risk qrupuna daxil olan sağlamlıq imkanları məhdud uşaqlar üçün Bərdə şəhərindəki internat-məktəbin, Sabunçu rayonundakı 11 nömrəli xüsusi internat-məktəbin və Suraxanı rayonu 2 nömrəli uşaq evinin nəzdində günərzi qayğı, Xəzər rayonundakı valideyn himayəsindən məhrum uşaqlar üçün Respublika yardımçı internat-məktəbin nəzdində isə reabilitasiya-inkişaf mərkəzi yaradılıb. Həmin mərkəzlərin binaları Təhsil Nazirliyi tərəfindən yenidən qurulub və əsaslı təmir edilib. Eyni zamanda mərkəzlərə inkişafetdirici təlim materialları, reabilitasiyayönümlü avadanlıqlar verilib. Mərkəzlərin yaradılması ilə 268 nəfər uşağın dövlət uşaq müəssisələrinə yerləşdirilməsinin qarşısı alınıb.

Ölkə başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı istər insan hüquqlarının müdafiəsi, istərsə də insan hüquqları sahəsində maarifləndirmə üçün yeni mərhələ açmaqla, icraçı qurumlar qarşısında yeni istiqamətlər və mühüm vəzifələr müəyyən etdiyindən, bu sənəd dövlət qurumları üçün Aylıq çərçivəsində tədbirlər planının hazırlanması və həyata keçirilməsi istiqamətində əsas mənbə olmuşdur.

Vurğulayım ki, insan hüquqları üzrə müvəkkil tərəfindən insan hüquqları təhsili və hüquqi maarifləndirmə baxımından ölkəmizdə formalaşdırılan müsbət təcrübələrdən biri də uşaq hüquqları üzrə pilləli tədris sistemidir. Uşaq hüquqları üzrə pilləli tədris proqramı beş tədris ilidir ki, uğurla davam etdirilir. Bakı şəhərinin də 11 rayonu üzrə, hərəsindən bir məktəb seçilməklə, o cümlədən respublikanın regionlarında, Quba, Qusar, Lənkəran, Masallı, Fizuli, İmişli, Gəncə, Mingəçevir şəhər və rayonlarında, kənd məktəblərində bu tədris proqramı həyata keçirilib”.

 “Qanunvericilik təkmilləşdirilməlidir”

UNİCEF-in Azərbaycan üzrə Uşaq Müdafiəsi Proqramının rəhbəri Ramiz Behbudov bildirdi ki, Azərbaycan Ombudsmanı uşaq hüquqlarının təbliği və beynəlxalq təcrübənin ölkədə tətbiqinə önəm verərək müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən bir sıra dövlətlərlə təcrübə mübadiləsi baxımından fəaliyyət həyata keçirməkdədir: “Belə ki, Müvəkkil Avropa Uşaq Ombudsmanları Şəbəkəsində (ENOC) də fəaliyyəti ilə fərqlənməklə yanaşı müsbət ölkə təcrübəsini formalaşdırmış və ölkədə həyata keçirilən islahatların təqdimatı bu sahəyə mühüm töhfə verir. Təqdirəlayiq haldır ki, BMT qurumları ilə əməkdaşlıq çərçivəsində çox uğurlu nəticələr əldə olunmuş, əməkdaşlıq əlaqələri qurulmuşdur. Müvəkkil uşaq hüquqlarına dair ixtisaslaşmış məruzəsini və paralel hesabatını BMT-nin Uşaq hüquqları üzrə Komitəsinə təqdim etmiş və 2012-ci ilin fevral ayında həmin Komitənin Azərbaycan hökumətinə sonuncu dövri hesabatı üzrə verdiyi Yekun Müşahidələrində Ombudsman təsisatının fəaliyyəti yüksək dəyərləndirilmiş, təsisat nəzdində uşaq hüquqları üzrə ixtisaslaşmış Müvəkkil və ya uşaq hüquqlarına cavabdeh olan insan hüquqları üzrə Müvəkkilin müavinini təyin etməyi tövsiyə etmişdir ki, bununla əlaqədar olaraq təsisat nəzdində müvafiq struktur dəyişikliyi edilməsi ilə bağlı aidiyyatı qurumlara müraciət edib. Cari ildə Müvəkkil BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının icrasına dair ilk paralel hesabat hazırlayaq BMT-nin müvafiq saziş qurumuna göndərmiş və bu sahədə həyata keçirilmiş geniş fəaliyyət, ölkə təcrübəsi öz əksini tapıb. Qarşıda bir sıra əsas məsələlər də durur ki, bu da uşaqların zorakılıqdan müdafiəsi məqsədilə 2008-ci ildə imzalanmış Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunmasına dair Avropa Şurasının Konvensiyasının ratifikasiya edilməsi və Müvəkkil tərəfindən UNİCEF-in dəstəyilə hazırlanmış və 2009-cu ildə Milli Məclisə təqdim edilmiş "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" qanunun qəbul olunmasıdır. Bütün dünyada olduğu kimi, ölkəmizdə də uşaqlara qarşı zorakılıq hallarının tamamilə aradan qaldırılması məqsədilə qanunvericilik təkmilləşdirilməli, uşaqlara valideynlərin, müəllimlərin nəzarəti, ümumilikdə ictimai nəzarət gücləndirilməlidir. Zorakılığa məruz qalan uşaqlar üçün sığınacaqlar yaradılması, bu qəbildən olan uşaqlara keyfiyyətli hüquqi, psixoloji, tibbi yardımlar göstərilməsi, eləcə də bu istiqamətlər üzrə kadr hazırlığı olduqca zəruridir”.

 

RAMİD

Bizim yol.-2013.- 23 noyabr.- S. 13.