86 əlil istedadını nümayiş etdirir

 

Əlillərin VI Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin

final mərhələsi başlayıb

 

ƏƏSMN-n mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, Azərbaycan Teatr Xadimləri İttifaqının Aktyor Evində keçirilən və iki gün davam edəcək final mərhələsində 86 nəfər əlil şəxs və 48 nəfər sağlamlıq imkanları məhdud uşaq muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət sahəsində istedad və qabiliyyətlərini nümayiş etdirirlər.

Noyabrın 28-də müsabiqənin qaliblərinə fəxri diplomların və mükafatların təqdim edilməsi mərasimi olacaq. Nazirliyin müvafiq Əmri ilə baxış-müsabiqənin qaliblərinin mükafatlandırılması üçün bədii yaradıcılığın müxtəlif növləri nəzərə alınmaqla I mükafat üçün 8 yer, II mükafat üçün 11 yer, III mükafat üçün 12 yer müəyyən olunub. Həmçinin qaliblər istisna olunmaqla, final mərhələsində iştirak edən əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara həvəsləndirici mükafatların və təşəkkürnamələrin verilməsi nəzərdə tutulur. Noyabrın 30-da isə baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə Dövlət Gənc Tamaşaçılar Teatrında yekun konserti keçiriləcək.

«2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»na uyğun olaraq təşkil olunan Əlillərin VI Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin ilkin mərhələsində Bakı, Gəncə, Naxçıvan, Mingəçevir, Xaçmaz, Şəki, LənkəranSabirabad şəhərlərində ümumilikdə 524 nəfər əlil və sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə zona baxış-müsabiqələri keçirilib. Münsiflər heyətinin qərarına əsasən onlardan ümumilikdə 134 nəfər əlil şəxs və sağlamlıq imkanları məhdud uşaq baxış-müsabiqəsinin final mərhələsində iştirak hüququ qazanıb.

 

    Bizim yol. - 2013.- 27 noyabr.- S. 13.